Elektron ədəbiyyat və sənət portalı

MƏNİM İLK GÜNÜM

Bölmə: Ədəbiyyat 16.03.2018

PAVEL VEJİNOV

 

1914-cü ildə Sofiyada doğulub;

Gənclik illərində hökumət əleyhinə hərəkatda iştirakına görə həbs olunub;

1938-ci ildə “Daş döşənməmiş küçə” adlı ilk hekayələr kitabı işıq üzü görüb;

“Ölçü”, “Maneə”, “Ağ kələz”, “Yarasalar gecələr peyda olur” kimi povestlərin, “Başımız üstündəki ulduzlar”, “Gecələr ağ atın belində”, “Ayaksın ölümü” kimi romanların müəllifidir;

Əsərləri dünyanın bir çox dillərinə tərcümə olunub.

 

 

MƏNİM İLK GÜNÜM

 

Beynim dumanlanmışdı, sanki yuxudaydım... ilk eşitdiyim, bu zərif, məlahətli, yumşaq səs oldu. Bu səs o qədər canlı, eyni zamanda, o qədər yad, elə yabançı idi ki, ürəyim sıxıldı. Bəlkə, bu, elə insan səsidir? Yox, insan səsi ola bilməz... Bir də ki, mən kiməm, hardayam?..

Gözlərimi açdım, amma dərhal yummalı oldum – gözqamaşdıran, gur işıq göz açmağa qoymurdu. Görəsən, nə baş verir, mənə nə olub? Mənə elə gəlirdi ki, kiçik hissələrə parçalanmışam və bu şəkildə hansısa dərin uçurumun dibindən sürətlə yuxarıya qalxıram. Necə ki saysız-hesabsız qovuqcuqlar dənizin qaranlıq dərinliklərindən suyun üzünə qalxır. Artıq ağlım kəsirdi, fikirləşə bilirdim, amma hələ nə keçmişim vardı, nə də gələcəyim. Özümü o qədər yorğun, əzgin hiss edirdim ki, elə bil daş daşımışdım.

Nəhayət, özümə gəlib, gözlərimi açdım. Sanki işıq bir qədər öləzimişdi. Başım üzərində parlaq, göz oxşayan, mavi bir ənginlik görürdüm – təbiətdə belə şeylərin olduğunu bilmirdim. Bir an sonra, az qala, kor olacaqdım – ehtiyatsızlıq edib, onların günəşinə baxmışdım. Bizim günəş onlarınkı kimi deyil. Səhər-səhər gün doğanda və ya axşamlar, qürubçağı, üfüqün böyük bir hissəsini tutan qanqırmızı nəhəng günəşi rahatca seyr etmək olur. Bizim səma isə, yalnız günəş qüruba enəndə tünd-sürməyi rəngə çalır. Amma indi başım üzərindəki onların səması idi, burada hava da rəngdən-rəngə çalır, bərq vururdu. Nəfəsim tutuldu, yenidən başım  fırlanmağa başladı, sanki hansısa qarşısı­alınmaz qüvvə yaxamdan yapışıb, məni sonsuzluğa fırlatdı. Bir anlığa huşumu itir­dim, amma yenə də, qəribə, məstedici yüngüllük hissi keçmədi.

Bu hiss keçib-gedəndən sonra diqqətlə ətrafa göz yetirməyə başladım. Yaşıllığa bürünmüş alçaq təpənin üstündə, üzüüstə uzanmışdım. Ətrafda zərif, ağ çiçəklərin qönçələri yırğalanırdı. Təpə, göy üzü, par­laq günəş – məhz bunları görəcəyimi bilirdim, – amma bütün bunların, doğrudan da, mövcud olduğuna inanmaq çox çətin idi. Görəsən, nə qədər vaxt keçib? Saatıma – uzaq dünyadan gətirdiyim yeganə əşya – baxıb gördüm ki, vur-tut on bir dəqiqə huşum özümdə olmayıb.

Yenidən həmin məlahətli, yumşaq səsi eşitdim, deyəsən, bu səs heç vaxt yaddaşımdan silinməyəcək. Bu, doğrudan da, canlı varlığın çıxardığı, yad planetdə eşitdiyim ilk səs idi. Görəsən, insan səsidirmi?.. Yox, yox, bu mümkün deyil!..                         

Beynim mükəmməl kibernetik maşın kimi işləyirdi. Bütün kainatda, həyat şəraitinə görə, mənim sonsuzluqda itib-batmış Driyama bu qədər çox oxşayan ikinci bir ulduz yox idi. Burada insanın inkişaf tarixini arxada qoymuş, bizimkindən daha cavan bir sivilizasiya mövcud idi. Səsə gəlincə... Güman ki, heyvan səsi eşitmişdim.

Bizim planetdə, suda yaşayanlardan savayı, heyvan yoxdur. Daha doğrusu, min il əvvəl heyvanlar olub, amma tədricən nəsli kəsilib. Buna baxmayaraq, biz heyvanlar aləmini öyrənirik: Driyada yaddaşıma minlərlə heyvanın obrazı və səsi – tarixi inkişaf yolumuzun saysız-hesabsız səhifələri həkk olunmuşdu. Odur ki, parlaq günəşdən gözlərimi qıyıb, fikrə daldım. Bu, daha çox ev heyvanının səsinə oxşayırdı. Ev heyvanı? Bircə bu çatmırdı! Bu, ev heyvanının səsidirsə, deməli, buradakı sivilizasiya inkişafın lap erkən mərhələsindədir. Yenidən başım hərləndi! Əgər qənaətim düzdürsə, mənim geriyə qayıtmaq ehtimalım nə qədərdir? Yəqin ki, çox az. Fəzada yox olmuş Driya kimi əlçatmaz. Başqa çıxış yolum yox idi, hər şeyi təcrübədə öyrənməliydim. Ayağa qalxdım, daha doğrusu, uşaq oyuncağı kimi yerə dəyib, havaya qalxdım (qravitasiya burada bizimkindən zəifdir), yenə başım gicəlləndi, qəribə şadyanalıq hissi bütün varlığımı sardı. Beləcə, atlana-atlana, naməlum səslərə doğru getməyə başladım. Ev heyvanları olan yerdə, mütləq insanlar da olmalıdır!..

Bu təxminimin nə qədər yanlış olduğunu sonradan başa düşdüm. Ətrafda insan sivilizasiyasından əsər-əlamət yox idi. Yalnız göz işlədikcə uzanan yaşıl meşəliklər və adda-budda gözə dəyən açıqlıqlar. Nə ev vardı, nə də yol, insan əli ilə yaradılmış heç nə gözə dəymirdi.

