Elektron ədəbiyyat və sənət portalı

Əlyazmalar İnstitutu dünyada Şərqin yazılı abidələrinin toplandığı ən zəngin əlyazma mərkəzlərindən biri sayılır

Bölmə: Müsahibə 25.12.2017

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Osmanlı şairlərinin şeirlərindən ibarət əlyazma məcmuəsinin surətini əldə edib. Tehranın Məclis kitabxanasında aşkarlanan 133 səhifədən ibarət bu topluda, əsasən, XVI–XVII əsrlərdə yaşamış Osmanlı şairləri Xəyali, Baqi, Növi, Nicati, Şeyxülislam Yəhya, Nəfi, Haləti, Nami, Zati, Fəğani, Xudayi, Heyrəti, Ruhi və başqaları ilə yanaşı, böyük Azərbaycan şairi Məhəmməd Füzulinin də əsərləri, qəzəllərinə yazılmış nəzirə və təxmislər var. Məcmuə Füzuli yaradıcılığının Osmanlı ədəbiyyatına əhəmiyyətli dərəcədə təsirini bir daha sübut edir.

Göründüyü kimi, Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrini – tibb, astronomiya, riyaziyyat, mineralogiya, poetika, fəlsəfə, teologiya, hüquqşünaslıq, qrammatika, tarix, coğrafiya, ədəbiyyatı əhatə edən Azərbaycan, türk, ərəb, fars və digər dillərdə zəngin və nadir nüsxələrə malik siyahını zənginləşdirməkdə davam edir.

“Aydın Yol” bu əlyazmaların tarixi və hazırda institutun fəaliyyəti, əlyazmaların gətirilmə, saxlanılma prosesini araşdırıb.

Məlum olduğu kimi, Azərbaycanda ilk İslam kitabı XI əsrdə yazılıb. Həmin dövrdən başlayaraq ərəb, fars və türk dillərində nəfis əlyazma nümunələri yaranıb, dünyanın elm və mədəniyyət dühalarının kitabları Azərbaycana gətirilib, milli kitab mədəniyyətimiz zənginləşib. Mənbələr orta əsrlərdə Azərbaycan ərazisində 1 milyondan artıq əlyazmanın toplandığını qeyd edir. Tarixin ayrı-ayrı dövrlərində, o cümlədən XX əsrin birinci yarısında Azərbaycan əlyazmalarına qarşı xüsusi qəddarlıq müşahidə edilib, onların böyük bir hissəsi müxtəlif bəhanələrlə məhv edilib. 1924-cü ildə xalqın yazılı irsinin məhv edildiyini görən ziyalılarımızın təşəbbüsü ilə I Ümumazərbaycan Ölkəşünaslıq Qurultayında əlyazmaların, sənədlərin və qədim çap kitablarının bir yerə toplanması və ayrıca kitabxanada saxlanması haqqında qərar qəbul edilib. Bu iş 1929-cu ildən həyata keçirilməyə başlayıb. Toplanmış yazılı abidələr o dövrün Azərbaycanı Öyrənmə Cəmiyyətində kitabxana şəklində mühafizə edilib, sonralar isə akademiyanın müxtəlif müəssisələrində saxlanılıb. 1950-ci ildə materialların sayının artdığını, onların saxlanması üçün xüsusi mühafizə və iqlim rejiminin vacibliyini görən Azərbaycan Elmlər Akademiyası təşəbbüs qaldırıb və Azərbaycan SSR Nazirlər Soveti ayrıca bir müəssisə kimi Əlyazmalar Fondunun yaradılması haqqında qərar qəbul edib. Həmin vaxtdan fondun kolleksiyası ildən-ilə zənginləşib, fəaliyyət dairəsi genişlənib. 80-ci illərdə artıq Əlyazmalar Fondu institut səviyyəsində fəaliyyət göstərirdi. Bunu nəzərə alan akademiyanın və fondun rəhbərliyi Moskva qarşısında Əlyazmalar Fondunun bazasında elmi-tədqiqat institutunun yaradılması haqqında məsələ qaldırsa da, bu, həll edilməmiş qalır. Yalnız 1986-cı ildə Ulu öndər Heydər Əliyevin səyi nəticəsində Moskva həmin ilin oktyabr ayında Azərbaycan SSR EA Əlyazmalar İnstitutunun yaradılmasına razılıq verir. 1996-cı ilin oktyabrında isə Heydər Əliyevin Sərəncamı ilə Əlyazmalar İnstitutuna dahi şairimiz Məhəmməd Füzulinin adı verilib.

