Elektron ədəbiyyat və sənət portalı

Fransız yazıçının hekayəsi

Bölmə: Ədəbiyyat 04.12.2017

Patrik Züskind

“Dərinlik həsrəti”


Yaxşı rəssam olan ştutqartlı gənc qadının ilk sərgisində heç bir pis niyyəti olmayan, sadəcə, onu ürəkləndirmək istəyən bir tənqidçi dedi:

– İstedadla, zövqlə işləmisiz, amma hələ sizdə dərinlik çatışmır.

Cavan qadın, tənqidçinin nəyi nəzərdə tutduğunu bilmədi, tezliklə onun iradını unutdu. Amma bir gün sonra qəzetdə elə həmin tənqidçinin resenziyası çap olundu. Məqalədə deyilirdi: "Gənc rəssam çox istedadlıdı, əsərləri də ilk baxışdan kifayət qədər cəlbedicidir, amma, təəssüf ki, o əsərlərdə dərinlik çatışmır". Belə olanda gənc qadın düşüncələrə daldı. O, öz rəsmlərinə yenidən diqqətlə nəzər yetirməyə, köhnə qovluqlarda eşələnməyə başladı.

Qadın bütün rəsmlərinə, indiki məqamda çəkdiklərinə təzədən baxdı. Sonra tuş bankalarının ağzını bağladı, peroları sildi, təmiz hava almağa çıxdı.

Həmin axşam onu qonaq dəvət etmişdilər. Adamlar, deyəsən, tənqidçinin dediklərini əzbərləmişdilər, yeri gəldi-gəlmədi, rəssamın böyük istedadından, onun tablolarının dərhal gözə dəyən cazibəsindən danışırdılar. Amma gənc qadın arxa plandakı pıçıltıya, arxası ona sarı duranlara diqqətlə qulaq assaydı, bu sözləri də ayırd eləyərdi:

– Onda dərinlik yoxdur. Bax məsələ bundadı. İstedadı olmağına var, amma dərinliyi, təəssüf ki, yoxdur.

Bütün sonrakı həftəni gənc qadın heç bir şey çəkmədi. O, dinməzcə çarpayısında oturub özü barədə düşüncələrə dalmışdı. Başında dərin sualtı burulğan kimi bütün başqa fikirlərini udan bir fikir ondan əl çəkmədən fırlanırdı: "Məndə niyə dərinlik yoxdu?"

İkinci həftə qadın təzədən çəkməyə cəhd elədi, amma yöndəmsiz cizgilərdən başqa, bir şey alınmadı. Bəzən hətta xırda cizgini də çəkə bilmirdi. Onda ağlamağa başlayıb qışqırdı:

– Bəli, düzdür, məndə dərinlik yoxdur!

Üçüncü həftə incəsənətə dair cildləri nəzərdən keçirməyə, başqa rəssamların əsər-lərini öyrənməyə, cidd-cəhdlə qalereyalara, muzeylərə getməyə başladı.
O, təsviri sənətin nəzəriyyəsinə dair kitabları da oxumağa başladı. Kitab mağazasına gedib satıcıdan rəflərində olan ən dərin mənalı kitabı soruşdu və tanımadığı Vitgenşteynin əsərini aldı, amma ondan heç cür bir şey anlaya bilmədi.
Şəhər muzeyindəki "Avropa rəsminin 500 illiyi" sərgisində o, bədii tərbiyə müəlliminin zallarda gəzdirdiyi sinif uşaqlarına qoşuldu. Gözlənilmədən Leonardo da Vinçinin rəsmlərindən birinin qabağında irəli çıxıb soruşdu:

– Bağışlayın, mənə deyə bilərsinizmi, bu rəsmdə dərinlik var, ya yox?

Müəllim istehzayla gülüb dedi:

– Hörmətli xanım, əgər mənimlə zarafat eləmək istəyirsinizsə, səhər tezdən qalxmalısınız.

Uşaqlar da ürəkdən qəhqəhə çəkib güldülər. Gənc qadınsa evə gedib acı-acı ağladı.
Həmin vaxtdan gənc qadın get-gedə daha da qəribə olurdu. O öz emalatxanasından, demək olar, çıxmırdı, amma bununla belə, işləyə bilmirdi. Gümrah qalmaq üçün həblərdən istifadə eləyirdi, amma gümrahlığın ona nədən ötrü lazım olduğunu bilmirdi. Yorulanda öz stulundaca yatırdı, çünki çarpayıya uzanmağa qorxurdu. O həm də içməyə başladı, bütün gecəni də işığı yanılı qoyurdu. Qadın daha şəkil çəkmirdi. Berlindən biri zəng vurub onun üçün bir neçə eskiz çəkməyi xahiş eləyəndə qışqırdı:

– Məni rahat buraxın! Məndə dərinlik yoxdur!

