Elektron ədəbiyyat və sənət portalı

Viktor Hüqo və onun “Məhəmməd” şeiri

Bölmə: Ədəbiyyat 24.09.2015

Xristian dünyasının əsrlərdir müzakirə obyektinə çevirdiyi Viktor Hüqonun Həzrəti Məhəmməd haqqında yazdığı şeir türk dilinə tərcümə edilib. Şeiri Çeçen Universitetinin Xarici Dillər Mərkəzinin Fransız dili kafedrasının müəllimi Yaqub Yaşa uzun sürən araşdırmadan sonra tərcümə edib. Orijinal adı “Mahomet” olan şeirdə Həzrəti Peyğəmbərin sadə həyatı və bitkin şəxsiyyətindən söz açılır. Hüqo şeirində İslam peyğəmbərinin ömrünün son anlarını təsvir edib.

Qeyd edək ki, V. Hüqonun “La legende des siècles” (“Yüz illərin əfsanəsi”) adlı əsəri 28 sentyabr, 1859-cu ildə Brüsseldə ilk dəfə çapdan çıxıb. Ancaq bu nəşrdə olan İslam və İslam peyğəmbərinə dair “Mahomet” şeiri digər nəşrlərdə verilməyib.

Fransa Milli Elmlər Akademiyasının Tədqiqat Mərkəzi “Yüz illərin əfsanəsi” əsərindəki “Mahomet” şeirini Hüqonun ölümündən yüz il sonra, yəni 1985-ci ildə nəşr edib. Bundan sonra xristian dünyasında Hüqonun müsəlman olub-olmadığı ilə bağlı mübahisələr səngimək bilmədi. Hətta onun iki övladının və bir oğlan nəvəsinin xaç suyuna salınmadığı və xristian adəti üzrə dəfn edilmədiyi faktı mövcuddur. Onun bir çox əsərində evində gizli ibadət etdiyi haqqında yazılara da rast gəlmək mümkündür.

Aşağıda Hüqonun “Mahomet” şeirinin Azərbaycan dilinə tərcüməsini təqdim edirik.

 

Mahomet
(Məhəmməd (Ona Allahın xeyir-duası və salamı olsun!))

 Vəzifəsi yaxınlaşmışdı, dünyaya göz açdı

Mətanətli idi, kiminsə

                               xətrinə dəyib incitməzdi

Yolda gördüyü hər kəslə salamlaşardı

Hər gün sanki bir az daha yaşlanırdı

İyirmiyə yaxın ağ tük vardı saqqalında

Bəzən durar, su içən dəvələri seyr edərdi,

Bu seyr ona dəvə otardığı

                               günləri xatırladardı

Sanki Cənnəti görmüş,

                               ilahi eşqi tapmışdı

Sanki kainatın yaradılışına

                               şahid olmuşdu

Alnı dik, yanaqları qüsursuz,

                               bənzərsiz idi

Qaşları incə, baxışları mənalı və sərt idi

Boynu gümüş bir səhəngin

                               boğazı idi sanki

Tufanın sirlərini bilən

                               Nuhun havası var idi onda.

Onunla danışmağa gələnlərlə

                               ədalətli idi,

Bəziləri gülər, bəziləri etiraf edər,

                               bəziləri də danardı

Səssizcə onları dinlər,

                               ən son özü danışardı

Dodaqlarından dua və

                               zikr əskik olmazdı

Çox az yeyər, qarnına daş bağlayardı

Yerə oturar, paltarlarını yamayardı

Artıq gənc deyildi,

                               əvvəlki gücü də yox idi

Yenə də hər kəsdən daha çox oruc tutardı.

Altmış üç yaşında, sanki bir

                               alov bürüdü bədənini

Müqəddəs kitab Quranı bir daha oxudu

Sonra bayrağı Səid oğluna təslim etdi,

Onlara: “Artıq aranızdan ayrılmaq vaxtı

                               gəldi,” – dedi

“Allah birdir, yalnız Onun yolunda

                               mübarizə aparın,” - dedi.

