Elektron ədəbiyyat və sənət portalı

“Müasir Azərbaycan ədəbiyyatı antologiyası” Tbilisidə təqdim olundu

Bölmə: Ədəbiyyat 16.10.2017

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin həyata keçirdiyi layihələrin prioritet istiqamətlərindən biri  də Azərbaycan ədəbiyyatını xarici ölkələrdə tanıtmaq, təbliğ etmək və bunun sistemli xarakter almasına nail olmaqdır. Sirr deyil ki, ilk baxışda öz ədəbiyyatını dünya arenasında təbliğ etmək, tanıtmaq üçün heç bir ehtiyac hiss etməyən ölkələr belə, ədəbi-bədii tərcümə işinin irəliləməsi, inkişaf etdirilməsi və dəstəklənməsi məsələsində səylərini əsirgəmirlər. Bu sahəyə dünyada nə qədər böyük diqqət ayrıldığını görmək üçün dövlətlərin birbaşa və dolayı yollarla dəstəklədiyi ixtisaslaşmış qurumların fəaliyyətinə ötəri nəzər salmaq kifayətdir. 2011-ci ildə Rusiyada yaradılmış “Tərcümə İnstitutu”, alman və ispan ədəbiyyatlarının təbliği ilə məşğul olan “Gete” və “Servantes” fondları və s. məhz belə qurumlardandır.

 Doğrudur, məsələn, Rusiya “Rusiyanı oxu / Read Russia” layihəsini həyata keçirməklə postsovet dönəmində itirdiyi mövqeləri qaytarmaq niyyəti güdürsə, biz müəyyən mənada çox şeyi sıfırdan başlamaq məcburiyyətindəyik. Eyni zamanda burada dəyişilmiş həyat ritmini və dil mühitinin özəlliklərini də nəzərə almaq lazım gəlir.

Oktyabrın 12-də Tərcümə Mərkəzinin hazırladığı “Müasir Azərbaycan ədəbiyyatı antologiyası” kitabının Tbilisidə baş tutan təqdimat mərasimi maraqlı, diqqətçəkən məqamları ilə yadda qaldı.

Öncə qeyd edək ki, ədəbiyyatlararası davamlı əlaqələr və təsirlər, təcrübə mübadiləsi müasir ədəbi prosesin başlıca özəlliklərindən birini təşkil edir. Burada təsir göstərən, təsirlənən və vasitəçi – mediator ədəbiyyatları fərqləndirirlər. Məsələn, rus və dünya ədəbiyyatı arasında mediator rolunu uzun müddət fransız və alman ədəbiyyatı yerinə yetirib. Lakin tarixi təcrübə göstərir ki, tərcümə prosesində vasitəçi ədəbiyyatdan istifadə praktikası birbaşa tərcümə qədər effektli ola bilmir. Ona görə də, məcburiyyətdən doğan hallar istisna olmaqla, orijinaldan tərcüməyə daha çox üstünlük verilir.

“Müasir Azərbaycan ədəbiyyatı antologiyası” orijinaldan tərcümə əsasında hazırlanıb. Təqdimat mərasimində çıxış edən iştirakçıların hamısı tərcümənin səviyyəsi və keyfiyyəti ilə bağlı yalnız xoş sözlər söylədilər. Buna görə Gürcüstan ədəbi mühitində gözəl yazar və insan kimi tanınan İmir Məmmədliyə və antologiyanın redaktoru Quram Odişariyaya xüsusi təşəkkür düşür.

Gürcüstan Yazıçılar Birliyinin tarixi binasının akt zalında baş tutan təqdimat mərasimində gürcü ictimaiyyətinin bütün təbəqələrindən olan insanlar təmsil olunurdu. Səmimi ab-havadan hiss olunurdu ki, bu insanlar bura hansısa mükəlləfiyyəti yerinə yetirmək, tədbiri “yola vermək” üçün yox, öz ürəklərinin istəyi ilə toplaşıblar. Ədəbiyyata, sözə bağlı gürcüstanlı soydaşlarımızın fəal iştirakı da tədbirin yüksək səviyyədə keçirilməsində az rol oynamadı.

