Elektron ədəbiyyat və sənət portalı

Qabriel Qarsia Markesin aforizmləri

Bölmə: Ədəbiyyat 01.03.2018

 

Dünya ədəbiyyatı korifeyi;
1927-ci ilin 6 martında Kolumbiyada anadan olub;
1982-ci ildə Nobel mükafatına layiq görülüb;
2014-cü ilin 17 aprelində Meksikada vəfat edib.

 

 

E T İ R A F  

Senyor, mənim adım Qabriel Qarsia Markesdir. Təəssüflər olsun ki, bu müxtəlif adlar yığını heç mənim də ürəyimcə deyil və onu çətinliklə özümə aid edirəm. Mən Kolumbiyanın Arakataka şəhərciyində dünyaya gəlmişəm və hələ ki, buna peşman deyiləm. Mən cəsarətsizliyim üzündən yazıçı olmuşam. Halbuki, anadan sehrbaz doğulmuşdum, lakin fokusları göstərərkən, özümü elə itirirdim ki, axırda ədəbiyyat aləmində gizlənməyə məcbur oldum.

Yazıçılıq mənim üçün çox əziyyətli işdir. Mən, səkkiz saat ərzində güc-bəlayla yarımca səhifə yazıram. Yazdığım hər bir sözlə döyüşürəm, lakin təəssüf ki, bu döyüşlərdən çox vaxt SÖZ qalib çıxır. Mən heç vaxt ədəbiyyat barədə fikir yürütmürəm, çünki onun nə olduğunu bilmirəm və əminəm ki, ədəbiyyat yerli-dibli olmasaydı, dünya zərrə qədər də dəyişməzdi, amma polis olmasaydı, dünya tamam başqa cür olardı. Bir də hərdən fikirləşirəm ki, işdi, mən yazıçı yox, terrorçu olsaydım, bəşəriyyət məndən daha çox fayda götürərdi.

Tənqidçiləri, tamam səhv etməkdə təqsirləndirmək ədalətsizlik olardı, çünki bir yazıçı digərinə, dolayı yolla - başqa yazıçı vasitəsilə təsir edə bilər. Ancaq bir yazıçı var ki, o mənə, şübhəsiz, ciddi təsir göstərib. Bu, Frans Kafkadırdır.

Mənə təsir eləyən yazıçılardan biri də, Uilyam Folknerdir.  Folknerin mənə təsiri barədəki söhbətlər, nəinki xoşuma gəlmir, əslində, mən bu söhbəti tərif kimi qəbul etməliyəm, çünki Folkner bütün zamanların ən böyük roman ustadlarından biridir.

Daha bir, çox qəribə təsir haqqında. İndiyə qədər heç bir tənqidçi bunu tutmasa da, Virdcini Vulfun mənə təsirinə heç bir şəkk-şübhə yoxdur. Virdcini Vulf - dünyanı özünəməxsus tərzdə, qəribə bir həssaslıqla duya bilirdi və ondakı hər şey, başlıcası isə zamanı duya bilmək – yazmaqda mənə çox kömək göstərib.

 

Q.Q.Markes

 

***

İlham pərisi yazıçının yanına, yalnız yazı prosesi zamanı gəlir.

***

Hələ bu vaxtacan özünü, az da olsa, tənha hiss etməyən insana rast gəlməmişəm.

***

Hər hansı işdə qadın əli varsa, bilirəm ki, axırı yaxşı olacaq. Mən tamamilə əminəm ki, dünyanı idarə edən – qadınlardı.

***

Sənə dərd gətirəcək insan həmişə var və olacaq. Amma gərək insanlara inamından dönməyəsən, sadəcə, azca ehtiyatlı olasan.

***

Özünü dağa-daşa salma... Ən yaxşı şeylər təsadüfən olur.

***

ABŞ Latın Amerikasına böyük sərmayələr qoyur, amma bizim, bir qəpik belə xərcləmədən etdiyimiz onlara müyəssər olmayıb. Biz onların dilini, musiqisini, yeməyini, məhəbbətini, düşüncə tərzini dəyişmişik. Onların Latın Amerikasına göstərmək istədiyi təsiri, biz onlara göstəririk...

***

Vaxtını səninlə bölüşməyə can atmayan insana vaxt sərf etmə.

***

Ola bilsin, bu dünya üçün sən, yalnız adicə bir insansan, amma hansısa bir insan üçün bütöv bir dünyasan.

***

Hətta kefin olmayanda belə, gülümsə: kimsə sənin təbəssümünə vurula bilər.

***

Əsl dost – sənin əlindən tutanda, ürəyinin səsini eşidə bilən insandır.

***

Mən səni sənə görə yox, sənin yanında olan özümə görə sevirəm.

***

Bir insan da sənin göz yaşlarına layiq deyil. Layiq olanlar səni heç vaxt ağlatmazlar.

***

Sevdiyini burax getsin... əgər o, sənindisə, qayıdacaq.

***

İnsan üçün darıxmağın ən ağırı – kiminləsə birlikdə olub, heç vaxt həmin o kəslə bir olmayacağını anlamaqdır.

 

                                                                                          Tərcümə edən: Yaşar

 

Dostları və ailəsi Markesin 85 yaşını qeyd edir