Elektron ədəbiyyat və sənət portalı

Kinoteatrlar şəbəkəsinin sürətlə genişlənməsi tərəqqinin başlıca əlamətlərindən idi

Bölmə: Mədəniyyət 08.01.2018

1914-cü ildə Birinci Dünya müharibəsinin başlanması cəmiyyətin həyatında müəyyən gərginlik yaratsa da, sosial-iqtisadi və mənəvi inkişafın qarşısını ala bilmədi. Rusiya imperiyasının mərkəzində olduğu kimi, “ucqarlarda”, o sıradan Azərbaycanda da ictimai fikrin oyanışı, siyasi və mədəni proseslərin gedişi əhalinin mənəvi dirçəlişini şərtləndirirdi. Təxminən yüzillik əsarət altında qalan, imperiyanın müxtəlif formalarda həyata keçirdiyi ruslaşdırma siyasətini addımbaşı duyan xalq kütlələri aparıcı ziyalıların təbliği sayəsində türkçülüyün mahiyyətini anlamağa can atırdı. Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun, Məhəmməd Əmin Rəsulzadənin, Ə.Topçubaşovun yaratdıqları və istiqamətləndirdikləri mətbuat vasitələri gündən-günə genişlənən bolşevik təbliğatına qarşı amansız mübarizəyə başlamışdı. Milli təfəkkürdən yaranmış sənət əsərləri yad fikrin doğurduğu cəfəngiyyat içərisindən özünə, çətinliklə də olsa, yol açırdı.

Bu illərdə Bakının iqtisadi inkişafı görünməmiş səviyyəyə çatmışdı. 1863–1913-cü illərdə şəhər əhalisinin sayı 16,7 dəfə artmış, 434 min nəfərə çatmışdı. 1913-cü il statistikasına görə, Bakı, əhalisinin sayına görə Peterburq, Moskva, Kiyev və Odessadan sonra Rusiyada 5-ci yeri tuturdu. Bu dövrdə Rotşild, Nobel, Şibayev, Tağıyev, Mirzəyev, Nağıyev, Əsədullayev, Muxtarov kimi neft maqnatları var idi. Həmin illərdə Rusiya neftin, demək olar, hamısını Bakı quberniyasından alırdı.

Məhz belə bir şəraitdə kinematoqraf Azərbaycanın ictimai-mədəni həyatında öz yerini müəyyənləşdirməyə çalışırdı. Müharibənin doğurduğu çətinliklər kino sahəsində tərəqqiyə mane ola bilməmişdi. Bir-birinin ardınca açılan kinoteatrlar, səhmdar cəmiyyətləri, prokat nümayəndəlikləri, kinoatelyelər Bakının kinematoqrafik həyatının nə qədər canlı olmasından xəbər verirdi. Bakıya dəvət olunan kino mütəxəssisləri – mexaniklər, operatorlar, rejissorlar ekranla bağlı biliklərin kütlələr arasında geniş yayılmasında mühüm rol oynayırdılar.

Kinoteatrlar şəbəkəsinin sürətlə genişlənməsi mövcud tərəqqinin başlıca əlamətlərindən idi.

Yerli sənayeçilər, tacirlər, əcnəbi milyonçular kinodan qazanc götürmək imkanını əldən verməməyə çalışır, kinoteatrlar açırdılar. “Elektro-teatr”, “Elektro-kinoteatr” “Bayoqraf”, “Elektro-bayoqraf”, “Yeni bayoqraf”, “Elektro-illüzion”, “Sinema-teatr”, “Sinema” adlanan bu kinoteatrların, demək olar ki, hamısı (təkcə “Ay-Ulduz” elektro-teatrı türkcə adlandırılmışdı) təmtəraqlı fransız, ingilis, rus adları daşıyırdı.

Bakının ilk kinoteatrı – “Fenomen” 1910-cu ildə bulvarda (indiki A.Şaiq adına Dövlət Kukla Teatrının binası) tikilmişdi. Kinoteatrın damında təmtəraqlı yay restoranı işləyirdi, burada prokat kontorlarının Bakıya gətirdikləri ən yaxşı filmlər nümayiş etdirilirdi. Bu kinoteatr 1921-ci ildə əsaslı təmirdən sonra bolşevik hökumətinin iradəsi ilə “Tənqid-təbliğ” fəhlə teatrına çevrildi. Bulvarda “Fenomen”dən başqa, “Olimpiya” sinematoqrafı tikmək də nəzərdə tutulmuşdu. Lakin həmin tikilinin dəniz mənzərəsinə xələl gətirəcəyindən qayğılanan şəhər rəhbərliyi onun inşasına icazə vermədi.

