Elektron ədəbiyyat və sənət portalı

Qarapapaqlar 1828-1929-cu illər Rusiya-Osmanlı savaşında

Bölmə: Tarix 02.10.2015

Qafqazda Rusiya İmperiyası sərhədlərindən Osmanlı kəndlərinə aparan bütün yollar türk süvari dəstələri tərəfindən nəzarət altına alındı. Sərhəddəki türk kəndlərindən könüllü dəstələr toplandı. Gümrü yaxınlığındakı Arpaçayı sahilində, əsas yolların kəsişdiyi yerdə Mağazberd kəndinin sahibi, “cəsarətli qarapapaq rəisi” Şərif ağanın başçılığı altında minə yaxın atlıdan ibarət süvari dəstəsi mövqe tutdu. Hərbi sənədlərdən aydın olur ki, Qars paşası Emin Paşa ruslar sərhədi keçəcəyi təqdirdə əlavə türk qoşunları gəlib yetişənə qədər onların irəliləməsini hər bir vasitə ilə ləngitmək üçün sərhədə, “qoçaq qarapapaq kəndxudası” Şərif ağanın tabeliyinə 4.000 süvari göndərməyi düşünürmüş.

Ruslar da müharibənin gedişində ölkədaxili sakitliyi və kommunikasiyaları qorumaq üçün hər il Osmanlı kürdləri və qarapapaqlarının basqınına məruz qalan Somxetiyaya gürcülərdən və Borçalı qarapapaqlarından ibarət yerli idarə milisi göndərdi. Qars qalasına hücuma hazırlaşan rus ordusu 1828-ci il, 23 mayda Tiflisdə Gəncə qalası ilə eyni vaxtda, yəni “təqribən 1600-cü ildə əlçatmaz qayalarda türklər tərəfindən inşa olunmuş” Narınqalanın ələ keçirilməsi ilə nəticələnən hərbi manevr keçirdi.

Balkanlarda Moldova və Valaxiyanı işğal edib Dunay çayını keçən ruslar Qafqaz cəbhəsində də ardıcıl zəfərlər qazandı. 1828-ci il, 14 iyulda rus qoşunları qraf Paskeviç-Erivanskinin komandanlığı altında Gümrünü keçib Qarsa tərəf irəliləməyə başlayır. 20 iyunda Qars mühasirəyə alınır. Muravyov, Osten-Saken, Rayevski, Reut kimi tanınmış sərkərdələrin rəhbərliyi altındakı düşmən qoşunlarının hücumlarına tab gətirə bilməyən türk ordusu 23 iyunda Qarsı tərk etməyə məcbur olur. İşğal zamanı rusların ələ keçirdiyi Qars paşalığının rəsmi sənədlərindən mühasirədə olan Qars qarnizonunda Mağazberdli Şərif ağanın başçılığı altında 300 qarapapaq atlısının da olduğu müəyyən edilir. “Tiflisskiye vedomosti” qəzeti də 1828-ci il, 11 iyul tarixli 2-ci sayında Qarsdakı türk qarnizonunda qarapapaq süvarilərinin olduğunu bildirirdi. Qəzetdə belə bir məlumat verilmişdi: “Müharibənin başlanğıcında İrəvan qarapapaqlarından ibarət dəstə, Abaran çayını keçib Qarsa gedirdi. Onlar yolda rəsmi sənədlər aparan Don kazakları ilə qarşılaşdılar və hücum edib onlardan bir neçəsini öldürdülər, ikisini isə əsir aldılar...”

