Elektron ədəbiyyat və sənət portalı

"Azərbaycan həmişə Qafqaz xalçaçılığı üçün məktəb olub"

Bölmə: Tarix 09.10.2017

Azərbaycan xalçasında çoxəsrlik ənənələrin sabitliyi və həyat gerçəkliklərinin müxtəlifliyi üzvi surətdə birləşir.

Xalça Azərbaycan xalqının ədəbiyyatı, memarlığı, bədii miniatür və dekorativ-tətbiqi sənətinin digər növləri ilə sıx tellərlə bağlıdır. Azərbaycan xalçalarının tədqiqi geniş məxəzşünaslıq bazasına əsaslanır. Bura həm eneolit dövründən başlayaraq, arxeoloji abidələr, həm antik və orta əsrlərin müəllif və səyyahlarının məlumatları, həm də epiqrafik abidələr, xalq folkloru və klassik ədəbiyyat nümunələri, miniatürlər, Avropa rəssamlarının əsərləri; tarixi sənədlər, məmurların hesabatları, Avropa, Rusiya, Amerika və ən əsası, Azərbaycan alimlərinin elmi-tədqiqat işləri daxildir. Eneolit dövrünün primitiv toxuculuq dəzgahlarının qalıqları, daha sonrakı abidələrdə isə xalça dəzgahlarının özünün qalıqlarının mövcudluğu güman edilir. Buradakı boyaq maddələrinin çox qədim vaxtlardan mövcud olduğunu Herodotun parçaları boyamaq adəti barədə məlumatları təsdiq edir.

Tədqiqatçıların fikrincə, xalçalar hələ bizim eradan əvvəl tunc dövründə – II minillikdə mövcud olub. Belə ki, Maku şəhərində bitki ornamentli xalça-çulla örtülmüş gil at heykəlciyi tapılıb. Yunan tarixçisi Ksenofont (bizim eramızdan əvvəl V əsr) bildirir ki, farslar xalçalardan istifadə etməyi midiyalılardan öyrəniblər. VII əsr alban tarixçisi Musa Kalankatlı Albaniyada xalça istehsalı və zadəganların məişətində bunlardan istifadə edilməsi barədə məlumat verir. Tarixçi Sebos, Bizans hökmdarı Herakliusun 628-ci ildə Naxçıvanda əldə etdiyi qənimətdən danışarkən qızıl və gümüş saplarla naxış vurulmuş çoxlu xalçalardan söz açır.

Orta əsrlər Şərq müəlliflərinin yazılarında da Azərbaycan xalçaçılığı haqqında zəngin məlumatlar var. VII əsr Çin səyyahı Syuan Tszan Azərbaycanı xalça istehsalının iri mərkəzi adlandırıb. Bunu arxeoloji məlumatlar da sübut edir. VII əsr mağaralarında toxuculuq dəzgahının, yun iplərin qalıqları, xalçaçılıqda istifadə olunan əmək alətləri, keçə, çürümüş xalı və palaz parçaları tapılıb. Şahənşah I Xosrova (531–579-cu illər) məxsus “Xosrovun baharı” adlı xalçanı Şərq xalçalarının, demək olar ki, bütün tədqiqatçıları təsvir ediblər, həmin süjet sonrakı əsrlərdə inkişaf etdirilərək, “Dörd fəsil” adlanan çoxsaylı Təbriz xalçalarında öz inkişafını tapıb.

Xalq folklorunda, dastanlarda, o cümlədən XI əsrin məşhur “Kitabi Dədə Qorqud” dastanında xalçalar haqqında məlumata, ipək xalçaların, böyük ölçülü xalçaların, xalıların və sairə adlarına tez-tez rast gəlmək olur. XII əsr klassik Azərbaycan ədəbiyyatında bu barədə çoxlu dəyərli məlumat tapmaq olar: Qətran Təbrizi, Nizami və Xaqaninin əsərlərində xalçalar və eləcə də qiymətli saplardan istifadə etməklə toxunmuş ipək xalçalar xatırlanır. Nizami və Xaqaninin (XII əsr) əsərlərində də xalçalarla bağlı terminlərə tez-tez rast gəlinir.

