Elektron ədəbiyyat və sənət portalı

Rəqəmin fəlsəfəsi

Bölmə: Elm 02.10.2015

Onlardakı məntiqi həyatın ən həssas anlarında tətbiq edib ağır dilemmalar arasında seçim edə bilirikmi? Məncə, yox. Elə buna görə də, bu silsilədə yeniyetmələrimizə fəlsəfə və filosoflardan söhbət açacağıq. Qoy, bəziləri sitat gətirib ağıllı görünmək istəyəndə, bizim övladlar adıçəkilən filosofun başqalarından nə ilə fərqləndiyini də bilsin. Bu yazıları 14-17 yaş arasında olan uşaqlarınız mütəmadi oxusa, düşünmək, təhlil etmək öyrənərlər. Amma böyüklərin də oxumasında fayda var, çünki diletantlıq əslində, böyüklərdən kiçiklərə keçir...

Silsiləmiz filosoflardan, onların yaratdığı fəlsəfi sistemlərdən söz açır. Bizə bəlli olan ilk fəlsəfi təlimlər çox qədim zamanlarda – eramızdan əvvəl VI əsrdə yaranıb. Maraqlısı budur ki, fəlsəfənin konkret harada yarandığını söyləmək mümkün deyil. O, təxminən eyni dövrdə bəşəriyyətin bütün sivilizasiya mərkəzlərində, yəni həm Hindistanda, həm Çində, həm də Yunanıstanda yaranıb.

“Fəlsəfə” sözünün özü yunan mənşəlidir. Özünü “filosof”, yəni “müdrikliyi sevən insan” adlandıran ilk şəxs məşhur yunan mistiki və riyaziyyatçısı Pifaqor olub. Bu söz Qədim Yunanıstanda qısa bir zamanda çox populyar olub və “filosof” rütbəsi cəmiyyət içində ən hörmətli, müdrik adamlara aid edilib. Amma məşhur Sokrat bu məqamı  özünün şəxsi nümunəsiylə populyarlaşdıran, müdrikliyi dillər əzbəri olmuş ilk şəxs kimi tarixə düşüb.

İllər, əsrlər keçir, qədim sivilizasiyalar tarix səhnəsindən bir-bir çıxırdı, lakin elmin və incəsənətin çox qədimlərdə yaranmış bütün sahələri kimi, fəlsəfə də yaşayır, inkişaf edir, təkmilləşirdi. Həmin bu təkmilləşmə prosesi bizim günlərədək davam etməkdədir.

İlqar ƏLFİ

 

“Həyat xalq oyunlarına bənzəyir: bəziləri ora yarışmaq, başqaları alver üçün gəlir. Ən xoşbəxtlər isə ora tamaşa etmək üçün gəlir. Həyatda da elədir: bəziləri qul kimi doğularaq şöhrət, sərvət hərisi olur, filosoflar isə ancaq həqiqətin acıdırlar”.

Bu sözlərin müəllifi məşhur filosof, riyaziyyatçı, həkim və mistik Pifaqordur (eramızdan əvvəl 540-500-cü illər). Rəvayətlərə görə, məhz onun dilindən dünya ilk dəfə mənası “müdriklik aşiqi” olan “filosof” kəlməsini eşidib. Pifaqor deyirdi ki, yer üzündə müdrik yoxdur, zira insanın gücü hər şeyə çata bilməz – onun edə biləcəyi yeganə şey müdrikliyə can atmasıdır.

Pifaqor Samos adlanan yunan adasında dünyaya gəlib, lakin böyüyəndən sonra elm öyrənməyin acı olduğundan vətənini tərk edir ki, səyahətə çıxaraq həm ellinlərin (qədim yunanların), həm də başqa xalqların və dinlərin müəmmalarına vaqif olsun. O, Misir kahinlərinin, xaldeylərin və Finikiya maqlarının yanında riyaziyyatın əlifbasını öyrənir; rəqəmlərlə dünyanı yaradan ilkin materiya arasında bağlılığı, o cümlədən ruhların candan-cana köçməsi haqda təsəvvürlərə yiyələnir, habelə bir çox mistik rituallardan xəbər tutur.

Pifaqorun özü deyirdi ki, indiki həyatından bir neçə həyat qabaq o, Hermes adlanan tanrının oğlu imiş və atası ona ölümsüzlük istisna olmaqla, hansı neməti istəsə seçməyi təklif edir. Pifaqor isə ondan bütün həyatları ərzində başına gələnlərin hamısını xatırlamasını istəyir və elə bunu da alır. Keçmiş həyatlarının hamısında olanları xatırlamağı alim öz şagirdlərindən də tələb edirdi.

Pifaqorun məktəbi İtaliyanın cənubunda yerləşən Kroton şəhərində idi.

Bu məktəbdə tədris ciddi iyerarxiya və onun təməlini qoyan müəllimə tam tabeçilik prinsipinə əsaslanırdı. Pifaqor öz məktəbinə heç də hamını qəbul etmirdi, çünki onun əqidəsinə görə, biliklərə yalnız seçmə insanlar, yəni savad almağa haqqı çatdığını isbat eləmiş gənclər yiyələnə bilər. Təhsilin ilk beş ilini onun tələbələri susaraq, Pifaqorun özünü görmədən nitqlərini dinləməklə keçirirdilər. Və yalnız bu ağır sınaqdan çıxandan sonra neçə illərdən bəri eşitdikləri səsin sahibini görür, onunla söhbət edirdilər.

