Elektron ədəbiyyat və sənət portalı

Ragnhild Thori: “Nizami yaradıcılığı məni elə ovsunladı ki...”

Bölmə: Müsahibə 02.10.2015

Nə gizlədim, xanımın Nizami haqqında isti sözləri ürəyimi qızdırdı və qərara gəldim ki, onunla daha rahat bir vaxtda görüşüm. Xanım Thoridən əlaqə nömrəsini istəyəndə mənə vizit vəsiqəsini təqdim etdi. Vəsiqədə elə beləcə də yazılmışdı: - Adapted Nizami Ganjavi «Leili and Mejnun», yəni Nizami Gəncəvinin «Leyli və Məcnun»unu uyğunlaşdıran.

Oxuyacağınız müsahibədən də göründüyü kimi onunla görüşüb, suallarımı ünvanladım və söhbətin sonunda xanımdan tərcümeyi-halını istədim ki, müsahibəni təqdim edəndə haqqında ətraflı yaza bilim. O, üzündəki təbəssümü kənara qoymadan etiraz etdi. Dedi ki, mənim fəaliyyətim bir o qədər önəmli deyil. Sadəcə, yaz ki, «Leyli və Məcnun»un uşaqlar üçün versiyasını uyğunlaşdırıb. Görünür, dünyanın müxtəlif ölkələrində kitabını sevə-sevə təqdim edən, eyni zamanda Azərbaycan ədəbiyyatını, mədəniyyətini tanıdan norveçli xanım üçün ən önəmlisi illər ərzində gördüyü işlər deyil, dahi Nizamidir...

 

- Xanım Thori, necə oldu ki, Azərbaycana gəldiniz?

- Bakıda uzun illərdir ki, Norveç humanitar müəssisəsi fəaliyyət göstərir. Gəncədə məktəblərin birində həmin təşkilatın məktəb şurası var. Məktəb şurasına altı ay müddətində direktor olmaq təklifi aldım. Düşündüm ki, regionu tanıyıram və altı ay qalıb işləyə bilərdim. Lakin günlərin bir günü müəllimlərdən biri mənə Nizami Gəncəvinin yaradıcılığı ilə tanış edəndə dahi şair məni elə ovsunladı altı ay üç illə əvəz olundu.

- Belə demək mümkünsə, Azərbaycanda daha çox qalmağınıza səbəb Nizami Gəncəvi olub?

- Bəli. Bir məqamı qeyd edim. Nizami yaradıcılığından ilk olaraq ingilis dilində «Leyli və Məcnun» poemasının qısa məzmununu oxudum. İlk təəssüratım o idi ki, əsər möhtəşəm olsa da, müəllif Şekspirdən təsirlənərək yazıb. Lakin müəllimə mənə Nizaminin doğum tarixini göstərəndə çox heyrətləndim. O, Şekspirdən dörd yüz il əvvəl yaşayıb.

 

- Həmin günə kimi Nizami Gəncəvi adı qarşınıza çıxmamışdı?

- Təəssüf ki, yox. Çünki dahi şair Şərq mədəniyyətinin nümayəndəsidir. Klassik Şərq ədəbiyyatından yalnız «Min bir gecə» nağılları haqqında məlumatım var idi.

Sonra Qərbin klassik müəlliflərinin Nizaminin əsərlərindən necə bəhrələnməyi barədə müxtəlif məqalələrdə oxudum. Beləliklə, Nizami yaradıcılığının izinə düşdüm. Sonra Elmlər Akademiyasının professorlarından Nizami haqqında daha ətraflı öyrəndim. Düşündüm, dahi insanın mənəvi irsi ingilis dilində də təbliğ olunmalıdır və odur ki, uşaqlar üçün «Leyli və Məcnun» əsərinin qısa versiyasını hazırladım. Uyğunlaşdırma versiyasına Nizaminin əsərlərinə çəkilmiş miniatürləri də əlavə etdim. Hazırladığım versiya nəinki uşaqlar, hətta müəllimlər tərəfindən də bəyənildi və mənə təklif gəldi ki, əsər Kukla teatrında da səhnələşdirilsin. Gəncə Dövlət Kukla Teatrının kollektivindən kuklalardan necə istifadə etməyi öyrəndik və məktəbdə «Leyli və Məcnun» operasının bəzi musiqi parçalarından istifadə etməklə əsəri ingilis dilində səhnəyə qoyduq. Tamaşa hamı tərəfindən müsbət qarşılandı.

