Elektron ədəbiyyat və sənət portalı

Heç vaxt evlənməmiş çılğın kişinin dilindən

Bölmə: Ədəbiyyat 19.01.2018

ŞOLOM ALEYXEM
Tərcümə: Fərhad Abdullayev

1859-cu ilin 2 martında Ukraynanın Poltava quberniyasında anadan olub. İdiş dilində müasir bədii ədəbiyyatın banilərindən biridir. İvrit və rus dillərində də yazıb. 1883-cü ildən çap olunmağa başlayıb. “Sender Blank və ailəsi” (1888), “Bülbül İosele” (1889), “Sayrışan ulduzlar” (1909), “Yarmarkadan qayıdanda” (1916) romanlarının, “Südçü Teyve” (1894), “Aman və qızları” (1903), “Nəğmələr nəğməsi” (1909) povestlərinin, “Həkimlər” (1887), “İnsanlar” (1908) pyeslərinin, çoxsaylı hekayə və novellaların müəllifidir.

Birinci Dünya müharibəsi başlayanda Amerikaya köçüb. 1916-cı ildə Nyu Yorkda vəfat edib.

  

ÜÇ DUL QADIN

(Heç vaxt evlənməmiş çılğın kişinin dilindən)  

Birinci dul qadın

 – Səhviniz var, əzizim, qarımış qızların heç də hamısı bədbəxt deyil, heç vaxt evlənməmiş kişiləri də ucdantutma xudbin adlandırmaq olmaz. Oturmusunuz kabinetdə, damaqda siqar, əldə kitab, sizə elə gəlir, dünyanın bütün sirlərindən xəbərdarsınız, hər şeyi sonuna, nöqtə-vergülünə qədər dəqiq bilirsiniz və sizin üçün artıq cavabsız sual qalmayıb. Xüsusən də, Tanrı köməyimiz olsun, “psixologiya” kəlməsi kəşf ediləndən sonra... Zarafat deyil, sözə bax: psi-xo-lo-gi-ya!.. Heç bilirsiniz, psixologiya nədir? Belə bir bitki var – cəfəri... Görünüşü pis deyil, ətri də ürəkaçandır, xörəyə əlavə edəndə əla dad verir! Psixologiya da belədir – cəfəriyə bənzəyir. Amma cəfərini götürüb çeynəyin, mən də baxım!.. İstəmirsiniz? Bəs onda niyə mənə psixologiyanı sırımaq fikrinə düşmüşsünüz? Əgər psixologiyanın, həqiqətən, nə olduğunu bilmək istəyirsinizsə, yaxın əyləşin və söhbəti diqqətlə dinləyin. Dərd-bəlanın hardan və necə gəldiyi, xudbinliyin səbəbləri və başqa məsələlər barədə rəyinizi sonra söyləyərsiniz.

Bax mən – köhnənin subayıyam, yəqin, subay kimi də öləcəyəm. Niyə? Demək çətindir... Əgər səbəbini bilmək və məni dinləmək istəyirsinizsə, bax bu, əsl psixologiyadır! Tez-tez sual verib sözümü kəsməyin: ay, bu niyə belə oldu, filankəs hardan gəldi, nə dedi?.. Sözümü kəsən adam gözümün düşmənidir. Mən, bidiyiniz kimi, tərs adamam, son vaxtlar əsəblərim sözümə baxmır... Qorxmayın, dəli deyiləm! Dəliyə daha çox siz oxşayırsınız, çünki evlisiniz. Mənə isə arvad almaq olmaz, gərək iti beynim və dərrakəm həmişə yerində olsun. Sağlamlığımın qayğısına qalmaq borcumdur. Bunu özünüz də yəqin edəcəksiniz. Uzun sözün qısası, xahiş edirəm, sual verməyin. Əhvalatı danışıb bitirəndən sonra nəyi başa düşməsəniz, soruşarsınız. Yaxşı? Razılaşdıq? Hə, burada, mənim yerimdə əyləşin, mən özüm yırğalanan kürsünü xoşlayıram. Ən əsası odur ki, gərək oturacaq yumşaq, həm də rahat olsun... Məncə, bura ürəyinizcə olacaq, həm də sizi yuxu aparmaz...

Beləliklə, başlayıram. Girişdən zəhləm gedir, boşboğazlıqdan başqa bir şey deyil.

...Adı Payya olsa da, onu “cavan dul qadın” çağırırdılar. Niyə? Başlandı! Ağzımı indi açdım ki! Harada? Niyə? Burada başa düşməməli nə var ki? Əgər “cavan dul qadın” deyirlərsə, deməli, cavan idi, həm də dul qalmışdı. Mən yaşca kiçik idim. Neçə yaş? Əşi, nə fərqi? Dedim, kiçik idim, deməli, kiçik idim! Adamların dilini saxlamaq olur ki? Başladılar dedi-qoduya: mən subay, o da cavan dul qadın... Başa düşürsünüz də... hə, o söz! Bəziləri hətta məni təbrik edib xoşbəxtlik arzulayırdı. İnanın, inanmasanız da, dünya dağılmaz, öyünmək fikrim yoxdur. Bu qadınla yaxınlığım elə sizinlə dostluğum kimi idi... Sadəcə səmimi və mehriban münasibətimiz vardı, bir-birimizi sevirdik. Burada qəribə nə var? Onun ərini tanıyırdım. Tanış yox, yaxın idik. Dost olduğumuzu söyləyə bilmərəm. Sadəcə münasibətlərimiz yaxşı idi. Bu isə fərqli şeylərdir: dostluq edirsən, düşünürsən ki, ən yaxın dostundur, amma yanılırsan. Mən belə düşünürəm. Sizdən soruşan yoxdur! Demək, belə! Onun əri ilə sadəcə yaxın münasibətlərimiz vardı, kart, bəzən də şahmat oynayırdıq. Deyilənə görə, şahmatda mənə çatan yoxdur. Lovğalanmıram! Bəlkə, məndən də yaxşıları var. Adamlar nə deyirsə, onu çatdırıram... Əri cavan, bacarıqlı, həm də savadlı idi, dünyanın hər işindən baş çıxarırdı. Özü öyrənmişdi, təkbaşına, başqaları kimi gimnaziya, universitet bitirməmişdi, diplom almamışdı. Sizin indiki diplomlar qara qəpiyə də dəyməz! Nə? Razı deyilsiniz? Söz güləşdirməyin! Sizinlə mübahisəyə girişməyə həvəsim yoxdur! Çox varlı, zəngin adam idi. Hərçənd zənginliyin meyarı haqqında nə düşüncədə olduğunuzu bilmirəm. Mən və mənim kimilər belə düşünür: ev-eşiyin, gəlirli işin varsa, zənginsən! Dəbdəbə ilə yaşamırsan, pulunu sağa-sola xərcləmirsən, var-dövlətini başqalarının gözünə soxmursan, yəni ağac bar verəndə başını aşağı əyər. Demək, belə. Onun gəlirli işi vardı, özü də yağ-bal içində  yaşayırdı. Onlara can-başla qonaq gedirdim: nə vaxt qapısını döysən, qonaq üçün əldən-ayaqdan gedirdilər, necə deyərlər, gözüm üstə yerin var! Başqalarının da qonağı oluram: ilk dəfə gələndə, orda oturma, burda otur, ikinci dəfə gələndə nəzakət naminə qarşılayıb yola salırlar, üçüncü dəfə elə soyuq qarşılayırlar ki, az qalırsan bu soyuqdan sətəlcəm olasan... Nə gülürsünüz? Tanışlardan söhbət getmir... Amma onlara gəlirdin, doğma adam kimi qarşılayırdılar, yedirtməsələr, içirtməsələr qapıdan buraxmazdılar. Adama nə lazımdır? Məsələn, üzr istəyirəm, jiletin düyməsi qopubsa, dərhal tikirdilər. Gülürsünüz? Sizcə, gülməlidir? Düymə! Düymə nədir ki? Düymə – subay adam üçün çox böyük problemdir! Düymə tikmək adamı zinhara gətirir. Düymə ucbatından bir tanışımın başı müsibət çəkib: qız bəyəndirmək üçün oğlanı qonaq çağırıblar, məclisdə kimsə onu lağa qoyub. Deyib ki, jiletin düyməsi düşüb... Oğlan kor-peşman evə dönüb, sonra da özünü asıb. Yaxşı, mətləbdən uzaqlaşmayaq: araya söz qatmağı sevmirəm... Ər-arvad çox mehriban dolanırdılar. Bir-birinin hörmətini saxlayırdılar, indi belələrinə nadir hallarda rast gələrsən. Kimsənin xətrinə dəymək istəmirəm. Əgər fərqli fikirdəsinizsə, özünüz bilərsiniz! Yaxşı, əhvalatın ardına qulaq asın.