         Tapdadığım otların belə o qədər bakirayə görkəmi vardı ki, elə bil buraya nə insan, nə də heyvan ayağı dəymişdi. Fikirləşdim ki, bəlkə, adam yaşamayan planetə düşmüşəm? Amma ağlın, mühakimənin dəlillərinə əhəmiyyət vermədim, hava o qədər xoş idi ki, özümü quş kimi hiss edirdim. Təpədən üzüaşağı qaçmağa başladım.

Əslində, fikirləşmək üçün vaxtım da yox idi. Yaxınlıqdakı meşəyə qədər yolun yarısını qət edəndən sonra, ağacların arasında ağaran divarlar və yaşıl, hamar dam örtüyü gördüm. Şübhəsiz, bu, ev idi, min illər bundan əvvəl bizdə də bu cür – tənha adamlar üçün kiçik, fərdi evlər tikirdilər. Açığı, qədim sivilizasiyaya rast gəldiyimə görə, çox da narahat olmadım. Kefim kök idi deyə heç nəyi vecimə almadan, evə doğru addımladım.

Bu qəribə ovqatın səbəbini sonradan anladım. Mən, sadəcə olaraq, sərxoş idim. Biz bunu hazırda yalnız tibbi termin kimi başa düşürük. Mən isə havadan sərxoş olmuşdum. Amma onda bunu bilmirdim, odur ki, rahatca həyətə keçdim. Həyət başdan-başa gül-çiçəklə və tanımadığım qəribə bitkilərlə örtülmüşdü. Nəhəng gül kolluqlarının arasıyla güclə irəliləyirdim, onların xoş ətrindən, az qala, bihuş olmuşdum. Kefim ala-buluddaydı, heç bir təhlükə hiss etmirdim. Birdən yerimdə donub-qaldım.

İyirmi addım aralıda, üstüaçıq eyvanda yavaş-yavaş hərəkət edən bir insan gördüm.

Tilsimlənmiş kimi, gözümü ona zilləyib dayanmışdım. Birdən-birə avazımağa başladım, qəribə sərxoşluq hissi, ağzı açılmış mineral şüşədən çıxan qaz qabarcıqları kimi, yavaş-yavaş məni tərk etməyə başladı. Ürəyim bərk-bərk döyünürdü. Kainatın nəhayətsiz genişliyində materiyanın bütün kombinasiyaları artıq mövcuddur. Bütün qatışıqlar, xəlitələr məlumdur. Coşqun kosmik kataklizmlərdə materiya və antimateriya dəfələrlə üz-üzə gəlib, toqquşub. Amma Driyadan və kiçik ulduz – Tirondan olan iki insan, ilk dəfəydi ki, görüşürdülər.

Yox, onlar hələ görüşməmişdilər: hələ ki, mən onu görürdüm, o isə – yox. İricüssəli adam idi, kişiyə oxşayırdı. Saçı uzun idi – bu, insan irqinin hələ cavan olduğuna dəlalət edirdi. Yaraşıqlı, gözəl sifətinə baxanda, mehriban, ağıllı adam təsiri bağışlayırdı. Əynindəki yüngül paltarda sərbəst hərəkət edirdi. Həyəcanımı birtəhər boğub, kiçik həyətin ortasına doğru addımladım. Kişi dönüb, mənə baxdı – təəccüblü baxışlarından hiss olunurdu ki, əməlli-başlı karıxıb.

         – Burda nə işin var, ay uşaq? – o, ucadan soruşdu.

Onun nə üçün bu qədər təəccübləndiyini yaxşı başa düşürdüm!.. Qarşısında özünə bənzəyən, eyni zamanda, fərqli bir varlıq görürdü. Boyuma görə, doğrudan da, kiçik oğlana oxşayırdım. Şübhəsiz, burada təəccüblü heç nə yoxdur, amma mənim girdə, çəhrayı-sarı rəngə çalan sifətimə, cilalanmış taxtaya oxşayan daz başıma baxanda, nə fikirləşdiyini təsəvvürümə gətirə bilmirəm.

– Mən uşaq deyiləm! – onun kimi uca səslə cavab verdim. – Böyük adamam... başqa planetdən gəlmişəm.

Yaxşı bilirdim ki, nə dediyimi başa düşməyəcək, amma fikirlərimi oxuyub, obrazlar şəklinə salacağına ümid edirdim. O, diqqətlə üzümə dikildi.

– Təkrar eləyə bilərsiniz? – nəhayət, sakit, ciddi səslə dedi.

         Eyni cümləni aramla təkrarladım. O, sözlərimi başa düşəndən sonra göz bəbəkləri daha da genişləndi.

– Necə yəni, başqa planetdən? – təəccüblə soruşdu, – buraya necə gəlib– düşmüsünüz?

Rahat nəfəs aldım: görünür, bu planetin insanları, heç bir kənar vasitəçinin köməyi olmadan, birbaşa telepatik əlaqə yarada bilirlər.

– Bilmirəm, məni başa düşəcəksinizmi, – dedim, – mən buraya kosmik gəmidə gəlməmişəm, keçib-gəldiyim hava məkanını məhv etməklə bu yolu qət etmişəm. Siz fəzanın sıfır həddi barədə eşitmisiniz?

– Hə, əlbəttə.

– Bəs, bundan istifadə edirsiniz?

– Hələ ki, yalnız laboratoriya şəraitində.

– Əla! – həyəcanla səsləndim. – Az iş görməmisiniz!

O, təəccüblü baxışlarını üzümdən çəkmirdi. Mənə inanmaq istəməsə də, xarici görkəmim dediklərimi təsdiqləyirdi.

– Orada niyə dayanmısınız? – insan soruşdu, – yaxın gəlin, qorxmayın.

Sadəlöhcəsinə ona yaxınlaşdım – hələ də başım dumanlıydı, sərxoş kimiydim, nə etdiyimin fərqində deyildim.

– Bu planetdə rastlaşdığım ilk adamsınız.

– Doğrudan? Elə isə bir qadın kimi, çox məmnunam.

– Siz qadınsınız?! – təəccüblə soruşdum.

– Bəs nə bilmişdiniz?

– Bağışlayın, üzr istəyirəm, – tamamilə karıxmışdım, – bizim qadınlarla kişilər bir-birinə çox oxşayır. Amma, yenə də, belə səhvə yol verməməliydim.

– Biz də sizin kimiyik. Amma siz, yəqin ki, kişisiniz? 

– Əlbəttə, – cavab verdim. – Bu cür təhlükəli səfərə qadın göndərə bilməzdik.

– Adınız nədir?

– Len.

– İşə bax! – qadın şaqqanaq çəkdi, – mənim adım isə Lenadır... Maraqlıdır, deyilmi?

O, gözəl gözlərini üzümə zilləyib, fikirli-fikirli soruşdu:

– Planetiniz harada yerləşir?

– Demək çətindir. Ulduz atlasınız olsaydı.

– Var, – Lena dedi, – gedək.

Əlbəttə, sözləri və bütöv cümlələri təkrarlamalı olurduq, tez-tez danışa bilmirdik, amma bu, bir-birimizi başa düşməyə mane olmurdu.