Paskeviç qraf Dibiçə gündərdiyi məktubunda iqamətgahı Eçmiədzində olan erməni arxiyepiskopu Nersesin daim onlara sədaqətli olmasına baxmayaraq, qoyduqları qadağanı pozub xarici dövlətlərin nümayəndələri ilə gizli yazışmalar apardığını xəbər verir. O, dediklərinə sübut olaraq Qarsın işğalı zamanı ələ keçirilmiş sənədlər içərisində tapılmış xahiş məktubunu göstərir. Nersesin “Qars əyalətinin ən əsas məmurlarından və torpaq sahiblərindən biri” olan Mağazberdli Şərif ağaya ünvanladığı və ondan Qars paşasının Mastara kəndinin sakinlərinin əlindən aldığı taxıl məhsullarının geri qaytarılmasında yardımçı olmasını xahiş etdiyi bu məktub, bu cümlələrlə başlanırdı: “Əvvəlcə sizə öz dostluq salamımı yetirirəm. İndiyə qədər bizim aramızda dostluq əlaqələrinin olmamasına rəğmən və sizin Rusiya hökumətinə itaət edənlərin hamısına qarşı düşmən münasibət bəsləməniz barədə çox eşitdiklərimə baxmayaraq, yaxın qonşu olduğumuz üçün, yəni çayın bir üzündə biz, o biri üzündə isə siz yaşadığınız üçün aramızdakı düşmənçilik nə qədər böyük olsa da, sizə müraciət etməyi lazım bildim...”.

Rus qaynaqları onlara işləyən erməni kəşfiyyatçılarının “ənənəvi qorxaq və olduqca məhdud düşüncəli” olduqları üçün faydalı ola bilmədiklərini vurğulayırdı.

Qarsdan sonra rusların növbəti hədəfi 40 minə yaxın əhalisi olan Axısqa (Axalsıx) paşalığı idi. O dövrdə Axısqa paşalığı 24 sancağa bölünmüşdü və Qars paşalığından təqribən 5 dəfə böyük idi. Ona görə də, ruslar hərbi hərəkatı davam etdirmək üçün əlavə qüvvələrə ehtiyac duyurdu. Bu səbəbdən Məngilis, Barmaqsız, Başkeçid və Gümrüdə olan hərbi ehtiyat hissələrinin gəlib əsas qoşunlara birləşməsi tələb olunurdu. Başkeçiddə duran ehtiyat qüvvələri arasında Borçalı distansiyasından yığılmış 200 qarapapaq atlısı da var idi.

16 iyulda ruslar Qarsdan Axalkələyə doğru hərəkət etdi. General Paskeviçin 1828-ci il, 24 iyul tarixli raportundan aydın olur ki, düşmən yolboyu onları narahat etmir, yalnız iyulun 22-də 400 qarapapaq atlısı görünüb qeyb oldu. Bunlar ailələrini savaş bölgəsindən uzaqlaşdırıb özləri rus işğalçılarına qarşı döyüşmək üçün səfərbər olunmuş ətraf kəndlərin qarapapaqları idi.

1836-cı ildə Sankt-Peterburqda nəşr olunmuş və 1843-cü ildə Varşavada təkrarən basılmış “1828-1829-cu illərdə Asiya Türkiyəsində hərbi əməliyyatlar tarixi” kitabından: “Ta qədimlərdən igidliklə və miniciliklə məşhur olan Axalsıx paşalığının qarapapaqları ən yüngül süvari dəstələrini təşkil edir və sərhəddə yaşayırlar. Onlar kiçik partizan döyüşləri üçün olduqca bacarıqlı idilər”. Bu üzdən qraf Paskeviç onları öz tərəfinə çəkmək istəyirdi. O, “nadinc qarapapaq tayfalarına” rus təbəəliyini qəbul etdirmək üçün əvvəlcə onlara proklomasiyalar göndərir. Ancaq qarapapaqlar müəyyən səbəblərə görə rus təbəəliyini qəbul etməkdən imtina edirlər. Paskeviç daha sonra onların yanına kapitan Şemir-Beqlyarovu göndərir. “Təhlükəli səfər”dən qayıdan kapitan general Paskeviçə qətiyyətlə bildirir ki, qarapapaqların köməyinə ümid bəsləmək qeyri-mümkündür.

O dövrdə Axısqa paşalığında iki nəsil qarapapaq yaşayırdı. Onlardan biri Əmirhəsən (İmirhəsən, İmrəhəsən) qarapapaqları və ya tərəkəmələri, digəri isə sadəcə, qarapapaqlar adlanırdı. Sonuncular buraya XVIII əsrin sonunda və XIX əsrin əvvəlində Borçalı, Qazax və Şəmşəddil distansiyalarından gəlib məskunlaşmışdılar. Vergilərdən tam azad olan qarapapaqlar paşanın ilk tələbi ilə silahlanıb vuruşmağa hazır olmalı idilər. Bu qarapapaqlar tədricən köçəri həyat tərzindən uzaqlaşıb oturaq həyat tərzinə keçirdilər. Əmirhəsənlər isə adlarını yuxarıda sadaladığımız bölgələrdən Axısqa paşalığına, ikinci nəsil qarapapaqlara nisbətən çox qabaq mühacirət etmişdilər, əsasən, köçəri həyat tərzi sürür və paşaya az miqdarda da olsa, vergi ödəyirdilər.