Bir dəfə Payyanın əri Pinya xəstələnib yorğan-döşəyə düşdü, altı gündən sonra da dünyasını dəyişdi. Uçub-getdi Pinya! Niyə? Xəstəliyi nə idi? Soruşmayın! Boynuna çiban çıxmışdı, yarmaq lazım idi, yarmadılar. Niyə? Elə ona görə! Savadlı həkim var? Pinya yataqda olanda iki həkim gətirmişdilər, onlar da öz aralarında mübahisəyə başladılar. Biri deyirdi, yarılmalıdır, digəri etiraz edirdi. Xəstə isə bu zaman canını tapşırırdı. Açığı, söz tapmıram deməyə! Fikirləşəndə ki, bu savadsız həkimlərin ucbatından nə qədər adam o dünyaya köçüb, adamın tükləri biz-biz olur! Doğma bacımı da onlar zəhərlədilər! Elə bilirsiniz, ona zəhər verdilər? Ağlım çaşmayıb, səfeh-səfeh danışmağa adət etməmişəm. Zəhərlədilər, yəni lazımi dərmanları vermədilər. Zavallıya vaxtında kinə içirtsəydilər, bəlkə, sağ qalardı... Narahat olmayın, bilirəm, söhbətin harasında qalmışam. Beləliklə, dostumuz Pinyanı itirdik. Kədərim sonsuz idi. Heç atam, qardaşım öləndə belə yas tutmamışdım. Zarafat deyil, Pinya ölüb! Sanki ömrümdən böyük bir parçanı qoparmışdılar. Onun ölümü ilə barışa bilmirdim! Dərd çəkirdim! Yazıq arvadı cavan yaşda əliuşaqlı dul qaldı! Körpə Roza mələk idi. Yeganə təsəllimiz! Əgər uşaq olmasaydı, bilmirəm bu dərdə necə dözərdik – Payya və mən! Mən qadın, yaxud ana deyiləm ki, uşağımı tərifləyib göylərə qaldırım. Əgər deyirəmsə, yaxşı uşaq idi, deməli, düz deyirəm. Dünya gözəli idi! Bir sözlə, Roza – sevgili cütlüyün ülvi məhəbbətindən yaranmış füsunkar gözəl! Hələ də dəqiq müəyyən edə bilməmişəm, hansı yaxşı idi – ər, yoxsa arvad?  Uşağın gözləri atasınınkı kimi maviyə çalırdı. İkimizin də Roza üçün ürəyi gedirdi, amma bilmirəm, hansımız onu daha çox sevirdik – mən, yoxsa Payya? Yəqin, təəccüblənəcəksiniz. O, ana, mən isə yad! Fərqi yoxdur. Məsələyə bir az dərindən yanaşmaq lazımdır: mənim bu ailəyə bağlılığım, dul qadına, yetim uşağa mərhəmətim və bir də subaylığım – bütün bunların cəmi, sizin dediyiniz, həmin psixologiyadır. Cəfəri yox, xalis psixologiyadır. Etiraz edə bilərsiniz: bəlkə, bunlar Rozanın anasına olan sevgimdən irəli gəlir? Etiraf edirəm, ona çox vurğun idim. Məhəbbətdən alışıb-yansam da, sevgi ürəyimi riqqətə gətirsə də, hisslərimi qadına  bildirmirdim! Gecələr gözümə yuxu getmirdi, ürəyimi ona necə açacağım barədə düşünürdüm. Səhər açılır, yataqdan qalxırsan və sənə elə gəlir, gedib birbaşa etiraf etməyə hazırsan: “Payya, məlumunuz olsun ki, məsələ belədir... İndi qərar sizindir...” Amma üz-üzə gələndə nitqin quruyur. Düşünürsüz, ağciyərəm? Necə istəyirsiniz, elə də fikirləşin. Amma məsələyə dərindən nüfuz etməyə çalışın: Pinyanı qardaşdan artıq sevirdim. Soruşa bilərsiniz: “Bəs Payya? Axı indicə söylədiniz ki, onun üçün darıxırdınız!” Cavab verirəm: bəli, darıxırdım, ona görə ki, iztirab çəkirdim, ürəyimi açmağa cürət etmirdim! Lakin qorxuram məni anlaya bilməyəsiniz. Sizin bədnam “psixologiya”ya əsaslansam, əlbəttə, məni başa düşərsiniz, amma hisslər barədə səmimi-qəlbdən, əzilib-büzülmədən, sadə dildə danışanda, bu, kənardan əcaib görünür. Əşi, fərqi yoxdur, nə istəyirsiniz fikirləşin. Əhvalatın ardını danışım. Uşaq nağıllardakı kimi böyüyürdü. İlk baxışdan, adi söz kimi görünür – “böyüyürdü”. Uşaq böyüyür, ağac böyüyür, hətta turp da böyüyür. Fərq var da? Gözləyirsən ki, uşaq nə vaxt iməkləyəcək, oturacaq, yeriyəcək, qaçacaq, danışacaq. Nəhayət, başlayır iməkləməyə, oturmağa, yeriməyə, qaçmağa və danışmağa! Bəs sonra? Bircə o çatmır ki, deyingən arvad kimi başlayım sadalamağa: suçiçəyi, qızılca, diş çıxarmaq, daha nə bilim nə! Təkrar edirəm, arvad deyiləm ki, boş-boş şeylərlə baş-beyninizi aparım, yəni uşaq belə elədi, ordan gəldi, bura qaçdı... Nə isə, qız böyüdü və çiçək açdı. Sizin indiki roman yazanların təbirincə desək, “zərif qızılgül kimi çiçəkləndi”. Yeri gəlmişkən, bu romançılar “tər çiçəklərdən” heç nə anlamır, çünki iki eşşəyin arpasını bölə bilmirlər... Onların işi-gücü isti kabinetdə oturub sobanın yanında mürgü döyə-döyə təbiətdən, yaşıl meşələrdən, təlatümlü dənizdən, qumsallardan yazmaqdır, çevir tatı, vur tatı, bir addım da irəli gedə bilmirlər... Belə yazılardan zəhləm gedir. Adamın ürəyi sıxılır! Onları oxumuram! Kitabı əlimə götürüb açıram, ilk səhifəsində yazılanları görürəm: “Günəş işıq saçırdı, Ay səmada süzürdü, hava ətir saçırdı, quşlar cəh-cəh vururdu...” Kitabı tullayıram bir kənara. Gülürsünüz? Sizcə, ağlım çaşıb? Yaxşı, siz deyən olsun!

Beləliklə, Roza böyüdü, ziyalı ailədə yaxşı tərbiyə aldı. Anası hər nazını çəkirdi, mən də ara-sıra təhsilinə nəzarət edirdim. Əslində, ara-sıra da demək düzgün olmazdı, çünki bütün asudə vaxtımı ona sərf edirdim, ixtisaslı müəllimlərdən mükəmməl təhsil almasına şərait yaradırdım, çalışırdım ki, gimnaziyaya gecikməsin, piano çalmağı, rəqsi öyrənsin, bir sözlə, təkbaşına bütün işlərə rəhbərlik edirdim. Məndən başqa onun kim qayğısına qalacaq? Bununla yanaşı, dul qadının maliyyə işləri də mənim boynumda idi, göz-qulaq olurdum ki, ona fırıldaq gəlib ərindən qalmış mirasa sahib çıxmasınlar! Onsuz da, zavallı qadını əməlli-başlı soymuşdular...

Pinyanın vəfatından sonra dul qadının ətrafında bəzi dırnaqarası işbazlar, canıyananlar, məsləhətçilər peyda olmuşdu və sadəlövh Payyadan çoxlu pul qoparmışdılar... Yaxşı ki, vaxtında xəbər tutub qarşısını aldım və bütün işlərə nəzarəti öz əlimə götürdüm. Düzdür, Payya ona şərik olmağımı istəyirdi, lakin birmənalı şəkildə etiraz etdim. Şəriklik üçün gərək evlərimi satım, ortaya pul qoyum. Payya razılaşmadı: evləri satmağa gərək yoxdur, pul qoymadan da şərik ola bilərəm. Sizcə, nə cavab verdim? Xahiş etdim ki, bir daha belə təkliflər səsləndirməsin, əks təqdirdə, acığım tutacaq. Dedim: “Onunla, yəni Pinya ilə, torpağı nurla dolsun, kəsdiyim duz-çörəyə xəyanət edib sizdən əməkhaqqı ala bilmərəm, işlərinizə vaxt ayırdığım üçün mənə bir qəpik də lazım deyil. Şükür, asudə vaxtım boldur, onsuz da, başımı qatmağa bir iş axtarıram...” Bunu dul qadına deyirəm, cavab vermir, başını aşağı salıb susur. Əgər insanlıq barədə təsəvvürünüz varsa, nə demək istədiyimi yaxşı anlayarsınız!.. Niyə hər şeyi açıq demədim? Səbəbini soruşmayın! Deməli, yeri deyildi. Əmin edə bilərəm, bu, su içmək kimi asan idi. Bircə kəlmə... və biz evlənə bilərdik... Ancaq düşündüm: “Bəs Pinya? Axı yaxın olmuşuq!..” Bilirəm, indi nə söyləyəcəksiniz: görünür, aranızda ehtiraslı məhəbbət olmayıb... Səhviniz var, dostum. Onun üçün gecə-gündüz darıxırdım, amma Payyanın mənə olan sevgisindən söz açmaq istəmirəm, çünki ağlınıza min cür fikir gələ bilər... Əşi, indi hansı qənaətə gələcəyinizin  artıq mənim üçün fərqi yoxdur. Yaxşısı budur, deyin, çay versinlər, boğazım quruyub.

Demək, belə, əzizim, harda qaldıq? Hə, işlər barədə danışırdıq. Heç deyiləsi deyil! Ömrü boyu unutmaram. Soymaq nədir, barmaqlarına dolamışdılar! Sevinməyə tələsməyin! Məni yox, onu dolamışdılar! Mənə fırıldaq gələ bilməzlər. Bilirsiniz, niyə? Çünki qadın deyiləm. Fırıldaqçılar, kələkbazlar və quldurlar kimi istəsən aldada bilər, bu işin çarəsini tapmaq mümkün deyil. Onlar sənin son qəpiyini də əlindən almaq üçün dəridən-qabıqdan çıxırlar. Amma bilin ki, məndən pul qoparmaq o qədər də asan deyil. Min dona girdilər, olmazın hiylə qurdular, gedib-gəldilər və nəhayət, məqsədə çatdılar. Nə qədər? İstədikləri qədər! Xoşbəxtlikdən, vaxtında ayıldım və dul qadına dedim: “Kifayətdir! Buna son qoymaq lazımdır!” Necə deyərlər, bizə qarşı qurulmuş bütün tələləri vaxtında aşkara çıxardım, amma o, böyük ziyana düşdü. Soruşa bilərsiniz ki, bəs mən hara baxırdım? Məgər, hər mürəkkəb vəziyyətdən düzgün çıxış yolu tapmaq asandır? Bəlkə də, sizdə yaxşı alınardı. Mübahisə etməyəcəyəm! Üzümə deməsələr də, yəqin, arxamca deyinirlər: kommersanta bir bax! Amma mən halal adamam, başkəsən yox! Düşünürsüz, ziyana düşmədim? Nə deyim, öyünməyin yeri deyil! Bunları söyləməkdə məqsədim var: hadisələr bizi elə bir nöqtəyə sürükləyirdi ki, Payya dul həyatına, mən isə subaylığa son qoyum. Ona yalnız bir kəlmə deməli idim... cəmi bir kəlmə... Amma demədim! Niyə? Məsələ də elə bundadır. Bax burada əsl psixologiya başlayır. “Roza” sərlövhəli yeni fəsil!.. Diqqətlə qulaq asın, nəzərinizdən heç nə yayınmasın, inanın, bu, uydurulmuş roman deyil – həyatdan götürülmüş, ürək dağlayan, gerçək əhvalatdır...

Bilmirəm, deyirlər, hər bir ananın qəlbinin dərinliklərində güclü hisslər yatır... Qız azacıq boy atan kimi, ananın ürəyi başlayır əsməyə: görən, necə olacaq? Bircə tezliklə ərə verə bilsəydim... Qızın həndəvərində oğlanlar dolaşmağa başlayanda ananın sevincinin həddi-hüdudu olmur. Hər cavan oğlan gözünə gələcək namizəd kimi görünür. Amma oğlan avaradır, hiyləgərdir, qumarbazdır, nə bilim, nədir, ananı əsla maraqlandırmır! Əmin olun, avara və fırıldaqçılar qapımızı döymürdü, çünki birincisi, Roza hər küçədən keçənlə ünsiyyət quran, tanımadığı oğlana göz süzdürüb üzünə gülən, ayağını-ayağının üstünə qoyub ətəyini yuxarı dartan qızlardan deyildi. İkincisi, bəs mən nəyə lazımam? İmkan vermərəm ki, hansısa avara Rozaya yaxınlaşıb beynini axmaq fikirlərlə doldursun. Gözümü qırpmadan, qol-qabırğasını sındıraram!

Bir dəfə Roza ilə kluba bal gecəsinə getmişdik, içəri aristokratlarla dolu idi, indi onları burjuaziya adlandırırlar... Gül balalardan biri gülə-gülə yaxınlaşır, nişastalı köynəkdə, başı dana başı boyda, ayaqlarını cütləşdirib civiltili qız səsi ilə danışır... Mızıltısını anlaya bilmirəm. Rozanı rəqsə dəvət edir. Coşub özümdən çıxdım, ona bir toy tutdum ki!.. Yəqin, ömrü boyu məni xatırlayıb bir daha rəqs etməyəcək! Roza ilə bu bədbəxtə doyunca güldük! Həmin hadisədən sonra oğlanlar yaxşı bilirdilər: Roza ilə tanış olmazdan əvvəl mənə müraciət etməlidirlər, yəni onları saf-çürük edib son qərarı məhz mən verməliyəm. Məni “serber” adlandırırdılar, yəni cənnətin qapısını qoruyan gözətçi köpək. Xox, qorxdum! Heç bilirsiniz, bütün bunlardan ən çox narahat olan kim idi? Rozanın anası! Mənə deyir: “Oğlanlar sizdən qorxub yaxına gəlmirlər.” Soruşuram: “Hansı oğlanlar? Onlar oğlan deyil, cin-şeytandır!” Bir dəfə, iki, üç, dörd... tənəni dəfələrlə eşidirəm. Bir dəfə məsələ lap çox böyüdü. Elə bilirsiniz, bir-birimizdən küsdük? Siz, əlbəttə, arif adamsınız, amma bu dəfə yanıldınız! Qulaq asın, danışım.