Lena məni evə apardı. Elə ilk baxışdan aydın olurdu ki, onların kiçik, gülməli evlərinin tərtibatı bizimkindən yaxşıdır. Bütün divarı tutmuş videoekranın üzərində metal rəngli işıqlar sayrışırdı. Lenanın mənə verdiyi atlasdan baş çıxarmaq çox çətin idi. Gözlədiyim kimi, bizim ulduz sisteminin üç mərkəzi planetindən əsər-əlamət yox idi, kiçik planet Driya isə adsız səma cismi kimi, onların qədim əlifbasının hansısa hərfi ilə işarələnmişdi.

– Budur, Driya, – ona göstərdim. – Bəs siz planetinizi necə adlandırırsınız?

– Yer.

Mənə çox maraqlı gəldi, çünki “Driya” sözü də – xüsusi isim deyildi, bu söz, min illər boyu əcdadlarımızın ayaq basdığı torpağın adı idi. Bunu ona izah edəndə, gözüm divardan asılmış, mənə tanış gələn predmetə sataşdı.

Bu, təqvim idi, amma yalnız, Lena rəqəmlər sistemini mənə izah edəndən sonra ondan baş çıxara bildim. Mahiyyət etibarilə, bizim təqvim kimidir, amma bizdə yüzə qədər olan rəqəmlərin hər birinin öz ifadəsi var. Təqvimə baxanda, məlum oldu ki, onlar indi 2680-ci ildə yaşayırlar.

– Əslində, bu, şərti hesablamadır, – Lena mənə başa saldı. – Biz bunu “yeni era” adlandırırıq. Amma bu ad da şərtidir. Əsl yeni era çox sonradan başlayıb – ictimai siniflərin ortadan qalxmasına şərait yarandığı vaxtdan.

– Deməli, siz də bu dəhşətli mərhələdən keçmisiz? – gülümsədim, – qanlı müharibələr və inqilablar mərhələsindən?

– Hə, doğrudan da, dəhşətli vaxtlar idi, – diqqətlə üzümə baxa-baxa, başını yellədi. – Amma buna görə xəcalət çəkmirik. Əksinə, o vaxtları tez-tez xatırlayırıq, çünki bu, bir qəhrəmanlıq salnaməsidir.

Sözün düzü, başa düşmədim – qorxulu, müdhiş zamanların xatirəsini yaşatmaq nəyə lazımdır? Lenanın “qəhrəmanlıq salnaməsi” adlandırdığı şeylər çoxdan köhnəlib – bu, insanın primitiv şəkildə bərkə-boşa düşməsinin, böyük müsibətlərlə üzləşməsinin ifadəsidir. Amma dərinə getmədim, çünki əsas şeyləri öyrənməliydim.

– Sözünüzdən belə çıxır ki, – davam etdim, – burada inkişiaf etmiş sivilizasiya mövcuddur. Bəs, hanı? Nə insanlar, nə şəhərlər, nə də yollar gözə dəyir. Ümumiyyətlə, insan ayağı dəyməmiş meşələr və çəmənliklərdən savayı, heç nə yoxdur.

O, şəfqətlə gülümsədi, üzü işıqlandı. Bəlkə də, iricüssəli, güclü (mənimlə müqayisədə) qadını bu qədər cazibədar edən məhz həmin gülüş idi.

– Bizim bütün sənaye və energetika bazamız yerin altında yerləşir, – Lena dedi, – yerin üstündə yalnız əkinçiliklə və heyvandarlıqla məşğul oluruq. 

– Məgər siz sintetik qidalar istehsal etmirsiniz? – təəccübləndim.

– İstehsal edirik, amma sintetik qidalara tələbat get-gedə azalır. Yalnız heyvanlara sintetik yem veririk.

– Yazıq heyvanları öldürürsünüz? Dəhşət!..

– Hə, dəhşətdir, – qadın razılaşdı. – Amma neyləmək olar... Bu tendensiyaya, demək olar, son qoyulmuşdu, amma sonradan hər şey öz məcrasına qayıtdı, son illərdə isə sintetik yem istehsal edənlərin sayı lap çoxalıb. Bizdə ovçuluq da yaxşı inkişaf edib. Ən müasir silah – adi yay-oxundan tutmuş, keçmiş minilliyin odlu silahlarına qədər.

Qulaqlarıma inanmırdım.

– Sizdə şəhərlər də yoxdur?

         – Yaşamaq üçün şəhərlər yoxdur. İnzibati, elmi və mədəni mərkəzlər var, amma burada, demək olar, heç kəs yaşamır. Yer sakinlərinin hamısı, belə deyək, “təbiətin qoynu”nda yaşayır. Təbiəti, qədim vaxtlarda olduğu kimi, bərpa etmək üçün çox əmək qoymuşuq. İndi sizə göstərərəm…

Lena yerindən qalxıb, yüngül addımlarla otağın küncünə qoyulmuş pulta sarı getdi. Böyük yaşıl düyməni basan kimi ekran işıqlandı. Texniki olaraq, təsvir mükəmməl sayıla bilməzdi, amma qənaətbəxş idi. Ekranda energetika mərkəzinə oxşayan böyük, əzəmətli bir tikili peyda oldu.

– Haqlısınız, – o dedi, – bu, istilik – nüvə mərkəzidir. Bizdə enerji boldur – əslində, bu qədərinə ehtiyacımız yoxdur.

Nəhəng kombinatın içində azsaylı insan fiqurları gözə dəyirdi.

– Bunlar robotlardır, – Lena izah etdi, – istehsalatla bağlı bütün işləri onlar yerinə yetirir.

         Burada təəccüblü heç nə yoxdur – bizdə də belədir. Amma sonrakı epizoda baxanda, heyrətə gəldim. Bütünlüklə görə bilmədiyim zavodun buraxdığı məhsul mənə çox qəribə təsir bağışladı: bu, bizim eranın əvvəllərində istehsal olunan avadanlıqlara bənzəyirdi.

– Bu… bu… – kəkələməyə başladım, bu məhsulun adını heç cür xatırlaya bilmirdim.

– Gördüyünüz zavod idman ləvazimatları istehsal edir. – Bax, orada gördüyün velosipeddir. O isə, daxili yanma mühərriki ilə işləyən xüsusi maşın növüdür. Bu maşınlardan çox istifadə etmirik, amma onların da öz qiyməti var, idman aləti kimi geniş yayılmış nizənin də, o cümlədən.

