Paşa Qəlbinurun Londonda kitabı nəşr olunub

Paşa Qəlbinurun “Cakondanın sirri və ya Da Vinçi kodu” (“Gioconda’s Secret or the Code of Da Vinci”) adlı monoqrafik essesi bu günlərdə İngiltərənin “RB Rossendale Books” nəşriyyatı tərəfindən (London, 2017) işıq üzü görüb.

Naşirin qeyd etdiyi kimi, müəllifin 30 ildən artıq sürən elmi araşdırmalarının məhsulu olan bu əsər tibbin, fəlsəfənin, incəsənətin kəsişdiyi nöqtədə aparılan tədqiqatlar sayəsində alınan obyektiv nəticələrin məhsulu kimi qiymətlidir. Əsər professor Qılıncxan Bayramovun tərcüməsi, tanınmış ingilis publisisti və naşiri Vincent Valsın redaktəsi ilə nəşr edilib.

P.Qəlbinurun dünya oxucularına təqdim olunan bu tədqiqat əsəri 2014-ci ildə  Azərbaycanda nəşr olunub.

Xatırladaq ki, bu tədqiqat əsəri ədəbi tənqidin diqqətini çəkmiş, tanınmış tənqidçilər bu esse haqqında maraqlı fikirlər söyləmişlər.

Professor Nizaməddin Şəmsizadə yazır: "Səni bir oftalmoloq-cərrah kimi bütün dünya tanıyır, filosof şair, yazıçı və esseist kimi Azərbaycanda yüksək qiymətləndirirlər. 500 il bütün bəşəriyyəti öz qeyri-adi təbəssümünün sirri ilə heyrətdə saxlamış Cakonda haqqında esseni (buna esse demək insafsızlıqdır! Bu, XXI əsrin ən böyük elmi kəşflərindən biri kimi tarixdə qalacaq) oxuyanda bir daha təfəkkürünün qüdrətinə inandım. Bu yazıda vəhy və fəhm müasir elmin nailiyyətləri ilə cilalanmış təfəkkürlə birləşir. Cakonda haqqında qeyri-adi mülahizələrin bunu sübut edir.

Sənin əsas kəşflərindən biri budur: yazırsan ki, artıq genetika elmi sübut edib ki, bizim bir gözümüz atamızdan, bir gözümüz anamızdan gəlib. Və bizim gözümüz bütün müsbət və mənfi xüsusiyyətləri, əlamətləri özündə cəm edib.

Yazırsan; “Zəmanəsinin bütün elmlərini dərindən mənimsəmiş ensiklopedik zəka sahibi olan dahi Leonardo Da Vinçi bəsirət gözü ilə bilirdi ki, insanın üzünün hər yarısı bir valideynə məxsusdur. Böyük Yaradanın qüdrəti ilə ruh ölməzdir və o, NURdan ibarətdir. O NURu üzümüzdəki təbəssümdən ayırmaq mümkünsüzdür... Yazıçının, rəssamın, bəstəkarın ən ümdə vəzifəsi ən böyük kədərin içində belə, ipucu, işıq taparaq, ondan tutub xilas olmaqdır.” Bu mənada sənin fikrincə, Cakondanın gülən sağ gözü atasından, sol gözü isə ömrü boyu kədərli həyat yaşamış anasından gəlir. Məşhur göz həkimi olaraq insanın bütün cüt orqanlarında, o cümlədən gözlərdə assimmetriya olması haqqında elmi qənaətinizlə tamamilə razıyam. Bunu həssas adam güzgüyə baxıb özündə də müşahidə edə bilər.

Yazırsan ki, məşhur portret tədrici ölümün ən ali məqamını və Nurdan başlayan yeni həyatın başlanğıcını əks etdirir. Həqiqətən də, Cakondanın təbəssümü onun gülən gözündən dodağına düşən nurun əksi, işartısıdır. Və bu da inandırıcıdır ki, dahi rəssam Cakondanın sifətində özünü − hüceyrənin qocalmağa   başlamasını, sənin sözlərinlə desək “özünü, ancaq özünün əhvalını, həyat, qocalıq, insanlıq haqqında gəldiyi qənaətləri çəkmişdi. O, “apoptoz”u (hüceyrə ölümünü) – qocalığa, ölümə gedən mütləq yolun başlanğıcını, müvəqqəti dünyadan əbədi dünyaya keçidi və ölümsüz ruhun şəklini çəkə bildi”.

Qeyd edək ki, zövqlə tərtib olunmuş kitabda müəllifin dünya elminə bu günə qədər məlum olmayan altı yeni elmi nəticəsi çap olunub.