Elektron ədəbiyyat və sənət portalı

Gecə qatarları...

Bölmə: Tarix 11.07.2016

(Əvvəli ötən sayımızda)

...1937-ci ilin çisginli yaz gecəsi qoca Tiflis bir an belə gözünü yummayıb. Şəhər zülmətə bürünsə də, mərkəzi küçələrdə qeyri-adi canlanma var. Zirehli maşınlar, hərbi hissələrin əsgər və zabitləri Tiflisi üzük qaşı kimi mühasirəyə alıb. Dəmiryolu vağzalına aparan küçələr xüsusi nəzarətə götürülüb, əhalinin hərəkəti qadağan olunub. Bu gecə vağzala xüsusi qatarın gəlməsi barədə kimsənin məlumatı yoxdur, hətta şəhər partiya komitəsinin birinci katibi Qriqori Artyomoviç Aryutyunovun da! Moskvadan gəlmiş çekistlər onu yarım saat əvvəl evindən çıxarıb qara “M-1”-ə mindirib xüsusi qatarın dayandığı perrona gətiriblər. Aryutyunov yolboyu onlarla kəlmə də kəsməyib. Bilir ki, heç nə deməyəcəklər, bu adamlar hər işi məxfi saxlamağı yaxşı bacarırlar. Yeganə narahatlığı uşaqlardan, bir də həyat yoldaşı Ninadandır. Qriqori xalq düşməni elan olunsa, onların taleyi necə olacaq? Bütün nəslini məhv edəcəklər.

Ölüm kabusu Qriqorinin ətrafında çoxdan fırlanır. Əvvəl qardaşı, sonra da arvadının qardaşı Stalin repressiyasına qurban gediblər. Qriqori heç cınqırını da çıxara bilməyib. Deməli, indi növbə onundur...

Elə buna görə də xüsusi vaqonda onu qarşılayıb şərəfinə badə qaldıran keçmiş silahdaşlarının son sözünü, ölüm hökmü oxunan məhbus kimi gözləyir. Lavrenti Beriya bayaqdan gözünü Qriqoridən çəkmir, içir və mənalı-mənalı susur. Anastas Mikoyan isə özünə xas tərzdə bic-bic gülümsəyir. Onun son sözləri hələ də Qriqorinin qulaqlarında əks-səda verir:

- Yoldaş Stalin göstəriş verib ki...

Anastas nədənsə cümləni bitirmək istəmir, gözləyir ki, əsas məsələni Beriya söyləsin. Bu iki cəllad sanki bir-birinin fikrini oxuyur. Lavrenti qədəhi başına çəkib qara kürüdən bir qaşıq ağzına qoyur, çeynəyə-çeynəyə düz Qriqorinin gözlərinin içinə baxır:

- Qısası, Qriqori, Ermənistana birinci katib gedirsən. Məsələ həll olunub!

- Necə? – sual Qriqorinin ağzından çıxır, mənasını heç özü də dərk etmir, dərhal özünü ələ alır.

Anastas da söhbətə qoşulur:

- Qriqori, biz kimik? Partiyanın əsgərləri, düzdür, hə... ona görə də hara göndərsələr, ora da getməliyik.

- Lavrenti, axı mən heç erməni dilini də bilmirəm...

- Noolsun ki! Öyrənərsən! Orda bir müəllim var, familiyası da Simakdır. İki aya öyrədər.

Qriqori anladı ki, artıq nəsə deməyin mənası yoxdur. Aryutyunov Tiflisin partiya təşkilatına rəhbərlik edən erməni əsilli şəxslərdən sonuncusu idi. Ondan əvvəl Beybutov, Matinov və Xatisov şəhərin birinci katibi vəzifəsində çalışmışdı. Amma Qriqorinin səmərəli fəaliyyətindən Kreml çox razı qalmışdı.

Beriyanın təklifi və Stalinin razılığı ilə o, hətta Lenin ordeni ilə təltif olunmuşdu.

...Sübh şəfəqləri Tiflisi öz əlvan rənginə boyayır. Xüsusi vaqonda isə gecədən başlayan məclis hələ davam edir. Qriqori cismən Lavrentinin və Anastasın yanında olsa da, düşüncələri qəfil xəbərin müəmmasından hələ qurtula bilməyib. Amma Aryutyunovun bir müddət əvvəl Kremldə baş verənlərdən xəbəri yox idi. Belə ki, onun namizədliyi müzakirə olunanda, Beriya ən yaxın adamı barədə Stalinə belə demişdi:

- Onu Ermənistana göndərək, qoy ermənilər bu adamı diri-diri yesin, hələ üstəlik, qanını da içsin!