Yarım saata qədər buradakı həyat mənzərələrinə tamaşa etdim. Çox tanış, eyni zamanda, yad mənzərələr idi. Onların kosmodromları və kosmik gəmiləri, bizimkilərlə müqayisədə, oyun-oyuncaq kimidir, nəqliyyat vasitələri primitiv təsir bağışlayır. Amma yer sakinləri elə şeylərə malikdir ki, biz onların varlığını çoxdan unutmuşuq: məsələn, ucsuz-bucaqsız taxıl zəmiləri, heyvandarlıq fermaları, vəhşi heyvanlar üçün qoruqlar, nəhəng idman kompleksləri. Kütləvi velosiped yarışları, xüsusilə diqqətimi cəlb etdi – bunu insan gücünün və gözəlliyinin möhtəşəm nümayişi adlandırmaq olardı. Bir qədər əvvəl mənə uşaq oyunu kimi gələn bəzi şeylərə baxışım, birdən-birə büsbütün dəyişdi. Yalnız kütlənin çığır-bağırı xoşuma gəlmədi. Sonra ekran söndü. Uzun müddət susub, danışmadım.

– Maraqlı planetiniz var! – nəhayət, dilləndim. – Burada həyatın ən primitiv və ən müasir formaları qəribə uyğunluq yaradır. Başa düşmürəm, bunları necə bir araya gətirmək olar? 

Lena mənimlə üzbəüz oturub, gülə-gülə dedi:

– Bunu ərim daha yaxşı izah edə bilər.

– Əriniz? – həyəcanla soruşdum. – Deməli, sizdə də nikah var...

– Bunu nikah adlandırmaq düzgün olmazdı, – Lena başını yana əydi. – Nikah, hüquqi forma kimi beş yüz il bundan əvvəl ortadan qalxıb. Son yüz ildə isə monoqamik birgə yaşama formaları geniş yayılıb. Məgər sizdə belə deyil?

– Bizdə hər kəs öz bildiyi kimi yaşayır.

– Tək yaşamaq çox ağırdır, – Lena əminliklə bəyan etdi.

– Amma tək qalmaq – təbii istirahət növlərindən biridir, – mən israr etdim. – Axı bizdə əməlli-başlı tünlükdür.

– Məncə, bu, tək qalmaq üçün yalnız bəhanədir, – qadın üzünü yana çevirdi. Onun səsində kədər notları hiss olunurdu.

– Yox, sizi, doğrudan da, başa düşmürəm, – dedim. – Bir o qaldı, deyəsiz ki, uşaqları da özünüz dünyaya gətirirsiniz.

– Əlbəttə.

– Bu lap ağ oldu, bunun nə mənası var axı? – özümü saxlaya bilməyib, ucadan soruşdum.

– Alimlərimiz sübut edib ki, süni şəraitdə dünyaya gələn uşaqlar bir sıra vacib insani keyfiyyətlərə malik olmur.

– Bu o deməkdir ki, sizin alimləriniz alim deyillər, – ona dedim, – biz embrionları zəruri keyfiyyətlərlə təmin etməyi bacarırıq, hətta onlara nitq qabiliyyəti, şərti reflekslər və sairə kimi həyati vacib bilgilər də aşılaya bilirik.

– Biz bütün bunları çoxdan sınamışıq.

– Lena təəssüflə başını yellədi. – Belə uşaqlar robot kimi olurlar. Doğrudur, intellekt səviyyəsinə görə adi uşaqlardan fərqlənə bilərlər, amma onların hamısı

daşürəkli, mərhəmətsiz adamlardır: səmimiyyətin nə demək olduğunu bilmirlər.

– Ürək, qəlb – mızıldandım – elmi anlayışlar deyil.

– Siz mənim ərimlə danışmalısız, – Lena dedi. – Məncə, onunla yaxşı dil taparsız!

– Bəs əriniz hanı? – səbirsizliklə soruşdum.

– Yaxındadır.

Qadın stolun üstündən kiçik bir qutu götürüb (bu zaman onun baxışlarının daha da istiləşdiyini gördüm), sakit səslə dedi:

– Mişel, məni eşidirsən?

Qısa sükut çökdü. Sonra qutudan səs gəldi:

– Eşidirəm, əzizim.

– Mişel, qonağımız var.

– Nə qonaq?

Səsindən hiss olunurdu ki, bu xəbərdən məmnun deyil.

– Qəribə qonaqdır, Mişel. – Lena gülümsədi. – Başqa planetdəndir.

Bu dəfə pauza uzun sürmədi:

– Ciddi sözündür?

– Əlbəttə.

Lena mənim xarici görünüşüm, buraya necə gəlib-düşdüyüm barədə, bir neçə kəlməylə ərinə məlumat verdi. Görünməyən adam yenə susdu – deyəsən, nəsə fikirləşirdi.

– Çox maraqlıdır, – nəhayət, dilləndi.

– Bilirsən nə var? Onu yanıma göndər.

Lena gülər gözlərini üzümə zillədi.

– Ayıb olar, əzizim. Adam çox uzaqdan gəlib. Özün gəlsən yaxşıdır.

– Əzizim, balıq təzə-təzə tilova gəlir. Vəziyyəti ona başa sal, üzrxahlıq elə, göndər, gəlsin.

– Yaxşı, – Lena kiçik aparatı söndürdü və başını qaldırıb üzümə baxdı. – Məncə, sizə də maraqlı olar, – dedi. 

Biz həyətə çıxdıq, yenidən həmin qəribə, məlahətli səsi eşitdim. Bu dəfə səs lap yaxından eşidilirdi.

– Bu heyvana baxmaq olar?

– Əlbəttə, olar.

Gözlədiyim kimi, heyvanı evin yanındakı kiçik mərəkdə saxlayırdılar. Buruq- buruq buynuzları olan bu iri heyvan, ilk baxışda, çox eybəcər görünürdü. Amma iri, məsum gözlərini qaldırıb üzümə baxanda, qəribə, anlaşılmaz bir hiss qəlbimi çulğadı, ürəyim sızladı.

– Bəs, onun balası hanı? – ondan soruşdum.

– Buzov? Evdədir... Onu çimizdirməyə hazırlaşıram.

Bu güclü, mehriban varlıqdan gözümü çəkə bilmirdim. Fikirləşirdim ki, görəsən, bu gözəl heyvanlar bizim Driyanın hansı qarışıq zəmanəsində məhv olub?

– Bu gözəl heyvanları öldürməyə necə ürəyiniz gəlir? – soruşdum.

– Yox, bunları heç vaxt öldürmürük.

– Nə fərqi var, bunlara bənzəyən başqalarını öldürürsüz...

Qadının sifəti tutuldu.

– Gəlin, bu barədə danışmayaq. Xahiş edirəm! – o, sakit səslə dedi.

