Elektron ədəbiyyat və sənət portalı

Dünyanın məşhur yazıçı və şairlərinin həyatından maraqlı faktlar

Bölmə: Beynəlxalq 21.02.2018

Vladimir Nabokov həm də ciddi şəkildə kəpənəklərin həyatını öyrənirmiş. O, Harvard universitetində müqayisəli zoologiya üzrə tədqiqatlar aparıb. Onun kəpənəklər kolleksiyası bu gün də universitetin muzeyində saxlanılır.  

⃰⃰⃰  ⃰  ⃰

Corc Eliot əslində qadın idi. Onun əsl adı Meri An Evans olsa da, əsərlərini Corc Eliot təxəllüsü ilə yazıb. Belə ki, o vaxtlar İngiltərədə kişi yazıçılara daha çox üstünlük verilirdi.

⃰⃰⃰  ⃰  ⃰

Ədəbiyyatda elmi-fantastika janrının əsasını qoymuş Meri Şelli "Frankenşteyn və yaxud müasir Prometey" romanını yazmağa başlayanda 18 yaşı vardı. Kitab iki ildən sonra nəşr edilmişdi. 

⃰⃰⃰  ⃰  ⃰

Viktor Hüqonun “Səfillər” romanı XIX əsrdə yalnız parislilər arasında populyar olmayıb. Bu dahiyanə əsəri amerikalı əsgərlər də Vətəndaş müharibəsi dövründə böyük həvəslə oxuyurmuş.   

⃰⃰⃰  ⃰  ⃰

Uilyam Folkner romanlarından birinin qısa məzmununu Missisipi ştatının Oksford şəhərindəki ofisinin divarına yazıb. Folknerin Rouvan Oukdakı ev muzeyinə gələnlər indi də bu yazı ilə tanış ola bilərlər. Divarda yazılan Folknerin Pulitser mükafatına layiq görülmüş “Pritça” romanı haqqında qeydləri idi.

⃰⃰⃰  ⃰  ⃰ 

Stendal sindromu xəstəliyi məşhur yazıçının adı ilə adlandırılıb. Bu, psixosomatik xəstəlik olaraq, xüsusilə gözəl bir sənət əsərinə baxarkən  ürək döyüntülərinin artması, qarabasma, çaşqınlıq və başgicəllənmə ilə müşayiət olunan prosesdir. Florensiyanın Basilica of Santa Croce kilsəsinin gözəlliyi qarşısında oxşar hisslər keçirmiş Stendalın adı da məhz  bu səbəbdən həmin xəstəliyə verilib.

⃰⃰⃰  ⃰  ⃰

“Uğultulu təpələr” əsərinin müəllifi Emili Brontenin  Kiper adlı sadiq iti olub. Bu it 1848-ci ildə dünyasını dəyişmiş Brontenin tabutunu qəbiristanlığa qədər  müşayiət etmiş və deyilənə görə, dəfnindən sonra həftələrlə onun otağının qapısında ulayaraq ağlamışdı. 

⃰⃰⃰  ⃰  ⃰

Romantik şeirlər müəllifi Persi Biş Şelli ilk vegetarian şairlərdən olub. O, Uilyam Lambe və Con Frank Nyutonun ingilis dilində yazdıqları və vegetarianlığı təbliğ etdikləri  “Vegetarianlığın tarixi” əsərini oxuduqdan sonra bu həyat tərzini seçib.  Bundan sonra Şelli özü də vegetarianlığı təbliğ və müdafiə edən pamfletlər yazmışdı.

 ⃰⃰⃰  ⃰  ⃰

Romantik şeirlər müəllifi Corc Qordon Bayron həmişə səyahətə quş və heyvanlarla çıxardı. Bayronun  şüursuz canlılara xüsusi bir sevgisi vardi. İngiltərədən tutmuş Venesiyaya qədər olan səyahətləri zamanı Bayron özü ilə on at, üç meymun, üç tovuz quşu, səkkiz it, beş pişik, bir durna, bir qartal və bir qarğa aparırdı.