Hüznlü idi yurdundan didərgin düşmüş

                               yaşlı qartal kimi

Adəti üzrə məscidə gəldi

Əliyə tabe olanlar da arxasınca gəlirdi

Və müqəddəs bayraq küləklərin

                               ağuşunda dalğalanırdı

Üzü solğun idi, geri döndü və

                               kütləyə belə səsləndi:

Ey insanlar, ömür bitir,

                               həyat gəlib keçəcək

Biz qaranlıqda bir zərrəyik,

                               uca olan Odur

Ey insanlar, ondan başqa

                               rəhbərim yoxdur

Onsuz bir dəyərim olmazdı

 

Ey möminlərin həqiqi sultanı,

Səni dinlər-dinləməz,

                               hər kəs sözünə inandı

Sən doğulanda, bir ulduz doğuldu

                               göy üzündə

Kisranın üç qülləsi birdən yıxıldı

Mələklər ölümümü müzakirə etdi

Vədə yetişdi, dinləyin, əgər

                               kiməsə bir pislik etdimsə,

Önə çıxsın, hər kəsin önündə

                               intiqamını alsın

Kimə vurmuşamsa, o da mənə vursun

Sakitcə əsasını oradan

                               keçənlərə uzatdı,

Yaşlı bir qadın qoyun otarırdı çöldə

Ona: “Allah köməyin olsun,” – dedi

Baxışlarında bir hüzn vardı,

                               sanki tükənmişdi.

Fikirli idi, birdən dilləndi:

                               Hər kəs eşitsin!

Allah mənim adımı andı,

                               bundan əmin olun

Torpaqdan insan, nurdan

                               bir peyğəmbərəm

İsanın gətirdiyi dini

                               tamamlamağa gəldim

Ey səhabələrim, mən səbir daşıyam,

                               İsa şirin dilli idi

Unutmayın, hər şəfəq doğan günəşin

                               bir müjdəçisidir

İsa məndən əvvəl idi, ancaq nə Tanrıdır,

                               nə də onun oğlu

O, gülü qoxulayan bakirə Məryəmdən

                               dünyaya gəldi

Unutmayın, mən də ətdən-sümükdən

                               bir faniyəm

Bu dünyada başıma gəlməyən

                               heç bir şey qalmadı

Yol belə, çəkdiyim əziyyətlərə dayanmazdı

Təzyiq və işgəncədən bədənim çox əzab çəkdi

Unutmayın, əgər işlədiyimiz

                               hər günahın əvəzi

Qorxunc həşərat olsaydı, o qaranlıq

                               məzarı bizə dar edərdi,

Cəhənnəmə çevirərdi oranı…

Yenidən bədənlərin cəhənnəm

                               əhlinin bədənləri,

Həşəratlar yenidən gəmirər

                               bütün bədənləri

Beləcə dəfələrlə ölüb yenidən dirilərlər

Cəzalarını çəkdikdən sonra

                               yenidən rahatlıq taparlar

Mən müqəddəs müharibələrin

                               təvazökar meydanıyam

Bəzən böyük, bəzən də kiçik kimiyəm

Sözlərim çöldəki qum və quyular kimidir

Bir sözüm qorxudursa,

                               bir sözüm müjdələyəndir

Ey insanlar! Nələr çəkdiyimi görürsünüz

İnsanları aldadıb zəlalətə salmaq

                               istəyən dəhşətli iblislərə

Əngəl olmağa çalışdım,

                               bağladım pis əllərini

Çox vaxt Yaqub kimi qaranlıqlar içində

Görmədiyim kəslərlə vuruşdum

Ancaq insanlar məni

                               qəsdən öldürmək istədilər

Mənə qarşı hey kin və həsəd bəslədilər

Mən isə əsla haqq mübarizəmdən

                               geri çəkilmədim

Onlarla vuruşdum, ancaq

                               heç kimdən incimədim

Mübarizə boyu – Qoyun,

                               nə edirlərsə-etsinlər - dedim

Qanlar içində tək yaralı

                               mən olmaq istəyirdim

Qoy hamı məni vursun,

Onsuz da vurmaqdan

                               yorulmazlar ki…

Sağ əllərinə Ayı, sol əllərinə

                               Günəşi də versəydim,

Düşmənlərim əsla vaz keçməzlərdi

Yenə də bu çətin səfərimdə

                               mənə hücum etdilər

Ancaq nə olursa-olsun,

                               geriyə addım atmadım

Bu müqəddəs dava uğrunda

                               qırx il mübarizə apardım

Belə keçən bir ömrü

                               sonunda tamamladım

İndi Allaha gedirəm,

                               dünyanı geridə qoydum.

Hazırladı: NARINGÜL