Elektron ədəbiyyat və sənət portalı

Kürşat Başar

Bölmə: Beynəlxalq 02.03.2018

Müasir Türkiyə ədədiyyatının tanınmış simalarından  olan yazıçı-publisist Kürşat Başar 1963-cü ildə İstanbulda anadan olub. O, Türkiyənin müxtəlif şəhərlərində təhsil alıb, 1985-ci ildə İstanbul Universitetinin Fəlsəfə fakültəsini bitirib. Publisistik fəaliyyətinə 1981-ci ildə başlayan yazıçı “Hürriyyət” və “Günəş” kimi qəzetlərdə, “Aktual”, “Tempo” jurnallarında çalışıb, daha sonra “Pover” jurnalını təsis edib. TRT kanallarında müxtəlif səpkili proqramlarla çıxış edən Kürşat Başar, həmçinin Kanal-6 və TV 1-də də işləyib. 1988-ci ildə “Qış axşamı evində” adlı hekayə kitabına görə “Haldun Tanər” mükafatına layiq görülüb. Daha sonra “Danışdığımız kimi, uzaqlara”, “Sən olsaydın etməzdin, bilirəm”, “Eşqi tapmağın və qorumağın yolları” və haqqında danışacağımız “Xatirəmdəki musiqi” (2002) adlı romanlarını qələmə alıb. Hazırda “Kürşat Başarla” adlı proqramın təsisçisi və aparıcısı olan yazıçı eyni zamanda “Star” qəzetində də fəaliyyət göstərir. Qeyd edək ki, yazıçının, anası Qars azərbaycanlısıdır.

Kürşat Başarın tarixi faktlara əsaslanaraq, daha doğrusu, Emin Çölaşanın müsahibəsi əsasında qələmə aldığı “Xatirəmdəki musiqi” romanı haqqında yazarkən  ilk öncə qeyd etməliyik ki, bu əsər özündə keşməkeşli tarixi hadisələri əks etdirsə də, xronikallıqdan daha çox insan hisslərini  təcəssüm etdirir. Əvvəlcə hadisələrinin real, yaşanmış tərəfinə baxaq. Romanda təqdim olunan baş qəhraman Fuad – Adnan Menderes dövründə yaşamış siyasi xadim, xarici işlər naziri Fatin Rüşdü Zorludur (1910-1961). 1960-cı ildə baş verən hərbi çevrilişdən sonra asılan üç siyasi xadimdən biri olan Fatin Rüşdü Adnan Menderesin əmisi qızı Əməl xanımla ailəli olub. Bu xanımla nigahından  Sevin adlı bir qızı dünyaya gəlib. Müxtəlif vəzifələrdə çalışan Fatin Rüşdü xarici işlər naziri vəzifəsinə qədər yüksəlib. Yazıçı romanda Fuadın bu vəzifədəki fəaliyyətinə geniş yer ayırmayıb. 27 may hadisəsindən sonra həbs edilən, 1961-ci ilin 16 sentyabrında isə edam olunan Fatin Rüşdü Zorlunun həyatında dərin iz qoyan, çılğın məhəbbətlə sevdiyi Vəsamət Qutlunun sonralar Emin Çolaşana verdiyi müsahibəsi Kürşat Başar üçün açar rolu oynayıb. Qeyd edək ki, Vəsamət xanım əsərin qələmə alındığı tarixdən öncə, 1998-ci ildə artıq vəfat etmişdi.

Yazıçı, Vəsamət xanımın timsalında canlandırdığı qadın qəhramana ad verməmiş, daha təbii olması üçün hadisələri obrazın öz dilindən nəql etmişdir. Roman baş qəhramanın daxili monoloqu ilə başlayır. İlk baxışdan  məhəbbət romanı təsiri bağışlayan əsər eyni zamanda isə 60-cı illərin Türkiyəsinin hansı ictimai-siyasi burulğanlardan keçdiyini özündə əks etdirir.