Elektron ədəbiyyat və sənət portalı

Gürcüstanın tanınmış yazıçısı Quram Odişariyanın Tiflisdə nəşr olunan “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”na yazdığı ön sözü oxuculara təqdim edirik

Bölmə: Ədəbiyyat 03.11.2017

Məlum olduğu kimi bu günlərdə ARNK yanında Tərcümə Mərkəzinin gürcü dilində nəsr olunan “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın paytaxt Tbilisidə rəsmi nümayəndələrin, gürcü ədəbi ictimaiyyətinin, Gürcüstanda yaşayan soydaşlarımızın iştirakıyla geniş təqdimat mərasimi keçirilib. Oxucular üçün maraqlı olacağını nəzərə alaraq tanınmış yazıçı, Gürcüstan Dövlət mükafatı laureatı Quram Odişariyanın kitaba yazdığı ön sözü təqdim edirik.

 

Quram Odişariya


Gözün işığı

İstənilən antologiyanın özünəməxsus magiyası var – onu oxuyarkən, təqdim olunan hər bir yazıçı və əsərlə ayrı-ayrılıqda və hamısı ilə birlikdə tanış olursan.
Antologiya oxucunu millətin mənəvi həyatı, xalqın tarixi, onun mənəvi durumu, hədəfləri, ayrı-ayrı zamanlarda ona həyat verən ümidi və həvəsini öləzidən ümidsizliyi, nəhayət qəm-kədəri və sevinci ilə tanış edir... Bir sözlə millətin həyatında hər nə varsa, antologiyada öz bədii əksini tapır.
Buna görədir ki, əksər hallarda bir çox ölkələrdə ədəbi qəhrəmanları gerçəklikdə mövcud olan insanlar kimi qəbul edirlər. Antologiyalar canlı insanlara daha çox bənzəyərək millətin vahid simasını təşkil edir.
Budur, gürcü ictimaiyyətinin, gürcü oxucusunun qapısını müasir Azərbaycan nasirlərinin antologiyası döydü; sözsüz ki, biz onu mehribancasına qarşılamalı, həmin antologiyadakı əsərlərdən birinin qəhramanı demişkən, “Qonaq Allah qonağıdır!” deməliyik.
Gürcü oxucusu Azərbaycan ədəbiyyatına yaxşı bələddir. Amma etiraf etməliyik ki, bizim oxucumuz onu əvvəl daha yaxından tanıyırdı – bu yöndə usanmadan çalışan gözəl mütərcimlərin sayəsində tanıyırdı desək, daha düz olar. Xaqanidən, Nizamidən üzü bu yana 13-cü əsrdə yaşayıb - yaradan Nəsiminin, sonrakı dövrdə Füzulinin ölməz əsərlərindən tutmuş çağdaş şair və nasirlərin əsərlərinə qədər hamısına bələd idi.
Azərbaycan ədəbiyyatı zəngin və çoxçalarlıdır. Onun, belə demək mümkünsə, gürcü ədəbiyyatına yaxın olan cinahı olduqca maraqlıdır: bu yerdə Mirzə Fətəli Axundov, Mirzə Cəlil Məmmədquluzadə və Nəriman Nərimanovun yaradıcılığını xatırlamaq da kifayətdir. Sovet İttifaqının süqutundan sonrakı dövrdə müxtəlif səbəblərdən çağdaş Azərbaycan və Gürcüstan ədəbi ictimaiyyəti, təəssüflər olsun ki, bir-birinin ədəbiyyatını, ümumiyyətlə, ədəbi hayatını və durumunu arzuolunan səviyyədə tanımır.
Bizim bir-birimizdən belə uzaqlaşmağımızın bir çox səbəbi var. Əsas səbəblərdən biri, bəlkə də, birincisi, bir qərinə bundan öncə Qafqazın ayrı-ayrı bölgələrinə yanğın kimi düşən və öz həllini bu günə kimi tam tapa bilməyən münaqişələrdir. Həmin münaqişələr həyatımızın dinc ahəngini hər yerdə pozdu. Sözsüz ki, bu, ədəbi həyatdan da yan keçə bilməzdi. Keçmədi də.
Azərbaycan ədəbiyyatı digər Qafqaz ədəbiyyatları kimi istənilən anlaşılmazlıqlara, müharibəyə və nifrətə qarşı barışmaz olub, imkanı daxilində mübarizə aparıb.
Azərbaycan ədəbiyyatının klassiki Cəlil Məmmədquluzadə öz ölməz əsərlərində nöqsanları ifşa edərək bizi necə də yanğıyla ayıq-sayıq olmağa və qarşılıqlı məhəbbətə çağırırdı. Bu yazını yazarkan qəflətən yadıma düşən onun “Kamançası”, doğrudan da, nəyə desən dəyər. Bu əsər təkcə Azərbaycan ədəbiyyatının deyil, bütün dünya ədəbiyyatının şedevridir. Anarın həmin əsər haqqında yazdığı essesini birnəfəsə oxuduğumu heç zaman unuda bilmərəm.
Müasir Azərbaycan yazıçılarının antologiyası ilə də belə həvəslə tanış oldum.
20-ci əsrdən bu günə qədər Azərbaycan həyatını özündə əks etdirən əsərlər, sözün əsl mənasında məni heyran etdi. (Bu heç şübhəsiz, kitabda təqdim olunan müəlliflərlə yanaşı, tərcüməçinin uğurudur).
Antologiyanın səhifələrindən Azərbaycan nəsrinin ustaları məlum zaman kəsiyində yaşayan insanların taleyindən, İkinci Dünya müharibəsindən, çağdaş Azərbaycanın həyatından məharətlə bəhs edir, öz qəhramanlarının çox maraqlı portretlərini təsvir edirlər. Həmin qəhramanlar və onların həyatı bizim qəhramanlara və bizim həyata çox oxşayır, onların sevinci və kədəri, müəyyən mənada, bizimki ilə eynidir. Müasir insan orda da, burda – Gürcüstanda da eyni hissləri yaşayır.
Mən belə orijinal dillə danışan canlı həmsöhbətimlə – köhnə və yeni ədəbi nəsilləri, artıq dünyadan köçənləri və hazırda yazıb-yaradan yazarları özündə cəmləşdirən bu kitabla səhifə-səhifə, sətirbəsətir tanış oldum. O, məni bir daha əmin etdi ki, qonşuda baş verənlərlə diqqətlə tanış olsan görərsən ki, təxminən həmin yaşantılar səndə də baş verir.
Gözəl yazıçı və ictimai xadim, sözügedən kitabın mütərcimi İmir Məmmədlinin əməyini xüsusi qeyd etməliyəm. Elə say-seçmə insanlar təbəqəsi var ki, onları barmaqla saymaq olar. İmir müəllim həmin təbəqəyə məxsusdur. O, hər iki dili mükəmməl bilən və hər iki dildən sərrast tərcümə edən say – seçmə mütərcimlərdəndir. Faktiki olaraq, yazıb-yaratdıqları dilin hər ikisi belə fərdlər üçün eyni dərəcədə doğmadır.
Sonda gürcü oxucusunu bu yeni kitabın gəlişi münasibəti ilə təbrik edirəm. Əminəm ki, bu kitab ən yaxın qonşusunu ona daha yaxından tanıdacaq və həyatını daha da mənalandırıb nurlandıracaq.
Nur haqqında gürcü atalar necə də gözəl deyib: Qonşu – el yaraşığı, gözlərimin işığı!