Lena məni nəhəng, qoca ağacların arasından qıvrılıb-keçən cığırın yanına gətirdi – indiyəcən belə cığır görməmişdim. Cığırla aşağıya doğru addımladıqca, nəsə qəribə, anlaşılmaz bir narahatlıq hissi keçirtməyə başladım, sanki hansısa təhlükə məni qarabaqara izləyirdi. Bu gözdən uzaq, xəlvəti yerlərin səssizliyi, ağacların çətiri altında gizlənmiş toranlıq məni qorxudurdu. Mənə elə gəlirdi ki, indicə ağacların arasından bir yırtıcı sıçrayıb çıxacaq, ildırım sürətiylə üstümə cumub, iti dişlərini işə salacaq. Fikirləşdim ki, görəsən, nə baş verir, əcdadlarımızın hansı instinktləridir mənə rahatlıq verməyən?.. Ən maraqlısı isə o idi ki, bu qəribə qorxu hissi mənə tanış gəlirdi – sanki belə də olmalı idi.

Yaxşı ki, birazdan cığır genişlənməyə başladı, burada ağaclar nisbətən seyrək bitmişdi, get-gedə hava da aydınlaşırdı. Bir neçə addımdan sonra qarşıda, nəhəng canlı məxluqu xatırladan, böyük bir çay gördüm. Elə bu an gözüm ikinci adama sataşdı.

Boynuma alıram ki, qadını görəndə bu qədər həyəcanlanmamışdım – kişinin görünüşü mənə daha böyük təsir bağışladı. Qeyri-iradi ayaq saxlayıb, heyranlıqla gözümü ona zillədim. O, bilirsiniz, kimə oxşayırdı? Planetimizin qədim əfsanə qəhrəmanlarına, antik tanrıya. Ucaboy, əzələli, enlikürək bir adam idi, başı adi insanınkından böyük görünürdü. O, əlində nazik çubuq tutmuşdu, çubuğun ucuna bağlanmış, suyun tutqun səthindən seçilməyən tilov ipini güclə görmək olurdu. Kişi, doğrudan da, balıq tutmaqla məşğul idi. Driyanın antik incəsənət qalereyalarında bu məzmunda çoxlu freskalara rast gəlmək olar. Sanki qədim freskadan qopmuş bu hərəkətsiz adama baxanda, yenidən canıma qorxu düşdü.

– Qorxmayın, yoldaş! – o, məni görüncə gözünü tilovdan ayırmadan dedi, – yaxın gəlin.

Çox gur, amma qulağa xoş gələn səsi vardı.

– Qorxmuram, – incik səslə mızıldandım. Elə bu an tilov ipi qımıldanıb, dartıldı. Kişi ipin sakitləşməsini gözlədi və yalnız bundan sonra başını çevirib, mənə baxdı. Onun nüfuzedici baxışlarından üşəndim – sanki dayandığım yerə mıxlanmışdım, heyrətimi gizlədə bilmirdim. 

– Yox, deyəsən, qorxursunuz, – o gülümsündü. – Rahat olun, özünüzü evinizdəki kimi hiss edin... Buyurun, əyləşin.

Nağıl bahadırına oxşayan adamdan gözümü çəkmədən, qeyri-iradi yerə oturdum. Onun saçları qara, gözləri – açıq– mavi rəngdəydi.

– Planetiniz necə adlanır? – məni başdan-ayağa, saymazyana baxışlarla süzdü.

– Driya, – sakitcə, şagirdsayağı cavab verdim.

– Bizim qoca Yer kürəsi haqqında əvvəllər nəsə eşitmişdiz?

– Hə, əlbəttə. Bu planeti uzun müddət, diqqətlə tədqiq etmişik. Əmin idik ki, burada inkişaf etmiş sivilizasiya tapacağıq.

– Ümid edirəm ki, buraya xoş niyyətlə gəlmisiz.

– Buna söz ola bilməz? – dərhal cavab verdim, – ən xoş niyyətlə. Bu, planetlərarası nadir ünsiyyət hadisəsidir. Biz bir-birimizdən faydalana bilərik. Driyada təxmin edirdik ki, bizim sivilizasiya sizinkini bir neçə min il qabaqlayır. Ona görə də, sizin inkişafınızı sürətləndirmək qərarına gəldik.

O, dərhal cavab vermədi, gözlərinin ifadəsindən hiss olunurdu ki, həyəcanlanıb.

– Çox gözəl, – o dedi, – doğrudanmı elə bilirsiz ki, təkbaşına bu işin öhdəsindən gələcəksiz?

– Əlbəttə ki, yox!.. Sadəcə bəzi bilikləri sizinlə bölüşmək istəyirik. Siz hələ bu biliklərə yiyələnməmisiz. Mənim beynim əla kibernetik maşın kimidir – buraya kimya, fizika, biologiya, təbabət və digər elm sahələrinə aid minlərlə kitabın məzmunu həkk olunub.

– Siz bu bilikləri yenidən kitab halına salmaq istəyirsiz?

– Ən xırda detallarına qədər. Özü də, heç bir səhvə yol vermədən.

         O, yenidən baxışlarını üzümə zillədi, deyəsən, bir az yumşalmışdı.

– Etiraf etməliyəm ki, Yer sakinləri bu cür qabiliyyətə malik deyil. Belə çıxır ki, siz Yer kürəsindəki ən qiymətli varlıqsınız.

– Birdən–birə üzündə təlaş ifadəsi yarandı.

– Sizin orqanizm planetimizin bakteriya mühitindən zərər görməz ki?

– Bu barədə narahat olmaya bilərsiniz, cavab verdim. – Oy, o nədir elə?

O, göstərdiyim səmtə baxdı.

– Suilanıdır. Ziyansız canlıdır.

– Çox balacadır.

– Əksinə, çox gözəl nümunədir.

– Bəs ağzında tutduğu nədir?

– Qurbağa.

– Bizdə belə heyvan yoxdur, – dedim.

– Qəribədir, – o, şübhəylə başını yellədi, – bizim bir çox alimlər, ciddi olaraq, iddia edir ki, insan nəsli bu heyvanlardan törəyib. Boynunuza alın, qorxdunuz?

– Hə, bir az.

O, istehzayla qımışdı:

– Görürsüz!.. Ola bilsin, bu qorxu hissinin dərin kökləri var, qaranlıq dəniz sularında ilanların bizi təqib etdiyi vaxtlardan miras qalıb.

Yenidən içimi qorxu hissi sardı. Bu fikir nə qədər absurd səslənsə də, həmin dəqiqələrdə mənə ağlasığmaz ehtimal kimi gəlmədi. Önümdəki bulanıq su kütləsi, çayın üzərinə əyilmiş ağacların məşum silueti – vəhşi təbiətin əsrarəngiz, sirli ilkinliyi onun sözlərini qüvvətləndirirdi. Bu zaman suyun üzəriylə yüngülcə sürüşən ilan sahilə çıxıb, kolluqların arasında gizləndi.

– Bəlkə, əcdadımızın köməyə ehtiyacı var? – tərəddüdlə soruşdum.

– Düz deyirsən! – o, hərəkətə gəldi.

– Hələ gec deyil! 

