Elektron ədəbiyyat və sənət portalı

Mirzə Fətəli Axundzadənin Mirzə Məhəmməd Cəfərə məktubu

Bölmə: Ədəbiyyat 13.12.2017

Dahi mütəfəkkir Mirzə Fətəli Axundzadə milli dilin saflığı uğrunda böyük mübariz olsa da, o, dillər arasındakı canlı əlaqəni, zənginləşmə yollarını da qəbul edirdi. O, yeri gəldikcə bədii dil və üslub məsələlərinə də toxunub, xalq dili zəminində yaranan ədəbi dilin müxtəlif məsələlərini işıqlandırıb. Məsələn, onun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" ("Lənkəran xanlığının vəzirinin macəraları") komediyasının adı "Sərab xanlığının vəzirinin macəraları" idi. Əsər elə bu adla da 1853-cü ildə"Qafqaz" qəzetində nəşr olunmuşdu. 1874-cü ildə Axundzadə komediyanı fars dilində yazılmış və "Lənkəran xanlığının vəzirinin macəraları haqqında povest" adında əsərlər toplumuna əlavə etmişdi. Buna istinad edərək, bir sıra Qərbi Avropa şərqşünasları hesab edirdilər ki, əsərin adını əsərin tərcüməçisi Mirzə Məhəmməd Cəfər Qaracadaği dəyişib. Amma bəzi tədqiqatlardan sonra sübut olundu ki, Mirzə Məhəmməd Cəfər Qaracadaği adı bilavasitə Axundzadənin məsləhəti ilə dəyişdirib. Adın dəyişilməsinə səbəb o idi ki, "...əsər dəniz kənarında olan şəhərdə başlayır və bitir, Sərab şəhəri isə dənizdən uzaqdadır". Axundzadə publisist Mirzə Yusif xana 17 dekabr 1870-ci ildə göndərdiyi məktubunda yazırdı: "Əziz tərcüməçiyə deyin ki, hər yerdə "Sərab xanlığının vəzirinin macəraları haqqında" adını "Lənkaran xanlığının vəzirinin macəraları haqqında"ya dəyişsin... Sərab səhv yazılıb, Lənkəran yazmaq lazımdır. Çünki Sərabda dəniz yoxdur". Mirzə Yusif xan bu istəyi tərcüməçiyə çatdırıb, o da əsərin adını dəyişib. Bundan sonra hekayət "Lənkəran xanlığı vəzirinin macəraları haqqında" adı ilə çap olunmağa başlayıb.

Bu mənada dramaturqun onun "Türkcə "Təmsilat"i tərcümə edən Tehran sakini Mirzə Məhəmməd Cəfərə" sərlövhəli məktubu böyük maraq kəsb edir. Məktubu oxucularımıza təqdim edirik.

 

"Türkcə "Təmsilat'ı tərcümə edən Tehran sakini Mirzə Məhəmməd Cəfərə

Əziz və mehriban qardaşım Mirzə Məhəmməd Cəfər, Allah ömrünüzü uzun eləsin!

Sizin məktubunuz yetişdi, sonsuz sevincimə və qəlbimin şadlığına səbəb oldu.

Əvvəla, sizdən bir xahişim vardır: əzəmətli ağam cənab Mirzə Yusif xan keçən məktubunda müxtəsər olaraq yazmışdı ki, azadxah şahzadə nəvvab-əşrəfəmcəd, sərkar Cəlaləddin Mirzə hal-hazırda xəstədir. Bu xəbər məni çox-çox kədərləndirdi. Xahiş edirəm, valahəzrət şahzadənin xəstəliyinin nədən ibarət olması haqqında tezliklə mənə məlumat verəsiniz ki, həyəcan və nigarançılığım aradan getsin. Mənim bədbəxtliyimdəndir ki, bütün İranda özümə bir nəfər sirdaş tapmışdım, o da dostluğumuzun lap başlanğıcında xəstələndi.

İkincisi isə, sizin mişksaçan qələminizə afərin, yüz afərin olsun ki, "Molla İbrahim Xəlil'i əslinə tamamilə uyğun və çox-çox gözəl tərcümə etmisiniz. Tərcümədə qətiyyən orijinaldan kənara çıxılmamışdır. Tərcümənin də əsas şərti budur ki, onda orijinaldan nə artıq, nə də əskik bir şey olsun. Bundan yaxşı, bundan yüksək tərcümə ola bilməz. Tərcüməni mütləq çap etdirməyə çalışın!

