Elektron ədəbiyyat və sənət portalı

Tamaşaçı teatra daha çox sevdiyi aktyoru görməyə gəlir

Bölmə: Müsahibə 01.12.2017

Zaman-zaman mətbuat səhifələrində teatra gedənlərin say azlığından giley-güzar yer alsa da, artıq son vaxtlar bu sənət ocaqlarının salonları elə də boş qalmır. O cümlədən tamaşaçı Gənc Tamaşaçılar Teatrının qarşısından keçəndə də teatrın zəngin afişası ilə rastlaşır. Afişada istər uşaqların, istərsə də böyüklərin zövqünə uyğun əsər tapmaq o qədər də çətin deyil. Ancaq zamanla, sənətin şərtləriylə ayaqlaşmaqla yanaşı, texnologiyanın inkişaf etdiyi və insanları öz əsirinə çevirdiyi bir əsrdə tamaşaçıları könüllü teatra gətirmək sənət adamları üçün heç də asan deyil.
Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanovla bu və digər məsələlər barədə söhbətləşdik.


– Bəhram müəllim, sizin teatrın repertuarının ana xəttini daha çox kim müəyyənləşdirir: baş direktor, yoxsa baş rejissor?

– Gənc Tamaşaçılar Teatrında işlədiyim illər ərzində bu barədə teatrın direktoru Mübariz Həmidovla problemimiz olmayıb. Bir sənət adamı kimi repertuarı mən müəyyənləşdirsəm də, son qərar teatrın direktorunundur. Hər ikimiz tandemlə – bir-birimizə anlayışla işləyirik. Mövsümün repertuarını formalaşdırmaq üçün hələ bir il əvvəldən mütaliəyə başlanılır. Mübariz müəllimlə işarası düşüncələrimiz olur, bəzən bu düşüncələr fikir olaraq qalır, bəzən isə həyata keçir. Amma problem burasındadır ki, ildən-ilə pyes, xüsusən də uşaqlar üçün münasib əsər tapmaq çətinləşir. Ümumiyyətlə, uşaq dramaturgiyası baxımından əziyyət çəkirik. Sifarişlər vermək məcburiyyətində qalırıq. Həmçinin xarici ədəbiyyata müraciət edirik. Ancaq qeyd etməliyəm ki, ildən-ilə repertuarı formalaşdırmaq çətinləşir. Çünki XXI əsrin tamaşaçısını razı salmaq çox çətindir.

– Azərbaycan tamaşaçısının qəbul etdiyi, sevdiyi və sizin sənətə baxışınıza uyğun əsər və müəlliflər var. Repertuar seçimində qızıl ortanı necə müəyyənləşdirirsiniz?

