Elektron ədəbiyyat və sənət portalı

Qərib taleli şair

Bölmə: Ədəbiyyat 15.03.2018

...Bu ucsuz-bucaqsız səhra sanki heç vaxt bitməyəcək. Adama elə gəlir ki, dəvə karvanı gecənin kimsəsizliyində bir addım da irəliləmir, sadəcə sonsuzluğun girdabına düşüb yerində ayaq döyür, ya da qrammofon valı kimi hey dövrə vurur.

Bax bu təpəni də aşsaq, bəlkə, bir ləpir tapıb harasa yetişmək olar. Amma səhrada nə gecənin, nə də gündüzün hansısa bir fərqi var, üfüqdəki mənzərələr dəyişmir ki, dəyişmir. Eşidilən bircə dəvələrin hənirtisi, zınqırovların cingiltisidir ki, o da hərdən küləyin uğultusuna qarışıb yox olur.

Dünyanın bu qarışıq vaxtında səhrada bir ins-cins görməyə gümanmı var? Bu cəhənnəmin ortasında cığır nə gəzir? Hansı bədbəxt yaxşı həyatdan qaçıb ölüm girdabına bənzəyən susuz səhrada yolçu olar? Qumsallığın gündüzü dəhşətdir, gecəsi də ondan betər. Yay gecəsi soyuq, adamın lap iliyinə işləyir. Nə qəlbin qızır, nə də canın isinir...

1933-cü ilin iyun ayıdır və Almas İldırım üçün Türkmənistanın bu ölüm saçan səhrasından, bir də yolçusu olduğu bu karvandan savayı, təhlükəsiz yer yoxdur dünyada. Cəhənnəm və cənnət. Almas bunların fərqini bütün varlığı ilə duyur. Hamının cənnət saydığı Aşqabadda sürgünlük həyatı yaşamaq anbaan cəhənnəm əzabına çevrilmişdi. Rahat nəfəs ala bilmirdi orada Almas. Qoymurdular, bolşeviklər aman vermirdi.

Direktor olduğu məktəbdə aramsız yoxlamalar, evdə, küçədə təqiblər. Azərbaycan SSR Baş Siyasi İdarəsi (QPU) şairin hər addımından xəbərdar idi. Hətta Aşqabada xüsusi agent də göndərmişdilər. Bu adam özünü şair Əkbər Ruhi kimi təqdim etmişdi. Amma Almas onunla söhbətin ilk dəqiqələrindən anlamışdı ki, bu şəxsin şeirlə, ədəbiyyatla heç bir əlaqəsi yoxdur, “şair” savadsızın və hiyləgərin biri idi. Tezliklə Əkbərin əsas missiyası da üzə çıxdı: Almasdan “donos” yazmaq, yerli mətbuatda məqalələr dərc etdirərək onu türkmənlərin və bu rеspublikadakı azərbaycanlıların gözündə ləkələmək.

Bir neçə gün öncə Əkbərlə aralarında ciddi mübahisə olmuşdu.

- Siz bizim ideologiyaya zidd gedirsiniz, gənclər arasında pantürkist ideyaları yayırsınız. Şeirlərinizdə rejimə meydan oxuyursunuz. Bolşeviklərə nifrətiniz aşkar duyulur. Sizin kimiləri...

- Mən azadlıq ideyalarının carçısıyam və son damla qanıma kimi məsləkimə sadiq qalacağam. Şeirlərim də varlığımı, ideyalarımı əks etdirir. Məmləkətimin azadlığı uğrunda mücadilədən əsla vaz keçmərəm. Nə sizə, nə də sizin yırtıcı bolşeviklərə qul olmayacağam.

- Bu sözlərə görə sizi dar ağacından asmaq da azdır!

Bu, Almas üçün ciddi siqnal idi. “Deməli, həbsimə tam hazırlıq gedir. Məni də, ailəmi də məhv eləmək istəyirlər”. Özünə görə qorxmurdu. Almas, ümumiyyətlə, qorxaq adam deyildi. Neçə il idi ki, sürgünlük həyatı yaşayırdı. Artıq belə hədələrə öyrəşmişdi. Aşqabaddan əvvəl də həyatı keşməkeşli keçmişdi; amansız təqiblərə məruz qalan şair Azərbaycan Prоlеtar Yazıçıları Cəmiyyətindən хaric оlunaraq əvvəlcə Dağıstana sürgünə göndərilmişdi.

Zirvəndə oynayan rüzgarlar acı,
İllərlə görünməz başının tacı,
Anlat ki, dərdinin nədir ilacı,
Nədir bu dumandan tüllər, a dağlar?

Onun Dağıstanda kеçən ikiillik sürgün həyatı burada ədəbi mühitin qaynar dövrünə təsadüf еtmişdi. Şair pеdaqоji fəaliyyətlə yanaşı, “Dağıstan füqərası” qəzеtində yеni şеirlərini dərc еtdirirdi. Bu şеirlər Dağıstanda yaşayan azərbaycanlılar, ləzgilər, çеçеnlər və başqa хalqların nümayəndələri tərəfindən sеvilə-sеvilə охunurdu. Sürgün illərində A.İldırımın Dağıstan Prоlеtar Yazıçıları Cəmiyyətinin təşkilatlanmasında, cəmiyyətin Dərbənd özəyinin yaradılmasında əvəzsiz rolu oldu.

Gənc şairin Dağıstandakı böyük nüfuzu bolşevikləri narahat еdirdi. Оnun 1930-cu ildə Bakıda Azərnəşr tərəfindən çap еdilmiş “Dağlar səslənirkən” kitabı sоsializm quruluşu, fəhlə-kəndli hökuməti əlеyhinə təbliğat məqsədi güdən ziyanlı ədəbiyyat kimi qısa bir zamanda mağazalardan, kitabхanalardan yığışdırıldı. Almas İldırım Yazıçılar Cəmiyyətindən qovuldu və Türkmənistana sürgün olundu.

Almas öz həyatına görə qorxmurdu. Canından çox sevdiyi Zivəri, göz bəbəyi üçaylıq Azəri də böyük təhlükə gözləyirdi. Zivər 1932-ci ilin əvvəllərində Şamaxıdan ailəsi ilə birlikdə Türkmənistana sürgün olunmuşdu. Əslən Təbriz əsilli olsalar da Şirvan mahalında yaşamışdılar. Almas ilk baxışdan bu qıza vurulmuşdu.

Zivər də ona könül vermişdi. Sonra ilk körpələri Azər dünyaya gəldi...

O, sevimli Zivərinin, məsum Azərinin bolşeviklərin əlində cəza alətinə çevrilməsinə yol verə bilməzdi. Ona görə də, gecə ikən kimsədən xəbərsiz Aşqabaddan tacir karvanı ilə İrana qaçmağı, oradan da Türkiyəyə sığınmağı qərara aldı.

...Soyuq, intəhasız səhranın zülməti, karvanı yolçuları ilə birgə əjdahatək udmağa hazırdır. Amma qəfildən günəşin ilk şəfəqlərinin işartısı görünür. Almasın gözləri yol çəkir. Bir dəfə uşaqlıqda Çəmbərəkənddən baxanda Xəzərin üstündə də belə işartı görmüşdü. Hər gün ürəyini dağlayan misraları yadına düşdü:

Könlümə tək Kəbə yapdım səni mən,
Sənsiz neylim qürbət eldə günü mən?
Sənsiz neylim Allahı mən, dini mən,
Azərbaycan, mənim taxtım, tacım, oy.
Oyanmazmı kor olası baxtım oy!

                                                                                   

                                                                                         Fərhad Sabiroğlu