Şəklimi həmin məktubla bərabər sizə göndərirəm. Əsərin tamaşalarında iştirak edən bütün personajların şəkillərini də hər bir əsərdə çap etdirə bilsəydiniz, həqiqətdə misilsiz bir hədiyyə olar və kitablar başqa bir gözəlliyə malik olardı.

Başqa əsərlərin tərcüməsini artıq Tiflisə göndərmək lazım deyildir. Vaxtınızı itirməyin, hamısını birbaş çap etdirin! Mənim sizin qələminizə böyük inam və etibarım vardır. Hər bir əsər çapdan çıxdıqdan sonra 3–4 nüsxə mənə hədiyyə göndərin!

"Georq Klifford" sözlərinin mənasını soruşmusunuz. Deməliyəm ki, bunlar hər ikisi bir nəfər əmirin adıdır, bir şəxsin adıdır...

Yəni Kliffordoğlu Georq. Necə ki, ərəblərdə Səd ibn-Vəqqas, Ömər ibn-Səd və Əmr ibn-As əvəzinə Səd-e Vəqqas, Ömər-e Səd, Əmr-e As yazmaq məlumdur. Cümlənin mənası cəhətdən "cənab Linneyin hamisi olan Georq ibn-Klifforddan yüksək və əzəmətli olacaqdır".

O ki qaldı "qığılcım" kəlməsinə, türkcə "qığılcım" ən kiçik od şərarələrinə deyilir. Farsca "əbizə", "xədrə" və "sitarəçə" deməkdir.

Siz necə qaradağlısnız ki, bu kəlmənin mənasını bilmirsiniz?

Mən özüm bu kəlməni Qaradağda öyrənmişəm. Yeddi yaşımdan 12 yaşıma qədər Qaradağda Horand kəndində, sonra Vəlibəyli obasında Ünküt eli içərisində yaşamışam. Paskeviçlə Naibüssəltənə arasında başlanan müharibədən bir il əvvəl Arazın bu tayına rus torpağına keçib gəlmişəm.

"Həkim çullu" isə "biyabani" (çöllü) demək deyildir. "Çul" türk dilində atın belinə salınana deyirlər. Rəvayətə görə, 90 il bundan əvvəl, dərviş təbiətli bir həkim səyahət məqsədilə İrandan Nuxaya gəlmiş və bir müddət bu şəhərdə qalmışdı. Onun təbabətdə və bir sıra qəribə elmlərdə, guya tam məharəti varmış. Onun adı bu şəhərdə və onun ətrafında məşhurdur.

Həmişə çula büründüyünə görə, "Çullu həkim" adı ilə şöhrət tapmışdır. Yəni çul və ya kəpənək geyinən həkim. Nuxa camaatı hələ bu günə qədər həmin həkimi kimya sirlərini bilən bir adam kimi zənn edirlər.

Üçüncüsü, əziz qardaşım! "Kəmalüddövlə məktubları" barədə qeyd etmisiniz ki, onları hələ oxumamısınız.

 

Bəs haradan bilirsiniz ki, bədxahlıq məqsədilə yazılmışdır? Burada bədxahlıq yoxdur. Ancaq irad tutmaq və tənqid vardır. Bu isə çox böyük bir məsələdir.

Onun izahı üçün uzun-uzadı danışmaq lazım gəlir. Əlbəttə, belə bir izahat bu məktuba sığışmaz. Ona görə də qısaca yazıram ki, siz gərək tənqidin şərtlərindən xəbərdar olasınız ki, bu məsələdən də baş çıxara biləsiniz. İrad tutulmadan istehzasız, məzəmmətsiz və məsxərəsiz tənqidi əsər yazıla bilməz. "Kəmalüddövlə məktubları" moizə, nəsihət deyil, tənqiddir. İnsanlar pis əməllərə adət etdiyi bir halda, tənqid vasitəsilə olmayıb, moizə, nəsihət və ata məhəbbəti tərzində yazılan bir əsərin bəşər təbiətinə heç bir təsiri olmayacaqdır.

İnsanların təbiəti moizə və nəsihətləri oxuyub-dinləməyə nifrət edir. Halbuki insanlar tənqidi əsər oxumağa həmişə həvəskar olurlar. Avropa filosoflarının təcrübələri və bir çox inkaredilməz həyati dəlillər sübut etmişdir ki, tənqid, istehza və məsxərədən başqa, pis və yaramaz əməlləri insan təbiətindən heç bir vasitə ilə yox etmək olmaz.