“Edison” elektro-teatrının daşdan tikilmiş nəhəng binası tamaşaçıların diqqətini çəkirdi: ekranı, kiçik səhnəsi və rahat salonu müştəriləri razı salırdı. Burada komik və dramatik filmlər daha çox nümayiş etdirilirdi. Sonralar kinoteatrın səhnəsində Boris Renskinin caz kollektivinin və Leonid Utesovun konsertləri olmuşdu. İndi həmin kinoteatrın yerində “Sahil” metrostansiyasının vestibülü yerləşir. “Forum” kinoteatrının daşdan tikilmiş ikimərtəbəli binasının birinci mərtəbəsi qış zalı üçün ayrılmışdı. İkinci mərtəbədə isə örtüyü, səhnəsi və meydançası olmayan, yalnız axşamlar işləyən yay salonu yerləşirdi. Bolşaya Morskaya (indiki Bülbül prospekti) küçəsində yerləşən kinoteatrın yerində sonralar Mərkəzi Bankın (köhnə) binası inşa olundu.

“Qafqaz və Merkuri” kinoteatrı bulvarda, sərnişin limanının yaxınlığında yerləşirdi. “Qafqaz və Merkuri” cəmiyyətinə məxsus olan kinoteatrda qısametrajlı mənzərə filmləri nümayiş etdirilirdi.

“Furor” sinematoqrafı Böyükşorda, Nobel şəhərciyinin yaxınlığında inşa edilmişdi. Möhtəşəm binadakı 250–300 nəfərlik tamaşa zalında film nümayişindən əvvəl fortepianoda musiqi parçaları ifa olunur, bəzən də milli üçlüyün (tar, kamança, qaval) çıxışları təşkil edilirdi. Filmlərin nümayişi, adətən, fortepianoda ifa ilə müşayiət olunurdu. Ümumiyyətlə, həmin dövrdə Bakıda mövcud olan 30-dan çox kinoteatrın ən kiçiyi Sabunçu stansiyası yaxınlığında, “Nobel şəhərciyi”nin pilləkənləri altında yerləşən “Mars” kinoteatrı idi.

Sovet dövrünün kinoşünaslığında 1920-ci ildən əvvəlki dövrlə bağlı fakt və rəqəmlər qəsdən təhrif edildiyindən, uzun müddət həmin illərdə kino nümayişinin də aşağı səviyyədə olduğunu düşünmüşük. Məsələn, Sovet hakimiyyətinin ilk illərində tərtib olunmuş arayışda göstərilirdi ki, “1914–1915-ci illərdə Azərbaycanda cəmi 7 kinoteatr vardı, 1919–1920-ci illərdə isə onların sayı 6-ya enmişdi; 1929–1930-cu illərdə kinoteatrların sayı artıb 20-yə çatmışdı”. Halbuki, faktlar real vəziyyətin tamam başqa olduğundan xəbər verir.

Kinoteatrların filmlərlə təchiz olunmasında bir-biriylə rəqabət aparan “Pate” və “Qomon” firmaları ilə yanaşı, Rusiyanın ayrı-ayrı səhmdar cəmiyyətləri, müştərək qurumlar da iştiak edirdilər. İldən-ilə artan prokat fondunda Orta Asiya və Azərbaycanı filmlərlə təchiz edən “Levin və Ko” müştərək qurumu aparıcı yerlərdən birini tuturdu.

Bu dövrdə Bakı kinoteatrlarında nümayiş etdirilən filmlərin janr müxtəlifliyi də maraq doğuran cəhətlərdən biridir. Dövri mətbuatda və afişalarda ekran əsərləri tamaşaçılara “dram”, “həyati dram”, “komediya”, “faciə”, “xronika” adları altında təqdim olunurdu.