Bir dəfə dul qadının evinə gəlirəm və görürəm ki, iyirmi-otuz yaşlarında cavan oğlan əyləşib. Bəli, elə adamlar var ki, onların yaşını müəyyən etmək çətindir. Düzü, pis oğlan deyildi – gözəgəlimli, xoşsifət, mərhəmətli gözləri, bir sözlə, qüsur tapmaq çətindir. İlk baxışdan, xoşuma gəldi. Niyə? Çünki hiyləgər baxışları, riyakar gülüşü olan adamları xoşlamıram. Utanıb-qızarmadan düz adamın gözünün içinə baxır, saxta təbəssümlə dediyin hər kəlməni başı ilə təsdiqləyir: ona desən ki, yayda qar yağır, ya da qatıq qaradır, heç vaxt etiraz bildirməyəcək... Beləsi ilə rastlaşanda, onu eşşəkarısı kimi sancmaq istəyirəm. Cavan oğlanın adı nə idi? Nə fərqi? Tutaq ki, soyadı Şapirodur! Razı qaldınız? Şərab zavodunda mühasib işləyirdi, əslində, oranın tamhüquqlu sahibi idi. Çünki zavodun əsl sahibindən çox, onunla hesablaşır, hörmətini saxlayırdılar. Amma bir məsələ də var: tabeliyində olan işçilərə etibar etməyəni əsl sahib adlandırmaq olmaz... Ola bilər, bu barədə fikirlərimiz haçalansın, amma önəmli deyil.

Bir sözlə, Şapiro soyadlı bu gənci – mühasibi, fabriki idarə edəni, mədəni oğlanı, həm də əla şahmatçını mənə təqdim etdilər. Şahmatı pis bilmir, hətta deyərdim ki, məndən də yaxşı oynayır. Axı söyləmişdim, özümü şahmatın mahir bilicisi saymıram. Hə, gərək sehrbaz olub adamların qəlbini oxuyasan! Hardan bilim ki, burada məhəbbət macərası yaranır? Özü də necə sevgi romanı! Cavabsız və qarşılıqsız! Gör necə maymağam ki, bunu duymamışam! Təsəvvür edin, dilimin bəlasına düşdüm, oğlanı gözəl sözlərlə tərifləyib göylərə qaldırdım. Görüm o şahmat taxtası və dünyadakı bütün şahmatçılar cəhənnəm odunda yansın! Oturduq oynamağa, amma, sən demə, onun ürəyindən başqa fikirlər keçirmiş. Vəziri götürürəm, o isə Rozanı məndən alır. On gedişə “mat” elan edirəm, o isə üç gedişdən sonra məsələni bitirir! Çünki dördüncü gedişdə, yəni dördüncü dəfə gələndə dul qadının gözlərində qığılcım gördüm, məni kənara çəkib bildirdi ki, Roza həmin bu Şapiro ilə nişanlanır. Qadın sevincdən göyün yeddinci qatında idi. Bir sözlə, Payya deyir ki, onu, Rozanı və özümü təbrik edim!

Bu xoş xəbəri eşidəndə nə hala düşdüyümü təsvir etmək istəmirəm. Deyəcəksiniz ki, yaramazın, dəlinin, sərsəmin biriyəm, hə? O, yəni dul qadın da eyni sözləri dedi. Əvvəl güldü, sonra üstümə qışqırdı, əhvalat göz yaşı, ah-nalə, bir sözlə, münaqişə ilə bitdi! Necə deyərlər, yaranın qaysağı qopdu... Yarım saat ərzində – qızğın mübahisə zamanı bir çox acı mətləblərin üstünü açdıq, tanış olduğumuz iyirmi ildə bir-birimizə bu qədər həqiqət söyləməmişdik! Açıq dedim ki, başımın bəlasısan, gözümün işığı, yeganə təsəllim Rozanı əlimdən alıb başqasına verirsən. Cavabında dedi ki, əgər söhbət qəlbə toxunmaqdan gedirsə, on doqquz il ərzində dəfələrlə onun ürəyini yaralayıb küsdürmüşəm!.. Bunun nə demək olduğunu izah etməyəcəyəm, çünki uşaq da başa düşər. Yalnız onu deyə bilərəm ki, centlmenliyi unutdum, onunla kobud rəftar elədim! Papağımı götürüb dəli kimi qapını çırpdım və çıxıb getdim... Özümə söz verdim ki, ömrümün axırına kimi bir də bu qapıdan içəri ayaq basmayacağam! Buna sözünüz nədir? Axı müdrik adama oxşayırsınız! Sizin “psixologiya” bu barədə nə yazır? Çıxış yolu var? Özümü çaya atıb intihar etməli idim? Yoxsa əlimə revolver almalı, ya da  özümü asmalı idim? Tanrıya min şükür, gördüyünüz kimi, özümü çaya atmadım, güllələmədim, asmadım. Sonrası necə olacaq? Gələn dəfə danışaram. Bir az gözləsəniz, dünya dağılmaz. İndi dul qadınlarımın yanına qaçmalıyam. Məni nahara gözləyirlər.

Birinci dul qadın barədə bu qədər.

 İkinci dul qadın 

Sizi niyə bu qədər gözlətdim? Ürəyim belə istədi. Əgər hansısa əhvalatı danışacaqsansa, bunu gərək ürəyinin hökmü ilə edəsən... Dözə bilmirsiniz? Ardını eşitmək istəyirsiniz? Gözlərinizdən görürəm! Bilirəm, belə əhvalatlardan hədsiz zövq alırsınız. Elə mən də alardım. Məsələn, nahardan sonra öz otağımda yırğalanan kresloya yayılardım, bir siqar da yandırıb qoyardım damağıma, siz isə hıqqana-hıqqana, söz axtara-axtara, cümlələri bir-birinin ardına düzə-düzə əhvalat danışardınız, mən də ləzzətlə qulaq asardım... Bəlkə, danışan adam hər sözü söylədikcə nəyisə xatırlayıb dərin iztirab keçirir, qəlbindən qara qanlar axır, bu, dinləyənin heç vecinə deyil. Təki ürəyi riqqətə gətirən, şirin və maraqlı əhvalat eşidəsən! Narahat olmayın, sizi nəzərdə tutmuram! Vəzifəniz diqqətlə dinləməkdir. Danışacağım əhvalatın əvvəlki ilə heç bir əlaqəsi olmasa da, çox arzu edərdim ki, onu unutmayasınız, çünki istənilən halda, aralarında kiçik bağlılıq mövcuddur, hətta ona kiçik yox, böyük bağlılıq deyərdim! Əgər unutmusunuzsa, icazə verin, xatırladım, iki cümlə ilə əvvəlki əhvalatın qısa məzmununu danışım.

Pinya adlı dostum vardı, arvadı Payya, qızının isə adı Roza idi. Dostumun vəfatından sonra cavan Payya dul qaldı, mən onun yaxın dostu, köməkçisi və necə deyərlər, qardaşı idim. Payyanı sevirdim, gecə-gündüz iztirab çəkirdim, amma sevgimi etiraf etməyə cürətim çatmırdı. Ən yaxşı illərim belə keçdi. Qızı böyüdü, Roza çiçək açdı, bununla da sakit həyatımın axarı pozuldu, kələfin ucunu itirdim. Payya günlərin birində Şapiro soyadlı, yaxşı şahmat oynayan, çətin xarakterli bir oğlanı evə dəvət etdi və Roza ona vuruldu. Buna əsəbiləşib ürəyimdə qubar eləyən nə vardısa, anasına dedim, mübahisə düşdü, küsüşdük, qapını çırpıb getdim və and içdim ki, ömrümün axırına kimi ayağım o evə dəyməyəcək. Hə, necədir?

İndi hiss edirəm ki, bir sual sizi rahat buraxmır: sözümün üstündə durdum, ya yox? Axı səhv etmirəmsə, “psixoloqsunuz”. Deyin, andıma əməl etməliydim, ya yox? Dillənmirsiniz! Niyə? Çünki heç özünüz də bilmirsiniz... Görün hadisə necə baş verdi.

...Qapını çırpıb gedəndən sonra səfil kimi şəhəri dolaşdım, bütün küçələri üç dəfə eninə-uzununa ölçdüm, səhərə yaxın evə döndüm, kağız-kuğuzu qarşıma töküb saf-çürük elədim, çoxunu cırdım, lazımsız kağızları görən gözüm yoxdur, əşyalarımı topladım və bir neçə nəfərə məktub yazdım – şükür, dost-tanışdan, qohum-əqrəbadan bolam, Tanrı hamısına cansağlığı versin... Evlərim və dükanlarımla bağlı göstərişlərimi yazdım, bu işləri bitirdikdən sonra çarpayıya əyləşib boynumu bükdüm, fikir məni apardı, özümə gələndə səhər artıq çoxdan açılmışdı. Əl-üzümü yuyub səliqəylə geyindim və dul qadının yanına yollandım. Zəngi basdım, içəri keçib xidmətçiyə dedim ki, qəhvə gətirsin, əyləşib dul qadının yuxudan oyanmasını gözlədim. Qadın tezliklə yataqdan qalxdı. Məni görüb bir dəqiqə ayaq saxladı. Gözləri şişmişdi, üzünün rəngi ağappaq idi. Yəni yuxusuz gecə keçirib?

Roza necədir? – soruşdum.

Bu an Roza otağa daxil oldu. Gözəl-göyçək, tər çiçəyə bənzəyirdi, zərif, gülərüz. Məni görüb azacıq qızardı, sonra yaxınlaşıb başımı sığalladı, gözlərimin içinə baxıb güldü. Sizcə, necə güldü? Bu gülüş  adamın qəlbinə toxunmurdu, əksinə, özün də ona qoşulub gülmək istəyirdin, cingiltili səsi dalğa-dalğa ətrafa yayılırdı. Bəli, əzizim, Roza öz sehrli qüvvəsini bu gün də itirməyib! Həmin gülüşə görə var-yoxumu verməyə hazıram! Amma bəla burasındadır ki, o artıq gülmür. Gülməyə halı yoxdur! Gəlin hadisələri qabaqlamayaq. Bir söz danışanda ardıcıllığı gözləməyi xoşlayıram.

Beləliklə, davam edirəm.

Qız ərə verməyin nə olduğunu bilirsinizmi? Yox? Başınıza gəlməyib? Elə gəlməsə yaxşıdır! Tanrı sizə bu zülmü göstərməsin! Ancaq mən bu müsibəti yaşamışam. Özgə qızını ərə versəm də, olmazın zülmlər çəkmişəm. Ölənə qədər unutmaram. Əlacım nə idi? Bir halda ki bizim dul qadın Payya hər şeyin hazırına öyrənmişdi, başqa çıxış yolum yox idi. Kimdir günahkar? Əlbəttə, məndən savayı, heç kim! Onları – ana və qızı elə öyrəşdirmişdim ki, evdə bir şey lazım olan kimi həmişə mənə müraciət etsinlər. Dünya dağılsa da, yerin altı üstünə çevrilsə də, istədiklərini dərhal tapıb gətirməli idim! Pul lazımdır? Mən hazır! Həkimə getmək? Mən apararam! Təzə xidmətçi? Mən taparam! Rəqs müəllimi? Hazır! Paltar, ayaqqabı, dərzi, qəssab, qələm, asılqan – hər şeyin qayğısını çəkirdim! Elə bilirsiniz, tənə vurmurdum: “Axırınız necə olacaq? Kürt yatan toyuğa dönəcəksiniz!” Onlar isə gülməkdən uğunurdular. İş-peşələri səhərdən-axşamacan qəhqəhə çəkməkdir! Adət halını alıb! Yer üzündə belələri çoxdur. Onlar kimə rast gəlməli idi? Əlbəttə, mənə! Yad uşağına kim dayəlik edər? Mən! Özgənin yükünü çiynində kim daşıyar? Mən! Başqasının toyunda kim oynamalıdır? Mən! Özgənin yasında kim ağı deməlidir? Mən! Soruşa bilərsiniz: məni buna vadar edən nədir? Cavab verirəm: sizi kim məcbur edir ki, alovun içinə atılıb özgə uşağını xilas edəsiniz? Yad adam ağrı çəkəndə üzünüz niyə büzüşür? Deyəcəksiniz, nə oda atılmışam, nə də başqasının ağrısına şərik çıxmışam! Əgər belədirsə, deməli,  insan yox, vəhşisiniz! Mən isə vəhşi deyiləm, adamam. Özümü idealist kimi qələmə vermək istəmirəm, sadə, adi adamam, üstəlik, köhnənin subayı. Sizin “psixologiya” isə mənim kimi insanların xudbin olduğunu deyir. Bilmirəm, bəlkə də, bütün bunlar xudbinlikdir? Başqalarının işinə qarışmağı, fəlsəfə qırıldatmağı sevmirsiniz? Elə mən də!