Əgər nəsihət və moizənin insanlara təsiri olsaydı, mərhum Şeyx Sədinin "Gülüstan" və "Bustan" əsərləri əvvəldən-axıra qədər nəsihətdir. Bəs nə üçün İran camaatı 600 ildən bəri onları oxuyur, lakin oradakı nəsihət və moizələrə əsla əhəmiyyət vermir?! Nəticədə isə zülm və istibdad gündən-günə artır ki, əskilməyir.

Nə isə, biz bu barədə mübahisəyə girişməməliyik. Əgər mübahisəyə başlasaq, heç bir şübhə ola bilməz ki, siz məğlub olarsınız. Tənqid fənni islam ədəbiyyatında bu günə qədər hələ tətbiq edilməmişdir. Məhz buna görə də siz bu kimi əsərlərdən tez qorxuya düşürsünüz. Nəhayət, xalqı tərbiyələndirmək, həmməzhəblərimizin əxlaqını saflaşdırıb islah etmək, dövləti nizam-intizama salıb, onun əmrlərinin və qadağan etdiyi işlər haqqındakı hökmlərinin təsirini artırmaq üçün tənqiddən faydalı heç bir vasitə ola bilməz.

Kəmalüddövlə vaiz və nəsihətçi deyil. O, tənqidçidir. Əgər o, vaiz və nəsihətçi olsaydı, ona da Molla Məhəmməd Rəfi Vaizi-Qəzvini kimi baxardılar. Əsərləri də Molla Rəfinin yazdığı "Əbvabül-cinan" kimi duzsuz, tamsız, ləzzətsiz çıxardı. Elə bir adam tapa bilərsinizmi ki, "Əbvabül-cinan"ı öz meyli ilə kəsalətsiz oxumuş olsun? Kitabının adından belə, adamın zəhləsi gedir.

Lakin Kəmalüddövlənin məktubları bir şəxsin əlinə keçərsə, yeyib-yatmağı özünə haram edərək, bulaq başına çatan susuz bir adam kimi, onları oxuyacaq və onların mətləblərini anlamağa, onlardan ibrət almağa və bilik əldə etməyə çalışacaqdır. Oxuduqdan sonra istər-istəməz belə bir qərara gələcəkdir ki, tənqidçinin pislədiyi hər bir əməldən uzaqlaşmaq və tərif etdiyi əməlləri mütləq icra etmək lazımdır. İndi görün nəsihətlə tənqid və nəsihətçi ilə tənqidçi arasında nə qədər böyük fərq vardır! Tənqidin moizə və nəsihətdən bu qədər üstün olmasının səbəbi nədir? Tənqidi əsəri susamaq ehtirasına oxşar bir həvəslə oxumaq meyli haradan doğulubdur? Bu üstünlüyün səbəbi odur ki, tənqidi əsər istehza, gülgü və məsxərə yolu ilə yazılır. Buna görə də tənqidin oxunuşuna bu qədər böyük həvəs vardır. Bu elə bir gizli sirdir ki, onu Avropa alimləri kəşf edə bilmişlər. Mənim xalqım bu sirdən hələ də xəbərsizdir. Əgər, inşallah, Kəmalüddövlənin məktubları nəşr edilərsə, mənim xalqım da tərbiyə və mərifət meydanına qədəm qoyar. Deməliyəm ki, mənim xalqımın fitri istedadı Avropa xalqlarının fitri istedadından qat-qat artıqdır.

Tənqidin moizə və nəsihətdən üstünlüyünü sübut edən ən parlaq misal sizin gözünüz qarşısındadır. Nə üçün uzağa gedək? Fərz edək ki, bir vaiz nəsihətçi ata məhəbbəti şivəsində bir kitab yazaraq, kimyanın həyatda mövcud olmadığını xalqa anlatmaq istəmişdir.

