Elektron ədəbiyyat və sənət portalı

Müxtəlif sistemli dillərin qrammatik xüsusiyyətləri arasındakı fərqlər tərcümə zamanı daha bariz şəkildə ortaya çıxır

Bölmə: Elm 05.03.2018

Ümumleksik problemlərdən biri də geniş mənada frazeoloji vahidlərlə, dildə qəlibləşmiş, sabitləşmiş sintaktik konst­ruksiyalarla (deyim, ifadə, atalar sözü, məsəl, hikmətli söz, aforizm və s.) əlaqədardır. Frazeoloji vahidlər, xüsusilə ata­lar sözü və məsəllər mətnin tərkib hissəsi kimi çıxış etdiklərinə, yəni işlədildiyi kontekstdə aydınlaşdırıcı, dəqiqləşdirici, fikri tamamlayıcı kimi köməkçi funksiyalar yerinə yetirdiklərinə görə, tərcümələri də əslinə adekvat olmalıdır. Aydındır ki, qohumdilli olmayan xalq­larla müqayisədə qohum, xüsusilə də yaxın qohum dillərin daşıyıcı­ları olan xalqlar daha çox ümumi, müştərək frazeoloji birləşmələrə, atalar sözü və məsəllərə malikdir. Burada dil qohumluğu ilə yanaşı, mənşə ümumiliyi, təbiət eyniliyi, coğrafi yaxınlıq, sosial-iqtisadi, mədəni-məişət, adət-ənənə müştərəkliyi də mühüm rol oynayır.

Türkcədən dilimizə tərcümə təcrübəsində frazeoloji ifadə, atalar sözü və məsəllərin aşağıdakı tərcümə yollarını müəyyənləşdirmək mümkündür:

 

1.Tərcümə dilində bunların ekvivalenti varsa və bu qarşılıq orijinalın ifadə etdiyi fikri tam ifadə edə bilirsə, ilk növbədə həmin "uyğunlu uyğunluqlar" axtarılıb tapılır, yəni, transsizonimlərdən (tam qarşılıqlardan – ortoekvivalentlərdən) istifadə edilir. Başqa sözlə, tərcümələrdə frazeoloji vahidlər semantik və situativ kontekst nəzərə alınmaqla eynilə (bəzən xırda leksik əvəzləmələrlə) qorunur:

Balık baştan kokar – Balıq başdan iylənər.

Bu pilav daha çok su kaldırır – Bu xəmır (hələ) çox su aparacaq.

Arife tarif ne hacet – Arifə bir işarə bəsdir.

Turnayı gözünden vurmak – Durnanı gözündən vurmaq.

İt ürür, kervan yürür – İt hürər, karvan keçər.

Yere bakan, yürek yakan – Yerə baxan, ürək yaxan.

Misafir misafiri çekemez – Qonaq qonağı istəməz (sevməz).

 

2.Tərcümə dilində bunların ekvivalenti yoxsa, orijinalın ifadə etdiyi fikri tam ifadə edə bilən qarşılıqlar verilir, transsinonimlər (hipoekvivalentlər), "uyğunsuz uyğunluqlar" işlədilir:

Acele eden ecele gider, yaxud Acele işe şeytan karışır – Tələsən təndirə düşər.

İt ürür, kervan yürür – Yel qayadan nə aparar (yuxarıda bunun ortoekvivalenti – tam qarşılığı da verilib).

Açtırmaym kutuyu, söyletmeyin kötüyü – Açaram sandığı, tökərəm pambığı.

Gülü seven dikenine katlanır – Könlü balıq istəyənin quyruğu suda gərək.

Çıkar dilinin altındakı baklayı – Mıs-mıs deyincə, Mustafa de.

 

Türklər eyni mənada ağzında bakla ıslanmaz da deyirlər: "Haydi nazlanma... Zaten senin ağzında bakla ıslanmaz... Sonunda nasıl olsa söyliyeceksin...".

Ateş bacayı sardı – İş işdən keçdi.

Abayı yakmak – birisinə aşiq olmaq.

Kusura bakmayın (kalmayın) – Üzr istəyirəm, təqsirimdən keçin (bəzən dilimizdə bunun tam qarşılığı da işlədilir: qüsuruma baxmayın).

 

"Çalıquşu" romanının tərcüməsindən aldığımız aşağıdakı frazeoloji vahidlərin dilimizdəki qarşılıqlarını mütərcim dəqiq verib:

Esrar kumkuması – sirr dağarcığı;

Kur yapmak – eşqbazlıq etmək;

Gözüne kestirmek – gözaltılamaq;

Kepazeliyin dik alası – həyasızlığın son dərəcəsi;

Falso yapmak – saxtalıq etmək;

Keçi yolu – dar cığır.