Məsələn, həmin illərdə kinoteatrların repertuarına daxil olan “Arşın mal alan”, “Ünvansız məhəbbət”, “Kino artistliyinə imtahan”, “Köhnə qarğa”, “Maks – zorən təbib”, “Kazimir tanqo öyrənir”, “Oğurlama” filmləri komediya, “Öldürmüşəm, ancaq günahkar deyiləm”, “Qəhrəman və kütlə”, “Qraf Monte-Kristo” (3 seriya), “Qana bələnmiş xoşbəxtlik”, “Ölümünə bir saat qalmış”, “Allahverdi”, “Tufan”, “Cənub gecələrinin sirri”, “Dəhşətli ölüm”, “Xeyirxah fırıldaqçı” filmləri dram, “Yuxuda və aşkarda” melodram, “Hörümçəyin caynağında” həyati dram, “Ağlın tərpənməsi”, “Morfinist qız” faciə, “Belikosel qulduru” macəra və s. kimi müxtəlif janrları əhatə edirdi. Həmin illərdə nümayiş etdirilən filmlər arasında “Qomon” firmasının xroniki-sənədli süjetlərinə də rast gəlmək mümkündür.

1905-ci ildən (sovet tarixşünaslığında “Birinci Rus inqilabından sonrakı dövr” adlandırılır) sonrakı dövrdə mətbuatın inkişafı da sürətlənmişdi. Müxtəlif təfəkkür və düşüncə yönlərini, siyasi-ideoloji cərəyanları, partiya və qrupları təmsil edən qəzet-jurnallar gündəlik sosial-iqtisadi xəbərlərlə yanaşı, Azərbaycanın mənəviyyatına, tarixinə, ədəbiyyatına və incəsənətinə də yer ayırırdılar. Dövrün mətbuat orqanlarında teatrımızın, musiqimizin, maarifimizin müxtəlif prosesləri əks olunurdu. Türkcə nəşr olunan “Açıq söz”, “Sovqat”, “Taleyin sübhü”, “İqbal”, “Füyuzat”, “Babayi-Əmir”, rusca çıxan “Kaspi”, “Bakinets”, “Baku”, “Biç”, “Byulleten injenerov Bakinskoqo okruqa”, “Djiqit”, “Duxovnoe xristianstvo”, “Kavkazskaya kopeyka”, “Kavkazskiy teleqraf”, “İskra” və s. qəzet-jurnallar kino aləmində baş verən proseslər haqqında oxuculara məlumat verir, tamaşaçılara kino texnikası ilə bağlı bilikləri təbliğ edir, öz səhifələrində kinoteatrların repertuarı barədə elanlar dərc edir və filmlərə yazılmış resenziyalara, az da olsa, yer ayırırdılar. Bu məlumatlar əsasında, demək olar ki, Bakının o dövrdəki kino mühitinin mənzərəsini təsəvvür etmək olar.

Məlum çevrilişdən əvvəlki illərdə mətbuatda kinofilmlərin çəkiliş prosesi haqqında ətraflı məlumata rast gəlinmir.

Yalnız “Bakinets” qəzetinin 1916-cı il mart nömrələrinin birində ““Filma” səhmdarlar cəmiyyəti Bakıda süjeti İbrahimbəy Musabəyovun romanından alınmış, müsəlman həyatından bəhs edən filmin çəkilişi ilə məşğuldur” cümləsinə rast gəlmək mümkündür. Burada roman və filmin çəkiliş qrupu, eləcə də aktyorlar barədə məlumat verilmədiyindən, bunu mətbuatın kinematoqrafa diqqəti adlandırmaq çətindir. “İqbal” qəzeti isə təxminən həmin vaxtlar yazırdı: “Kinematoqraf elə bir şey deyildir ki, onun məzmunu qəzet sütununa düşsün və qəzet götürüb ona “tənqid və resenziya yazsın”. Məhz elə bu fikir ötən əsrin əvvəllərində mətbuatın Azərbaycan həyatından çəkilən filmlərin yaranma prosesinə münasibətini ortaya qoyur.

Bununla belə, Azərbaycanda kinematoqrafın inkişafına ədəbiyyatın və teatrın uğurları da böyük təsir göstərirdi. Təsadüfi deyil ki, kinonun müraciət etdiyi ilk əsər məhz o dövrdə həddən artıq məşhur olan İ.Musabəyovun “Neft və milyonlar səltənətində” romanı oldu. Həmin illərdə çox populyar olan teatr sənətçiləri Abbas Mirzə Şərifzadə, Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Ələkbər Hüseynzadə, Mirzə ağa Əliyev, Hənəfi Terequlov, Möhsün Sənani və başqaları ilk bədii Azərbaycan filmlərinə çəkildilər. Abbas Mirzə Şərifzadə və Hüseyn Ərəblinskinin rəhbərlik etdikləri teatr truppaları səhnə sənətinin tərəqqisi yolunda göstərdikləri xidmətlərlə yanaşı, Azərbaycan kinosunun yaranmasına da öz töhfələrini verdilər.