Əvvəlcə ruslar Axısqa paşalığının önəmli istehkamlarından olan Axalkələk qalasını mühasirəyə aldı. Rusların qalanı döyüşsüz tərk etmək təklifini qalanın mühafizləri rədd edib belə bir mərdanə cavab verdilər: “Biz irəvanlılar və qarslılar deyilik. Bizim nə ailəmiz, nə də varımız-mülkümüz var. Min nəfərdən ibarət hamımız, bir nəfər kimi qalamızın divarlarında şəhid olmaq qərarına gəlmişik”. 24 iyunda şiddətli vuruşmadan sonra Axalkələk zəbt olunur. Axalkələyə hücum zamanı türk əsgərlərinin inanılmaz müqaviməti ilə qarşılaşan ruslar heyrətlərini gizlədə bilmirdilər. Rus hərb tarixçisi Uşakov yazırdı: “Qalanın rəisi, keçmiş Axalsıx paşası Səlim paşanın oğlu Fərhad paşa comərdcəsinə həlak oldu. Axalkələyin cürətli müdafiəsi onların nadir rəşadətlik obrazını yaratdı. Özlərini könüllü surətdə ölümə məhkum etmiş bir ovuc insan, şübhəsiz ki, haqlı heyrətə layiqdir. Ölənlərin hamısı ağ köynəkdə idi. Bu, müsəlman adətinə görə ən böyük əzmkarlığın nişanəsidir”.

Axalkələk sancağının rəisi Mutu bəy əsir alınır və ruslara sonrakı əməliyyatlar sırasında çox yardım edir (Yeri gəlmişkən, qeyd edək ki, XIX yüzilin ilk yarısında Axalkələkdə ən böyük torpaq sahələrinə Mutu bəyin oğlu Dədə bəy sahib olub). Bundan sonra ruslar heç bir çətinliklə üzləşmədən Xertvis (Xırtız) qalasına girdilər. Bu arada 200 Borçalı qarapapaq atlısı Axalkələk yaxınlığında hücumçuların əsas qüvvələri ilə birləşdi.

1828-ci il, 10 avqustda Axısqa qalası mühasirəyə alınır. Paskeviçin (yerli türklər ona Başkovuç deyirdilər) döyüşsüz təslim olmaq çağırışına Axısqa qarnizonunun komendantı - “ayı səmadan düşürə bilmədiyiniz kimi, Axısqa məscidindən də ayparanı düşürə bilməyəcəksiniz” - cavabını verdi. Bir neçə gün davam edən mühasirədən sonra, ruslar 15 avqustda həlledici hücuma keçirlər.

Türklər sərt müqavimət göstərirlər. 13 saatlıq amansız və qanlı döyüşdən sonra Axısqa süqut edir. Uşakovun qeydlərindən: “Axalsıx alınandan sonra baş komandan bir qarapapaq starşinasından (kəndxudasından) soruşdu: “Bizim atlı dəstələri indi necə hərəkət edir?”. Sonuncu cavab verdi: “Biz əvvəllər kazakları kələm təki doğrayırdıq, indi isə onlar balaxona (gen və uzun xələtə) oxşar bir şey geyiniblər, qorxmadan irəli dürtülürlər və onlara qarşı tablamaq olmur”. Qarapapaq starşinası öz sadəlövhlüyündən elə bilirdi ki, bizim süvarilər yalnız kazaklardan ibarətdir və kitel (yay pencəyi) geymiş draqunlar (seçmə atlılar) ona eyni qoşun birləşmələri kimi görünürdü”.

Paskeviç zəbt etdiyi Axısqa bölgəsinin başçısı və buradakı rus qarnizonunun rəisi vəzifəsinə general B. Beybutyanı təyin etdi. 30000 əhalisi olan Axısqa şəhəri işğaldan sonra kiçik bir qəsəbə oldu.