– Bilirsiniz, hələ gənclik illərimdən – Akademik Milli Dram Teatrında çalışdığım dövrdən həmkarlarım öz səlahiyyətlərindən, təcrübələrindən istifadə edərək, müəyyən əsərlərin Azərbaycan teatrının səhnəsində olmasının vacibliyindən danışırlar. Bu, bütün Azərbaycan teatrlarında var. Eləcə də Azərbaycandan kənardakı teatrlarda... Mənim fikrimcə, buna ehtiyac yoxdur. Mənim üçün şəhər, onun sakinləri və onların zövqü var. Hesab edirəm ki, sənət adamının tamaşaçının zövqünə enməyə ixtiyarı yoxdur. Amma elə əsərlər tapmaq lazımdır ki, həm yaradıcı heyət üçün maraqlı olsun, həm də tamaşaçı zövqünə uyğun gəlsin. Azərbaycan tamaşaçılarının bu günə qədər əminliklə qəbul etdiyi müəlliflər var. Məsələn, Şekspir və Molyer Azərbaycan tamaşaçısının bu gün də sevdiyi dramaturqlardandır. Bu iki müəllifin əsərini necə hazırlamaq şifrələri də rejissorlarda var. Ancaq təəssüf ki, böyük dramaturq Aleksandr Ostrovski Azərbaycan səhnəsində heç bir zaman uğurla hazırlanmayıb. Bununla da tamaşaçı qəlbinə yol tapa bilməyib. Rejissor Ələsgər Şərikov Azərbaycan səhnəsində Çexovun “Vanya dayı” pyesini hazırlayıb və bu tamaşa bir neçə dəfə oynanıldıqdan sonra repertuardan çıxarılıb. Maksim Qorki 1919–20-ci illərdə Azərbaycan tamaşaçısı üçün nə qədər maraqlı olub... Amma o, bu gün başqa cür qəbul olunur. Odur ki, sənət adamları ona ehtiyatla yanaşırlar. Mən Qorkinin pyeslərini bir neçə il əvvəl yenidən oxudum. Heyrət etdim ki, nə qədər müasir, nə qədər maraqlıdır. Ona nə zamansa müraciət etməyi düşünürəm. Bir məqamı da qeyd edim ki, həmin əsərlərin Azərbaycan dilində səsləndirilməsi çox çətindir. Bəlkə də, uğursuzluq bundan irəli gəlir. Ən peşəkar tərcüməçi belə o əsərləri tərcümə edəndə nəsə qulağa yad gəlir. Ona görə də belə əsərləri hazırlayıb tamaşaçıya göstərməkdə bir qədər çətinlik çəkirik.
Onu da deyim ki, yeni tamaşa hazırlamaq çox çətindir. Ona görə yox ki, aktyor problemi var və ya teatrın maddi-texniki bazası zəifdir. Məsələ bundadır ki, hər bir əsərin aktyor marağına səbəb olan yeni və maraqlı üslubu olmalıdır. Əsərin bu günlə səsləşməsinə zəmin varsa, rejissor bunu tapıbsa, tamaşaçıya da maraqlı olur.

– Dediniz ki, Şekspirin əsərləri illərdir oynanılır, tamaşaçı da maraqla gedib baxır. Bəlkə, bu, Şekspirin əsərlərinin mövzularından qaynaqlanır?

– Əlbəttə, o da var. Məsələn, teatrımızın repertuarında Şekspirin “Otello”, “Maqbet”, “Hamlet”, “Romeo və Cülyetta” əsərləri əsasında hazırlanmış tamaşalarımız var. Düşünürəm ki, Şekspirdə emosional təsir qüvvəsi güclü olduğu üçün hələ də Azərbaycan tamaşaçısının zövqündədir. Eyni zamanda, elə tarixi formasiyalar var ki, bu, özünü ədəbiyyatda tapıb. Doğrudur ki, bizdə bu, birdən-birə, kortəbii şəkildə olub. Biz dvoryanların, zadəganların necə yaşadığını, etiket qaydalarını bilmirik, bu barədə təsəvvürümüz belə yoxdur. Amma bizim teatrın repertuarında “Xortdanın cəhənnəm məktubları” əsasında çox maraqlı bir tamaşa yer alır. Rejissor gəlmədir, səhnələşdirməsi isə mənə məxsusdur. Amma maraqlıdır, özgə millətin nümayəndəsi olan rejissor bizim adət-ənənəni bilmədən bu əsəri necə hazırlayır? Onu inandırdım ki, Ə. Haqverdiyev bu əsəri sırf bizim ənənələr üzərində yazmayıb. Mücərrəd yerdə, mücərrəd şəhərdə – müsəlmanların yaşadığı məmləkətdə belə hadisələr yaşanıb. Biz o rejissora azadlıq verdik və nəticədə modern bir tamaşa hazırlandı. Bu tamaşanı ölkə xaricində oynadıq, çox yaxşı qarşılandı.
Mən söhbətlərin birində rejissora Ə.Haqverdiyevin Rusiya İmperiyasında iki dəfə Dumanın üzvü olduğunu deyəndə heyrət elədi. Bəli, bizdə belə mütərəqqi yazıçılar, dramaturqlar olub. Bu gün Mirzə Fətəli Axundovu 50-ci illərin kanonları ilə hazırlamaq olmaz. Mən 15 il əvvəl “Hacı Qara”nı hazırladım. Ədəbiyyatşünaslar 50-ci illərdə xəsisliyi ön plana çəkirdilər. Bu gün isə kimisə xəsisliklə təəccübləndirmək mümkün deyil. Təhlil zamanı müəyyən olunur ki, M.F.Axundov xəsislik mövzusu ilə yanaşı, müxtəlif sosial-siyasi motivləri də ön plana çəkib. Biz də tamaşanı hazırlayarkən bu məqamları qabartdıq. Axundovun mətninə toxunmamaq şərti ilə tamaşa başqa bir həvəslə, nəfəslə oynanıldı. İstənilən xarici dramaturqa üz tutmaq olar. Ümumiyyətlə, oynanılan əsərdə tamaşaçı adət-ənənəyə yox, təklif olunmuş vəziyyətə və ali məqsədə baxır. Bir də, tamaşaçı teatra daha çox sevdiyi aktyoru görməyə gəlir.

