Elektron ədəbiyyat və sənət portalı

Ekvivalent tərcümədə məqsəd orijinalda ifadə olunan fikir, hiss və duyğunun dəqiq və aydın şəkildə verilməsidir

Bölmə: Elm 19.02.2018

Məlumdur ki, orijinal dilin qrammatik qayda-qanunları ilə tərcümə dilinin qrammatik xüsusiyyətləri oxşar da ola bilər, fərqli də. Müxtəlif sistemli dillərin qrammatik xüsusiyyətləri arasındakı fərqlər tərcümə zamanı daha bariz şəkildə ortaya çıxır. Əlbəttə, orijinalın qrammatik quruluşunu, cümlədə söz sırasını, ayrı-ayrı sintaktik konstruksiyaları eynilə tərcümə dilinə köçürmək  başlıca məqsəd hesab edilmir. Ekvivalent tərcümədə məqsəd orijinalda ifadə olunan fikir, hiss və duyğunun dəqiq və aydın şəkildə verilməsidir ki, bu zaman tərcümə dilinin qrammatik ifadə vasitələrinin orijinaldakından fərqlənməsi qanunauyğun hesab edilir. Lakin ayrı-ayrı qrammatik xüsusiyyətlər üslubi əhəmiyyətə malikdirsə, məsələn, kəlmə oyunu, sintaktik təkrarlar, cümlə quruluşunda inversiya, qrammatik əvəzlənmələr və s. tərcümə prosesində nəzərə alınması son dərəcə vacibdir.

Türkcədən tərcümənin qrammatik məsələləri

Müasir tərcüməşünaslığa görə orijinal və tərcümə dillərinin arasındakı qrammatik fərqlər, əsasən, üç qrupa ayrılır:

- birinci fərq orijinalın dilindəki qrammatik ifadə vasitəsinə tərcümə dilində uyğun gələn formal qrammatik əlamətin olmamasıdır.

- ikinci fərq, yuxarıdakının əksinə, tərcümə dilində olub, orijinalın dilində olmayan, lakin işlədilməsi zəruri hesab edilən formal-qrammatik vasitələrlə əlaqədardır.

- Nəhayət, üçüncü, mühüm cəhət orijinalın qrammatik ifadə vasitəsinə tərcümə dilində müvafiq gələn, ancaq cümlədə orijinalınkından tamamilə fərqli funksiyaları yerinə yetirən qrammatik ifadə vasitələridir.

Biz yuxarıda Türkiyə türkcəsi ilə Azərbaycan dili arasındakı ən mühüm sintaktik fərqlərə nəzəri planda toxunmuşduq. Burada həmin fərqlərdən bir qisminin türkcədən dilimizə tərcümə praktikasında meydana çıxardığı problemlər üzərində dayanacağıq.

İstər uzaq (müxtəlif sistemli), istərsə də qohum dillərdən tərcümə zamanı qrammatik uyğunsuzluqların olması təbiidir və bu, orijinalda ifadə edilənin tərcümə dilində çatdırılmasına çətinlik törətsə də mane olmur. Tərcümə prosesində iki dil arasındakı formal-qrammatik uyğunsuzluqlar qrammatik əvəzləmələr və konversiya yolu ilə aradan qaldırılır.

Yuxarıda xülasə edilən dillərarası qrammatik uyğunsuzluqlar türk dilindən tərcümələrdə də özünü üç şəkildə göstərir:

- orijinalın dilində olub tərcümə dilində olmayan formal-qrammatik ifadə vasitələri. Məsələn, türkcədəki bəzi perifrastik (analitik) feil formaları, bölüşdürmə sayları, feilin geniş zamanı, bəzi  bağlayıcılar  və s. Azərbaycan dilində yoxdur.

- tərcümə dilində olub, orijinalda olmayan, lakin tərcümə prosesində işlədilməsi zəruri hesab edilən formal-qrammatik ifadə vasitələri. Məsələn, Azərbaycan dilindəki  anda, ende  feili bağlama şəkilçisi, geniş (açıq) saitli şəxs (xəbərlik) şəkilçiləri və s. türkcədə işlədilmir.