Demək, belə, dul qadının qızı Rozanı ərə vermək vaxtı çatmışdı və mən quda rolunu oynamalı idim. Məni artıq az-çox tanıdığınız üçün anlamaq çətin deyil ki, bu, necə əzabverici bir işdir! “Quda” kəlməsini eşidəndə ürəyim bulanır! Məni “ay kişi”, “ay gədə”, “ay təlxək”, daha nə bilim necə çağıra bilərsiniz, amma “quda” kəlməsini eşidəndə başıma daş düşür! Amma dul qadın yeni adına – “qayınana” kəlməsinə ürəkdən sevinirdi. Ona “qayınana” deyəndə yağ kimi əriyirdi. Deyirəm: “Tezliklə qayınana olacaqsan!” Gülümsünür: “Tanrı qismət eləsin!” Sən bir qayınanaya bax! Hələ onu nikah günü görəydiniz! İşıq saçırdı! Qızından gözəl idi! Deməzdin ki, Rozanın anasıdır! Əkiz bacılara bənzəyirdilər! Nikah mərasimində dul qadına baxıb doyunca zövq aldım. Ürəyimdə fikirləşirdim: “Bu dünyada səndən ağılsız adam var? Ay qartımış subay, indi əsl məqamıdır... Bir söz, bir ehtiraslı baxış yetər ki, bu lənətə gəlmiş subaylığın daşını atasan... Ailən, isti ocağın olsun... Qol-budaq atarsan... Cənnətə düşərsən... Yaxınlarının və əzizlərinin əhatəsində firavan həyat sürərsən... Unut bu Rozanı!... Sənin yemin deyil... Qızın yaşındadır... Özünü aldatma... Anası gül kimi dayanıb yanında! Ay vəhşi öküz, ona bircə kəlmə xoş söz de! Dərmanını başqa yerdə axtarma, əlac bu qadındır! Niyə ləngidirsən? Görmürsən, bayaqdan sevgi dolu baxışlarını sənə zilləyib...”

Bunları ürəyimdə götür-qoy edirəm və onun baxışları ilə qarşılaşıram: bu dul qadına yazığım gəlir... Başa düşürsünüz? Yazıqlıq hissi!.. Başqa heç nə!.. Əvvəllər, yaxşı xatırlayıram, qəlbimə tam fərqli fikirlər hakim kəsilmişdi... İndi isə yalnız yazığım gəlir... Ona yazığım gəlirsə, bəlkə, özüm də yazığam, hətta ondan da yazıq? Müqəssir kimdir? Bəs o niyə bu günə qədər susub? Niyə indi dillənmir? Niyə sehrli sözü o yox, mən deməliyəm?.. Məni məzəmmət edə bilərsiniz: yəni, utan! Bütün dünyada qayda belədir, ilk sözü kişi deməlidir! İlk addımı da kişi atmalıdır! Tüpürüm dünyaya! Şəxsən mən fərq görmürəm: ilk sözü kişi dedi, ya qadın!.. İnsan ali məxluqdur! Əgər o dillənmirsə, mən də susacağam! Tərsəm? Təkəbbürlüyəm? Özümdən müştəbehəm? Səfehlik edirəm? Necə istəyirsiniz, elə də düşünün! Dedim axı, mənim üçün fərqi yoxdur... Ürəyimi sizə açıram və istəyirəm birlikdə təhlil edib araşdıraq ki, dolaşıqlıq hardadır? Bəlkə, məsələ ondadır ki, mən Payya ilə heç vaxt iki dəqiqə belə təklikdə qalmamışam? Həmişə yanımızda vaxtı, hiss və düşüncələri oğurlayan məxluq dayanıb. Sevincimiz, kədərimiz özümüzə yox, başqasına məxsus olub. Özümüzə bir dəqiqə də asudə vaxt ayıra bilməmişik! Lənət şeytana! Tanrı hər ikimizi başqalarının qayğısını çəkmək üçün yaradıb!  Əvvəllər Pinya sağ idi. Sonra Tanrı rəhm elədi və Roza dünyaya gəldi. İndi isə Tanrı bir xoşbəxtlik də göndərib: kürəkənin də qayğısı bizim boynumuza düşür. Amma kürəkən sarıdan bəxtimiz yaman gətirib. Tanrı belə kürəkəndən hamıya qismət eləsin. Bilirsiniz ki, hər adamı dərhal bəyənən, onu səbəbsiz yerə tərifləyib göyün yeddinci qatına qaldıran adamlardan deyiləm. Boş-boş danışmağı, kompliment deməyi də xoşlamıram. Yalnız onu deyə bilərəm ki, “mələk” sözü bu halda təhqir kimi səslənir. Nəyi nəzərdə tutduğumu anladınız? Əgər göylərdə mələklər süzürsə və onlar həmin bu Şapirodan pis deyilsə, onda sizi əmin edirəm, yer üzünü murdarlayan ikiayaqlı heyvanlarla yanaşı yaşamaqdansa, ölüb mələklərin yanına getmək daha yaxşıdır. Deyə bilərsiniz, mizantropam, insansevməzəm. Əgər insanların mənə yaşatdığı acını duya bilsəydiniz, başıma açılan oyunlar sizin də başınıza gəlsəydi, mizantrop yox, yaramaz olardınız. Bıçaq götürüb cumardınız adamların üstünə, hamısının boğazını üzərdiniz! Yeri gəlmişkən, bunu necə başa düşək: məni saatlarla danışmağa vadar edirsiniz, amma heç soruşmursunuz ki, bəlkə, boğazım quruyub, bir stəkan suya ehtiyacım var? Rica edirəm, çay sifariş verin!

Demək, belə, harda qalmışdıq? Hə, şirin-şəkər kürəkən Şapiroda.

Deyəsən, söyləmişdim ki, şərab zavoduna rəhbərlik edirdi, əslində, rəhbər yox, oranın sahibi sayılırdı. Hər şey onun əlində idi. Zavodun gerçək sahibləri ona hədsiz dərəcədə inanırdılar, doğma övladları kimi sevirdilər. Gerçək sahiblər – şəriklərin hər ikisi (qoy bu ifadəmə görə məni bağışlasınlar, oğruya bənzəyirlər, belələrini günün günorta vaxtı çıraqla gəzsən, tapa bilməzsən, indi aradan çıxıb Amerikaya qaçıblar) toyda özlərini ən yaxın qohum kimi aparırdı. Onlar bəyə içi gümüş əşyalarla dolu mücrü hədiyyə etdilər, ümumiyyətlə, əsl filantrop, çox gülərüz və əliaçıq idilər. Bilirsiniz, bu filantroplarla heç aram yoxdur, o ki qala, sahibkar-filantrop ola. Onlar müxtəlif mərasimlərə qatılıb öz filantropluqlarını adamların gözünə soxur, vurğulamağa çalışırlar ki, “baxın, biz – sahibkar-filantroplar adamlara belə dəyər veririk!” Bir düşünən yoxdur ki, bəlkə, elə bu dəyər vermək istədiyin adamın hesabına varlanmısan? Bu adam olmasaydı, siz sahibkara, filantropa çevrilərdinizmi?.. Nahaq gülürsünüz! Əzizim, özümü çoxbilmiş kimi qələmə vermək istəmirəm. Ancaq sahibkar-filantropları görən gözüm yoxdur. Mənə nə var? İndi sizə sahibkar-filantropların  əməllərindən danışım. Tanrının köməyi ilə müəssisə açırsan, böyük gəlir əldə edirsən, inandığın adamı da rəhbər vəzifəyə qoyursan. Otur evdə, kef elə, ya da xarici ölkələrə səyahətə çıx, ürəyin istəyən kimi yaşa. Amma bu, onlara azlıq edir! Yox, gərək aləmə car çəksinlər, özlərini gözə soxsunlar ki, burda bizik, Bağdadda kor xəlifə! Uzun sözün qısası, bu iki şərikə Şapironun idarə etdiyi gəlirli zavod azlıq edirdi. Biznesi genişləndirdilər, başladılar onu alıb, bunu satmağa, taxıl, düyü alverinə baş qoşdular, axırda da ev alqı-satqısına girişdilər... Nə isə, çərxi-fələk fırlandı, nə fırlandı, onlar artıq ayaqlarının altını da görmürdülər və günlərin bir günü hər şey əllərindən çıxdı, müflis oldular. Bizim Şapironu da öz fırıldaq işlərinə qatıb bütün borc veksellərini yüklədilər onun boynuna və aradan çıxıb Amerikaya qaçdılar. Görünür, orada, amerikalılar demişkən, hər şey “oll rayt” idi, yəni rahat sığınacaq qurmuşdular. Şapiro isə xirtdəyəcən borcun içində itib-batırdı, kreditorlar ona nəfəs dərməyə imkan vermirdilər. Böyük qalmaqal yarandı, iş o yerə çatdı ki, adamlar onun zavod rəhbəri olması ilə hesablaşmaq istəmirdilər. Tələb edirdilər ki, vekseller üzrə borcları ödəsin! Bizim Şapironun isə qara qəpiyi də qalmayıb, müflis olub! Lakin sübut edə bilmir ki, müflislik bədbəxt hadisə ilə əlaqədardır. Bilmirəm, xəbəriniz var, ya yox, sizdə belə adamı “islaholunmaz müflis”, yaxud “əclaf müflis” adlandırıb həbsxanaya atırlar, bizdə isə belə şəxslərə hörmət bəsləyirlər. Siz on dəfə müflis vəziyyətinə düşə, on dəfə iş görüb sonda qara qəpiksiz qala bilərsiniz, amma hər şeyi ağılla və tədbirli görsəniz, müflislik sizə əngəl olmayacaq, yəni adamlar sizin müflis vəziyyətinizlə barışacaq. Müflis ola-ola, hətta özünüzə ev də alsanız, sizi yenə də ləyaqətli və bacarıqlı adam sayacaqlar: qızınızı yaxşı oğlana ərə verəcəksiniz, oğlunuza imkanlı ailədən qız alacaqsınız, şəhərdə sizinlə hesablaşacaqlar, yenə də rəhbərlik edəcəksiniz, göstəriş verəcəksiniz, bizi aldadıb dərimizi soyan varlıların cərgəsinə can atacaqsınız... Getdikcə özünüzə təlqin etməyə başlayırsınız ki, alçaq dağları siz yaratmısınız. Başlayırsınız xoruz kimi boynunuzu uzadıb gəzməyə, adamları saymırsınız, təkəbbürlə danışırsınız... Üzr istəyirəm, nədən bəhs etdiyimi anlayırsınızmı? Şapiro adamların tənəsinə, qınağına dözmədi, dul qadınları və yetim uşaqları pulsuz-parasız, ac-yalavac qoyduğunu görəndə qəlbindən qara qanlar axdı (onun sahibləri – şərik sahibkarlar hamını incidirdilər, adamların son tikəsini ağzından çıxarırdılar) və günlərin birində zəhər içib özünə qəsd elədi!...

