Elektron ədəbiyyat və sənət portalı

“Azərbaycan Birinci Avropa Oyunlarına çox gözəl hazırlaşıb”

Bölmə: Beynəlxalq 12.08.2015

“Atletlər kəndi Avropa Oyunlarında xüsusi yer tutur. Orada xüsusi ab-hava olur”.

Bu sözləri Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki iyunun 11-də jurnalistlərlə keçirdiyi mətbuat konfransında deyib.

AOK rəhbəri KİV nümayəndələri ilə görüşündə Avropa Oyunlarına son hazırlıqları qiymətləndirib. O bildirib ki, Azərbaycan 6 min idmançının 20 növdə mübarizə aparacağı ilk yarışa çox gözəl hazırlaşıb: “Bu rəqəmin özü belə diqqət çəkir. Təşkilatçı Azərbaycanın bu Oyunları keçirmək üçün çox az vaxtı olub. Lakin onlar bu işin öhdəsindən çox gözəl gəldilər. Gözəl arenalar, əla infrastruktur düzəltdilər. Bir sözlə, Azərbaycan yarışa çox gözəl hazırlaşıb”.

Hikki I Avropa Oyunlarını boykota çağıranlara da səslənib. Onun sözlərinə görə, Olimpiadalarda da boykota çağırışlar olsa da, tarix göstərib ki, bu yaramır və heç vaxt da yaramayacaq.

AOK prezidenti II Avropa Oyunlarına ev sahibliyi etməli olan Hollandiyanın yarışdan imtinasına da münasibət bildirib: “Belə xəbər almaq çox təəssüfləndiricidi. İndi digər namizədlərə baxmalıyıq. Belə şəhərlərin sayı 6-dır. Onlar arasında Valensiya da var. İstənilən halda, 2019-cu ildə keçirilməli olan Oyunlar barədə qərar Bakı-2015-dən sonra veriləcək”.

Patrik Hikki Ermənistan millisi üçün bütün təhlükəsizlik işlərini lazımınca həyata keçirən Azərbaycana minnətdarlıq da edib. O bildirib ki, apardıqları danışıqların nəticəsi olaraq, Ermənistan nümayəndə heyəti Bakıya gəlir: “Azərbaycana Ermənistan yığması üçün Atletlər kəndində qalmaq, tam məşq etmək və hər bir şərait yaratdığı üçün təşəkkür edirəm”.

AOK prezidenti Bakı-2015-in startını səbirsizliklə gözlədiyini də deyib: “Avropadan fərqli, digər qitələrdə belə Oyunlar vardı. Bu yarışlar zəruri idi və onlar həyata keçir. Bu çox həyəcanlandırıcı andı. Bu üzdən də açılış mərasimini səbirsizliklə gözləyirik. Oyunlar haqda test xarakterli demək düzgün olmaz. Çünki Bakıya çox sayda Olimpiya və dünya çempionları gəlir. Rəqəmlər özü hər şeyi deyir. Bir sıra növlərdə Rio-2016 üçün reytinq xalları oynanılacaq. Bir sözlə, yarışın səviyyəsi çox yüksəkdi”.