Digər tərəfdən isə, başqa bir şəxs ortaya çıxmış və: "Kimya yoxdur və ya kimyanın olduğuna inanmaq olmaz" sözlərini dilinə belə gətirmədən, ancaq tənqid və istehza məqsədi ilə "Molla İbrahim Xəlil" hekayətini yazaraq, xalq arasında yaymışdır. İndi deyin görək, bu iki növ əsərdən hansının insanların təbiətindəki təsiri üstün və aşkardır? Söz yox ki, "Molla İbrahim Xəlil" hekayətinin! Çünki bu əsər tənqid və istehza üsulu ilə yazılmışdır. Tənqidin nəsihətdən başqa, bir fərqi də vardır. O da bundan ibarətdir ki, müasir adamların və gələcək nəsillərin əxlaq və tərbiyəsini islah etmək işində nəsihətin qətiyyən təsiri yoxdur. Halbuki tənqid müasir insanların əxlaq və tərbiyəsinin islah və təkamülündə təsirsiz qalmadığı kimi, gələcək nəsillərin əxlaqı və tərbiyəsinin islah və təkamülündə də tam təsiri vardır. Bu cəhətdən o, arzuedilən nəticəni verə bilər. Bu mətləbin də geniş şərh və izaha ehtiyacı vardır. Bu sözün haqq olmasına dair Avropa alimləri geniş fikirlər söyləyib, əsərlər yazmışlar. Avropa dövlətləri isə milyonlarla pul sərf edib, hər bir böyük şəhərdə teatr adı ilə əzəmətli binalar tikdirmişlər ki, qadınlar və kişilər oraya yığışaraq, öz həmvətənləri haqqında tənqid və istehza ilə yazılmış əsərlərə qulaq assınlar və məsxərəyə qoyulanların vəziyyətini görüb, onlardan ibrət alsınlar. Çünki onlar başa düşmüşlər ki, moizə və nəsihətin insan vaxtını zay etmək və insana kəsalət gətirməkdən başqa faydası yoxdur.

Siz Kəmalüddövlədən ata nəsihətləri eşitmək təmənnasında olmayın! Birdəfəlik bilin ki, nəsihət və moizə istər ata məhəbbəti ilə olsun, istərsə də cəhənnəm qorxusu və buna oxşar başqa təhdidlər altında söylənilsin, fərqi yoxdur, insan təbiətinə heç bir təsir edə bilməz.

Bütün oğrular, yolkəsənlər, qatillər, zalimlər, müstəbidlər, fırıldaqçılar hamısı cəhənnəmin vəsfini dönə-dönə eşitmişlər, moizələrə və nəsihətlərə az-çox qulaq asmışlar. Lakin bununla belə, yenə də öz pis əməlləri və xasiyyətlərindən əl çəkməmişlər. Amma insanları öz tay-tuşları, tanış və dostları yanında rüsvay etməyə səbəb olan tənqid, istehza və məsxərə onları pis əməllərdən çəkindirir. Əgər bir şəxs sizinlə mübahisəyə girişib bunun əksini iddia edərsə, onun dəlillərini mənə bildirin ki, Avropanın ən məşhur filosoflarının əsərlərinə istinad edərək, ona elə dəlilli, sübutlu bir cavab verim, bütün iddiaları alt-üst olsun.

Kəmalüddövlənin tənqidindən nə üçün inciyək? Kəmalüddövlə yad adam deyildir. O, bizim həmməzhəbimiz, həmvətənimizdir. O, öz xalqımızın oğludur. O, elə bir qardaşımızdır ki, öz doğma qardaşlarının əxlaq və əməllərini rişxəndə, istehzaya tutur.

Dördüncüsü, siz yeni əlifbanın surətini istəmişdiniz. Bildirməliyəm ki, hələ lap əvvəllərdə mən yeni əlifba layihəsini bir növ tərtib etmişdim, bütün nöqtələr düşür və sait hərflər, yəni erab, samit hərflərin yanında bitişik yazılırdı. Sonra cənab Ruhül-Qüds başqa bir layihə düzəltmişdi ki, kəlmələrin tərkibində hərflərin bitişik yazılması da: ləğv edilir və kəlmələr ayrı-ayrı yazılan hərflərlə yazılır.

Bütün nöqtələr atılır və saitlərin hamısı Avropa xalqlarının əlifbası kimi, samit hərflər sırasına daxil edilir.

Doğrudan da, Ruhül-Qüdsün əlifbası mənim tərtib etdiyim əlifbadan çox-çox asandır. Buna görə də mən onun razılığı və məsləhəti ilə tərtib etdiyi layihədə bəzi dəyişikliklər əmələ gətirdikdən sonra hərflərin nümunəsini Maarif Nazirliyinə göndərmişəm və yazmışam ki, ya Ruhül-Qüdsün bu əlifbasını qəbul etsinlər, ya da bu şərtlər əsasında bəyəndikləri şəkilləri daxil etməklə, başqa bir əlifba düzəldərək onu həyata tətbiq etsinlər. Beləliklə də, mənim yanımda Ruhül-Qüdsün əlifbasının surəti qalmamışdır ki, üzünü çıxardıb sizə göndərim. Mənim keçmişdə düzəltdiyim əlifbanın surəti də qalmamışdır. Əgər istəsəniz, orada Maarif Nazirliyinə müraciət edib, həm mənim keçmiş əlifbamı, həm də Ruhül-Qüdsün tərtib etdiyi yeni əlifbanın surətlərini alaraq, hər ikisini oxuya bilərsiniz.