Yəqin, sizə maraqlıdır: özünü necə öldürdü? Bir də bilmək istəyirsiniz ki, son məktubunda mənə nə yazmışdı? Roza ilə necə vidalaşmışdı? Anası ilə, həmçinin mənimlə son görüşü necə olmuşdu? Bütün bunlar incə hisslərdir, roman yazanlar özlərindən uydururlar ki, səfeh oxucu göz yaşları töksün. Suallara qısa cavab verirəm: bu adam özünü yox, bizim həyatımızı zəhərlədi! Ağır dərddir, bu hadisə ürəyimizi elə parçalamışdı ki, göz yaşlarımız qurumaq bilmirdi. Donub-qalmışdıq, ürəyimizdən daş sallanmışdı, ovuna bilmirdik, kimsə gəlib başımızı dibindən kəssəydi, bəlkə də, dünyanın ən xoşbəxt adamı olardıq!.. İstədiyinizi deyə bilərsiniz, amma başsağlığı verənlərdən zəhləm gedir. Qəmli görkəm alıb yaxınlaşırlar adama, lakin üzlərindən nə demək istədikləri aydın oxunur: “Tanrıya şükür olsun ki, ölən mən deyiləm...” Əlini sıxıb boş-boş, mənasız sözləri təkrar edirlər, başlayırlar mərhumun ünvanına yalançı təriflər yağdırmağa, hiss edirsən ki, əzbərlədiyi “mətni” tez deyib aradan çıxmağa çalışır... Başqa nə gözləyəsən? Hətta matəm münasibətilə qanan da, qanmayan da dua oxumaq üçün İovun kitabını açır – belələrini, ümumiyyətlə, görən gözüm yoxdur! Deyəcəksiniz, böyük günahdır? Siz bunu günah hesab edirsiniz? Bəs günahsız adama badalaq vurmaq, veksellerə imza atmağa məcbur etmək və pulları götürüb Amerikaya qaçmaq, etibarlı adamını çıxılmaz vəziyyətdə qoyub onu intihara sövq etmək, üç günahsız insanın həyatını cəhənnəm əzabına döndərmək – bunu necə adlandıraq? Belə əməllərə nə ad verə bilərsiniz? Bəs bu, günah deyil? Deyəcəksiniz ki, Tanrını bu çirkin işlərə qatmaq olmaz? Kimin haqqı çatar ki, Tanrıdan şikayətlənsin, hə? Amma, görün, bununla əlaqədar müqəddəs İov nə deyir? Adamlar dua kitabını əlinə alır, oxuyur, lakin müdrik kəlamları zərrə qədər də anlamırlar. Dillənmirsiniz? Mən də dilimi qoymuşam qarnıma, çünki səsim batana qədər danışa bilərəm – onsuz da cavab verən tapılmayacaq! Çeynənmiş sözləri yenidən çeynəməyə məcbursunuz: “Verən də Tanrıdır, alan da!” Yerinizdə sayıb bundan irəli gedə bilməyəcəksiniz... Nə dediniz? Fəlsəfə açmağın mənası yoxdur? Mən də bu fikirdəyəm.

Beləliklə, qayıdaq dul qadına... Dayan-dayan, dul qadın dedim? İki dul qadına! Axı Roza da duldur! Ha-ha-ha! Çox qəmli, cansıxıcı əhvalatdır! Təbiətin bütün qanunlarına ziddir... Acı qəhqəhədən başqa, əlim heç yerə çatmır! Roza – dul qadın! İşə bir bax! Roza – dul! Amma məsələ təkcə dul qalmaqla bitmir! Roza həm də anadır! Rozanın övladı var! Şapironun ölümündən üç ay sonra dünyaya bir qız körpəsi gəldi. Ocağa yeni nəfəs, cingiltili gülüş gətirdi. Adını Feygele qoydular. Evdəkilər başına dolanırdılar, üstündə əsirdilər, adı dillərindən düşmürdü, qucaqdan-qucağa gəzirdi – Feygele, Feygele, yenə də Feygele! Dindar olsaydım, sizin kimilərin təbirincə desəm, əlamətlərə inansaydım, deyərdim ki, Allah bizi ovundurmaq üçün, çəkdiyimiz əzabların müqabilində bu məsum körpəni pay göndərib. Lakin bilirsiniz ki, dinə inamım o qədər də güclü deyil və siz də qatı dindara oxşamırsınız... Nə dediniz? Məni inandırmağa çalışırsınız ki, dini etiqadınız qaydasındadır? Təki olsun! Sizə heç bir iradım yoxdur, özünüzü riyakar və ikiüzlü adam hesab etməsəniz kifayətdir! Dindar yəhudi donuz ətini sevmədiyi kimi, mənim  də riyakar və ikiüzlü adamları görən gözüm yoxdur! Dindar olun, amma haqqı tapdalamayın! Əgər dinə inanırsınızsa və eyni zamanda riyakar və ikiüzlü adamsınızsa, yaxşı olar, məndən uzaq durasınız! Nə etməli, Tanrı məni belə yaradıb!

Demək... indi növbə kimindir? Feygelenin! O, dünyaya gələn gündən sanki hər şey canlandı: hamı sevinirdi, evdən təbəssüm əskik olmurdu, könüllər nur saçırdı. Körpə ilə bərabər sanki biz də yenidən doğulmuşduq. Uzun müddətdir üzü gülməyən Rozanın çöhrəsinə təbəssüm qonmuşdu, əvvəlki kimi ürəkdən qəhqəhə çəkirdi, bəzən ovqatımız təlx olsa da, onun gülüşü bizə bütün acıları unutdururdu.

Ağıllı gözləri ilə hər üçümüzün üzünə heyranlıqla baxan, balaca Feygele həyatımızı belə dəyişdi. Körpə təbəssümünü görən hər iki dul qadın xoşbəxtlikdən özlərinə yer tapa bilmirdilər.

Qapıda məni elə hay-küylə qarşıladılar ki, hətta qorxdum.

– İlahi! Bir dəqiqə tez gələ bilməzdiniz? – ikisi də üstümə düşdü.

– Noolub? Nəsə baş verib? – həyəcanla soruşdum.

– Allah eləməsin! Bir dəqiqə əvvəl Feygele ilk dəfə gülümsündü!

     – Vəssalam? – soyuqqanlılıqla soruşuram, amma Feygelenin ilk gülüşü ürəyimi sevindirir, daha çox isə dul qadınların xoşbəxtliyindən  məmnunam. İndi təsəvvür edə bilərsiniz ki, uşağın ilk dişi çıxanda evdə nə toy-bayram vardı? Şübhəsiz, dişin yerinin ağarmasını ilk görən anası idi! Yaşlı dul qadını, yəni anası Rozanı çağırdı, qadınlar körpənin damağını yoxlamağa başladılar. Stəkanı ehmalca damağına toxundurdular, dişin ucu stəkana dəyib taqqıldayanda, sevincdən elə atılıb-düşdülər ki, bilmədim qonşu otaqdan özümü bura necə çatdırdım.

– Noolub?

– Dişi çıxır!

– Ola bilməz! – məzələnmək üçün bilərəkdən belə dedim. Dul qadınlar məni məcbur etdilər ki, barmağımın ucunu uşağın damağına toxundurum. Həqiqətən, Feygelenin damağında ucu azacıq iti olan diş çıxmağa başlamışdı.

– Gördün? – ikisi də birdən soruşur və cavab gözləyirlər.

Özümü bilməzliyə vururam. Onlarla məzələnməkdən ləzzət alıram. Soruşuram:

– Nəyi?

– Dişi! Görmürsən?

– Hə... Dişdir də! Başqa nə olacaq?

Əlbəttə, artıq başa düşürsünüz ki,  əgər diş çıxırsa, deməli, Feygele dünyada tayı-bərabəri olmayan uşaqdır! Ağıllı uşağı isə ağladana qədər öpmək lazımdır. Körpəni dartıb əllərindən alıram və sakitləşdirirəm, yalnız mənim qucağımda rahatlıq tapır. Bir də onu deyim ki, Feygele toppuş əlləri ilə ancaq mənim saçlarımı oynatmaqdan, burnumu dartışdırmaqdan xoşlanır. Amma sizə deyim ki, körpə əllərinin qoxusunu duymaqdan gözəl heç nə yoxdur! Bu balaca əlləri, incə barmaqları dönə-dönə öpüb əzizləmək istəyirsən! Mənə baxıb, yəqin, düşünürsünüz: “Bu adamın qəlbində qadına xas məhəbbət var! Əks təqdirdə, uşaqları belə çox sevməzdi...” Düz tapdım, hə? Bilirsiniz, qəlbimin necə olduğunu deyə bilmərəm, amma uşaqları, həqiqətən, çox sevirəm – bu, faktdır! Balacalardan başqa, kimi istəyəsən? Sifətindən əclaflıq yağan bu porsuqları? Həyatda dadlı yeməkdən, bahalı siqardan və kartdan başqa, heç nə bilməyən sərsəmləri? Bəlkə, deyəsiniz ki, cəmiyyətin hesabına varlanıb ona arxa çevirənləri sevim? Onlar imkan düşən kimi, hər küncdə-bucaqda aləmə car çəkirlər ki, ümdə məqsədləri cəmiyyətin firavanlığıdır... İnanan daşa dönsün! Bəlkə, ürəyinizdən keçir ki, meylimi adını “burjuaziya” qoyub dünyanı dəyişməyə çalışan bu “ana uşaqlarına” salım? Onlar məni hansısa “ekspropriasiya” naminə evimi satıb pulu bölməyə məcbur edirlər. Bəlkə, əmr edəsiniz ki, yüngül əxlaqlı gözəlçələri sevim? Onların qarın doydurmaqdan, brilyant taxıb göz qamaşdırmaqdan, teatra gedib özlərini kişilərə bəyəndirməkdən başqa, məşğuliyyətləri yoxdur. Yaxud saçıkəsik ərsiz qadınları? Əvvəllər onlara “nihilist” deyirdilər, indi də dönüb “eser”, “kadet” olublar, hərəsi də gözəl bir təxəllüs seçib. Deyirsiniz, köhnə, islaholunmaz subay, deyingən və mizantropam, buna görə də kimsəni bəyənmirəm? Tutaq ki, belədir, bu, kimə sərfəlidir? Demək belə, harda qalmışdıq? Hə, uşaqda, Feygeldə, ona olan sevgimizdə. Gecəni, gündüzü ona sərf edirdik, çünki bu körpə üçümüzü birləşdirən amilə çevrilmişdi, ondan güc və enerji alırdıq, mənasız və kobud həyatın acılarını bizə unutdururdu. Şəxsən mənim üçün, uşaq gizli ümidlərin mənbəyi idi. Əgər Rozaya münasibətimi xatırlasanız, nəyi nəzərdə tutduğumu asanlıqla anlayarsınız. Uşaq böyüdükcə, qəlbimdəki ümidlər də çiçək açırdı: gün gələr, subaylığın daşını ataram, xoşbəxt və şirin həyatdan kam alaram... Bu fikirlərlə yaşayan təkcə mən deyildim, Payya da ürəyində belə düşünürdü. Hərçənd bu barədə kəlmə də kəsməmişdik, lakin hər şey günəş kimi aydın idi və günlərin birində mütləq baş verəcəkdi... Yəqin, soruşacaqsınız ki, insanlar bir-birini ilk baxışdan necə başa düşür? Bu, ona dəlalət edir ki, sizin “psixologiya”dan xəbəriniz var, amma adamları yaxşı tanımırsınız... Məsələn, bir mənzərə təsvir edəcəyəm və görəcəksiniz ki, adamlar bir-birini yarım kəlmədən necə anlayırlar?

