Pərdəarxası həyat

Mədəniyyət 08.11.2017

“Dostunun arvadı xəyanət eləsə...” Noyabrın 2-də premyerasını izlədiyimiz “İkinci Pərdə” filmində bu sual təkrar-təkrar səslənir.
Daha çətin suallar isə bundan sonra başlayır: niyə, nə üçün, necə, nəyi (nələri) çatmırdı, bundan sonra nə olacaq və sair və ilaxır. Filmin sonu da başlanğıcdakı mətləbə bağlanır və mövzu açıq qalır.
Real həyatdan götürülən süjet adi məişət hadisəsindən ibarətdir: gecə növbəsində çalışan Tima (Hikmət Rəhimov) səxavətli, dostlarına qarşı fədakar oğlandır. O, min bir əziyyətlə qazanıb topladığı pulları qumarda uduzan dostu Arifə (Qorqud Cəfər) verir ki, borclarını bağlasın və belə əyri işlərdən uzaq olsun. İbişin (Elşən Əsgərov) ad gününü qeyd etmək də Timanın ağlına gəlir, məclisi özü təşkil edir. Hər şey də elə bu məclisdə aydın olur. Tima çıxıb gedəndən sonra dostları onun arvadı haqqında məhəllədə gəzən söz-söhbətləri müzakirəyə çıxarırlar. İbiş istisna olunmaqla hamı məsələdən xəbərdardır, amma heç kəs cəsarət edib, bir söz deyə bilmir. Həmin məclisdə İbiş mətləbdən hali olur. O özü də arvadıyla müəyyən problemlər yaşadığından, dostuna üstüörtülü şəkildə xəbərdarlıq etməyi lazım bilir. Bundan sonra Tima işdən qəfil evə qayıdır. Arvadı onu tamam fərqli görkəmdə qarşılayır – kamera ilk dəfə onun səliqəylə açılıb çiyinlərinə tökülmüş saçlarına, makiyajlı üzünə, cəlbedici gecə paltarına tuşlanır. Üstəlik, Samirə (Günay Əhməd) tək deyil, onun bu gecəki qonağı isə Arifdir - Timanın dəfələrlə vəziyyətdən çıxardığı, borc pul verib biabırçılıqdan qurtardığı Arif. Burada sualların ən dəhşətlisi eşidilir: “Başqa adam tapmırdın?!”
Tima onları öldürə də bilər, bunun üçün tüfəngi də var. Arifin ləkələdiyi namusunun qisasını onun arvadından almaq da olar. Amma yəqin ki, bütün bunlar onluq deyil. Tima nə edəcək, biz bilmirik, heç bilməyəcəyik də. Çünki hadisə burada qırılır. Bundan sonra cəmi bir epizod göstərilir, orada da həmin məşum replika eşidilir...
Qadının, xüsusən də evli qadının xəyanəti mövzusu Azərbaycan filmində bir neçə dəfə fərqli rakurslardan işlənib. Məsələn, bir qədər mübahisəlidir - “Tütək səsi”ndəki Sayalı obrazını xəyanətkar hesab etmək olar, ya yox? Onun əri müharibədən qayıtmayıb. Dul qalmış Sayalı ərindən əvvəl sevdiyi Cəbrayılı evinə gətirir. Amma burada incə bir məqama işarə olunur: Sayalının da, hansısa mənada dostuna xəyanət edən Cəbrayılın da bəraəti başqa bir obrazın dilindən belə səslənir: “bu, ürək-könül məsələsidir”. “Ölsəm, bağışla” filmində də qadın ərinə xəyanət edir. Amma burada da incə bir məqam var. Bundan əvvəl o, sevgisinə – müharibədən sonra tribunala verildiyi üçün vətəninə gec qayıdan Yusifə xəyanət edibmiş. Yusif qayıdandan sonra qadın ərini və uşaqlarını atıb onunla Kislovodska qaçır. Burada da sevgi, özü də ilk – qadının ərə gedənə qədərki sevgisi faktoru rol oynayır. Görünür, hər iki halda müəlliflər bu fikirdə olublar: xəyanətə heç cür bəraət qazandırmaq olmaz.
“İkinci Pərdə” filmində isə vəziyyət fərqlidir. Burada heç bir sevgidən söhbət getmir. Buna görə də Samirənin xəyanətinə müəllif haqq qazandıra bilmir. Hərçənd, buna çalışır: Samirənin dilindən qaynana-gəlin münasibətlərinin alınmamasına, Timanın diqqətsizliyinə və hətta başqa qadınla münasibətlərinə dair ittihamlar səslənir. Amma Günay Əhmədin peşəkar ifasında belə bu “bəraətlərin” heç biri inandırıcı səslənmir. Çünki inandırıcı arqument eşidilmir.
Aktyorlar – Hikmət Rəhimov, Qorqud Cəfər, Günay Əhməd, Elşən Əsgərov və s. peşəkar oyun nümayiş etdirirlər. Onları müxtəlif situasiyalarda, fərqli əhvalda görürük. Bu epizodların hər biri təbii təsir bağışlayır. Yeri gəlmişkən, filmdə vulqar sözlərdən gen-bol istifadə olunur. Situasiya belə tələb edir və bu, tamaşaçıya bayağı, süni təsir bağışlamır, əksinə, yerinə düşür. Çünki ən vulqar olan əslində faktın özüdür, sözlər isə yalnız ifadə vasitəsidir…
“İkinci Pərdə”dən əvvəl prodüser Orxan Mərdan və rejissor Emil Quliyev “Pərdə” filmini ictimaiyyətə təqdim etmişdi. Onların sözlərinə görə, bu iki film arasında elə bir əlaqə yoxdur, yeganə ümumi məqam çəkiliş məkanıdır. Amma var: bu, tandemin bizə təqdim etdiyi ikinci əsəri də onların ümumi yaradıcılığında ikinci və müəyyən qədər uğurlu pərdə hesab etmək olar.