Aradabir plastilindən nəsə düzəldirdi, amma bunlar qeyri-müəyyən, mənasız şeylər idi. O, yalnız barmaqlarının ucunu plastilinə batırır, ya da ondan xırdaca kürəciklər düzəldirdi. Zahiri görkəmi get-gedə pintiləşirdi. Daha geyiminə də fikir vermir, mənzilini yığışdırmırdı.
Qadının dostları narahat oldular. Onlar deyirdilər: "Ona kömək eləmək lazımdı, indi böhran zolağına düşüb. Bu böhran ya şəxsi, ya yaradıcılıq, ya da maliyyə böhranıdı.

Birinci halda bizlik heç nə yoxdu, ikinci halda böhrandan özü çıxmalıdı, üçüncü halda biz onun üçün vəsait yığılmasını təşkil eləyə bilərik, amma bu, şübhəsiz, onun xoşuna gəlməyəcək”.

Beləliklə, dostları onu nahara, yaxud ziyafətlərə dəvət etməyə başladılar. Qadın hər dəfə işlərinin başından aşdığını bəhanə gətirib imtina eləyirdi. Yenə işləmirdi, yalnız otağında oturur, gözlərini yerə dikir, plastilini əzişdirirdi.

Bir dəfə qadın öz-özlüyündə elə ümidsizliyə qapılmışdı ki, nəhayət, bir dəvəti qəbul elədi. Xoşuna gələn bir cavan oğlan idi. Sonra oğlan məlum məqsədlə yanında qalmaq üçün onu evə aparmaq istədi. Qadın dedi, şübhəsiz, bunu eləyə bilər, çünki oğlan xoşuna gəlir; amma oğlan onda dərinliyin çatışmadığına hazır olmalıdı. Cavan oğlan bunu eşidib öz niyyətindən əl çəkmək qərarına gəldi. Bir vaxtlar çox yaxşı rəsm çəkən cavan qadın indi günlərlə yox, saatlarla süqut eləyirdi. O, daha heç yerə çıxmırdı, daha heç kəsi qəbul eləmirdi, hərəkətsizlikdən kökəlmişdi, alkoqoldan, həblərdən qeyri-adi sürətlə qocalırdı. Mənzili çürüməyə başlamışdı, özündən kif iyi gəlirdi.

Bir vaxtlar ona otuz min marka miras qalmışdı. Həmin pula üç il yaşadı. Bir dəfə Neapola səyahət elədi, necə səyahət elədiyi kimsəyə məlum deyil.

Pul tükənəndə qadın bütün rəsmlərini doğram-doğram etdi, televiziya qülləsinə qalxıb 139 metr hündürlükdən aşağı atıldı. Amma həmin gün güclü külək əsdiyindən, qüllənin dibindəki asfalt meydançaya düşmədi, külək onu çəltik tarlasından keçirib meşənin lap kənarına apardı və küknar ağaclarının başına atdı. Buna baxmayaraq, qadın dərhal keçindi.

Bulvar mətbuatı həmin hadisəni minnətdarlıqla qamarladı.

Bu cür ölüm, uçuşun maraqlı trayektoriyası, söhbətin bir vaxtlar böyük ümidlər verən, üstəlik, yaraşıqlı görkəmi olan rəssam qadın barədə getməsi – bütün bunlar yüksək məlumat dəyərliyinə malik idi. Onun mənzili elə faciəli vəziyyətdəydi ki, fotoqraflar orada hətta bə-dii fotolar da çəkə bildilər: minlərlə boş şüşə, hər yerdə dağıntı izləri, cırıq-cırıq edilmiş tablolar, divarlarda plastilin yumruları, hətta künclərdə çürüntülər. Qəzetlər daha bir qoşa səhifə verdilər, üçüncü səhifədə yeni məlumat dərc elədilər.

Ədəbiyyat əlavəsində əvvəl xatırlatdığımız tənqidçinin qeydləri yerləşdirilmişdi. Həmin qeydlərdə o, cavan qadının bu cür dəhşətli üsulla intihar eləməsinə görə çox kədərləndiyini yazırdı. "Bir daha, – o qeyd eləyirdi, – biz gənc, istedadlı in-sanın özünü təsdiq eləyə bilməməsinin şahidi oluruq. Söhbət ilk növbədə himayədarlıqdan, ağıllı yaradıcı yardımdan gedəndə təkcə dövlətin köməyi, şəxsi təşəbbüs yetərli deyil. Düzdü, demək lazımdı ki, bu halda belə faciəli sonluğun rüşeymləri hər şeydən əvvəl fərdiyyətdədi. Çünki onun ilk, hələ sadəlövh görünən əsərlərindən artıq, bu cür effektin əldə edilməsinə, tonları qarışdırılması texnikasına yönəldilmiş, həmin daxilə istiqamətlənmiş, canına işləmiş o qorxunc ikiləşmə, eyni zamanda son həddəcən duyğularla dolu, amma yaradıcı adamın öz şəxsi qaranlıq "mən"inə qarşı açıq-aydın etiraz gözümüzə görünmürmü? Həmin tablolarda, az qala, məhvedici, dərinliyə bu cür amansız meyli görmürükmü?"

Tərcümə edən: Nəriman Əbdülrəhmanlı