Elektron ədəbiyyat və sənət portalı

007-nin son reysi

Bölmə: Tarix 02.10.2015

(Əvvəli ötən sayımızda)

Əgər təyyarə kompüterlərin hesabladığı kursdan yayınmasaydı, Betel qəsəbəsinin yüz metrliyindən keçməliydi. Avtopilotun da həmin məsafədə maksimal yanlışlığı 100 metrdən artıq ola bilməz. Nəticədə, istər-istəməz, belə bir versiya meydana çıxır: pilot radionaviqasiya vasitələrini bilərəkdən söndürərək, təyyarəni özü idarə edib! Alyaska yarımadasının hava məkanını tərk edərkən radarlar çıxış nöqtəsinin tamam fərqli olduğunu da göstərib və ekipajın bunu görməməsi heç cür mümkün deyil.

Bütün bu sadalanan faktlardan belə bir məntiqi nəticə çıxır ki, uçuş üçün kompüter proqramlarına dəyişiklik edilmişdi və bundan ekipaj rəhbərliyinin mütləq xəbəri var idi. Hüquq diliylə desək, pilotların hərəkətində cinayətkar məsuliyyətsizlik, ehtiyatsızlıq, diqqətsizlik yox, cinayətkar qərəz, məqsəd vardı. Bunu sübut edən bir məqam da Beteldən üzərindən keçəndən sonra yerüstü xidmət postlarına bilərəkdən verilən yalan məlumatlar idi. Bu yalanlar o müdhiş uçuşun son dəqiqələrinədək davam etdi!

Yolun əhəmiyyətli bir qismini 007 və 015 yanaşı uçurdu. Amma nədənsə, 007 məlumatlarını yerə 015-in radiotəchizatından retranslyator kimi istifadə etməklə çatdırırdı, baxmayaraq ki, özü də eyni təchizata malik idi. Pilotlar koordinatları səhv söyləməklə yanaşı, küləyin sürətini də artırırdılar, halbuki onlardan bir dəqiqəlik məsafədə uçan 015 obyektiv məlumatlar verirdi.

015-dən 007-nin yeri haqda növbəti məlumat daxil olanda “Boinq” faktiki olaraq 240 kilometr şimalda idi və Kamçatkaya çatmasına cəmi 180 kilometr qalmışdı və sahil xətti radar ekranında mütləq görünməli idi...

Elə həmin an bu cinayətkar oyuna Amerikanın RC-135 markalı kəşfiyyat təyyarəsi qoşuldu. Onun 007 ilə görüşü Komandor adalarından şimalda baş tutdu. Ora çatmaq üçün 007-nin kapitanı Çun elektron idarəetmə sisteminin komandalarına məhəl qoymayaraq kursu bir də dəyişməli idi.

Sovet hava hücumundan müdafiə hissələrinin radarlarında 007-nin siqnalı 15.51 dəqiqədə göründü və 10 dəqiqədən sonra RC-135-in siqnalıyla birləşdi.

Təyyarələr on dəqiqə yanaşı uçaraq, lokatorun ekranında bir nöqtə kimi göründülər. Sonra təyyarələrdən biri dönərək ekrandan çıxdı, digəri isə Kamçatka istiqamətində yoluna davam etdi. Ekrandan SSRİ-yə tərəf məhz hansı təyyarənin uçduğunu anlamaq mümkün deyildi...

Sovet hərbi bazasında birincidərəcəli döyüş hazırlığı elan olundu və təyyarə 16.30-da Kamçatka ərazisinə girəndən iki dəqiqə sonra isə qırıcılar havaya qaldırıldılar. Bəs niyə yad təyyarənin Kamçatka üzərində uçuşuna elə həmin dəqiqə son qoyulmadı? Bu haqda yalnız fərziyyələr mövcuddur. Odur ki, onların müzakirəsinə vaxt ayırmayaraq, faktlara müraciət edək, çünki fakt həmişə faktlığında qalır. Kamçatka fəzasında “Boing” 38 dəqiqə qalır, sonra Oxot dənizi üzərinə çıxaraq, Saxalin istiqamətində uçur. Bu vaxt artıq Uzaq Şərqin bütün sovet bazalarında döyüş həyəcanı elan olunmuşdu.

007 Saxalinə yaxınlaşanda havadakı sovet qırıcıları onunla beynəlxalq qəza tezliyində radio əlaqəsi saxlamağa çalışdılar, amma kapitan Çun buna məhəl qoymadı.

Gərginlik artaraq, özünün kulminasiya nöqtəsinə çatmışdı. Daha bir neçə dəqiqə boşa getsəydi, sərhəd pozucusu ölkənin hava mıəkanını cəzasız tərk edəcəkdi. Təyyarəni ya enişə məcbur etmək, ya da vurmaq lazım idi. Üçüncü yol görünmürdü. Bəlli idi ki, yad təyyarənin vurulması haqda əmr hələlik verilməmişdi. Çünki belə bir əmr olsaydı, mən inanmıram ki, qırıcılardakı pilotlar tərəddüd edəydilər. Cəmi 10 dəqiqə vaxt qalırdı...

