Elektron ədəbiyyat və sənət portalı

"Final səhnəsində dekorasiyaların funksional işi məni, sözün əsl mənasında, heyrətləndirdi"

Bölmə: Sorğu 17.10.2017

Bu günlərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Cəhənnəm sakinləri” tamaşasının premyerası olub.

Xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru və rəssamı Xalq artisti Azərpaşa Nemət, musiqi tərtibatçısı Kamil İsmayılovdur. Səhnə əsərində Azər Dadaşovun musiqisindən istifadə olunub. Tamaşada Xalq artistləri Məleykə Əsədova, Nurəddin Mehdixanlı, Əməkdar artistlər Elşən Rüstəmov, Mirzə Ağabəyli, aktyorlar Vüsal Mustafayev, Elçin Əfəndi, Ləman İmanova, Rüstəm Rüstəmov, Rada Nəsibova, Ramin Şıxəliyev və Xədicə Novruzlu rol alıb.

145-ci teatr mövsümünün ilk premyerası olan tamaşa 1937-ci ildə bütün ölkəni əhatə edən repressiyalardan, repressiya dövrünün acı həqiqətlərindən bəhs edir. İnsanlara qarşı həyata keçirilən kütləvi təqib, mənəvi təzyiq ər və arvadı da üz-üzə qoyur. Günahlarını bir-birindən gizlətməyə çalışsalar da, günlərin birində evlərində peyda olan çağırılmamış qonaq (ər-arvada görə Şeytan) onların əsl mahiyyətini üzə çıxarır, qorxunun insan həyatında hansı faciələrə səbəb olduğunu göstərir.

Yaradıcı kollektiv dövrün mürəkkəbliklərinə baxmayaraq, isti və normal münasibətlərini qoruyub saxlayan azərbaycanlı ziyalı ailəsində ərlə arvadın təzadlı tale yoluna işıq tutur. Səhnə əsərində cərəyan edən dramatik hadisələr, eləcə də mürəkkəb obrazlar real və irreal dünya arasında körpü yaradır.

Tamaşada təkcə həmin dövrün hadisələri deyil, ümumilikdə insan taleyi, dəhşətli mənəvi ortamda qəhrəmanların yaşadıqları hislər, insan qorxularının yozumu əks etdirilir.

Tarixdə ən müdhiş illərdən biri kimi qalan 1937-ci ilin sonuna 1 saat 40 dəqiqə qalır. Qarşıda hələ müəmmalarla dolu 1 saat 40 dəqiqə var. İkihissəli səhnə əsəri tamaşaçıya həmin müddət ərzində yaşananları təqdim edir. Tamaşa çağırılmamış qonağın – Şeytanın qələbəsiylə bitir: bütün mübarizəsinə rəğmən, ev sahibi də dövrün qurbanına çevrilir.

Tamaşadan sonra mədəniyyət xadimlərinin təəssüratları ilə tanış olduq.

 

Əməkdar incəsənət xadimi, dramaturq Əli Əmirli bu tamaşanı mədəni həyatımızda hadisə hesab edir: “Maraqlı dramaturgiya olan yerdə tamaşa da maraqlı alınır. Şübhəsiz ki, “Cəhənnəm sakinləri” Elçinin ən yaxşı pyeslərindən biridir. Bu əsərin Azərpaşa Nemətin  quruluşunda tamaşaya qoyulması, həqiqətən də, hadisəyə çevrildi. Dramaturgiya da, rejissor işi də çox maraqlıdır. Tamaşada effektli səhnələr var, aktyorların oyunu mükəmməl alınıb. Məni ən çox təsirləndirən isə final səhnəsi oldu. Final səhnəsində dekorasiyaların funksional işi məni, sözün əsl mənasında, heyrətləndirdi. Dekorasiyaların da səhnədə “oynadığının”, ayrıca məna, məzmun kəsb etdiyinin şahidi olduq. Dediyim kimi, xüsusilə sonuncu səhnədə qapıların çevrilib dairə, divar əmələ gətirməsi, insanı öz içində sıxması illərlə davam edən depressiyanın dəqiq rəmzi tapıntısı idi”.

 

Xalq artisti, rejissor Mərahim Fərzəlibəyov bu mövzuda yeni üslubda əsər ərsəyə gətirilməsinin sevindirici hal olduğunu bildirir: “37-ci ilin dəhşətləri bir mövzu kimi ədəbiyyatda, kinoda, teatrda çox işlənib. Xüsusilə müstəqillik əldə ediləndən sonra yazıçılarımız bu mövzuya dəfələrlə qayıdıblar. Böyük dramaturqumuz İlyas Əfəndiyevin “Sevgililərin cəhənnəmdə vüsalı” əsərində də bu mövzu qoyulmuşdu. Elçinin “Cəhənnəm sakinləri”ndə 37-ci ilin bəlaları tamaşaçıya bir ailənin timsalında dərin psixoloji qatda təqdim olunur.

Tamaşada absurd teatrın detallarından da istifadə olunub. Baş qəhrəmanları canlandıran aktyorlar da maraqlı obraz yarada biliblər”.

 

Teatrşünas, professor Məryəm Əlizadə tamaşadan xoş təəssüratla ayrıldığını deyir: “Çox uğurlu tamaşa idi. Əminliklə deyə bilərəm ki, tamaşaçılar bu əsərə baxmağa gələcək və bəyənəcəklər. Rejissor və aktyor işi maraqlı və müasirdir”.

Sevinc Fədai