22 avqustda ruslar heç bir müqavimətə rast gəlmədən Ərdahana daxil oldular, sentyabr ayında isə Topraqqalanı (Ələşgirdi) ələ keçirdilər. 9 sentyabrda Topraqqalanın 15 verstliyində yerləşən erməni kəndi Çilkana hücum edildi.

General Paskeviçin 1828-ci ildə, 23 sentyabr raportundan Çilkana basqın edənlərin başında qarapapaq Qazı xanın durduğu və onların rus dəstələri ilə toqquşması nəticəsində sonuncular tərəfdən 2 kürdün öldüyü, 1 kürd və 1 erməninin yaralandığı, 20 erməninin isə əsir götürüldüyü məlum olur. Başqa bir mənbə isə Çilkana hücum edənin 1826-1828-ci illər rus-İran savaşının iştirakçısı Qarapapaq Nağı xan olduğunu yazır və onun 10 sentyabrda Yepifenovun rəhbərliyi altındakı 60 kazak, 60 İrəvan könüllüsü və 80 kürdə qarşı vuruşda kürdlərdən biri tərəfindən nizə ilə yaralandığını bildirirdi.

Müharibənin əvvəlində Osmanlı dövlətini parçalamaq istəyən və buna görə də ruslara yardım edən İngiltərə və Fransa kimi Avropa dövlətləri daha sonra Rusiyanın nüfuzunun güclənməsindən narahat olub İranı da onun əleyhinə müharibəyə cəlb etməyə, yəni İranı Türkiyə ilə Rusiyaya qarşı vahid blokda birləşdirməyə can atırdı. Rusiyanın İrandakı səfiri A.S.Qriboyedovun 30 yanvar, 1829-ildə Tehranda öldürülməsi Rusiya və İran dövlətləri arasında vəziyyəti gərginləşdirir. General-mayor Pankratyev 1829-cu il, 19 fevralda Bəyaziddən bildirirdi: “Abbas Mirzənin inanılmış adamları - Xudadat xan və Nağı xan gizli təlimatlarla sərəskərlə görüşmək üçün bir-birinin ardınca Təbrizdən Ərzuruma göndəriliblər”.

Qış aylarında səngimiş hərbi əməliyyatlar 1829-cu ilin yazında yenidən başlandı. Baş komandan Paskeviç tatar distansiyaları və müsəlman vilayətlərinin sakinlərindən ibarət üç süvari-müsəlman alayının toplanmasını əmr etdi. 19 mayda N. Muravyovun Axalkələk yaxınlığındakı Gendərə kəndində yerləşən düşərgəsinə gələn baş qərargahın zabitləri burada digər qoşun birləşmələri ilə yanaşı Qazax, Borçalı və Şəmşəddil distansiyalarından yığılmış 500 süvaridən ibarət olan III atlı-müsəlman alayını da gördülər. Bu barədə Uşakov yazırdı: “Yeni yığılmış atlılar öz milli geyimlərində idilər, yaxşı silahlanmışdılar, saz atlara sahib idilər və sonradan, həqiqətən də, təsdiqlədikləri alovlu canfəşanlıqla ruhlanıb-şövqlənmişdilər. III atlı-müsəlman alayının süvariləri sivriuclu milli papaqlarının üz tərəfinə bərkidilmiş sarı rəngli mahud ulduzla seçilirdlər. Atlılar vəkil və bəylərin başçılıq etdiyi sotnyalara (yüzlüklərə) bölünürdülər”.

1829-cu il, iyun ayının 1-də türklər Posxov çayı yaxınlığındakı Diqur kəndində olan rus bölmələrinə həmlə etdilər, ancaq rus ordusunun avanqard dəstələrini təşkil edən III atlı-müsəlman alayının köməyə gəlməsi onları geri çəkilmək məcburiyyətində qoydu.