***

Bir müddət sonra sovet təyyarəçisi televiziyaya verdiyi müsahibədə həmin dəqiqələri belə xatırlayırdı: “O düz bizim bazanın üstündən keçirdi. Mən yaxınlaşdım, ona qırıcımın yan işıqlarını göstərdim. Təbii ki, bu işıqları görməliydilər. Sonra “Boing”in düz qarşısına pulemyotdan trasserlə (uçarkən trayektoriyası alovundan bəlli olan xüsusi güllələr) bir neçə qısa atəş silsiləsi yağdırdım. Bu güllələrin alovu neçə kilometrdən görünür və onlar da görməliydilər.

Mən həm də enmək işarəsi vermək üçün mütəmadi olaraq təyyarəmin qanadlarını yelləyirdim. Onlar bütün bunları mütləq görməliydilər”.

Lakin “Boing”in lap yaxında yerə enməsi üçün müasir təyyarə meydanı olmasına, qırıcıların ekipaja dəfələrlə “En!” əmri verməsinə baxmayaraq, kapitan Çun tabe olmadı. Əksinə, o elə bir manevrə başladı ki, bütün şübhələr artdı. “Boing” sürətlə enməyə başladı, sonra birdən yenə göyə milləndi. Qırıcı təyyarə sərhəd pozucusunun hərəkətinə, təxirə salmadan reaksiya verdi...

Saat 18.22.20-də komanda mərkəzinə məlumat verildi: “Raketlər buraxıldı”.

İki saniyə sonra isə efirdə daha bir məlumat səsləndi: “Hədəf məhv edildi...”

007 reysi bitdi. Təyyarə Moneron adası yaxınlığındakı ərazidə suya düşdü...

***

Təbii ki, həmin təyyarədə olan günahsız insanların həlak olması hamını yandırırdı. Çünki onlar kiminsə düşündüyü məkrli bir addımın, həyasızcasına həyata keçirilən kəşfiyyat əməliyyatının qurbanı olmuşdular.

Bu uçuşun məhz kəşfiyyat məqsədiylə həyata keçirildiyi isə Sovet kəşfiyyatı tərəfindən ortaya qoyulan danılmaz faktlardan sonra kimsədə şübhə doğurmurdu. Bu faktlardan yalnız birini diqqətinizə yetirirəm: bəlli olmuşdu ki, 007 reysiylə uçan sərnişin təyyarəsi SSRİ üzərində olanda amerikalıların “Ferret-D” adlı casus peyki Yer ətrafında “Boing”in real uçuş marşrutu ilə üst-üstə düşən 3 dövrə vurmuşdu və təyyarədən ötürülən kəşfiyyat məlumatlarını qəbul etmişdi. Peykin həmin dəqiqələrdə məhz Çukotka, Kamçatka, Saxalin üzərindən keçməsini bütün lokatorlar göstərmişdi.

Mən bu kəşfiyyat məlumatı ilə, hadisə vaxtı Sovet Ordusunda zabit qismində həqiqi hərbi qulluq keçdiyim üçün tanış oldum. Bizim hərbi hissə də kəşfiyyatla məşğul olduğundan, belə xidməti məlumatları müntəzəm alırdı. Elə onda öyrəndim ki, amerikalılar bu son dərəcə təhlükəli əməliyyat vasitəsiylə, bizim radiolokasiya sistemlərinin vəziyyətini, hərbi aviasiyamızın döyüş hazırlığını yoxlayırmışlar...

Bircə bu məlumatı oxuyarkən keçirdiyim hisslər yaxşı yadımdadır. Sarsılmışdım. Çünki siyasətçilərin və hərbçilərin öz məqsədlərinə çatmaq üçün hansı alçaqlıqlara qadir olmasını anlamışdım...

Amerikalılar təyyarənin vurulacağına yüz faiz əmin idilər və hadisənin bu məcraya düşməsini hətta səbirsizliklə gözləyirdilər, çünki elə ertəsi gün spontan deyil, məhz mütəşəkkil antisovet kampaniyası başlandı, soyuq müharibənin artıq başa çatmalı olduğu əyyamda Reyqan administrasiyası Konqresdən yeni nəsil kimyəvi və bakterioloji silahların, uzaq mənzilli raketlərin istehsalı üçün əlavə vəsait aldı...

***

Bu acınacaqlı olayda bəzi sualların cavabı bu gün də tapılmayıb. Amma az sonra mətbuata çıxmış bir informasiya şəxsən mənim üçün bütün sualların cavabı idi.

“Koreya sərnişin təyyarəsinin məhv edilməsiylə bağlı həqiqətlərin açıqlanması Cəmiyyəti”nin keçirdiyi mətbuat konfransında Yaponiyanın hərbi jurnalisti Akio Yamakava xəbər verdi: “Prezident Reyqan özünün insidentlə bağlı ilk bəyanatında RC-135 kəşfiyyat təyyarəsinin yalnız uçuşun lap əvvəlində 007 reysiylə yanaşı hərəkət etdiyini söyləmişdi. Amma amerikalıların Yaponiya müdafiə qüvvələrinin qərargahına təqdim etdiyi materiallarda RC-135 təyyarəsinin hadisədən cəmi səkkiz dəqiqə əvvəl “Boing”in yanından çəkildiyi bəlli olur”.

Həmin materiallar sonradan çoxaldılaraq Birləşmiş Millətlər Təşkilatında təmsil olunan bütün ölkələrin nümayəndə heyətlərinə göndərilmişdi. Əsl həqiqətin əsas konturları da məhz Amerika prezidentinin söylədiyi həmin “kiçik” yalandan sonra hamıya aydın oldu...