Elektron ədəbiyyat və sənət portalı

Behbud Cavanşir

Bölmə: Beynəlxalq 06.04.2018

1920-ci ildə XI Qızıl Ordunun Azərbaycanı işğal etməsindən sonra ermənilər müsəlman Şərqində ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları olan ictimai-siyasi xadimlərə qarşı terror aktları həyata keçirməyə başladılar. 1920-ci ilin may ayında Nəsib bəy Yusifbəyli, iyun ayında Tiflis şəhərində Fətəli Xan Xoyski, iyul ayında Həsən bəy Ağayev erməni terrorçuları tərəfindən qətlə yetirildi.

1921-ci il iyulun 18-də isə İstanbulda Misak Torlakyan adlı erməni terrorçu tərəfindən Behbud Xan Cavanşirə sui-qəsd edildi. O illərdə ingilis işğalı altında olan İstanbulda hansısa bir ermənini həbs etdirmək çətin məsələ idi. Behbud xanın qardaşı vəkil tutaraq məhkəməni udur, ancaq ingilislər Torlakyanı Türkiyədən qaçırdırlar və o 1968-ci ilə qədər Amerikada yaşayıb. Tarixə “Torlakyan məhkəməsi” kimi düşən bu hadisədən sonra Behbud xanın qardaşı işi aparan vəkilin qızı ilə evlənib və bu nikahdan qardaşının adını verdiyi Behbud Cavanşir doğulub.

Behbud Cavanşir 1926-cı ilin oktyabr ayının 6-sında İstanbulda doğulub. 1947-ci ildə İstanbulun ən nüfuzlu məktəblərindən biri olan Qalatasaray liseyindən, 1953-cü ildə isə İstanbul Universiteti Tibb fakültəsindən məzun olub. 1955 – 1958-ci illərdə qulaq-burun-boğaz sahəsində ixtisaslaşıb. 1958 – 1961-ci illərdə Berlin və Hannover universitetlərində işləyib. 1963-cü ildə dosent, 1971-ci ildə professor ünvanlarını qazanıb. 1994-cü ildə təqaüdə çıxıb.

Gənclik illərində Qalatasaray idman klubunda tennis üzrə çempion olub. Daha sonralarsa Tennis və Ekstrim Alpinistlik İdman Klubunun sədri olub. Onun rəhbərliyi illərində klub böyük uğurlara imza atılıb.

1999-cu ilin 29 noyabrında 73 yaşında vəfat edib.