Kişi əlindəki tilovu kənara atıb, iri cüssəsi ilə uyuşmayan cəldliklə, ilanın gözdən itdiyi kolluqlara sarı qaçdı. Driyada da nadir ilanlar var (alimlər onları dənizin dərin qatlarında tapır), amma bu kiçik, diribaş varlıqlarla müqayisədə, çox böyükdürlər...

Bu zaman nəsə baş verdi. İpi dartılıb-gərilən tilov yavaş-yavaş çaya doğru sürüşməyə başladı. O an nələr hiss etdiyimi xatırlamıram, təkcə o yadımdadır ki, nəsə fikirləşməyə macal tapmamış, əlimi uzadıb tilovdan yapışdım. Birdən-birə bütün bədənim əsib-titrəməyə başladı, sanki əlimdə elektrik naqili tutmuşdum. Mənə elə gəlirdi ki, artıq insan deyiləm, əlimdə tutduğum tilovun davamına çevrilmişəm – onunla birgə titrəyir, suyun üzündə çırpınırdım. Tilovun ucunu əlimdən buraxmaq istədim, amma bacarmadım, çünki qorxu, dəhşət hissi bütün vücudumu çulğasa da, maraq güc gəldi. Əvvəllər heç vaxt hiss etmədiyim bir ehtiras varlığıma hakim kəsilmişdi. Nəhayət, dalğa-dağla üzərimə gələn bu duyğuların əlində aciz qalıb, qışqırdım:

– Mişel!

Ağırlığımı o biri ayağımın üstünə salmaq istəyəndə, nəyəsə ilişdim, qeyri- ixtiyari olaraq, tilovun ipi birdən-birə gərildi. Suyun altında qarmağa ilişmiş canlı, ağrıdan və ya qorxudan, bir qədər sakitləşdi.

– Mişel!

Tələsik addım səsləri eşidildi. Mişel sakitcə mənə yaxınlaşdı və burada baş verənləri görüncə, lovğa-lovğa gülməyə başladı.

– Qorxma, – dedi, – indi onu çıxararıq.

O, tilovu məndən aldı. Tilovun üzərinə

bərkidilmiş çarxı yalnız indi gördüm. Mişel yavaş-yavaş, ehtiyatla çarxı fırlatmağa

başladı. Ancaq ölüm-dirim mübarizəsi aparan balıq təslim olmaq istəmirdi – get- gedə ona rəğbətim artırdı. Adama elə gəlirdi ki, sonacan gərilmiş ip, balığın qeyzli müqavimətinə dözməyib qırılacaq. Mişel mənə sarı dönüb, bir qədər dəyişilmiş səslə dedi:

– Yekə balıqdır! Beləsi tilova az-az düşür!

Mişelin sifəti pörtmüşdü. Bu ağır, təmkinli adam indi amansız, mənasız oyuna aludə olmuş uşağı xatırladırdı. Amma ona gülmək istəmidim: axı bir az əvvəl mən də onun kimi acınacaqlı, miskin görünürdüm.

Nəhayət, Mişel balığı yarıyacan sudan çıxardı: doğrudan da, çox böyük balıq idi – yəqin ki, məndən də ağır olardı. Balıq damağına sancılmış qarmaqdan xilas olmağa çalışaraq, əsəbi halda çırpınır, ağzını tez-tez açıb-yumurdu. Gərginlikdən qızarıb-pörtmüş, qəddar, amansız insan isə çox məmnun görünürdü. O, yenidən mənə sarı çevrilib dedi:

– Tilovu tutun!.. Qorxmayın, qorxulu heç nə yoxdur.

Əvvəlcə imtina etmək istədim, amma bir an sonra, sanki hansısa qüvvə məni onun yanına itələdi. Bərk-bərk tilovdan yapışdım. Birdən-birə, elə bil başıma minlərlə ildırım yağdı. Hisslərim aşıb-daşırdı, qəribə vəziyyətə düşmüşdüm: həm özümə nifrət edir, həm də sevinirdim, həm ağlayır, həm də mübarizədən həzz alırdım... Mişel metal çənbərə bənd edilmiş toru əlində dəstələyib, suya atıldı. Balıq qəzəblə quyruğunu suya çırpdı, tilovun ipi o dərəcədə gərildi ki, özümü saxlaya bilməyib yerə sərildim və… tilovu əlimdən buraxdım.

Lakin mənim səhvim heç nəyi dəyişmədi. Ayağa qalxanda gördüm ki, Mişel təntənəli şəkildə sahilə doğru addımlayır. Arxasınca çəkib-gətirdiyi torda böyük bir balıq çapalayırdı. Bu mənzərə mənə çox pis təsir etdi, tutduğum işdən peşman olmuşdum.

          – Buraxın onu! – qışqırdım. – Çox xahiş edirəm, buraxın!

Mişel bir anlığa özünü itirib, karıxmış halda üzümə dikildi, sonra balığı suya qaytarmaq istəyirmiş kimi aşağı əyildi. Üz-gözündə böyük bir məyusluq ifadəsi vardı.

          – Yox, yox!.. – ani olaraq, fikrimdən daşındım.

Beləcə, mənim istəyimlə balıq sahildə qaldı. Uzun-uzadı balığa tamaşa elədik: mən həyəcanla, Mişel isə – böyük bir məmnunluqla. Açığı, onun bu mənzərədən zövq alması heç xoşuma gəlmədi.

          – Naqqa balığıdır, – nəhayət, Mişel özünə haqq qazandırmaq istəyirmiş kimi, sözə başladı, – qoca quldur... İşi-gücü suyun dibində uzanıb, canlıları güdməkdir. Heç nə dişlərindən yayınmır.

Hm... Fikirləşdim ki, ola bilsin, bu balıq, doğrudan da, cəzaya layiqdir. Amma Mişel deyəndə ki, ondan kabab çəkəcək, dəhşətə gəldim:

           – Heç olmasa, bunu eləməyin!

           – Niyə? – o, istehzayla qımışdı. – On­suz da, artıq heç nə vecinə deyil.

           – Amma sizin vecinizə olmalıdır axı! – ucadan dedim. – Bunun barbarlıq olduğunu başa düşmürsüz?

           – Başa düşürəm, – Mişel mənimlə razılaşdı! – Barbarlıq heç də həmişə pis deyil, bəzən çox ciddi həqiqətləri dərk etməyə imkan yaradır.

Mişel ocaq qalamağa başladı. Biz hələ də mübahisə edirdik. Burada sivilizasiya ilə primitivizmin əcaib şəkildə çulğaşmasını heç cür başa düşə bilmirdim. Bunu izah etməkdə aciz idim.

