Elektron ədəbiyyat və sənət portalı

Hardan gəldiyi bəlli olmayan səslər

Bölmə: Ədəbiyyat 27.11.2017

PATRİK MODİANO

2014-cü ildə ədəbiyyat nominasiyası üzrə Nobel mükafatına layiq görülən Patrik Modiano bu ödülü alan on birinci fransız yazıçısıdır.
Modiano mükafata “işğal dövründə insan talelərinin təsvirinə görə” layiq görülüb. İsveç Akademiyası Modianonun əsərlərini Marsel Prustun yaradıcılığıyla müqayisə edib: “Onun yaradıcılığında insanı valeh edən budur ki, bütün əsərləri bir-biriylə səsləşir, bir-birinin əks-sədasıdır və onları unikal edən də məhz budur. O, dövrümüzün Marsel Prustudur”.
Modiano 1945-ci ildə Parisdə anadan olub. İlk romanı olan “Ulduz meydanı” (1968) müəllifinə şöhrət gətirib. “Bulvar dairəsi” romanı (1972) Fransa Akademiyasının Böyük mükafatını, “Qaranlıq dükanlar küçəsi” romanı (1978) isə Qonkur mükafatını alıb.
Modiano həyatda qapalı, azdanışan insandır. Təbii ki, Modianonun oxucularına deməyə sözü var, amma üzbəüz ünsiyyətdənsə, onlarla romanlarının səhifələrindən danışmağa üstünlük verir.
Əsərləri adi insanların yaddaşının keşiyində ayıq-sayıq durmuş əsgərə bənzəyir. Özü isə deyir ki, əlinə qələm alandan eyni əsər üzərində işləyir və Nobel mükafatının məhz ona verilməsini çox qəribə qarşılayır – “niyə məni seçdilər, anlamadım...”

 

“HARDAN GƏLDİYİ BƏLLİ OLMAYAN SƏSLƏR”

Patrik Modianonun “Bülten Gallimar”a müsahibəsi

“Bülten Gallimar”: “Tanımadığımız qadınlar” triptix təşkil edən üç qadın monoloqundan ibarətdir. Nədən bu dəfə sözü qadınlara vermək qərarına gəldiniz?

Patrik Modiano: Mən yeni rakurs tapmağa çalışır, əvvəlki romanlarımdakı “mən”dən fərqli başqa təhkiyəçi tapmağa çalışırdım ki, rəvayətçi deyil, dinləyici olum. İstəyirdim oxucuda belə bir təəssürat oyadım, sanki o, hər dəfə radiodan səs eşidir – kimsə öz həyatından hadisə danışır və qəflətən veriliş kəsilir, ya da onu efirdəki yad səslər, xışıltılar pozur. Dinləyici əbəs yerə çalışır ki, radionun düyməsini hərləyib dalğanı tapsın, hadisənin davamını öyrənə bilsin.

“B.G.”: Adətən, sizin qəhrəmanlar özlərinin, öz keçmişlərinin axtarışıyla məşğul olan insanlardır. İndi isə, deyəsən, bu axtarış yoxdur...

P.M.: Hər bir qadın həyatının bəlli parçasından söz açır, lakin oxucu nə bu qadınların kimliyini, nə onların adını bilir. Rəvayətçilər adsız qalır. Həmin bu üç mətni kiminsə makinada çap etdiyi şahid ifadələri kimi də oxumaq olar. Çap edib, lakin dindirilənlərin adlarını, soyadlarını göstərməyi unudub. Və artıq şəxsiyyəti müəyyən etmək mümkün deyil.

“B.G.”: Bir zamanlar demişdiniz: “Mən anladım ki, keçmişi “diriltməkdə” gücsüzəm. Ondan yalnız fraqmentlər, pərakəndə epizodlar qalır”. “Tanımadığımız qadınlar”ı yaddaşın öləziməsi mövzusunda bir variasiya kimi qəbul etmək olarmı?

P.M.: “Tanımadığımız qadınlar”da bizim qarşımızda məhz fraqmentlər, dağınıq epizodlar durur. Aydındır ki, hər qadın öz keçmişindən danışır. Amma bəlli deyil, onlar indi, öz hekayətlərini danışarkən haradadırlar və sonradan başlarına nə gəlib. Qısası, eyni zamanda həm çox yaxın, həm də uzaq olan bu səslərin haradan gəldiyi bəlli deyil. Və bütün bu əhvalatları qəhrəmanın sonrakı həyatıyla bağlamaq qeyri-mümkün olduğundan, adama elə gəlir ki, hər bir hekayə böyük buzlaqdan qopmuş, dalğalar qoynunda əbədilik tənha üzməyə məhkum bir buz parçasıdır.

“B.G.”: Hərdən xəyallar pərdəsi yırtılaraq qəddar gerçəkliyin üzünü qismən açır – qəfil həbs, qətl. Bu nədir – reallığın kabusa çevrilməsi, yoxsa xəyalpərəst birisinə özünü kobud bir tərzdə xatırladan reallıq?

P.M.: Mən düşünürəm ki, xəyallara dalanın rastlaşdığı elə reallıqdır və bu görüş onu hər dəfə qəddarcasına yuxusundan oyadır. Lakin hər üç epizod keçmişə aid olduğundan, o, “qəddar gerçəklik”də yuxu, ya da fantaziya cizgiləri tapır.