- orijinalın qrammatik vasitəsinə tərcümə dilində müvafiq gələn, lakin cümlədə (mətndə) orijinal dildəkindən tamamilə fərqli funksiya yerinə yetirən qrammatik əlamətlər. Məsələn, Azərbaycan dilindəki -ıb, -ib, -ub, -üb şəkilçisi türkcədən fərqli olaraq həm feili bağlama, həm də indiki zaman şəkiçisi olaraq çıxış edir. Yaxud da türkcədəki -ca, -ce şəkilçisi dilimizdəkindən fərqli funksiyada da işlədilir.

Müxtəlifsistemli və qohum dillər arasındakı qrammatik uyğunsuzluqların bu ümumi xülasəsindən sonra türkcədən tərcümə zamanı qarşılaşdığımız ən tipik problemlərin şərhinə keçək. Fikrimizcə, qohum dillərdən tərcümənin qrammatik problemlərinin təhlilində izlənəcək ən doğru üsullardan biri hər iki dildə ekvivalent sintaktik konstruksiya, cümlə və mətnlərin qarşılaşdırılmasıdır. Əlbəttə, burada söhbət həm keyfiyyət, həm də kəmiyyət göstəricilərindən gedə bilər. Keyfiyyət məsələsi özlüyündə aydındır və faktiki olaraq sinxron-müqayisəli metodda tərcümənin əslinə uyğunluğunun meyarına çevrilir. Mübahisə doğura biləcək kəmiyyət göstəricilərinin qarşılaşdırmada rolu isə bundan ibarətdir ki, bu üsul qohum dillər arasındakı fərqlərin bu dillərdə təkrarlanma tezliyini müəyyənləşdirməyə imkan verir.

Türk və Azərbaycan dillərinin mənaca ekvivalent sintaktik cütlərinin müqayisəsi göstərir ki, bu iki dilin fərqlərinin çox az bir qismi kəlmələrarası sintaktik əlaqalərdə təzahür edir.

Bu fərqlər bütöv cümlələr müstəvisindəki struktur müxtəlifliklərdə daha qabarıq şəkildə meydana çıxır.

Doğrudur, uzaq dillərdən tərcümə zamanı qrammatik çevirimlərə daha sıx baş vurulur, lakin qohum dillərdən tərcümələrdə də qrammatik çevirimlər (söz sırasının dəyişdirilməsi, cümlə quruluşunun dəyişdirilməsi, modal və növ mənaları fərqlərin aradan qaldırılması, cümlələrin parçalanması, birləşdirilməsi və s. və i.a.)   zəruri olur.

 

Nəqli keçmiş zamanın tərcüməsi

Məlum olduğu kimi, türkcədə nəqli keçmiş zaman -mış, -miş, -muş, -müş şəkilçisi vasitəsilə düzəlir. Şühudi keçmiş zamandan fərqli olaraq, nəqli keçmiş zaman hərəkətin qəti icrasını deyil, keçmişdə icra olunmuş hərəkətin nəticəsini göstərir. Birinci halda hərəkətin icrasında nisbi mənada şahidlik, konkretlik, müəyyənlik, nəqli keçmiş zamanda isə qeyri-müəyyənlik, subyektivlik nəzərə çatdırılır. Təsadüfi deyil ki, -mış, -miş, -muş, -müş şəkilçisi həm də türkcədə subyektiv modallığın (danışanın ifadə edilənə, obyektə münasibəti) ifadə formalarından biri kimi çıxış edir. Əgər danışan cümlədə ifadə olunan hərəkətin icrasını özü görməyibsə və ya hərəkətin baş verib-verməməsində qəti bir fikrə malik deyilsə, eləcə də ifadə edilən fikri başqasından eşidibsə, cümlənin xəbərini nəqli keçmiş zamanda işlədir. Məsələn:

“Dün Ahmet bize gelmiş, anneme beni sormuş, bir not bırakmadan çekmiş gitmiş. Süleyman΄ın sözlerine göre Mehmet ormanda bir tavşan vurmuş, fakat yaralı tavşan kaçmış gitmiş”.

Məlumdur ki, bu tip cümlələr Azərbaycan ədəbi dil normativlərinə uyğun hesab edilmir  və  danışıqda işlədilmir, əsasən, folklor-nağıl üslubunda istifadə olunur. Dilimizdə nəqli keçmiş zaman -mış, -miş, -muş, müş şəkilçisindən başqa, həm də -ıb, -ib, -ub, -üb şəkilçisi vasitəsilə düzəlir.