 

- Kitabın da ərsəyə gəlməsi bu zərurətdən yarandı?

- Sözsüz... Tamaşanı görənlər, uyğunlaşdırmadan xəbəri olanlar söyləyirdilər ki, bunlar mütləq kitab şəklində çıxmalıdır. Çünki uyğunlaşdırma sadə kağızlar üzərində idi. Bir dəfə Norveç səfiri məktəbə səfər etdi və o, sadə kağızları gördü. Dedi ki, mən bunu kitab şəklində qonaqlara təqdim etmək istəyirəm. Təəccübüm sevincimə qarışdı. Sonra dostlarım Bakıda məni dizaynerlə tanış etdilər. Kitab üç dildə hazırlanıb. Kitabda «Leyli və Məcnun» poemasının uşaqlar üçün uyğunlaşdırma versiyası ilə yanaşı, dahi şairin qısa tərcümeyi-halı, aforizmləri də yer alıb. Kitaba gəncəli uşaqlar tərəfindən ingilis dilində kukla tamaşasının DVD-si də əlavə olunub.  Qeyd edim ki, kitabın ərsəyə gəlməsi o qədər də asan olmadı. Onu hazırlamaq  mənə altı ilə başa gəldi. Çünki çətin idi. İlk köməyim Norveç səfirliyindən gəldi. Sonra Qanun nəşriyyatı da kitabın çapına dəstək göstərdi. Səmimi deyim ki, bu işimdən böyük zövq almışam. Düşünürəm ki, kitabım Azərbaycan mədəniyyətinin «bələdçilərindən» biridir.

 

- Kitab oxucuların ixtiyarına nə zaman verildi?

- Üç il bundan qabaq Eurovision ərəfəsində Filarmoniyada beş yüz qonağın iştirakı ilə Norveçin Müstəqillik Günü keçirildi. Mənə də şərait yaratdılar ki, mərasimdə kitabı təqdim elə bilim. Ötən il kitab Bakıda “Humay” mükafatına layiq görülüb. Təbii ki, kitablardan Norveçə də aparmışam və orada dostlarıma, iştirak etdiyim beynəlxalq tədbirlərdə iştirakçılara təqdim etmişəm. Hazırda Norveçin Təhsil Nazirliyi ilə əlaqələr qurmağa başlamışam. İstərdim ki, Nizami yaradıcılığı dərsliklərə düşsün. Bu, uzun yol olsa da bunu etməyə çalışacam. Çünki Latviyanın keçmiş Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Varya Vike-Frayberqa da kollec proqramlarında Nizami yaradıcılığının yer almasını mühüm hesab edir.

 

- Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əlaqələrinizdən söz açmağınızı istərdik...

- Hələ Gəncədə yaşayarkən dostlarım məni mərkəzin baş katibi Rövşən Muradovla tanış etdilər. Yeri gəlmişkən, kitabın məsləhətçilərindən biri də odur. Hətta R.Muradov kitabın nəşrinə də dəstək oldu.

Mərkəzin təşkilatçılığı ilə hər il Bakıda keçirilən Qlobal Açıq Cəmiyyətlər Forumuna dəvət olunuram. Bu tədbirlər vasitəsi ilə mən burada iştirak edən müxtəlif ölkələrin nümayəndələrinə kitabı təqdim edirəm. Kitab İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldinin böyük marağına səbəb olub. Hazırda kitabın bir neçə nüsxəsi İsgəndəriyyə Kitabxanasında yer alır. Bildiyiniz kimi, İ.Seragəldin də Nizami Gəncəviyə kitab həsr edib.

 

- Maraqlıdır, Nizami yaradıcılığında sizi ilk öncə özünə çəkən nə oldu?