 

3. Orijinal frazeoloji vahid tərcümə dilində eynilə saxlanılır, təsviri yolla hansı mənada işlədildiyi (həmin ifadənin qarşısında və ya səhifənin aşağısında) izah olunur. Bu qrupa, əsasən birləşmələr, türkcənin məxsusi frazeoloji vahidləri daxildir. Məsələn:

Kıl olmak (yaxud, kıl kapmak) – hərfən: qıl olmaq. Dilimizə "birisindən zəhləsi getmək", "hər hansı bir hadisəyə əsəbiləşmək" şəklində çevrilə bilər.

Tereciye tere satılmaz. Türkcədə tere – vəzəri; tereci – göyərtisatan deməkdir. Hərfən: "Göyərti satana vəzəri satmazlar".

Temcitt pilavı gibi (ısıtıp ısıtıp) öne getirmek. Türkcədə temcit kəlməsinin lüğəvi mənası sübh namazı, bir şeyi sıx-sıx təkrarlama deməkdir. Təxminən "Çevir tatı, vur tatı" mənasındadır. Eyni şeyi təkrar edib durmaqla bezdirmək deməkdir.

Lakırdıya çanak tutmak – bais olmaq, söz-söhbətə səbəb olmaq.

Geçmiş olsun – Dilimizdə özünə vətəndaşlıq hüququ qazanmağa başlayan bu deyim kontekstə və situasiyaya görə fərqli mənalarda işlədilir:

  1. Yastığın yüngül olsun; Allah şəfa versin;
  2. Həmişə ayaq üstdə!;
  3. Anan namaz üstdəymiş və s.

Beləliklə, deyim, ifadə, atalar sözü, məsəl, hikmətli söz, aforizm kimi dildə qəlibləşmiş, sabitləşmiş frazeoloji vahidlərin, sintaktik konstruksiyaların tərcüməsində yuxarıda izahı verilən üç yoldan hər biri məqbul hesab edilir. Burada diqqət edilməsi vacib olan ən mühüm məqam frazeoloji vahidlərin, xüsusilə atalar sözü və məsəllərin mətnin tərkib hissəsi kimi çıxış etdikləri, yəni işlədildiyi kontekstdə aydınlaşdırıcı, dəqiqləşdirici, fikri tamamlayıcı kimi köməkçi funksiyalar yerinə yetirdiklərinin yaddan çıxarılmamasıdır. Tərcümə zamanı çalışmaq lazımdır ki, bu vahidlərin qarşılığı olaraq seçilən sintaktik konstruksiyalar tərcümə mətnində eyni funksiyanı yerinə yetirə bilsin. 

 

Türkcədən tərcümənin qrammatik məsələləri

Məlumdur ki, orijinal dilin qrammatik qanun-qaydaları ilə tərcümə dilinin qrammatik xüsusiyyətləri oxşar da ola bilər, fərqli də. Müxtəlif sistemli dillərin qrammatik xüsusiyyətləri arasındakı fərqlər tərcümə zamanı daha bariz şəkildə ortaya çıxır. Əlbəttə, orijinalın qrammatik quruluşunu, cümlədə söz sırasını, ayrı-ayrı sintaktik konstruksiyaları eynilə tərcümə dilinə köçürmək başlıca məqsəd hesab edilmir. Ekvivalent tərcümədə məqsəd, orijinalda ifadə olunan fikir, hiss və duyğunun dəqiq və aydın şəkildə verilməsidir ki, bu zaman tərcümə dilinin qrammatik ifadə vasitələrinin orijinaldakından fərqlənməsi qanunauyğun hesab edilir.

Lakin ayrı-ayrı qrammatik xüsusiyyətlər üslubi əhəmiyyətə malikdirsə, – məsələn, kəlmə oyunu, sintaktik təkrarlar, cümlə quruluşunda inversiya, qrammatik əvəzlənmələr və s. – bunun tərcümə prosesində nəzərə alınması son dərəcə vacibdir.

Müasir tərcüməşünaslığa görə, orijinal və tərcümə dillərinin arasındakı qrammatik fərqlər, əsasən, üç qrupa ayrılır:

– birinci fərq orijinalın dilindəki qrammatik ifadə vasitəsinə tərcümə dilində uyğun gələn formal qrammatik əlamətin olmamasıdır.

– ikinci fərq, yuxarıdakının əksinə, tərcümə dilində olub, orijinalın dilində olmayan, lakin işlədilməsi zəruri hesab edilən formal-qrammatik vasitələrlə əlaqədardır.