– Məsələ belədir, – Mişel fikirli-fikirli dedi. – Bizim indiki cəmiyyətimiz təbii inkişafın məhsuludur. Bilmirəm sizdə necədir, amma burada, Yer uzündə çətin dövrlərimiz olub – bəşəriyyət odla su arasında qalıb, nə edəcəyini bilməyib. Nəticədə, sivilizasiyanın inkişafı son dərəcə kədərli təzahürlərlə müşayiət olunmağa başlayıb: insanlar özünə qapılıb, səmimiyyət, xeyirxahlıq itib, adamların arasında soyuqluq yaranıb. Ümidsizlik fəlsəfəsi, insan həyatının faniliyi haqqında nəzəriyyələr bizim sərt qaydalarla idarə olunan cəmiyyətimizdə geniş yayılıb. İki əsr bundan əvvəl bu fəlsəfəyə kütləvi aludəçilik ona gətirib çıxardı ki, milyonlarla insan, həyatdan əcaib imtina formalarına üz tutub, intihar etdi. Səbəb?.. Bu, çox geniş mövzudur – alimlərimiz hələ də bunun üzərində baş sındırır. Onlardan bir çoxu iddia edir ki, bu, yüz illər boyunca sabit qalmış tarixi şəraitin dəyişilməsi ilə bağlıdır. Bundan başqa, fiziki əməyin aradan qalxması, insanların yeni bioloji şəraitə uyğunlaşa bilməməsi, məqsədə çatmaq üçün səy göstərməməsi, istədiyi şeyləri asanlıqla əldə etməsi məsələni daha da qəlizləşdirib. Fərdi insan həyatının faniliyi haqqında fikirləri də buraya əlavə etmək lazımdır. Bütün bunlar insanları həyatdan küsdürür, məgər Driya əhalisi bu cür böhranlarla üzləşməyib?

Dərhal cavab vermədim. Heç gözləmirdim ki, Yer kürəsinə ayaq basdığım ilk saatlarda belə bir suala cavab verməli olacağam.

– Hə, belə şeylər olub, – könülsüz cavab verdim, – analoji şəraitdə bütün Driya sivilizasiyasının məhv olduğu zamanlar da olub. Amma biz o zamanları yada salmaq istəmirik. Yalnız onu deyə bilərəm ki, biz planetin əvvəlki əhalisindən çox fərqlənirik. Bəzi faktlara görə, əcdadlarımız daha çox sizə oxşayırmış – onlar da ucaboy olub, onların dişləri, saçları...

– Belə de! – Mişel mızıldandı.

– Bu barədə sonra danışaram. Hələlik, dediklərinizi nəzərə alıb, yalnız bir şeyi əlavə edə bilərəm: bizim nəhəng günəşimiz soyumağa başlayıb, ona görə də, yaşamaq uğrunda mübarizə Driyada daha kəskin, daha ağrılı formalar alıb. Sizdə isə göründüyü kimi, təbiət çox səxavətlidir, heç nədən korluq çəkmirsiz.

– Mən də elə onu deyirəm! – o, birdən-birə canlandı. – Bizi güclü edən də, zəif salan da elə budur. Ona görə də, biz ilk növbədə keçmiş tarixi dövrlərin həyat stereotiplərini dirçəltməliyik. Bu vəzifənin öhdəsindən gəlmək üçün düz iki yüz il çalışmışıq. Minilliklər boyu axmaqcasına məhv etdiyimiz torpağın simasını bərpa etmək üçün, bilirsiniz, nə qədər vəsait xərcləmişik?..

– Bu qədər əziyyətə dəyərdimi? – özümü saxlaya bilməyib, soruşdum.

O, səsimdəki ironiyanı hiss edib, diqqətlə üzümə baxdı.

– Yox, bu, primitiv həyata qayıtmaq deyil. Biz müasir sivilizasiyanın formalarını təkmilləşdiririk. Bizim üçün əsas olan – insan nəslinin birliyi, onun hədəflərinin və ideallarının bütövlüyüdür. Mənəviyyatımızı zənginləşdirən, ruhumuza qida verən (heç olmasa, indiki mərhələdə) başqa bir zəmin isə – incəsənətdir.

– İncəsənət? – inamsızlıqla soruşdum. – Bu problemlərin incəsənətlə nə əlaqəsi var?

– Necə yəni? Bəyəm Driyada incəsənət yoxdur?! – Mişel təəccübləndi.

– Əlbəttə, var…

– Məsələn, incəsənətin hansı növləri var? – o, səbirsizliklə soruşdu.

         – Ən qədimi təsviri sənətdir. Sonra musiqi gəlir. Sivilizasianın ən yeni nailiyyətlərindən biri kimi isə – kinonu göstərə bilərəm. Müxtəlif janrlarda çəkilmiş filmlər – bizim ümid və arzularımızın ekran təcəssümüdür.

Son sözlərim onun marağına səbəb oldu. Məni ətraflı sorğu-suala çəkəndən sonra çox məmnun qaldı. Lakin bir qədər düşünüb-daşınıb, sakit səslə əlavə etdi:

– Amma bu sənətin təhlükəli tərəfləri də var. İndi isə mənə öz ədəbiyyatınızdan danışın.

Bu anlayış mənə tanış deyildi, ona görə də, beynimdə heç bir assosiasiya doğurmadı. Məsələnin mahiyyətini aydınlaşdırmaq üçün iyirmi-iyirmi beş dəqiqə vaxt sərf etməli olduq.

– Bizdə ədəbiyyat yoxdur, – axırda bu qənaətə gəldim.

Bir az əvvəl mən balığa necə baxırdımsa, Mişel də mənə, təxminən, elə baxmağa başladı.

– Ola bilməz! – nəhayət, dilləndi.

– Niyə axı? – incik səslə dedim. – Haçansa əcdadlarımız buna bənzər işlərlə məşğul olublar, lakin onların bütün yazılı mirası təhlükəli fikirlər yayan mənbə kimi məhv edilib.

Mişeli gülmək tutdu, bu, onun bayaqkı gülüşünü xatırladırdı.

– Söz yox, böyük iş görmüsünüz! – istehzayla mızıldandı.

Əsəbiləşməyə başladım. İnsan sivilizasiyasının erkən çağlarında yaşayan bu subyektin mənə ağıl öyrətməsinə yol verə bilməzdim.

– Başa düşmürəm, ciddi söhbətə incəsənətin nə dəxli var, – dedim, – axı, incəsənət əyləncə üçündür.

– Sizi sözlə başa sala bilməyəcəyəm, – o, ciddi səslə dedi, – bizim incəsənətlə tanış olarsız, sonra danışarıq. Yalnız onu deyə bilərəm ki, incəsənətin əsas məqsədi – insan ruhunun ən xəfif titrəyişlərini tədqiq etməkdir.

– Bu, elmi araşdırma mövzusudur! – ona etiraz etdim. – Biz bunu elmi psixologiya adlandırırıq.

Dediklərim Mişeli qane etmədi.