Bir fakt bu günə qədər hələ də müəmmalı qalıb: Beriya həqiqətən “dostunu” yüksək vəzifəyə təyin etdirmişdi, yoxsa onu məhv etməyin asan üsulunu tapmışdı? Amma bu gün, uzun illərdən sonra, tarixə nəzər salsaq, maraqlı bir faktla üzləşirik. Sovet hakimiyyətinin bərqərar olduğu 16 ildə Ermənistanda 13 birinci katib dəyişdirilib. Deməli, illərə bölsək, hər katib bu kürsüdə 14 ay əyləşib. Aryutyunov isə bu vəzifədə 16 il çalışıb. Özü də necə?! Bəzi tarixçilərin yazdığına görə, bu adam türklərə, xüsusən də azərbaycanlılara daim gizli nifrət bəsləyib. Hələ o vaxt, ötən əsrin 40-50-ci illərində Dağlıq Qarabağı Ermənistana birləşdirmək xülyası ilə yaşayıb. 1950-ci ildə qızı Namini Mikoyanın oğlu Alekseyə ərə verəndən sonra isə bu qəsbkarlıq hissləri onda daha da güclənib. Görünür, gizli saray oyunlarının mahir ustadı sayılan Mikoyan türklərə və azərbaycanlılara qarşı öz çirkin ideyalarını həyata keçirmək üçün məhz Aryutyunovdan məharətlə istifadə edirmiş. Amma bütün bunlar sonra baş verəcək...

Hələlik isə... 1944-cü ilin soyuq noyabr günlərindən biri. Qriqori artıq 7 ildir ki, Ermənistan Kommunist Partiyasının Mərkəzi Komitəsinə rəhbərlik edir. Bir neçə gündən sonra Oktyabr inqilabının 27-ci ildönümü qeyd ediləcək.

Bu münasibətlə respublika rəhbərləri Moskvaya çağırılıb. Stalin birinci katiblərlə təkbətək görüşür. Budur, Aryutyunov Stalinin iş otağında əyləşib, rəhbərə geniş hesabat verir. Amma tezliklə söhbətin məcrasını Türkiyənin üzərinə yönəldir. Məsələ burasındadır ki, Ermənistanla Türkiyə sərhədi hər an münaqişə zonasına çevrilə bilər. Türkiyə ordusu sərhəddən bir neçə kilometr aralıda dayanıb və döyüşə hazır vəziyyətə gətirilib. Sovetlər baş verə biləcək müdaxilənin qarşısını almaq üçün sərhəddə 26 diviziya saxlamağa məcburdur. Ancaq bu diviziyalar Qərb cəbhəsinə hava-su kimi lazımdır. Düzdür, Sovet ordusunun Stalinqrad döyüşlərində möhtəşəm qələbəsindən sonra rəsmi Ankara Hitlerlə əməkdaşlıqdan imtina edib.

- Yoldaş Stalin, satqın türkləri cəzalandırmaq vaxtı çatıb. Faşistlərlə işbirliyinin bədəlini ödəməlidirlər və Qərbi Ermənistan torpaqları ilə bağlı tarixi ədalət bərpa olunmalıdır. Sizə yazdığım arayışda bütün bunları ətraflı şərh etmişəm.

Stalin heç nə demədi. Arayış masanın üstündə idi, kənarında iri hərflərlə “Tam məxfi” yazılmışdı. Şübhəsiz ki, Stalin sənədi diqqətlə oxumuşdu, çünki bəzi cümlələrin altında qırmızı qələmlə xətt çəkilmişdi. O, ağır-ağır masanın arxasından durub küncdə asılmış iri xəritəyə yaxınlaşdı. Əlindəki qəlyanın ucunu xəritənin üstündə xeyli gəzdirdi, diqqətlə baxdı.

- Tarixi həqiqət deyirsiniz? Müəyyən mənada bu, çox maraqlı ola bilər, amma indi 17-ci il deyil, yoldaş Aryutyunov, tarix tamam başqa şeyləri diktə edir.

Stalin yenidən masanın arxasına keçdi. Bu dəfə qəlyanın ucu ilə qarşısındakı arayışı tıqqıldatdı:

- Türklərlə bağlı yazdıqlarınızın çoxu ilə razılaşmaq olar. Amma Dağlıq Qarabağ... Siz niyə belə düşünürsünüz? Bilmək istərdim, yoldaş Aryutyunov, bu arayışdan Bağırovun xəbəri var?

 

Fərhad SABİROĞLU