Elektron ədəbiyyat və sənət portalı

İyulun 22-də Azərbaycanda milli mətbuatın yaranmasının 141-ci ili tamam olur. 1875-ci ilin bu günündə dövrün mütərəqqi fikirli ziyalısı Həsən bəy Zərdabi  böyük çətinliklər hesabına “Əkinçi” qəzetini çap etdirdi. Həmin tarix Azərbaycan mətbuat tarixinin yaranma günü kimi qeyd olunur. Azərbaycanın maarifçilik tarixinin ən parlaq çağları  bu dövrdən başlanır. XIX əsrin sonları Azərbaycan mətbuat tarixinin parlaq dövrü sayılan XX əsrin əvvəlləri (1900-1918-ci illər) üçün hazırlıq mərhələsi rolunu oynadı.

Davamı

1191-ci ilin qışında Hələb zindanında soyuqdan və aclıqdan ölməkdə olan filosof kimsənin yadına düşmürdü. Bir zamanlar bütün elm məclislərində heç kim onunla bəhsə girməz, heç bir mövzuda mübahisə edə bilməzdi. Artıq neçə vaxt idi ki, həmin filosof həbsxananın qaranlıq  hücrəsinin divarlarından başqa heç nə görmürdü. Ən çox sevdiyi işıqdan məhrum edilmək filosofu daha da incidirdi. O, artıq duyurdu ki, ölümdən qurtula bilməyəcək. Amma 1183-cü ildə Hələbə gəldiyi gündən şəhər hakimi Məlik Zahir Əyyubinin xüsusi hörmətini qazanmışdı. Həmin günlər indi zindanda soyuqdan büzüşən, aclıqdan heysizləşən bu dustağın - zamanının və məkanının “İşıq şeyxi” kimi tanınan böyük filosof Şihabəddin Yəhya Sührəvərdinin gözlərinin önündən çəkilmirdi.

Davamı

O gün heç kim divanə gənc saydıqları Hafizin hara getdiyini bilmədi. Sonradan xəbərgir dərviş kimi heybəsini çiyninə alıb insanlardan uzaqlaşan Hafizi Şirazın ən ucqar nöqtəsindəki bir yerdə huşsuz halda tapan atası da bunun səbəbini ondan soruşmadı. Heç Hafiz də atasına bircə kəlmə demədi. Sonradan eşq damcılayan qəzəllərində o səfərin tarixçəsindən və möcüzəsindən bəhs etdi. Ondan sonra hamı bildi ki, o vaxt gənc Hafiz eyni yuxunu dəfələrlə görürmüş. Yuxudakı naməlum insan Şiraz yaxınlığındakı bir dağda kimsəsiz məzarı ziyarət etməsini Hafizdən tələb edirmiş. Üzü nur qatı ilə örtülmüş həmin adam Hafizə o zaman demişdi ki, o dağdakı kimsəsiz məzarı ziyarət etsə, ona İlahi vergi kimi şairlik istedadı veriləcək və o, bütün müsəlman diyarında tanınacaq.

Davamı