Fales hər şeyin əsasında suyun, Pifaqor isə rəqəmlərin durduğunu söyləyir. Ona görə də Pifaqor təliminin əsasını rəqəmlər haqqında elm təşkil edir. Onun rəqəmləri yalnız həndəsi fiqurlarla deyil, həm də dünyada var olan hər bir şeylə əlaqədardır. Bu əlaqəni alim öz qeydlərində belə şərh edir: “Hər şeyin başlanğıcı birlikdir, vahiddir; hər şeyə səbəb olan birliyin yanında qeyri-müəyyən ikilik durur; birlik və qeyri-müəyyən ikilikdən rəqəmlər doğur; rəqəmlərdən nöqtələr; nöqtələrdən xətlər; xətlərdən yastı fiqurlar; yastı fiqurlardan həcmli fiqurlar; onlardan hissiyyatla qavranılan cismlər yaranır ki, onların da əsasında dörd ünsür – od, su, torpaq və hava durur; onlar yerlərini dəyişib dövr edərək kainatı yaradır – canlı, şüurlu, kürəşəkilli bu kainatın ortasında Yer durur və Yerin özü də kürə şəklindədir və hər tərəfindən məskunlaşıb”.

Pifaqor deyirdi ki, həyatda hər şey rəqəmlərə uyğundur: məsələn, bir, iki, üç və dörd rəqəmlərinin həndəsi yozumu nöqtə, xətt, kvadrat və kubdur. Bu rəqəmlərin cəmi “on” edir. Pifaqorçular on rəqəmini İlahi mahiyyəti ifadə edən ideal rəqəm sayırdılar.

Bizə indi Pifaqorun qənaətləri çox sadəlövh, bəlkə də gülməli gələ bilər, lakin bunu da nəzərə almalıyıq ki, dünyanın əsasında, həqiqətən də, riyazi – həm rəqəmsal, həm də həndəsi – nisbətlər durur. Buna ki, artıq heç kəsin şübhəsi yoxdur!

Pifaqor həm də musiqi harmoniyasının əsaslandığı rəqəm nisbətlərini də ixtira edib: musiqi qammasının intervalları 1:2, 2:3 və 3:4 kimi ifadə oluna bilər. Hətta xoşbəxtlik məsələsini də Pifaqor “rəqəmlərin mükəmməlliyinə yiyələnməklə” bağlayırdı. Maraqlıdır ki, alim hipotenuzun kvadratının katetlər kvadratının cəmi olduğunu aşkar edəndə, tanrılara böyük qurbanlar vermişdi.

Rəqəmlərə belə münasibəti anlamaq olar. Bunun üçün bilməliyik ki, Pifaqorun insan canı haqda təlimində o, canın üç hissədən ibarət olduğu qənaətində idi: ağıl, şüur və ehtiras. Özü də ağıl və ehtiras başqa canlılara da xasdır, lakin şüur yalnız insan canında ola bilər. Ehtiras insanın məhəbbət, yaxud nifrət kimi güclü hisslərindən ibarətdir və Pifaqorun fikrincə, ürəkdə yerləşir. “Ağıl” deyəndə, o, aləmin duyğularla analizini, “şüur” deyəndə isə dünyanın mahiyyəti və onun qanunları üzərində ayrıntılı düşünmək bacarığını nəzərdə tuturdu. Canın məhz bu qismini Pifaqor ölümsüz, bütün qalanlarını isə müvəqqəti sayırdı. Rəqəmlər isə dəyişkən reallıqdan qətiyyən asılı olmayan elə bir alətdir ki, şüur ondan istifadə edə bilər.

Pifaqora görə rəqəmlərin bir-biriylə ahəngdar nisbəti üzərində həm də münəzzəm Kosmos qərar tutur: 1 (sərhəd- sərhədsizlik), 2 (tək-cüt) 3 (vahid-çox), 4 (sağ-sol) 5 (kişi-qadın, 6 (sükunət-hərəkət), 7 (düz-əyri), 8 (işıq-zülmət), 9 (xeyir-şər), 10 (kvadrat-düzbucaqlı).  

Pifaqor deyirdi ki, xoşbəxt o insandır, qəlbi mərhəmətli olsun, lakin hüzur halında onu hiss etməsin, duymasın. O düşünürdü ki, insan yalnız müəyyən güc sərf etməklə əsas vəzifənin öhdəsindən gələ bilər: yəni hər şeydə öz qədərinə riayət edər.

Pifaqor özündən sonra “düzgün yaşamaq” üçün xeyli tövsiyələr qoyub: “Tanrılara dua edərək, yalvararaq nələrsə istəmək olmaz, zira xeyrimizin nədə olduğunu bilmirik; nə yeməkdə, nə içməkdə ifrata varmaq, tanrılara and içmək olmaz; çalışmalısınız ki, imanınız sözlərinizlə düz gəlsin; davranışda elə olmalısınız ki, dostlarınızı düşmənə, düşmənlərinizi dosta çevirməyəsiniz; qanuna yardım etməli, qanunsuzluqla mübarizə aparmalısınız”.

Bir maraqlı məqam isə budur ki, “başlamaq işin yarısıdır” deyimi də Pifaqorun dilindən çıxıb. Onun təliminin ayrı-ayrı elementlərini biz tarixən xristian qnossiklərində, müsəlman sufilərində, yəhudi kabalistlərində, Avropanın dini ordenlərində, masonlarda, müasir ezoteriklərin çalışmalarında izləyə bilərik.