– Aktyor seçimində bunu nəzərə alırsınız?

– Yox, mənim üçün aktyor öz fərdi keyfiyyətləri ilə maraqlıdır. Hər teatrda 10–15 aktyor var ki, onlar öz peşələrini dərindən mənimsəyərək istedadlarını üzə çıxara biliblər. Teatrlar da həmin adamlardan bəhrələnir.


– Bəhram müəllim, əcnəbi müəlliflərdən danışdıq. Maraqlıdır, Azərbaycan tamaşaçısı müasir İsveç dramaturqu Lars Norenin “Müharibə” əsəri əsasında hazırladığınız tamaşanı qəbul etdimi?

– Qəbul etməsəydi, dördüncü teatr mövsümünə qədər oynanılmazdı. Bizim teatr tamaşadan sonra tamaşaçı ilə görüşlər keçirir. Əlbəttə ki, bu görüşlər bizim universitetlərimizdə olur. Mən bu görüşlərdən sonra anladım ki, bu tamaşada çətinliklə qəbul olunan bizim də müharibə şəraitində yaşamağımızdır. Gənclər “Müharibə” tamaşasında yaşanan qəddarlığı görmək istəmirlər. Ancaq tamaşanı yaradıcılıq baxımından qəbul edirlər. Biz bu tamaşanı müxtəlif ölkələrdə də oynadıq. Deyim ki, hansı ölkələrdə nə vaxtsa müharibə olubsa, oranın tamaşaçısı ölkəsində müharibə olmayan tamaşaçıdan fərqlidir.

– Onlar əsəri daha yaxşı hiss edirlər?

– Bəli! Hansı ölkədə ki, müharibə olmayıb, onlar onu qəbul etmir. Lars Noren dünyada kifayət qədər məşhurdur. Amma Rusiyada əsərləri nadir hallarda səhnəyə qoyulan dramaturqlardandır. Bizim getdiyimiz festivallarda müxtəlif ölkələrdən gələn teatrşünaslar deyirdilər ki, Azərbaycan MDB ölkələri arasında yeganə ölkədir ki, burada Lars Noren bu qədər tanınır.

– Baş rejissor kimi prioritetləriniz nədən ibarətdir?

– Mənim üçün əsas olan truppanı formalaşdırmaqdır. Yəni Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ən yaxşı tələbələrini teatra işə cəlb etmək və onların yaradıcılıq potensialını inkişaf etdirməkdən ibarətdir. Bir qədər yaşlı nəslin daima formada olmasına çalışmaqdır. İmkan daxilində müxtəlif mövzularda treninqlər keçirməkdir. Treninq inkişaf deməkdir. İnkişaf varsa, teatr canlıdır, yoxdursa, xatirələr teatrına çevrilir. Buna görə də yeni müəllif və pyeslərin axtarışındayam. Yeni yaradıcı insanlarla işləməyə can atırıq. Bir mövsümdə altı tamaşadan ikisi uğur qazanırsa, bu, yaxşıdır.