2 iyulda ruslar Diqurdan türk düşərgəsinə əks-hücum təşkil etdilər.  Baş verən döyüşdə türklərin üstünlüyü ələ aldığını görən baş komandan yubanmadan III atlı-müsəlman alayına piyadaların önünə keçmək əmrini verdi. Türklər Acara tərəfdən rusların sağ cinahını əhatəyə aldılar. Qraf Paskeviçin nişançıları türk süvarilərinin hücumuna məruz qaldı. “Bu vaxt özünü yetirən müsəlman polku (III atlı-müsəlman alayı - F. V.) hücuma buraxıldı. Düşmən süvariləri və piyadaları düşərgədən çıxardıqları iki topu döyüş meydanında atıb qaçmağa üz qoydu”.

10 iyunda Qars ətrafında olan rus qoşunları (12340 piyada, 5770 süvari) Kotanlı kəndi yaxınlığındakı geniş düzənliyə toplaşdı. Buradakı qeyri-nizami süvarilər içərisində dörd atlı-müsəlman alayı və Naxçıvan mahalının Kəngərli adlanan xüsusi atlılar dəstəsi də oldu. I atlı-müsəlman alayı qarabağlılardan, II atlı-müsəlman alayı Şirvan və Şəki mahalının sakinlərindən, III atlı-müsəlman alayı “tatar distansiyaları“nın əhalisindən, IV atlı-müsəlman alayı isə “erməni vilayətinin” müsəlman və kürdlərindən təşkil olunmuşdu. Onlar hamısı yaxşı silahlanmışdı.

Bu alaylarda komandir vəzifəsinə rus kavaleriya (süvari) zabitləri, onların köməkçiləri vəzifəsinə isə həmin əyalətlərdən nüfuzlu bəylər təyin edilmişdi. Hər bir alay 500 atlıdan ibarət idi və 5 sotnyaya (yüzlüyə) bölünürdü. Sotnyaların hərəsində 2 vəkil, yəni uryadnik, sotnya başçısı və onun yardımçısı (naibi) olan 2 bəy var idi. Alay komandirinin aylıq maaşı qida parası ilə birlikdə 37 rubl 50 qəpik, sotnya başçısının 25 rubl, onun küməkçisinin 20 rubl, vəkilin və sıravi atlının 3 rubl gümüş puldan ibarət idi. Bundan başqa, onların hamısı ərzaq payı olaraq 4 funt un və 1 funt ət (alay komandirinin köməkçisi - 2 funt ət) alırdılar. Müsəlman alaylarının hər birinə dini ayinləri yerinə yetirmək üçün 1 molla, yazışmalar üçün 1 mirzə, kvartirmeyster (ərzaq təchizatçısı), adyutant vəzifəsini icra etmək üçün 1 kavaleriya zabiti və Nijni Novqorod draqun alayının aşağı rütbəli 15 zabiti ezam olunmuşdu. Bu alaylarda arabalar yox idi, ancaq onların əvəzinə hər üç nəfərdən birinə 1 yük atı, hər 2 yük atından birinə 1 çodar düşürdü. Uşakov müsəlman süvariləri haqqında yazırdı: “Həmin bu adamlar 3 il qabaq İranla qəflətən baş verən müharibədən istifadə edərək silahlarını bizə qarşı çevirdilər, Hətta Yelizavetpol işində iranlılar tərəfdə döyüşdülər”.

13 iyunda podpolkovnik Fomin Don kazakları və III atlı-müsəlman alayının 150 döyüşçüsü ilə türk düşərgəsinə çaxnaşma salmaq üçün Millidüzə göndərildi. Gecənin zülmət qaranlığından istifadə edib meşə ilə tez və maneəsiz irəliləyən dəstə türklərin öndəki qaravul postlarını keçib səhərə yaxın Millidüzə yaxınlaşdı və Həqqi paşanın düşərgəsinə böyük vəlvələ saldı. Verilən tapşırığı müvəffəqiyyətlə yerinə yetirən dəstə türklərlə toqquşmadan yayınıb geri çəkildı. Uşakov yazır: “Kiçik ordu hissəsinin gözlənilməz cəsarətindən əsəbiləşən türklər bizim kazakları və tatarları hərarətlə təqib edirdilər, ancaq onların geri çəkilməsi soyuqqanlılıq və şücaətlə müşayiət olunurdu… Onun (Fominin - F. V.) azsaylı dəstəsi bir neçə dəfə bataqlıq ərazilərə sıxışdırıldı, ancaq kazak və tatarlar bir dəfə də olsun özlərinin mühasirəyə düşmələrinə imkan yaratmadılar”.