Yay gecəsi. Qaranlıq səma ağ ləkələrə bürünüb. İstəyirdim deyim: ulduzlar parlayırdı, bərq vururdu... Amma yadıma düşdü ki, hansısa kitabda belə yazıblar, özgənin sözlərini təkrar etməyin nə mənası? Sizə söyləmişdim ki, təbiət mənzərələrini təsvir etməyi xoşlamıram. Onsuz da bu gözəlliyi sözlə çatdırmaq mümkün deyil! Nə isə, isti, gözəl, ürəkaçan yay gecələrindən biri, hətta şair olmayan adamın da qəlbi romantik hisslərlə dolur, xəyalən səmanın sirli ənginliklərinə baş vurursan. Baxışlarını qaranlıq göylərə dikib seyr edirsən,  sənə elə gəlir ki, torpaqla səma için-için pıçıldaşır, insanların ilahi gözəllik adlandırdığı əbədiyyət haqqında sakitcə söhbətləşirlər...

Hə, necədir? Təbiət təsvirini bəyəndinizmi? Xoşunuza gəlmədi? Özünüz bilən məsləhətdir! Səbir edin, bu, hələ hamısı deyil. Sizə böcəklərdən danışmağı unutdum. Qəribə, iri, qəhvəyi böcəklər, qaranlıqda pərvazlanıb vızıldaşır, divara, pəncərəyə, bəzən də döşəməyə çırpılırlar. Yerdə bir az sürünür, sonra qanad çalıb havaya qalxır, dövrə vurur, lampanın ətrafında uçuşur, yenidən divara, pəncərəyə və yerə çırpılır... Beləcə, hər şey yenidən başlayır... Dördümüz də bağçaya açılan artırmada əyləşmişik: mən, Payya, Roza və Feygele. Uşaq böyüyüb, payızda dörd yaşı tamam olacaq, amma böyüklər kimi danışır. Sual verməkdən də yorulmur. Hər şeyi bilmək istəyir. Səma niyə belədir, torpağı kim yaradıb? Gündüzlə gecənin fərqi nədir? Hava niyə qaralır, niyə səhər açılır? Anası nənəyə niyə “ana” deyir? Bəs niyə nənə onun anasını Roza deyə çağırır? Niyə mən onun atası yox, əmisiyəm? Əmi nənəyə baxır, nənə onun anasına baxır və anası bu zaman niyə qızarır?.. Bu, əlbəttə, ümumi gülüş doğurur. Feygele gülməyimizin səbəbini soruşur, biz isə daha ucadan qəhqəhə çəkirik. Məsələ onunla bitir ki, hər üçümüz baxışırıq və yaxşı bilirik ki, bu, nəyə işarədir. Dillənməsək də hər şey məlumdur. Sözə ehtiyac yoxdur. Sözlər yalnız boşboğazlar, qadınlar və vəkillər üçün yaradılıb. Yaxud nə vaxtsa Bismarkın dediyi kimi, sözlər bizə fikirlərimizi gizlətmək üçün verilib. Bəs heyvanlar, quşlar və digər məxluqlar sözsüz necə keçinir? Ağac böyüyüb kök atır, ot bitir, bəyəm onların dili var? Gözlər, cənab, insan gözləri ayrı bir aləmdir! Gözlərin bir anda söylədiyini, gün ərzində danışıb bitirə bilməzsən. Həmin gecə iki dul qadınla baxışlarımız çox böyük məna kəsb edirdi. Unudulmaz baxışlar idi – bütün ömrün poeması, bəlkə də, nəğməsi... İtirilmiş, məhv olmuş üç həyat, sarsılmış üç vücud barədə qəmli romans... Başımız gündəlik qayğılara, bizi qarabaqara izləyən problemlərə elə qarışdı ki, xoşbəxtliyi dadmağa macal tapmadıq, sevgi adlı bulağın suyundan içə bilmədik... “Sevgi” sözü təsadüfən ağzımdan çıxdı. İnanın, bu sözdən əsla xoşum gəlmir. Niyə? Çünki yazarlar bu ilahi sözü elə tez-tez, özü də yersiz işlədirlər ki, həddindən artıq adiləşib. “Sevgi” kəlməsi yazıçıların dilində təhqirə çevrilib. “Sevgi” sözü Tanrıya dua kimi səslənməlidir, sözsüz mahnıya bənzəməlidir, ürəkləri riqqətə gətirən qafiyəsiz şeir kimi söylənməlidir. İndikiləri oxuyanda sanki adamın boğazında kal armud qalır... Bəlkə də, mənimlə razılaşmırsınız, lakin hövsələnizi basın. Çünki ikinci dul qadın barədə əhvalatı bitirirəm. Həm də sevmirəm ki, mən danışanda kimsə əsnəsin... Deyin, başınıza belə bir iş gəlməyib: məsələn, dişiniz bərk ağrıyır, mütləq çəkilməlidir, siz isə günü-günə satıb həkimə getmirsiniz? Nəhayət, cürətə gəlib, diş həkiminin qapısını döyürsünüz. Qapıdakı lövhəni oxuyursunuz: “Filankəs, filankəsov, diş həkimi, qəbul: 8-dən 1-ə və 1-dən 8-ə”... Saata baxıb düşünürsünüz: “Səkkizdən birə, birdən də səkkizə? Hara tələsirəm?”

Evə qayıdıb yenə ağrıdan qıvrılırsınız... Mən də, Roza da bu hala düşmüşdük. Hər səhər evdən çıxanda qarşıma məqsəd qoyurdum: bu gün həsrətə son qoyacağam! Əvvəlcə birinci dul qadınla, yəni anası ilə danışacağam, sonra... onun çöhrəsi qızaracaq, gözlərini aşağı dikib deyəcək: “Etiraz etmirəm, məsələni Roza ilə aydınlaşdırın...” Bu halda, mən birinci dul qadının yanından aralanıb, ikinci dul qadının yanına gələcəyəm və deyəcəyəm: “Qulaq as, Roza, məsələ belədir...” Amma sən saydığını say, gör fələk nə sayır? Dul qadınların evinə gələn kimi, Feygele qarşıma yüyürür, boynumu qucaqlayıb, hətta eynəyimin şüşəsindən öpür. Xahiş edir ki, bu gün mütləq anası və nənəsi ilə danışım, – onlar, yəqin, mənim sözümdən çıxmazlar, – oxumaq, oynamaq, rəqs etmək istəmir, əmisi ilə zooparka getməyi arzulayır! Feygele deyir: “Orda elə meymunlar var ki, gülməkdən adamın qarnı cırılır!..” İndi bacarırsınızsa, uşaqla zooparka gedib meymunlara baxmaqdan imtina edin!

“Belə uşaq olar?” – birinci dul qadın deyinir. “Belə getsə, korlanacaq!” – ikinci dul qadın deyilənləri təsdiqləyir.

Əmi isə dul qadınların narazılığına fikir vermir: uşağı qucağına alıb zooparka, meymunlara baxmağa yollanır... Hər dəfə ortaya bir əngəl çıxır. Günlər, həftələr, illər bir-birini əvəz edir, uşaq böyüyür, artıq elə şeylər var ki, onun yanında danışmaq olmaz və üçümüz öz aramızda belə razılığa gəlirik: gözləmək lazımdır, qoy qız böyüsün, sonra baxarıq. Feygele yetkinlik yaşına çatanda, özünə layiqli oğlan tapanda, guya əl-qolumuz açılacaq, həyatımızı dəyişib yeni ailə qura bilərik. Hərə özlüyündə plan cızır ki, hamımız birlikdə necə yaşayacağıq: cavan cütlük – Feygele əri ilə, yaşlı cütlük – mən və Roza, dul nənə – Payya isə başımızın ağası olacaq... Bəh-bəh! Əcəb həyatdır! Ancaq bir əmma var: Feygelenin yetkinlik yaşına çatıb özünə nişanlı tapacağı günə qədər necə gözləyəsən? Hər kəs yüz il yaşamasa, günah onun özündədir! Adətən, belə deyirlər! Nə isə, bu şablon deyimləri heç sevmirəm! Bəs siz bəyənirsiniz? Lap yaxşı! Bəyənin! Hə, demək, hər kəs yüz il yaşamasa... Feygele böyüdü, özünə nişanlı da tapdı – ancaq yenə əmma çıxdı! Bax burada sizin dediyiniz “psixologiya” başlayır.

Nahaq saata boylanırsınız. Onsuz da bu gün daha heç nə danışmaq fikrim yoxdur. Vaxtdır: dul qadınlar nigaran qalar. Üçüncü dul qadının əhvalatını eşitmək istəyirsiniz? Bizə gəlsəniz, dünya dağılmaz! Qapımız həmişə açıqdır! Məcbur etmirəm! Könüllü gələcəksiniz... Salamat qalın!

İkinci dul qadın barədə bu qədər.

 Üçüncü dul qadın 

Yaxşı ki, məni evdə tapdınız. Düzünü desəm, həmişə evdə oluram, amma hər adama qapı açmıram. Hərənin bir xasiyyəti var... Məsələn, mən xoşlayıram ki, nahar edəndə pişik qarşımda otursun. Pişiksiz süfrə arxasına keçmərəm. Kis-kis-kis! Necə pişikdir? Özü də ağıllı-kamallı! Acından ölsə də icazəsiz bir şeyə əl vurmaz! Hələ tükləri? Xoşunuza gəlir? Əladır, hə? Nə? Pişikləri sevmirsiniz? Ruhani məktəbində beyninizi doldurublar ki, pişiklərdən uzaq gəzin?.. Yaxşı, yaxşı, məni aldada bilməzsiniz, bu nağılları gözəl bilirəm, başqasına söyləyin! Südlü çay? Yoxsa adi? Mən südlü içirəm... İtil!.. Çor dəymiş! Miyoldamağına bax! Süd görəndə ağlı başından çıxır! Yağla arası yoxdur, südü xoşlayır.

Bilirsiniz ki, giriş verməyi sevmirəm, ancaq bu dəfə, deyəsən, onsuz keçinmək olmayacaq... Qarşımdakı adam gülümsəyəndə, ətim tökülür. Bacardıqca gülün, qəhqəhə çəkin, ancaq gülümsəməyin. İndiyə qədər danışdıqlarımın hamısı yadınızdadırmı? Bəlkə, nəyisə unutmuşsunuz, utanmayın, deyin. Bizdən də böyük adamlar, bəzən nəyisə unudurlar. Qorxuram, hər şeyi qısaca xatırlatmalı olacağam.