– Bunlar fərqli şeylərdir! – o, əminliklə dedi. – Doğrudur, incəsənət də, elm kimi təhlil edir və ümumiləşdirir. Amma gerçəkliyin yenidən canlandırılmasını bütöv bir proses, yaradıcılıq məhsulu kimi təqdim edir. Başa düşürsüz, incəsənət real gerçəkliyi əks etdirməklə bərabər, həm də onu dərk etməyə, anlamağa çalışır. Ona görə də incəsənət, müəyyən mənada ilahi gerçəklikdir. Bu arxaizmi işlətdiyimə görə üzr istəyirəm. İncəsənət – insanları birləşdirən böyük qüvvədir. Birlik isə, öz növbəsində, sivilizasiyanın bünövrəsini təşkil edir.

– Boynuma alıram ki, heç nə başa düşmədim, – məyus-məyus dilləndim.

– Vaxt gələr, başa düşərsiniz, – o, sakitcə cavab verdi.

Ocağın işığı öləzimişdi, onun ətrafa yayılan yumşaq, həlim istisi, nə qədər qəribə də olsa, bizim sönməkdə olan Günəşimizin istisini xatırladırdı.

Mişel balığı iki yerə bölüb, ikisini də səliqəylə yonulmuş çubuğa keçirtdi. Fikirləşdim ki, görəsən, bu cür vəhşi adət-ənənə bu insanın səmimiyyəti ilə necə uzlaşa bilir?..

– Balığı zəif odda qızartmaq lazımdır, – Mişel izah etdi. – Onda çox dadlı olur... Birazdan özünüz görəcəksiz.

– Heç vaxt! – ucadan etiraz etdim. – Mənlik deyil!

O, diqqətlə üzümə dikildi.

– Hm, maraqlıdır!.. Bəlkə, mədəniz sərt yeməklərə öyrəşməyib?

         – İş onda deyil. Biz bunu nəzərə almışıq. Hər ehtimala qarşı, özümü gözlənilməzliklərdən sığortalamaq üçün son iki ildə Driyada təbii yeməklərlə qidalanırdım. Amma canlı varlığın ətini yemək… bu… bu…

– Eybi yoxdur, – Mişel mənə ürək-dirək verdi, – yaşayarıq, görərik.

O, balığı ocağın üstünə tutdu. Elə bu vaxt Lenanın aydın səsi eşidildi:

– Mişel, məni eşidirsən?

– Eşidirəm, əzizim.

– Niyə ləngiyirsiz? Yəqin, Len yorulub, dincəlmək istəyir.

– Qoy özündən soruşum, əzizim. Biz burada balıq qızartmağa hazırlaşırıq.

– Bunun üçün xeyli vaxt lazımdır.

– Nə olsun? Sən də gəl.

– Fikirləşərəm, – qadın tərəddüdlə dedi. – Amma mənə elə gəlir ki, Len...

– Narahat olma, Len özünü əla hiss edir. Düzdür, bir az pərişandır.

– Niyə, nə olub ki? – qadın narahatlıqla soruşdu.

– Mənim balıqla vəhşi kimi davrandığımı görüb, dilxor olub. Əzizim, onu da deyim ki, balığı məhz o tutdu. Mənə elə gəlir ki, Lendən əla balıqçı çıxar, amma keçmişin qalıqları, xurafat ona mane olur.

– Qulaq as, Mişel, elə indicə Mərkəzi Kosmos İnstitutunun bütün elmi postlara müraciətini yaydılar. Maraqlanırlar ki, Viltinq effektinin təzahürlərini görən olub, ya yox… Bu nə deməkdir?

Mişel gözucu məni süzüb, cavab verdi:

– Sonra sənə deyərəm, oldu? Narahat olmağa dəyməz.

O, yerə əyləşib, bardaş qurdu və mənə izah etməyə başladı:

– Bilirsiniz, Len, bizim Mərkəzi Kosmos İnstitutu Driya ilə əlaqə yaradıb, sizin buraya gəlməyiniz haqda onlara məlumat verməliyəm...

Bunun qaçılmaz olduğunu bilirdim, amma bu qədər tez baş verəcəyinə inanmırdım. Ucsuz-bucaqsız meşə, yaşıl suları tənbəl-tənbəl, rəvan axan çay məni maqnit kimi özünə çəkirdi.

– Mişel, sizdən bir xahişim var, – ona dedim, – bu, Yer üzünə gəlişimin ilk günüdür. Qoy bu gün yalnız mənim olsun. Onsuz da, yer sakinlərinin nəzarəti altında çox qalacağam.

Mişel rahat nəfəs aldı.

– Məncə, haqlısız, – o razılaşdı və bir qədər susub, əlavə etdi: – Yaddan çıxarmayın, Len, bizə nümunə dərsi keçmək lazım deyil. İnsanlarla səmimi dostluq münasibətləri qurmağa çalışın. Bizə görə, dostluq – hər şeydən öncə, bir-birini başa düşməyə çalışmaqdır.

– Sizinlə tamamilə razıyam – əminliklə dedim.

– Ona görə də, öz biliklərinizi insanlarla paylaşarkən, yaxşı-yaxşı fikirləşin. Yaşamaq, axtarmaq və mübarizə aparmaq sevincini onların əlindən almaq – onları böyük mənəvi zənginlikdən məhrum etmək deməkdir.

– Sizi çox yaxşı başa düşürəm, Mişel, – həyəcanla dedim. – Siz heç nədən qorxmamalısız. Axı idrak yolu sonsuzdur: bilik həmişə yeni axtarışlara, kəşflərə sövq edir.

– Sən yaxşı oğlansan, Len!..

– Mən artıq Yer üzündə tək deyiləm, – dedim, – mənim də dostlarım var, elədir?..

Sözlərimdən bu qədər xoşhal olacağını gözləmirdim. Onun dodaqları qaçdı, üzü güldü. Bu iricüssəli, yaraşıqlı Yer sakinləri necə də ürəyiaçıq, uşaq kimi səmimi insanlardır!

         – İndi isə, Len, sənə elə ləzzətli yemək bişirəcəyəm ki, barmaqlarını yalayacaqsan!

Artıq bu cür təhdidlər əhvalımı korlaya bilməzdi. Sahildə oturub, çaya tamaşa etməyə başladım. Sərin meh ağacların yarpağını oynadırdı. Mənə elə gəlirdi ki, saatlarla beləcə oturub, yarpaqların xışılısını dinləyə-dinləyə, axar sulara baxa-baxa, ləzzət ala bilərəm.

– Bu hansı heyvandır, Mişel?

– Hanı? Hə, bu heyvan deyil, həşəratdır. Biz onu “iynəcə” adlandırırıq.

– Nə gözəl məkandır, Mişel!.. Çox istərdim ki, buradan çox uzaqlardakı yerlilərim də bu torpaqları görsün.

O qımışa-qımışa, əlindəki haça ağacı yerə basdırmağa başladı.

 

Tərcümə: Etimad Başkeçid