- Həqiqi sevgi. Nizaminin Xəmsəsi haqqında oxuyanda, onun fəlsəfəsi ilə tanış olanda gördüm ki, əsərlərində eşqi, ədaləti, insana verdiyi dəyəri tərənnüm edir. Həmçinin əsərlərində tiranlığa qarşı söylədiyi fikirlər bu gün də müxtəlif təbəqədən olan insanlar üçün aktualdır. O fikirlər sanki bir növ müasir dövrümüz üçün ismarıcdır. Düşünürəm ki, məhz Nizami şəxsiyyəti Şərq və Qərb mədəniyyəti arasında körpüdür.

 

- Yeri gəlmişkən, Nizamidən başqa daha hansı Azərbaycan klassiklərinin yaradıcılıqları ilə tanışsınız?

- Məhəmməd Füzulinin, Məshəti Gəncəvinin, İmadəddin Nəsiminin bəzi yaradıcılıq nümunələrini oxumuşam. Onların da poeziyası Qərb mədəniyyətinə böyük təsir göstərib.

 

- Xanım Thori, bildiyiniz kimi, Azərbaycanla Norveç əlaqələrinin tarixi qədim dövrlərə gedib çıxır. Hətta görkəmli antropoloq - alim Tur Heyerdal da bu faktı təsdiqləyirdi. Siz necə düşünürsünüz? Bəlkə ölkəmizə bağlılığınızın kökündə vikinqlər dayanır? 

- Mən özüm də Qobustanda olmuşam, ordakı petroqlifləri görmüşəm, haqqında oxumuşam. Hətta Şəkiyə, Kiş kəndinə getmişəm. Biz tarixdən də bilirik ki, Skandinaviya vikinqləri gəmiləri ilə Volqa çayı vasitəsi ilə Xəzər dənizinə qədər gəlib çıxıblar. Qədim tarix kitabında Azərbaycan haqqında yazılıb. Kitabda «Azərbaycan» sözü olduğu kimi qeyd edilməsə də, As torpağı və ya Asiya, As camaatı, Şərqlə Qara dənizin arasında olan bir məkan kimi qeyd edilib. Bura elə Azərbaycandır. Norveçdə «Snorasaqa» adlı qədim tarix kitabı vikinqlərdən bəhs edir. Orda da bu haqda yazılıb. Təəccüblü deyil ki, Tur Heyerdalın da fikri ona köklənir. Odur ki, o, Azərbaycana dəfələrlə səfər edib və hətta Prezident Heydər Əliyevlə də görüşüb. T.Heyerdal Azərbaycanın şimal-qərbində yaşayan udinlər haqqında kitab yazıb. Udin xalqının başçısı Udin olub və biz bu haqda Norveçin tarix kitabında oxumuşuq. Kitabda udinlərin Azəraycandan necə getməsindən, Avropadan keçməklə İçveçə gəlməsindən danışılır. Deyə bilmərəm ki, bu həqiqətdir yoxsa yox, bəlkə də sadəcə, əfsanədir, lakin Udin Norveçin qədim mif qəhrəmanı olan Odinlə səsləşir. Bu fakt çox maraqlıdır...

 

- Siz 9 il Azərbaycanda yaşamısız. Heç şübhəsiz, bu illər ərzində Azərbaycan əhalisi ilə qaynayıb qarışmısız...

- Bəli üç il Gəncədə, altı il isə Bakıda yaşamışam. Dediyim kimi kitabı hazırlamaq mənə altı ilə başa gəldi. Əsasən azərbaycanlılarla birlikdə qalırdım. Mən onlardan qonaqpərvərliyi öyrəndim. Ümumiyyətlə, Nizaminin fəlsəfəsinə istinadən bu ölkənin arzuları, ümidləri və həqiqi sevgisini öyrəndim. Yeməklərinə gəlincə isə deyə bilərəm ki, çox dadlıdır. Bakıda, Gəncədə, hətta Şəkidə, Nic, Kiş kəndlərində dostlarım var. Azərbaycana bağlılığımdan və sevgimdəndir ki, Oslodakı mənzilimdə otaqların birini iki azərbaycanlı qız tələbələrinə kirayə vermişəm. Bilirsiniz, dünya o qədər də böyük deyil və insanlar gələcəkləri, sevgiləri, ümidləri üçün bir-birilərinə çox bağlı olmalıdırlar..

Ülviyyə HEYDƏROVA