Gürcüstan Yazıçılar Birliyinin sədri Bogater Arabuli sözügedən kitabın Tbilisidə nəşr olunmasını Gürcüstanın ədəbi həyatında fövqəladə hadisə adlandırdı: “Hiss etdim ki, Afaq Məsud Gürcüstanı çox sevir. Sovet dövlətinin süqutundan sonra öləzimiş münasibətlər yenidən vüsət almaqdadır və bu kitab gələcək əməkdaşlığımız üçün gözəl zəmin olacaq”. Gürcüstan Yazıçılar Birliyinin tərkibində Azərbaycan bölməsinin fəaliyyətinin bərpa olunması qərarını tribunadan bəyan edən B.Arabulinin bu təşəbbüsü alqışlarla qarşılandı. Yeri gəlmişkən, gözəl şair, fədakar qələm adamı Allahverdi Təhləlini GYB Azərbaycan bölməsinin rəhbəri təyin olunması münasibətilə ürəkdən təbrik edirik. İnanırıq ki, o, üzərinə düşən bu missiyanı yüksək səviyyədə həyata keçirəcək.

Tədbirdə Tərcümə Mərkəzinin direktoru Afaq Məsud gürcü yazarların Azərbaycan nümayəndələrinə xüsusi diqqət və həssaslıqla yanaşdığını razılıqla qeyd etdi: “Ədəbiyyatların yaratdığı bağlar, saldığı körpü heç vaxt öz əhəmiyyətini itirmir. Bu körpü rahat və əbədidir, zaman-zaman yaşanan təbəddülatlar onu məhv etmək iqtidarında deyil”. Afaq xanım yaxın vaxtlarda Bakıda “Gürcü ədəbiyyatı antologiyası”nın nəşr olunacağını da toplantı iştirakçılarının diqqətinə çatdırdı və nəzərdə tutulan digər layihələr haqqında danışdı. Afaq Məsud gələn il Bakıda Beynəlxalq Yazıçılar Forumunun keçirilməsinin nəzərdə tutuldugunu qeyd etdi. Bildirildi ki, Forumda GUAM ölkələri ilə yanaşı, Türkiyə, Rusiya, Macarıstan, Bolqarıstan, Rumıniya və digər ölkələrin yazıçılarının iştirakı da gözlənilir.

Kitabın ön sözünün müəllifi, görkəmli yazıçı, Gürcüstan Respublikası Baş nazirinin müavini Quram Odişariya öz çıxışında Bakını “bütün Qafqazın qeyri-rəsmi paytaxtı” adlandırdı. Yazıçı Afaq Məsudun başçılığı altında Azərbaycan Tərcümə Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirən Q.Odişariya hazırda ən maraqlı və həyati təşəbbüslərin məhz Bakıda formalaşdığını bildirdi. Sonra Q.Odişariya tribunadan C.Məmmədquluzadənin məşhur “Kamança” hekayəsinin məzmununu danışdı və qeyd etdi ki, bizi bir-birimizə yaxınlaşdıran və doğmalaşdıran məhz belə əsərlərdə təsvir edilən hislərdir.

Öz növbəsində GYB-nin sədri B.Arabuli Vaqif Bayatlının gürcü dilinə tərcümə olunmuş şeirini səsləndirdi. Xarakteri etibarilə V.Bayatlını xatırladan B.Arabuli şeiri o qədər ürəkdən, elə ahənglə oxudu ki, bir anlığa özümüzü Bakıda hiss etdik. Daha sonra Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan Mədəniyyət Nazirliyinin departament rəisi Aleko Qriqolaşvili, yazıçılar Rezo Mşveladze, Mağvala Qonaşvili, “Didube” yazıçılar panteonunun direktoru Badri Kutadeladze və digərləri öz ürək sözlərini bölüşdülər. Tədbiri maraqlı edən məqamlardan biri də bütün çıxışçıların kitabı əvvəlcədən oxuması idi.

Aleko Qriqolaşvili mətbuat nümayəndələrinə bildirdi ki, “Müasir Azərbaycan ədəbiyyatı antologiyası” Gürcüstan Mədəniyyət Nazirliyinin xətti ilə ölkənin kitabxanalarına paylanacaq.

 

Etimad Başkeçid