Hüseyn xan Naxçıvanskinin zəngin həyatı

Tarix 06.12.2017

1917-ci il martın 2-də Rusiya İmperatoru II Nikolayın taxt-tacdan imtina etməsi barədə fərmanı ildırım sürəti ilə yayıldı. Son günlər “Rusiya məhvə sürüklənir, cənablar!” ifadəsi çar məmurlarının və generalların dilindən düşmürdü. Ölkəni cənginə almış inqilab xaosu hər şeyi al-tüst etmişdi. Lakin heç kim inanmaq istəmirdi ki, 300 il hakimiyyətdə olmuş Romanovlar sülaləsinin sonu bax beləcə, fərmana atılmış bir imza ilə gələcək. Rusiya üçün bu çətin məqamda imperatora sadiq olanlar hər vəchlə Nikolayı bu qərardan çəkindirməyə çalışırdı. Teleqramların ardı-arası kəsilmirdi...

1916-cı ilin aprelində İmperatorun yaratdığı qvardiya süvari korpusunun komandiri təyin edilmiş Hüseyn xan Naxçıvanski də bu çətin məqamda çara teleqram göndərməyi qərara aldı. Onun başçılıq etdiyi hərbi hissə Rovno rayonunda ehtiyat qüvvə kimi saxlanılırdı. O, elə indicə tabeliyindəki zabitlərlə görüşmüşdü, çarın fərmanı şəxsi heyət arasında çaşqınlıq yaratsa da, əhval-ruhiyyə yüksək idi və hamı imperator uğrunda son damla qanadək vuruşacağını bildirirdi.

İndi qərargahdakı yazı masasının arxasında əyləşmiş Hüseyn xan çox dalğın görünürdü. İmperatorla onu həm də sıx dostluq telləri birləşdirirdi. Onlar sonuncu dəfə 1917-ci il yanvarın 28-də görüşüb səmimi söhbət etmişdilər. II Nikolay hələ onda ölkəni gözləyən təhlükəni duymuş, düşüncələrini Hüseyn xanla bölüşmüşdü.

– Hörmətli xan. Siz də yaxşı bilirsiniz ki, Rusiya xarici düşmən ordularının məngənəsində sıxılır. Bir tərəfdən də daxili çəkişmələr, parçalanmalar. Bolşeviklər pusquda dayanmış xain kimi hər an arxadan zərbə endirməyə hazırdırlar. Bütün bu bəlalar rus xalqını uçuruma sürükləyir. İmperiyanı ağır sınaq gözləyir...

– Əlahəzrət, ordu sizə sadiqdir, əsgər və zabitlər hər an əmrinizi yerinə yetirməyə hazırdır. Rusiya düşmən qarşısında heç vaxt əyilməyib, təslim olmayıb! Biz buna yol vermərik!

– Bu sözləri sizdən eşitmək çox xoşdur, əziz dostum. Qafqazlılara xas yenilməz qətiyyətiniz məni ürəkdən sevindirir. Əminəm ki, sizin kimi sərkərdələrin rəhbərlik etdiyi ordu heç vaxt məğlub olmayacaq!

İmperator azərbaycanlı generala dərin rəğbət bəsləyirdi. Deyilənlərə görə, Hüseyn xan II Nikolayın ən “sevimli xan”ı imiş. Çar öz gündəliyində onun haqqında çox səmimi sözlər yazmışdı: “Ənənəvi görüşlərdən sonra müharibədə əlindən yüngül yara almış Hüseyn xan Naxçıvanskini qəbul etdim. O, bizimlə səhər yeməyi yedi və maraqlı şeylər danışdı. Artıq sağalıb və yeni süvari korpusunu qəbul etmək üçün gedir”.

Nəhəng bir imperiyaya rəhbərlik edən bir şəxsin hörmətini qazanmaq heç də asan məsələ deyildi. Amma H.Naxçıvanski Romanovlar sülaləsinin etibarını döyüş meydanlarındakı şücaəti və məharəti ilə qazanmışdı.

Tanınmış sərkərdə Hüseyn xan Kəlbəlı xan oğlu Naxçıvanski 28 iyun 1863-cü ildə Naxçıvanda doğulmuşdu. O, Kəlbəlı xan Naxçıvanskinin oğlu, Ehsan xan Kəngərlinin nəvəsi idi. 15 yaşında Peterburqdakı Paj korpusu məktəbinə daxil olmuş, 1881-ci ildə oranı əla qiymətlərlə bitirdikdən sonra çarın xüsusi süvari qoşununda xidmətə başlamışdı.