Başqa sözlə, həmin şəkilçilər nəqli keçmiş zamanın məzmunu baxımından sinonim formalar kimi çıxış edir. Türkcədə isə nəqli keçmişin əlaməti yalnız -mış, -miş, muş, -müş şəkilçisidir, -ıp, -ip, -up, -üp isə ancaq feili bağlama şəkilçisi kimi işlənir. Başqa sözlə, -ıp, -ip, -up, -üp şəkilçisi türkcədə predikativlikdən məhrumdur və cümlədə postpozisiyada işlənə bilmir, yəni cümlə qurmur. Digər tərəfdən, Azərbaycan dilində -mış, -miş, -muş, -müş şəkilçisi III şəxsin təkində cümlənin mütləq postpozisiyasında, əsasən, işlənmir və predikativlik funksiyası yerinə yetirmir. Türkcədə və Azərbaycan dilində nəqli keçmiş zaman şəkilçilərinin işlənmə məqamlarındakı bu fərqlərin, məna və üslub xüsusiyyətlərinin tərcümə zamanı nəzərə alınması son dərəcə zəruridir. Fikrimizi tamamlamaq üçün Səbahəddin Əlinin “Xəz paltolu Madonna” əsərindən misal gətirdiyimiz aşağıdakı parçanın əslinə və tərcüməsinə diqqət edək:

“... Bize anlattığına göre Prag’dan ayrıldıktan sonra Mariya kendisinde bazı deyişiklikler hissetmiş, doktora gitmiş, gebe olduğunu anlamış. Evvela bundan pek memnun olmuş, fakat annesinin bütün ısrarlarına rağmen çocuğun kimden olduğunu söylememiş...”

“...Onun söylədiyinə görə, Praqadan çıxıb getdikdən sonra Mariya özündə bəzi dəyişikliklər duyaraq həkimə müraciət edir. Hamilə olduğu məlum olur. Əvvəlcə o, bundan çox razı qalırsa da, anasının təkidinə baxmayaraq, uşağın kimdən olduğunu açıb söyləmir...”

Orijinaldakı -mış, -miş, -muş, -müş şəkilçisi keçmişdə icra olunmuş hərəkətin danışıq vaxtında nəticəsini bildirir və postpozisiyada işlənərək cümlələrin predikativliyini təmin edir. Mütərcim doğru olaraq bu şəkilçini indiki zaman şəkilçisi ilə əvəz edib.

Çünki, əvvəla, yuxarıda qeyd etdiyimiz kimi, həmin şəkilçilər təkbaşına Azərbaycan ədəbi dilində III şəxsin təkində predikativlikdən məhrumdur, digər tərəfdən, dilimizdə indiki zamanın işlədilməsində üslubi hallardan biri məhz keçmişdə icra olunmuş iş, hal və ya hərəkəti daha canlı şəkildə verməkdən ibarətdir.

Maraqlıdır ki, bir sıra hallarda icrası qəti, konkret olaraq bilinən, görünən hərəkət dilimizdə şühudi keçmiş zaman şəkilçisi ilə (yəni hərəkətin qəti icrasını bildirən şəkilçi ilə) yox, nəqli keçmiş zamanın şəkilçisi ilə ifadə edilir. Türkcədə isə bu məsələdə konkretlik və sabitlik var:

Hoş geldiniz (yəni, konkret adama və hərəkətə aiddir) – Xoş gəlmişsiniz.

O 1954 yılında doğdu (yəni, doğum tarixi dəqiqdir) – O, 1954-cü ildə anadan olmuşdur.

Orhan dün bize geldi. – Orxan dünən bizə gəlmişdi.

Nəhayət, feilin digər zamanlarında olduğu kimi, nəqli keçmiş zamanın müxtəlif formaları var ki, bunların bəziləri (I şəxsin cəmi, sual, inkar-sual formaları) dilimizdəkindən fərqli şəkildədir və tərcümə zamanı bunlara diqqət etmək vacibdir: almışım (almışam), almamışım (almamışam), almış mıyım? (almışammı?) almamış mıyım? (almamışammı?) və s.

Türk dilindəki feilin aldıydım, geldiydin, okuduydu, almışımdır, sevmişsindir kimi zaman formaları isə, ümumiyyətlə, dilimizdə işlədilmir  və onların tərcüməsində mətnə, kontekstə və situasiyaya  xüsusi diqqət yetirmək lazımdır.

 

Əsgər Rəsulov,

Filologiya elmləri doktoru, professor