General-mayor Muravyovun komandanlığındakı qoşunun öncül bölmələri 19 iyunda Soğanlı dağlarının Çaxırbaba yoxuşunda idi. Onun sağ qanadını podpolkovnik Fominin rəhbərliyi altında Don kazak alayı (322 nəfər), sol qanadını isə III atlı-müsəlman alayının 325 süvarisi təşkil edirdi. Həmin gün Kayınlı (Yeniköy) kəndi yaxınlığında türk atlıları görünür. Şiddətli döyüş olur. Türklər mərdlik və qorxmazlıq örnəkləri nümayiş etdirdilər. Baş komandan Paskeviç general-mayor Rayevskiyə iki draqun diviziyası, Karpovun kazakları, III atlı-müsəlman alayı, iki sotnya seçmə nizami alay (lineynıy polk) və altı topla türk qüvvələrinin mərkəz xəttini dağıtmaq təlimatını verdi. Rayevski tapşırığın öhdəsindən uğurla gəldi. Türklər meşəli təpələrə sıxışdırıldılar.

27 iyunda Şimal-Şərqi Anadolunun ən böyük şəhəri Ərzurum döyüşsüz ruslara təhvil verilir. Ərzurumu işğal etmiş Paskeviçin ordusu tərkibində rus şairi A.S.Puşkin də vardı. O, öz səfər təəssüratlarını “Ərzuruma səyahət” əsərində təsvir edib. Ərzurumdan sonra Xınıs, Tərcan, Oltu və Bayburt zəbt edildi.

Balkan cəbhəsində rus ordusunun İstanbulun həndəvərinə qədər yaxınlaşması Osmanlı sultanı II Mahmudu 2 sentyabrda (1829-cu il) Ədirnə sülh sazişini imzalamağa məcbur etdi. Sazişə əsasən, Osmanlı İmperiyası Yunanıstanın müstəqilliyini tanıdı, Moldaviya, Valaxiya və Serbiyaya isə muxtariyyət verdi. Axısqa, Axalkələk, Xırtız, Əspincə, Azqur, Abbastuman qalaları və Suqumqala (Suxum), Redutqala (Anakliya), Sucuqqala (Soğucaq, Novorossiysk), Gəlincik, Mamayqala (Soçi) daxil olmaqla Kuban (Kuman) çayından Çürüksuya (Kobuletə) qədər Qara dənizin şərq sahili Rusiya İmperiyasının əlinə keçdi, Türkiyə ermənilərinə 18 ay ərzində daşınan əmlakları ilə birlikdə Rusiya himayədarlığı altına keçmək hüququ verildi.

1829-1830-cu illərdə Ərzurum, Qars və Bəyaziddən Cənubi Qafqaza 90 mindən artıq erməni köçdü. Onlardan Ərzurum erməniləri, əsasən, Mesxet-Cavaxetdə (7300 ailə), Qars erməniləri (2500 ailə) Gümrü və Talın bölgələrində, bəyazidlilər (4215 ailə) Göyçə gölünün sahilində, qalanları isə Sürməli, Dərəçiçək, Abaran və Pəmbək mahallarında yerləşdirildi. Ərzurum erməniləri ilə bərabər köçmüş urumlar (yunanlar) isə Gümrü və Barmaqsız (Zalqa) tərəflərdə məskunlaşdılar.

Rus baş komandanının 1830-cu il, 16 mart tarixli əmri ilə 1828-1829-cu illər rus-türk müharibəsindəki mərdlik və cəsarətlərinə görə III atlı-müsəlman alayının döyüşçülərindən sultan podporuçik Əbdül ağa Kəlbəli bəy oğluna, naib podporuçik Əli ağa Abdul ağa oğluna, naib praporşik Usub ağa Müssəli oğluna, naib praporşik Mehralı ağa Təhməzqulu oğluna, Əliağa Bababəy oğluna, Əsədulla bəy Ləl Vəli ağa oğluna və bu alaya ezam olunmuş könüllü praporşik Məmməd oğluna  “İgidliyə görə”  4-cü dərəcəli “Müqəddəs Anna” ordeni verildi.

Fəxri VALEHOĞLU, araşdırmaçı-diplomat