Pinya adında dostum, Payya adlı arvadı vardı. Qızlarının da adı Roza idi. Pinya öldü və Payya dul qaldı. Mən onun yaxın dostu idim. Ürəyimə çox yatırdı, elə qadın da mənə biganə deyildi. Lakin bu barədə kəlmə də kəsmirdik. Gözəl illərimiz beləcə keçdi. Payyanın qızı Roza böyüdü və ona vuruldum. Şapiro soyadlı cavan bir oğlan peyda oldu. Yaxşı mühasib və əla şahmatçı idi, Roza onu sevdi. Bunu görüb Rozanın anası ilə mübahisə etdik və qərara gəldim ki, ömrümün sonunadək bir daha onların evinə ayaq basmayım. Sözümün üstündə durmadım və ertəsi gün onlara gəldim, ailənin ən yaxın adamı kimi münasibətlər davam etməyə başladı. Roza ilə Şapiroya toy çaldırdıq. Qızın əri bacarıqlı oğlan idi, zavodu təkbaşına idarə edirdi, hətta sahiblərin əvəzinə veksellərə imza da atırdı. Ancaq zavodun əsl sahibləri tezliklə müflisləşib Amerikaya qaçdılar, Şapiro da borcun içində batdı. Nəhayət, dözməyib intihar etdi və Roza dul qaldı. İndi evdə iki dul qadın yaşayırdı: Payya – birinci dul qadın, Roza – ikinci dul qadın. Şapironun ölümündən üç ay sonra Feygele dünyaya gəldi. Bu körpəni üçümüz də ürəkdən sevirdik, bütün asudə vaxtımızı qızcığaza həsr edirdik. Birinci dul qadına olan məhəbbətim, ikinci dul qadına olan sevgi romanım illər boyu uzanırdı. Belə qərara gəlmişdim: qoy Feygele böyüsün, yetkinlik yaşına çatsın, onda vəziyyətə baxarıq... Xahiş edirəm, mən danışanda kitaba boylanmayın – yaxşı vərdiş deyil! Rica edirəm, söhbətə diqqətlə qulaq asın, çünki yeni əhvalat başlayır.

Barəmdə nə istəsəniz düşünə bilərsiniz, fanatik deyiləm, heç vaxt tərs adam olmamışam. Həmişə zamanla ayaqlaşmağa çalışmışam. Adamlardan geri qalmamışam, gənc nəslin yeniliyə can atmasını görüb sevinmişəm, kimsəyə sədd çəkməmişəm, badalaq vurmamışam.

Özünü hamıdan ağıllı sayanların təkəbbürlü iddialarına dözə bilmirəm: necə olur ki, dünən yumurtadan çıxan cücə, bu gün toyuğa yaşamağın yollarını öyrədir? Birinci yumurta yaranıb, yoxsa toyuq?.. Səfehlər! Yumurtadan təzə çıxan cücə qiymətlidir! Bacarıqlıdır! Ağıllıdır! Biz, yaşlı nəsil, cavanların sözünü diqqətlə dinləməliyik, çünki gənc adamın beyni itidir, oxuyub-öyrənir, araşdırır, axtarır, tapır, kəşf edir. Bəs necə! Yoxsa ki, köhnəlikdən toz basmış, kif bağlamış, özünü müdrik sayan, hərəkət etməyə taqəti qalmayan qocalar! Düzdür, müasir cavanlara acığım tutur, çünki bizi saymır, vecə almırlar, deyirlər, guya eşşək bizdən yaxşıdır, onların nəzərində biz, ümumiyyətlə, adamlıqdan uzağıq. Yəni, mövcud deyilik, buxarlanmışıq! Yoxuq, vəssalam!.. Təsəvvür edin, bizə, yəni dul qadınların evinə, daha doğrusu, Feygelenin yanına üç dənə ana uşağı gəlir. Tələbədirlər, ya kimdirlər, Tanrıdan başqa, kimsə bilmir! Qara köynək geyinirlər, saçları da uzun. Ay uşaq, kimsən? Dillənmirlər! Gəl ki, danışanda ağızlarına çullu dovşan yerləşmir, Musa peyğəmbəri yox, Karl Marksı Tanrı sayırlar! Yaxşı da, nə deyirəm, sayın! Buna görə özümü öldürməyəcəyəm ki? Sosializm ideyaları elə mənə də yad deyil, kapitalın, proletariatın, iqtisadi mübarizənin və başqa şeylərin nə demək olduğunu yaxşı bilirəm... Əslinə qalsa, özüm də... Sevinməyin, ideya baxımından menşeviklərə yaxın yəhudi millətçi partiyası – “Bund”a üzv yazılmamışam, Tanrının gözündən iraq, amma yorğan altında yatanlardan da deyiləm!

Demək belə, haqqında söhbət açdığım bu üç oğlan hər gün bizə gəlir. Biri Finkel, ikincisi – Bromşteyn, üçüncüsü isə Qruzevişdir. Qapını təpiklə açırlar, elə bil öz evləridir, çünki bizim dul qadınların bu oğlanlardan ötrü ürəyi gedir, əziz qonaq kimi  yuxarı başda əyləşdirirlər, ən ləziz yeməkləri düzürlər süfrəyə! Öpüb gözlərinin üstünə qoymağa, canlarını verməyə hazırdırlar! Bu gül balalardan biri əvvəl-axır Feygelenin nişanlısı adını daşımağa namizəd olacaq. Daha doğrusu, hər üçü namizəddir, amma Feygele üçünə də birdən ərə gedə bilməz axı!  Mütləq birini seçməlidir. İndi gəl tap görüm hansını? Bu mövzuda danışmağa belə imkan vermirlər! Oğlanlar özlərini çox sərbəst aparır, kimsənin rəyini soruşmurlar. Bir də ki, kimdən soruşsunlar? Anadan? Ana onların nəyinə gərəkdir? Gözəl çöhrəli qadındır, vəssəlam! Nənədən? Nənəni sayan var? Nənə, onların gözündə, evdar qadındır, vəzifəsi qonaqlara süfrə açmaq, ləziz yeməkləri ortalığa düzməkdir. Bir də nəzarət etməlidir ki, qonaqlar ac qalmasın, doyunca yeyib-içsinlər... Qaldı bir nəfər... Məndən heç danışmağa dəyməz. Onlar üçün kiməm? Süfrə arxasında artıq yer tutan adam. Bir dəfə də olsun mənimlə ünsiyyətə cəhd göstərməyiblər! Yalnız “duzu verin”, “istiotu olar?”, “qəndqabını yaxına çəkin”, ya da kibrit soruşurlar, özü də hər dəfə “xahiş edirəm” deməyi unudurlar. Elə bil lal-kardırlar, siqareti ağızlarına qoyub təlxək kimi işarə edirlər ki, yandırmağa kibrit verim. Vəssəlam! Bəzən görürlər ki, tək oturmuşam, gəlib yanımda əyləşirlər və öz aralarında söhbətə başlayırlar. Mənimlə kəlmə də kəsmirlər, özlərini elə aparırlar ki, guya məni görmürlər. Hətta nəzakət xətrinə də mənimlə danışmaq istəmirlər. Onlar üçün yoxam! Gözəgörünməzəm! Yəqin, başa düşürsünüz, söhbətə birinci başlayan deyiləm, başqaları kimi yaltaqlıqla özünü gözə soxmağı, lüzumsuz yerə kiminsə üzünə gülməyi xoşlamıram. Dünyaya elə bir adam gəlməyib ki, onun qarşısında baş əyim. Təkəbbürə görə yox... Bir də ki, lap elə təkəbbürlüyəm, nə olsun? Bunu, necə istəyirsiniz adlandırın, rəyiniz məni əsla maraqlandırmır! Mənəm-mənəm deyən, yalnız özündən danışan adamları sevmirəm. Sizə bu gül balalardan danışıram, vəhşi idilər. Bir dəfə soruşdum ki, aranızda şahmat oynayan var? Həmin an onların sifətini görəydiniz! Qəhqəhələrini eşidəydiniz! Burda gülməli nə var? Sosialist olub, eyni zamanda şahmat oynamaq qəbahətdir? Məncə, Karl Marks bizdən inciməz! Hünərin var, onlarla danış... Ancaq məsələ bunda deyil... Feygeleyə məəttəl qalmışam: dostlarına qoşulub gülməkdən uğunur! Onların ağzından çıxan hər bir kəlmə Feygele üçün müqəddəs sayılır. Niyə? İndiki gənclər kimə sitayiş edir? Bu nə fanatizmdir? Karl Marks müəllimdir, biz də onun layiqli davamçılarıyıq. Bəyəm Marksdan başqa, dünyada başqa adam yoxdur? Bəs Kant necə oldu? Spinoza hara getdi? Şopenhauer niyə unudulub? Bəs Şekspir, Heyne, Şiller, Spenser və yüzlərlə başqa dahilər? Yəni onlar bir kəlmə də olsun müdrik kəlam söyləməyiblər? Qoy Karl Marksın müdrik kəlamlarından olmasın, axı bu dahilərin də xeyli ibrətamiz sözləri var. Yaranın üstünə duz səpməyə imkan verənlərdən deyiləm, lovğalanan adamları da sevmirəm, ona görə hərdən onları sancmaqdan həzz alıram. Sən ağıllısan, mən dəli? Sən bir söz deyirsən, mən isə onun əksini, indi əlindən gələni beş qaba çək! Bir dəfə söhbətlərini eşidirəm, deyirlər, qraf Tolstoy rəzil adamdır. Mən Tolstoyun qızğın fanatiklərindən deyiləm, onun fəlsəfəsini və İsa haqqında yeni təlimini bəyənmirəm. Amma bir sənətkar kimi, Tolstoy mənim üçün Şekspirdən heç də az əhəmiyyət kəsb etmir. Özünüz bilərsiniz, istəyirsiniz razılaşın, istəmirsiniz yox! Xasiyyətimə  bələdsiniz... Bilərəkdən Tolstoyun kitabını gətirib Feygeleyə verirəm. Bir görəydiniz necə sifətini turşudub kitabı kənara itələdi? Niyə? Çünki bu oğlanların – Finkel, Bromşteyn və Qruzeviçin Tolstoydan zəhləsi gedir.

  Özümü saxlaya bilmədim, hirs vurdu təpəmə (hərdən, istəyəndə şuluqluq da sala bilirəm) və hər üçünə dişimin dibindən çıxanı dedim...

Bir görəydiniz, necə coşdular! Qatı fanatların sitayiş etdiyi adamı təhqir etsəydin, onlar bu cür coşmazdılar!

Hər iki dul qadın araya girdi – əks təqdirdə qalmaqal böyüyəcəkdi! Sonra anladım ki, səfeh iş tutmuşam, çünki axırda üzr istəməyə məcbur oldum. Bilirsiniz niyə? Çünki Feygele belə istədi! O, nəsə istədisə, mütləq həyata keçməlidir. Məsələn, əgər desə ki, bu evi söküb başqa yerə daşımaq lazımdır, etiraz ola bilməz!

Bu qız nəinki məni heyran qoymuşdu, hətta varlığıma hakim kəsilmişdi, iradəmi qırmışdı, qula, alətə çevirmişdi. Təkcə məni yox, özünə nişanlı seçimi ilə də hamını məəttəl qoymuşdu... Qruzeviçi bəyənmişdi. Oğlan kimya fakültəsinin üçüncü kurs tələbəsi idi, deməzdim, canlara dəyəndi, dostlarından bir o qədər də fərqlənmirdi. Qarşımıza bundan da pisi çıxa bilərdi, Tanrı bizi qorudu. Əvvəla yaxşı ailədən idi. Bu, vacib şərtdir. Nə istəyirsiniz deyin, ancaq bu, heç də əhəmiyyətsiz məsələ deyil. Sakit olun, var-dövləti nəzərdə tutmuram. Ona işarə edirəm ki, nəsil, kök  az məna kəsb etmir. Əgər savadsız, cahil ailədən çıxmısınızsa, nə qədər ziyalı olsanız da, son nəticədə kobudluq və qabalıq özünü büruzə verəcək. Qruzeviçin digər üstün cəhətləri barədə danışmaq istəmirəm. Düzünü desək, bu cavanlar özlərini heç də pis aparmırdılar, ədalətli, tərbiyəli və nəcibdilər. Amma adam içində sanki oyun oynayırdılar. Dediklərinə haqq qazandırmaq üçün elə dəlil-sübut gətirirdilər ki, məəttəl qalırdın. Necə deyərlər, oğru elə bağırdı ki...