Sizdən xahiş edirəm ki, cənab Ruhül-Qüdsün yeni əlifbası və onun lüzumuna dair yazmış olduğu kitabçanı hörmətli Mirzə Yusif xandan alıb oxuyasınız. O zaman başa düşərsiniz ki, 15 milyonluq İran əhalisi arasında nə üçün, heç olmazsa, yarım milyon savadlı adam yoxdur. Lakin Avropa ölkələrində bütün xalq savadlıdır.

Xahiş edirəm, mənə hərdənbir məktub yazasınız. Mən də sizi maraqlandıran məsələlər haqqında sizə yazıb məlumat verəcəyəm.

Bir də öz məktubunuzda cənab Ruhül-Qüdsdən bərk incidiyinizi bildirmisiniz ki, nə üçün o, yazılarını etiraz və istehza ilə yazıb, lazım idi, çox mülayim şəkildə, yəni vaiz və nəsihətçi kimi yazaydı. Doğrudur, cənab Ruhül-Qüdsün bütün yazıları və kitabçaları Kəmalüddövlənin məktubları kimi tənqid şəklində yazılmışdır. Məhz buna görədir ki, bütün savadlı insanlar onları vəsfəgəlməz şövq və zövqlə oxuyurlar. Siz istəyirsiniz ki, Ruhül-Qüds sizin üçün etirazsız, məsxərəsiz, şirin moizələr və ata nəsihətləri yazaydı ki, təsadüfən əlinizə keçəndə də, məhəl qoymadan otağın bir küncünə tullayaydınız. Beləliklə də məzmununu bir kimsə eşidib-bilmədən kağızı çürüyüb tələf olaydı?

Pəh-pəh, əcəb zövq və səliqə sahibisiniz!.. Xeyr, belə deyil. Mən güman edirəm ki, siz moizə və nəsihəti tənqiddən üstün tutan bir zövq və səliqəyə malik deyilsiniz.

*Cənab Ruhül-Qüds bir yerdə yazır: "İngiltərə hökuməti istəyir Sistanı alıb Əfqanıstana ilhaq etsin. Məşvərət məclisində İran vəzirləri deyirlər: "Bu işin çarəsi yalnız ondan ibarətdir ki, İngiltərə səfirliyinin mütərcimi Mirzə Ağa Xoylu ilə aranı sazlayaq".

Sizin səliqənizə görə, bu mətləbi necə demək lazımdır ki, həm nəsihətamiz olsun, həm də iran vəzirlərinin əhvalını bu qədər fikir aydınlığı, ifadə gözəlliyi və ləzzətlə bəyan etmiş olsun. İran vəzirlərinə bu sözləri isnad etmək, əlbəttə, böhtan və iftiradır, lakin onlarda bəzən elə əməllər baş verir ki, Ruhül-Qüdsün nöqteyi-nəzərincə, guya onlar bu ağılda və şüurdadırlar. Bu sözlərdən onların qabiliyyəti hər bir oxucuya məlum olur.

Nə isə, Ruhül-Qüds və Kəmalüddövlə hər ikisi əsərlərini nə cür yazmaq lazım gəldiyini çox gözəl bilirlər.

Sədinin və Molla Məhəmməd Rəfi Vaizi-Qəzvininin dövrü keçmişdir. Əsrimiz başqa əsrdir. Məktubumuzda yazdığımız kimi, nəsihətləri və moizələri dinləyərək, onlara əməl edəcəyinizi iddia etməyin! Kəmalüddövlə və Ruhül-Qüds hər ikisi bilirlər ki, insan cəmiyyəti uşaqlıq dövründən keçib kamal dövrünə çatdıqdan sonra bu cür iddialar bəşər təbiətinə müxalif olan iddialar sayılır.

 

Mirzə Fətəli AXUNDOV,

15 məhərrəm,

hicri 1283-cü il

(25.03.1871-ci il), Tiflis