 ⃰⃰⃰  ⃰  ⃰

Xorxe Luis Borxes bədii əsərləri ilə məşhur olmazdan əvvəl yoqurt reklamları yazmaqla dolanıb.

 ⃰⃰⃰  ⃰  ⃰

Emili Dikinson Amerika ədəbiyyatı tarixində tərki-dünyalığı seçən birinci şairdir. O, özünü ətraf həyatdan tamamilə təcrid etmişdi. 1850-ci ildən öldüyü günə qədər, demək olar ki, həyatının çox hissəsini Amherstdə - ata evində yaşamış, yalnız bağa qulluq etmək üçün hərdən həyətə çıxmışdı. O hətta atasının dəfn mərasimində iştirak etmək üçün yaşadığı evin ikinci mərtəbəsindəki yataq otağından aşağı enməmişdi.

 ⃰⃰⃰  ⃰  ⃰

XIX əsrin məşhur novellaçısı Gi de Mopasan Eyfel qülləsinə nifrətlə yanaşan Paris ziyalılarından idi. O, Eyfel qülləsini profildən görməmək üçün çox vaxt qüllədə olan restoranda nahar edərmiş.

 ⃰⃰⃰  ⃰  ⃰

“Məşhur qətl hadisələrinizin süjetlərini haradan əldə edirsiniz?” sualına Aqata Kristi belə cavab verərdi: “Hekayətlərim barədə alma yeyərkən və isti hamamda istirahət edərkən düşünməyi xoşlayıram”.

 ⃰⃰⃰  ⃰  ⃰

“Xəzinələr adası”, “Doktor Cekill və Cənab Hayd” əsərlərinin müəllifi Robert Luis Stivenson Samoada yaşayarkən öz ad gününü rəsmi olaraq amerikalı bir qıza hədiyyə etmişdi.  Səbəb o idi ki, ad günü Milad bayramına təsadüf etdiyindən həmin gənc qız dostları qədər hədiyyə ala bilmirmiş.

 ⃰⃰⃰  ⃰  ⃰

Hər iki Amerika yazıçısı – Ernest Heminquey və Hart Kreyn eyni gündə 1899-cu ilin 21 iyulunda dünyaya gəlib. Təəssüflər olsun ki, hər iki məşhur həyatlarına intiharla son qoyub. Qeyd edək ki, Ernest Heminqueyin babası və atası da həyatlarına intiharla son qoyublar.

⃰⃰⃰  ⃰  ⃰

Sudan yazıçısı Tayeb Salihin iyirmidən çox dilə tərcümə edilmiş “Şimala köç mövsümü” romanı 1989-cu ildə nəşr edildikdən sonra öz vətənində qadağan edilmişdi. Sudan hökuməti əsərdəki intim məqamların  çox açıq-saçıq təsvirinə görə belə bir addım atmışdı. Amma bu gün T. Salihin bu əsəri postmüstəmləkə ədəbiyyatının şah əsəri olaraq, bütün dünyada məşhurdur.

⃰⃰⃰  ⃰  ⃰

Doris Lessinq iki yeni romanını Ceyn Somers təxəllüsü ilə nəşriyyat evinə göndərmişdi. Böyük Britaniyada əməkdaşlıq etdiyi nəşriyyat hər iki romanın (“Yaxşı qonşunun gündəliyi” və “Yaşlı adam bacarsaydı...”) çapından imtina etmişdi. Doris Lessinq bununla gənc, tanınmamış yazıçılar üçün öz əsərlərini nəşr etdirməyin nə qədər çətin olduğunu nümayiş etdirmək istəmişdi.  

⃰⃰⃰  ⃰  ⃰

Redyard Kiplinqin “Kim” əsəri sözün əsl mənasında bir əsgərin həyatını ölümdən xilas edib. Fransız əsgəri Mauris Amono 1913-cü ildə Verden şəhərində gülləyə tuş gəlir və xoşbəxtlikdən güllə onun sol döş cibində olan “Kim” kitabını deşsə də, ürəyinə dəymir. Kitabın son 20 vərəqi əsgəri ölümdən xilas edir.