– Gənc Tamaşaçılar Teatrının adı sizin repertuara hansısa məhdudiyyətlər qoyurmu?

– Çox böyük məhdudiyyətlər qoyur. Burada işləyən həmkarlarıma tövsiyə edirəm ki, hazırlanan tamaşanın baş qəhrəmanları və ya hadisələr daha çox gənclər üçün nəzərdə tutulsun. Elə teatrımızın nizamnaməsində də teatrın gənclərə xidmət etdiyi qeyd olunub.

– Ancaq teatr səhnəsində, haradasa uşaq tamaşaları üstünlük təşkil edir. Siz necə düşünürsünüz?

– Mən belə deməzdim. Bizdə uşaq tamaşaları həftəsonu, bir də, əsasən, tətil günlərində olur. Qalan günlərdə tamaşalar gənclər, böyüklər üçündür. Hətta afişalarımızda “16+”, “18+” qeydlərindən də istifadə edirik. Ancaq razıyam, bəzən belə təsəvvür yaranır ki, bizim teatr uşaqların teatrıdır. Təbii ki, bu, belə deyil. Bizim teatra hər yaşda tamaşaçı gələ bilər.

– Bəhram müəllim, bir teatr üçün kifayət qədər böyük aktyor heyətiniz var. Hərdən aktyorlar və aktrisalar rolsuz qalmaları ilə bağlı narazılıqlarını səsləndirirlər. Bu mənada, aktyorların məşğulluğu məsələsində prinsipləriniz nədən ibarətdir?

– Mən tərəfdarı deyiləm ki, bir rolun iki-üç, bəzən dörd ifaçısı olsun. Çalışıram ki, hər bir ifaçı özünün yarada biləcəyi rola malik olsun. Bir də, bilirsiniz, şikayətlər həmişə var. Otuz ildir peşəkar teatr sahəsində çalışıram və müşahidələrimə görə, aktyorlar həmişə şikayət edirlər. Bu, artıq onların vərdişinə çevrilib. O, gözəl rol oynasa da, oynamasa da, şikayət edəcək. Bir məqamı diqqətə çatdırım ki, öz gücünə güvənən aktyor oynamağa rolunun olmadığından, özünə inanan rejissor isə hazırlamağa pyes tapmadığından şikayət etmir. Elə xalq artisti ola bilər ki, illərlə eyni rolu oynasın. Amma bu heç də o ifaçının yaradıcılığının tənəzüllə uğraması demək deyil. Sadəcə bu, dövrün diktəsidir. Ona görə də teatrı incəsənətin ən qəddar sahəsi adlandırırlar.

– Bəhram müəllim, siz həm də İncəsənət Universitetində dərs deyirsiniz. Bir pedaqoq kimi, sizcə, bu gün rejissura sahəsində hansı problemlər var?

– Hesab edirəm ki, rejissorlar peşəkar teatrlardan qorxurlar. Ona görə də daha çox aktyorluqla məşğul olur, ya da başqa sahələrə üz tuturlar. Teatr rejissoru gərək dramaturgiyanı yaxşı öyrənib, təhlil etməyi bacarsın, aktyor sənətini dərindən bilsin. Əgər dörd-beş ildən bir də olsa, teatra gənc rejissorlar gəlirsə, bu, yaxşı göstəricidir. Bir də, universitet çərçivəsində tələbənin potensialını görmək çətindir. Mən arzulayıram ki, Azərbaycanda gənclər üçün bir incəsənət mərkəzi olsun ki, burada aktyor və rejissorlar öz eksperimentlerini etsinlər, formalaşsınlar, öz yaradıcılıq potensiallarının sərhədlərini müəyyən etsinlər. Bizim gənc rejissorlara güvənib səhnəmizdə tamaşalar hazırlamaqlarına şərait yaratmağımız onlara olan inamımızdan irəli gəlir.

Sevinc Fədai