Rus-yapon müharibəsi başlananda polkovnik Hüseyn xan Naxçıvanski Port Petrovski şəhərinə 2-ci Dağıstan süvari alayını təşkil etmək üçün göndərilir. Yaponların Landunqou yaxınlığında hücumunu dayandıraraq əks-hücuma keçdiyinə görə Hüseyn xan 4-cü dərəcəli “Müqəddəs Georgi ordeni” ilə təltif olunur.

Müharibədən sonra Hüseyn xan 44-cü Nijqorod Draqun alayının komandiri, 1906-cı ildə isə əlahəzrət imperatorun yanında fligel-adyutant vəzifəsinə təyin olunur. Bir il sonra Naxçıvanski general mayor rütbəsi alır.

I Dünya müharibəsi başlayanda artıq həmyerlimiz ordunun sayılıb-seçilən general-leytenantı idi. O, 2-ci süvari korpusun komandiri təyin olunur.

Bu korpusun tərkibində “İmperatorun 2-ci qılıncı” adlı məşhur süvari diviziyası da vardı. Komandiri olduğu korpusla çətin döyüşlərdə fərqlənən Hüseyn xan 1915-ci ildə “Qılınclı ağ qartal” ordeninə layiq görülür. 1 ay sonra isə Rusiya tarixində ilk dəfə olaraq azərbaycanlı zabitə general-adyutant rütbəsi verilir.

Hüseyn xanın II Nikolaya göndərdiyi teleqram iki cümlədən ibarət idi: “Bizə bəzi hadisələr barədə təşviş doğuran məlumatlar çatıb. Xahiş edirik, süvari qvardiyasının imperatora hədsiz sədaqətini və uğrunda ölməyə hazır olduğunu nəzərə alaraq əlahəzrət Nikolay taxt-tacdan imtina etməsin. İmza: general-adyutant Hüseyn xan Naxçıvanski. 03 mart 1917-ci il”. Hüseyn xan teleqramı Ali Baş Komandanın qərargah rəisi general Alekseyevə göndərdi. Ancaq hansısa səbəbdən teleqram imperatora çatdırılmadı.

II Nikolaydan sonra hakimiyyətə gəlmiş Müvəqqəti hökumətə sədaqət andı içməkdən imtina edən Hüseyn xan Peterburqa, ailəsinin yanına qayıdır, ancaq 1918-ci ilin mayında həbs olunur. Bolşeviklər heç kimə aman vermirdi. Knyazların demək olar ki, hamısı, o cümlədən Hüseyn xan da 1919-cu ildə güllələndi.

Amma tarix bu əfsanəvi sərkərdəni unutmadı. Rus və Azərbaycan xalqının xatirə yaddaşında bu günədək əsl qeyrət və kişilik, hünər və sədaqət rəmzi kimi qalan Hüseyn xan Naxçıvanskinin şərəfli adı gələcək nəsillər üçün də bir örnəkdir.

Hüseyn xan 1889-cu ildə məşhur şair, tərcüməçi və naşir N.Gerbelin qızı Sofya Nikolayevna ilə ailə qurmuşdu. Naxçıvanskilər ailəsində 3 övlad dünyaya gəlmişdi. Generalın böyük oğlu xan Nikolay süvari polkunda xidmət edirdi və 21 yaşında həlak oldu. Qızı Tatyana 1917-ci ildə Ataman polkunun zabiti D.Martınova ərə gedərək mühacir həyatı yaşadı və 79 yaşında Fransanın Nitsa şəhərində vəfat etdi. Hərbçinin kiçik oğlu xan Georgi 1899-cu ildə doğulmuşdu. Süvari polkunun tərkibində ağqvardiyaçılar tərəfdən iştirak etmişdi. Sonra mühacirətə gedərək anası ilə əvvəlcə Fransada, sonra isə Beyrutda yaşadı. O, Yaxın Şərqdə “Ford” avtomobil şirkətinin nümayəndəliyini yaradaraq ona rəhbərlik etdi, 1948-ci ildə Beyrutda dünyasını dəyişdi.

 

Fərhad Sabiroğlu