Hal-hazırda Əlyazmalar İnstitutu dünyada Şərqin yazılı abidələrinin toplandığı ən zəngin əlyazma mərkəzlərindən biri sayılır və şimallı, cənublu Azərbaycan əlyazmalarının mühafizə edildiyi yeganə milli institut kimi fəaliyyət göstərir. Hazırda Əlyazmalar İnstitutunda ümumi sayı 40 minə yaxın müxtəlif səpkili  materiallar qorunub saxlanılır.

Əlyazmaların bərpa və qorunma prosesindən danışan AMEA Əlyazmalar İnstitutunun direktor müavini, professor Paşa Kərimov maraqlı məqamlara toxunub. Onun sözlərinə görə, əlyazmaların saxlanılma prosesində ilkin şərt müəyyən temperatur rejimini sabit saxlamaqdır: “Əlyazmaların saxlanıldığı məkanda ilboyu nəmişlik rejimi dəyişməməlidir. İnstitutda nəmişliyi və temperaturu sabit saxlayan müəyyən cihazlar var. Onlar optimal durumu dəyişməz saxlayırlar.

Həmçinin araşdırmaçılar il ərzində əlyazmaları təmizləyir, təmiz havaya verirlər. Əlyazmaların bir xüsusiyyəti var ki, onlara hava dəyməsə, korlana bilərlər. Əlyazmaların bərpası da vacib prosesdir. Bunun üçün ayrıca dezinfeksiya və bərpa şöbəsi fəaliyyət göstərir. Onu da qeyd  edim ki, instituta yeni əlyazma gətiriləndə karantin müddəti olur. Onlar müəyyən müddət xəzinəyə yerləşdirilərək, digər əlyazmalara qarışdırılmır. Yəni yeni əlyazmalar nəzarətdən keçir. Çünki içində olan göbələk xəstəliyi və s. kimi müəyyən fəsadlar digər əlyazmalara da yayıla bilər”.

Paşa Kərimov bildirir ki, xaricdəki əlyazmalarımızın sayı əlimizdə olandan yüz dəfələrlə çoxdur: “Bu, bir faktdır. O əlyazmaların arasında çox böyük dəyərə malik olan materiallar var. Onları gətirməkdən söhbət belə gedə bilməz. Çünki əlyazmaların bir ölkədən digərinə keçirilməsi qanunvericilik tərəfindən qadağandır. Odur ki, əlyazmaların hətta surətlərini institutumuza gətirə bilməyimiz bizim üçün ciddi hadisədir. Onların gətirilməsi böyük maliyyə vəsaiti tələb edir. Mühüm məsələ odur ki, bizə aid əlyazmaların harada saxlandığından xəbərimiz olsun. Çünki dünya kitabxanalarının çoxu kataloqlaşdırılmayıb. Gərək  ezamiyyətlər olsun və  araşdırmaçılar əlyazmaların saxlandığı yerlərə gedib, orada uzun müddət çalışaraq həmin əlyazmaların siyahısını tutsunlar. Hal-hazırda xaricdən bütün sahələrə aid dəyərli əlyazmalarımızın müəyyən hissəsinin surətinin gətirilməsi üçün çalışırıq.

Bilirsiniz, əvvəllər bu prosesin həyata keçirilməsi üçün icazə yox idi. Moskvadan bir əlyazmanın gətirilməsinə görə aylarla, illərlə icazə almağa çalışırdıq. İndi isə əlyazmaları əldə etmək sadəcə maliyyədən asılı olan məsələdir”.

 

Sevinc Fədai