Təbii ki, kinematoqrafın sirlərinə bələd olan milli kadrların yoxluğu Azərbaycan kinosunun formalaşmasını xeyli ləngitdi. Hər halda, teatr aktyorlarından başqa, 1920-ci illərin əvvəllərinədək kino prosesində iştirak edən, kino texnikasından və çəkilişindən baş çıxaran kadrlar yox idi. Ona görə də ilk filmlərin gerçəkləşdirilməsi üçün vacib olan rejissor, operator, mexanik və digər kino mütəxəssisləri Peterburqdan, Moskvadan, Kiyevdən, Tiflisdən dəvət olunurdular. Üstəlik, Pirone qardaşlarının “Filma” səhmdar cəmiyyətinin sahibləri milli kinematoqrafların inkişafında maraqlı deyildilər. Məsələn, rejissor Vladimir Barski 1915-ci ildə cəmiyyətin dəvətini qəbul edərək Bakıya gəlmiş, ilk bədii filmin çəkilişi üçün hazırlıq görməyə başlamışdı. O, lentin mövzusunun seçilməsində yerli materiala – Azərbaycan ədəbiyyatına müraciət etdiyinə görə “Filma”nın rəhbərliyi onu Tiflisə çağırıb, “seriya filmlər çəkməyi” tapşırdı. 1915-ci ildə burada yerli rejissor L.Susunava ilk milli gürcü bədii lentini – “Xristine” filmini çəkəndən sonra “Filma”nın mövqeyi zəifləməyə başladı. V.Barskinin “Başsız meyit” və “De, niyə?” filmləri uğursuzluğa düçar olandan sonra milli mövzulara müraciətin qaçılmazlığı aşkara çıxdı.

“Neft və milyonlar səltənətində” filminin uğuru görkəmli mədəniyyət salnaməçimiz Qulam Məmmədlinin şəhadətinə görə, “müvəqqəti yüngül gəlir həvəsində olan milyonçuların “Filma” səhmdar cəmiyyətinə olan marağını artırdı və bir çoxları həmin şirkətə üzv yazıldılar. Kino istehsalına maraq elə bir dərəcəyə çatdı ki, Bakıda “Fransız kinoteatrı”nın sahibi olan Mirzə Ağa adlı birisi lent hazırlayan “İslam şirkəti”ni yaratmaq istədi. O, bu şirkət üçün 100 min manatlıq kapital lazım olduğunu müəyyənləşdirib, bir neçə Bakı milyonçusuna, o cümlədən Tağıyevə müraciət etdi, “İslam şirkəti”nin daha tez təşkil olunması fikrini irəli sürdü.

Bütün bu təşəbbüslər, şübhə yoxdur ki, ilk növbədə pul qazanmaq məqsədi güdürdü, çəkiləcək filmlərin bədii səviyyəsi və ideya istiqaməti ilə maraqlanan yox idi. “Tez olsun, çox qazanc gətirsin” fikri hər şeydən üstün sayılırdı. Belə olmasaydı, Qafqaz həyatını əks etdirən, Bakı ətrafında və qonşu Dağıstanın kəndlərində çəkilən “Knyaz Dəmir Polad” (bəzi mənbələrdə “Temir Bulat”) filmi ekranlara çıxarkən Azərbaycan mətbuatının aşağıdakı ciddi tənqidinə rast gəlməzdi.

Belə ki, müsəlmanların pulu ilə başa gələn firma haman müsəlmanları böyük bir müsəlman şəhərində və müsəlman artistlərin iştirakı ilə murdar və rəzil bir surətdə bu gün Rusiyaya və cəmi aləmə göstərməkdən zərrə qədər də çəkinməyir.

Bununla belə, Qafqazın kino məkanını tezliklə fəth eləmək niyyətində olan “Filma” səhmdar cəmiyyəti kinoistehsalı təşkil etmək üçün gərgin hazırlıq işləri apardı. Artıq 1915-ci ilin ortalarında filmlərin çəkilişi, aşkarlanması və montajı üçün lazımi texniki vasitələr əldə olundu. “Filma”nın Bakı neft sənayeçiləri tərəfindən maliyyələşdirilən ilk filmləri ərsəyə gəldi.

 

Nəriman Əbdülrəhmanlı