Elektron ədəbiyyat və sənət portalı

Servantesin varisləri – Kamilo Xose Sela

Bölmə: Beynəlxalq 01.02.2018

İspandilli ədəbiyyatın ən ali ödülü hesab edilən Servantes mükafatına layiq görülmüş nümayəndələrdən biri də ispan yazıçısı, Nobel mükafatı laureatı Kamilo Xose Seladır.

1916-cı ildə İriya Flaviyada (Qalisiya) anadan olan yazıçı 1976-cı ildə bu mükafatın ilk dəfə təqdim edildiyi vaxtdan iddiaçısı olub.

Həmçinin ispan dili Kral Akademiyasının üzvü olan Sela 1942-ci ildə nəşr edilən və müharibədən sonrakı dövr ispan ədəbiyyatının incilərindən sayılan “Paskual Duartenin ailəsi” kimi fundamental əsərlərin müəllifidir.     

 “Alkarriyaya səyahət” (1948), “Arı şanı” (1951), “San Kamilo 1936” (1969), “İki ölü üçün mazurka” (1983) yazıçının digər seçilmiş əsərləri sırasındadır.

Sela peşəkar hərbçi, torero[1], məmur, rəssam və kino aktyoru olub. Hələ gənc yaşlarından ədəbiyyat onu özünə cəlb edib. Yazıçı şeir, esse, hekayə, pyes, məqalə, səyahət xronikaları və roman da daxil olmaqla, demək olar ki, bütün ədəbi janrlara müraciət edib. Yazıçılıqla yanaşı İspaniya, Portuqaliya, ABŞ və Böyük Britaniyanın müxtəlif universitetlərinin fəxri doktorudur.

Kamilo Xose Selanın aforizmlərindən seçmələr:

  • Yazıçının əsas funksiyası – yaşadığı dövrə etibarlı salnaməçi kimi şahidlik etmək.
  • Yumor – göz yaşları vadisində insanın özünü qoruduğu zirehdir.
  • Qanlı saatlar da var və adətən, insanlar onu “ürək” adlandırır.
  • Milliyyətçi hesab edir ki, doğulduğu yer dünyanın ən yaxşı yeridir və bu, doğru deyil. Vətənpərvər hesab edir ki, doğulduğu yer dünyanın bütün sevgilərinə layiqdir və bu, doğrudur.
  • İki növ insan var – tarixi yaradanlar və ondan əziyyət çəkənlər.
  • Biz – bütün ölərilər, doğularkən eyni dəriyə malik oluruq, böyüdükcə tale məmnuniyyətlə bizi dəyişdirir, sanki mumdan idik.
  • Uğur qazanmaq üçün istedad bəs edər, xoşbəxtlik üçün isə bu, kifayət deyil.

 

[1] Öküz döyüşlərində iştirak edən şəxs.