Gəlin, boş fəlsəfəyə vaxt itirməyək! Bizim Feygele on yeddi yaşında həmin bu Qruzeviçə ərə getdi. Toyun necə keçməsi, neçəyə başa gəlməsi, xərcin kim tərəfindən ödənilməsi və sevincimizin həddi-hüdudu barədə bütün xırdalıqları danışıb vaxtınızı almaq istəmirəm. Yeganə qızını şəxsən anası Roza kəbinə apardı, nənəsi Payya isə sevincdən uçurdu – zarafat deyil, nəvəsi ərə gedir! Mən axmaq isə... Axı mən niyə sevinirdim? Evin kiçik xanımını ərə verirdim, ona görə? Nə isə, sevincimizin ömrü uzun sürmədi – şənbə və bazar! Toydan üç gün sonra bizim Qruzeviçi əhəmiyyətsiz bir işlə əlaqədar harasa çağırdılar: bir anbarda bomba və dinamit aşkar olunmuşdu, oğlan isə kimyagər idi, özü də savadlı, bacarıqlı. Ondan şübhələnmişdilər. Əllərinə bir neçə məktub keçmişdi... Nə isə, atdılar oğlanı həbsə...

Bundan sonra əzablı günlərim başladı – qaçhaqaç, qovhaqov, ona minnət, buna rüşvət... Bütün cəhdlər boşa çıxdı! Geriyə də yol yox, çünki deyir oldun dəyirmançı... On yeddi yaşlı Feygelenin üzgün çöhrəsini görəndə ürəyimdən qara qanlar axırdı. Anası Roza ondan da pis hala düşmüşdü! Hələ nənəsi Payyanı demirəm! Ailə sanki Tanrının bəlasına gəlmişdi. Üstəlik, bildirim ki, işlər çox pis gedirdi, əldə qalan pullar xərclənmişdi. Ona görə də evi girov qoydum. Pullar bir göz qırpımında qurtardı, məcbur qalıb dükanı satdım... Özümü bacarıqlı, tədbirli adam kimi təqdim edib öyünmək istəmirəm. Sadəcə dul qadınların durumunu anlatmağa çalışıram: bir dəfə ağızlarını açıb soruşmadılar ki, dolanışıq və digər işlər üçün xərclənən bu pullar hardandır? Ailənin maddi durumu necədir? Sabaha ümid var, ya yox? Əsla! Bu məsələ onları zərrə qədər də maraqlandırmırdı! Hər şeyin qayğısına mən qalmalıyam! Çıxış yolunu yalnız mən tapmalıyam! Özümü oda-közə vurmalıyam! Məni buna nə sövq edir? Hardan bilim? Mənim yerimdə olsaydınız bu adamlarla necə rəftar edərdiniz? Məsələ burasındadır ki, bu üç qadından hansının daha yaxşı olduğunu müəyyən edə bilməmişdim. Onların sözlərinə, əməllərinə əsəbiləşirdim, hərdən inciyib küsürdüm. Ürəyimdə onların qarasına deyinə-deyinə evə qayıdırdım, özümə söz verirdim ki, bu gündən xoş rəftara, yaxın münasibətlərə son qoyacağam. Amma ertəsi gün gəlib onların məsum gözlərini, nisgilli çöhrəsini görəndə, cingiltili səslərini eşidəndə kin-küdurətdən əsər-əlamət qalmırdı. Özümü onlara görə yenidən oda atmağa hazır vəziyyətdə hiss edirdim. Tanrının zavallı və məzlum bəndələri! Əlacım nə idi? Feygele barədə heç danışmağa dəyməz. Maqnit kimi adamı özünə cəlb edir. Ecazkar baxışlarından doymaq olmur, bu gözlər adamın ağlını başından çıxarır!.. Üzr istəyirəm, bunu sizə yox, özümə deyirəm, çünki bu qız Qruzeviçə ərə getməklə məni dəli eləmişdi. Qruzeviçin adı Mişa idi. Dul qadınların sevimlisinə çevrilmişdi. Adı dillərindən düşmürdü, bütün günü bu oğlandan danışır, yalnız onun qayğısına qalırdılar. İndi isə gərək hamı farağat dayansın, kimsə yatmasın, dilinə heç nə vurmasın, su içməsin. Niyə? Çünki Mişanın başı dərddədir! Mişanı həbs ediblər! Məhkəməsi olacaq! Mişanı mütləq xilas etmək lazımdır! Demək asandır! Onu həbsdən necə qurtarmaq olar? Görüş vermirlər! Nə məni, nə də doğmalarını yanına buraxırlar! Anladım ki, vəziyyət həddindən artıq ağırdır, ən yaxşı halda onu sürgün, pis halda isə dar ağacı gözləyir!.. Görürəm, yeriniz narahatdır, bura, pəncərəyə yaxın əyləşin. Deyəsən, söhbət sizi bezdirdi, hə? Heç nə olmaz! Mən sizdən də çox bezmişəm! Sizə nə var ki! Əhvalatı dinləyib (indi yekunlaşdırıram) sakitcə evinizə gedəcəksiniz, mən isə həyatımın acılarıyla təkbətək qalacağam.

Ay səni, unutdum, harda qalmışdıq? Hə, məhkəmənin hökmündə: edam cəzası verdilər. Yəqin, dəfələrlə qəzetlərdə oxumuşsunuz, bu gün filan yerdə iki nəfəri edam etdilər, dünən filan yerdə üç nəfəri dar ağacından asdılar. İndi adam başı kəsmək, toyuq başı kəsməkdən asandır. Siz isə özünüzü elə göstərirsiniz ki, guya dünya vecinizə deyil. Yırğalanan kresloya yayxanıb bihuşedici qoxu saçan Havana siqarından tüstülədirsiniz, yağlı  kökə ilə bir fincan qəhvə içirsiniz. Orda isə sizə yaxın bir adam, bəlkə də, qəlbində, damarlarında həyat eşqi çağlayan əziziniz dar ağacından sallanır, ölümün pəncəsində çırpınır, son nəfəsini verir. Özünüzü necə hiss edərdiniz? Cəlladların aman vermədiyi insanın meyiti hələ soyumayıb, qıc olub, bunu necə, təsəvvürünüzdə canlandıra bilərsinizmi? İnsana olmazın əzablar verirlər, o, bu əzablardan qurtulub tezliklə ölmək istəyir, amma cəllad ipi onun boğazına möhkəm bağlamayıb, ip bu talesiz adamın ağırlığına davam gətirməyib qırılır, o, yarıcan halda yerə yıxılır, nə sağdır, nə də ölü, yalnız gözündəki son həyat işartısı ilə yalvarır ki, daha dözə bilmirəm, işimi bitirin. Nə dediniz? Bu barədə danışmağı sevmirsiniz? Yaman tərssiniz. Elə mən də sizin kimi! Təsəvvür edin, Mişaya görə haralara getmədim, kimlərin qapısını döymədim, onun edam vaxtını dəqiqəsinə, saniyəsinə kimi bilirdim. Sonradan qəzetdə oxudum ki, üç nəfərdən biri (üç adamı eyni vaxtda edam ediblər) ölümlə xeyli çarpışıb, cüssəli bədəninə (soyadı Bronşteyndir) görə onu iki dəfə asmağa məcbur olublar... Qəzetlər belə yazmışdı, biz də oxumuşduq, daha doğrusu, mən və Roza. Qəzetləri nənə və nəvədən gizlətmişdik...

Evdə dulların sayı artdı: üçüncü dul qadın!.. Ev yasa qərq oldu, hər otaqda ölü, cansız bir nisgil dolaşırdı, həyatın bütün rəngləri solmuşdu, nə danışan vardı, nə gülən. Bu nisgili təsvir etmək mümkün deyil, əks təqdirdə, onu hörmətdən salmış olursan. Sizin yazıçılar, bəlkə də, bu nisgili lağa qoyardılar. Amma bu nisgil barədə susmaq da mümkün deyil. Hər şey keçmişdə qalıb, xatirələrdə yaşayır. Üç dul qadın – üç fərqli həyat. Dolğun yox, yarımçıq həyat, daha doğrusu, həyatın bir parçası. Həyat çox gözəl başlamışdı, ömür səhifələri poeziya filmələrinə bənzəyirdi, parlaq işıq saçırdı – bir anın içində söndü!.. Özümü kənara qoyuram. Elə hesab edin ki, mən yoxam. Yəni hər gün onlara gəlirəm, səhərdən-axşama qədər oturub ötən illərdən danışır, xoşbəxt günləri xatırlayırıq: dünyadan köçmüş əziz dostum Pinyadan, ədalətli və alicənab Şapirodan, qəhrəman Mişa Qruzeviçdən. Sonradan qəzetlər yazmışdı ki, o, kimya sahəsində dahi imiş... Hər dəfə dul qadınlardan ürək ağrısı ilə ayrılıb özlüyümdə fikirləşirəm: həyatımı niyə belə səfehcəsinə uduzdum? İlk səhvimi harda və necə buraxmışam? Bəs son səhvim necə olacaq? Hər üçünü ürəkdən sevirəm, əziz adamlarımdır, üçündən biri mənim ola bilərdi. Bəlkə, indi də gec deyil... Hər üçü məni bəyənir, amma heç birinə lazım deyiləm, mənsiz keçinə bilmirlər, bununla belə, özümü onların heç birinə sırımıram. Bir gün gəlməyəndə aləm qarışır, yarım saat artıq oturanda isə görürəm ki, utanıb-çəkinmədən məni yola salmağa bəhanə axtarırlar. Mənimlə məsləhətləşmədən heç bir iş görmürlər, amma hansısa məsələ barədə iradımı bildirəndə deyirlər ki, hər işimizə qarışırsan!.. Özümdən çıxıb yollanıram evə, qapı-pəncərəni bağlayıb pişiyimi alıram qucağıma, xidmətçiyə tapşırıram: soruşan olsa, de ki, yoxdur, səfərə gedib! Otuz altı ildir yazdığım gündəliyi əlimə alıram. İnanın, çox maraqlı gündəlikdir. Başqaları üçün yox, özüm üçün yazıram. Sizin ədəbiyyatçıların cürəti çatmaz belə şeylər yazmağa! Bəlkə, nə vaxtsa, gündəliyimi sizə göstərərəm, amma başqalarına, milyonları ayağımın altına səpsələr də, vermərəm!..

Yarım saat keçməmiş qapı döyülür.

“Kimdir orda?” – “Dul qadınlar xidmətçini göndəriblər, sizi nahara dəvət edirlər. Nə cavab verək?” – “Deyin, indi gəlirəm”.

Əzizim, indi sözünüz nədir? Sizin “psixologiya” bu barədə nə deyir?.. Getməyə tələsirsiniz? İcazənizlə, sizə qoşulum. Dul qadınların yanında olmalıyam. Bircə tapşırım ki, pişiyə yemək versinlər, birdən orda ləngidim, səhərə qədər oturmalı oldum. Kartı bilirsiniz də... Başımız qarışır preferansa. Puldan oynayırıq. Udmağı kim sevmir? Kim düz oynamasa, işi bitdi: ya mən onların üstünə düşürəm, ya da onlar mənim. Kartda səhv buraxan gözümün düşmənidir: canını almağa hazıram!

Bu təbəssümlə nə demək istəyirsiniz? İnanın, nə düşündüyünüzü bilirəm. Çünki sizə yaxşı bələdəm. Amma vecimə deyil. Bax indi mənim barəmdə fikirləşirsiniz: “Qoca, islaholunmaz, deyingən subay...”

Üç dul qadın barədə bu qədər.