– nəhayət, üçüncü mühüm cəhət orijinalın qrammatik ifadə vasitəsinə tərcümə dilində müvafiq gələn, ancaq cümlədə orijinalınkından tamamilə fərqli funksiyaları yerinə yetirən qrammatik ifadə vasitələridir.

Biz yuxarıda Türkiyə türkcəsi ilə Azərbaycan dili arasındakı ən mühüm sintaktik fərqlərə nəzəri planda toxunmuşduq. Burada həmin fərqlərdən bir qisminin türkcədən dilimizə tərcümə praktikasında meydana çıxardığı problemlər üzərində dayanacağıq.

İstər uzaq (müxtəlif sistemli), istərsə də qohum dillərdən tərcümə zamanı qrammatik uyğunsuzluqların olması təbiidir və bu, orijinalda ifadə edilənin tərcümə dilində çatdırılmasına çətinlik törətsə də, mane olmur. Tərcümə prosesində iki dil arasındakı formal-qrammatik uyğunsuzluqlar qrammatik əvəzləmələr və konversiya yolu ilə aradan qaldırılır.

Yuxarıda xülasə edilən dilləra- rası qrammatik uyğunsuzluqlar türk dilindən tərcümələrdə də özünü üç şəkildə göstərir:

– orijinalın dilində olub tərcümə dilində olmayan formal-qrammatik ifadə vasitələri. Məsələn, türkcədəki bəzi perifrastik (analitik) feil formaları, bölüşdürmə sayları, feilin geniş zamanı, bəzi bağlayıcılar və s. Azərbaycan dilində yoxdur.

 – tərcümə dilində olub, orijinalda olmayan, lakin tərcümə prosesində işlədilməsi zəruri hesab edilən formal-qrammatik ifadə vasitələri, məsələn, Azərbaycan dilindəki -anda, -əndə feli bağlama şəkilçisi, geniş (açıq) saitli şəxs (xəbərlik) şəkilçiləri və s. türkcədə işlədilmir.

– orijinalın qrammatik vasitəsinə tərcümə dilində müvafiq gələn, lakin cümlədə (mətndə) orijinal dildəkindən tamamilə fərqli funksiya daşıyan qrammatik əlamətlər, məsələn, Azərbaycan dilindəki -ıb, -ib, ub, üb şəkilçisi türkcədən fərqli olaraq həm feili bağlama, həm də keçmiş zaman şəkiçisi olaraq çıxış edir. Yaxud da türkcədəki    -ca, -ce şəkilçisi dilimizdəkindən fərqli funksiyada da işlədilir.

Müxtəlif sistemli və qohum dillər arasında, əsasən qrammatik uyğunsuzluqların bu ümumi xülasəsindən sonra türkcədən tərcümə zamanı qarşılaşılan ən tipik problemlərin şərhinə keçək. Fikrimizcə, qohum dillərdən tərcümənin qrammatik problemlərinin təhlilində izlənəcək ən doğru üsullardan biri hər iki dildə ekvivalent sintaktik konstruksiya, cümlə və mətnlərin qarşılaşdırılmasıdır. Əlbəttə, burada söhbət həm keyfiyyət, həm də kəmiyyət göstəricilərindən gedə bilər. Keyfiyyət məsələsi özlüyündə aydındır və faktiki olaraq sinxron-müqayisəli metodda tərcümənin əslinə uyğunluğunun meyarına çevrilir. Mübahisə doğura biləcək kəmiyyət göstəricilərinin qarşılaşdırmada rolu isə bundan ibarətdir ki, bu üsul qohum dillər arasındakı fərqlərin bu dillərdə təkrarlanma tezliyini müəyyənləşdirməyə imkan verir.

Türk və Azərbaycan dillərinin mənaca ekvivalent sintaktik cütlərinin müqayisəsi göstərir ki, bu iki dilin fərqlərinin çox az bir qismi kəlmələrarası sintaktik əlaqələrdə təzahür edir. Bu fərqlər bötöv cümlələr müstəvisindəki struktur müxtəlifliklərində daha qabarıq şəkildə meydana çıxır.

Doğrudur, uzaq dillərdən tərcümə zamanı qrammatik çevirimlərə daha sıx baş vurulur, lakin qohum dillərdən tərcümələrdə də qrammatik çevirimlər (söz sırasının dəyişdirilməsi, cümlə quruluşunun dəyişdirilməsi, modal və növ mənaları fərqlərinin aradan qaldırılması, cümlələrin parçalanması, birləşdirilməsi və s. və i.a.) labüd olur.

 

 

                                          Əsgər Rəsulov,

Filologiya elmləri doktoru, professor