Ümumiyyətlə, XI–XII əsrlər Azərbaycan xalqının tarixində xüsusi yer tutur. Bu, Azərbaycan iqtisadiyyatının və mədəniyyətinin çiçəklənmə, “Azərbaycan İntibahı” dövrü olub. Orta əsr Avropa səyyahlarının yazılarında da Azərbaycan xalçaları haqqında maraqlı məlumatlar var.

Dərbənd, Şamaxı, Naxçıvan və digər şəhərlərdə olmuş fransız Rubruk burada çox yaxşı xalçaların istehsal olunduğunu qeyd edir. Azərbaycan Ağqoyunlular dövlətinin (XV əsr) hökmdarı Uzun Həsənin sarayında olan gözəl xalçalar barədə venesiyalı Ambrozio Kontarini xəbər verir.

XV–XVI əsrlərdə avropalıların məişətinə nüfuz edən Azərbaycan xalçaları bir çox Avropa rəssamlarının tablolarında əks olunmuşdu. Misal üçün, Qarabağın “Muğan” xalçasını Hans Memlinqin (XV ə.) “Məryəm körpəsi ilə” və “Bir gəncin portreti” tablolarında görürük. Azərbaycan xalçası venesiyalı rəssam Karlo Krivellinin (XV əsr) “Müjdə” tablosunda və digər italyan rəssamı Antonello da Messinanın (XV əsr) “Müqəddəs Sebastyan” tablosunda əks etdirilib. Azərbaycan xalçalarının təsvirinə rəssam Domeniko di Bartolonun Siyena şəhərində Santa-Mariya kilsəsindəki (“Findlinqin toyu”) freskasında, Domeniko Moronenin “Müqəddəs Fomanın doğulması” rəsmində, Avropa və rus rəssamlarının bir çox digər əsərlərində də təsadüf edilir.

Azərbaycan xalçalarının Avropaya kütləvi şəkildə ixrac edilməsi mədəniyyətdə Avropa intibahının başlanğıcı, Avropada antik mədəniyyət və incəsənətə, ümumən qədim bəşər mədəniyyəti və incəsənətinə maraq yaranması ilə eyni vaxta düşmüşdü. Buna görə də avropalılar ornamentallığı qədim bədii ənənələrlə bağlı olan xalçalara xüsusi maraq göstərirdilər. Azərbaycan xalçalarının yüksək populyarlığı, şübhəsiz, onların estetikası, güclü emosional təsir doğurmaq qabiliyyəti ilə bağlı idi.

Azərbaycan xalçaçılığının və bütünlükdə dekorativ tətbiqi incəsənətinin klassik və ya “qızıl dövrü” XV–XVI əsrlər hesab olunur. Xalçaçılıq sənətinə çox böyük təsir göstərmiş Təbriz miniatür rəssamlığı həmin dövrdə ən yüksək çiçəklənmə mərhələsinə çatır.

XIX əsrin sonları – XX əsrin əvvəllərində Avropada Azərbaycan xalçaları 1872-ci ildə İtaliyada, 1911-ci ildə Berlində və 1913-cü ildə Londonda keçirilmiş beynəlxalq sərgilərdə təmsil olunub. Şərq, o cümlədən Azərbaycan xalçalarına artan maraq bunların ciddi elmi-tədqiqi və sistemləşdirilməsi zərurətini şərtləndirirdi. Bu məsələdə birincilik Qərbi Avropa alimlərinə məxsus idi. İlk əcnəbi tədqiqatçıların xidməti o idi ki, Azərbaycan xalçalarına ümumi marağı məhz onlar oyatmış, ecazkar xalça aləmini, onun estetikasını və mürəkkəb fəlsəfəsini Avropaya məhz onlar açıb göstərmişlər. Xarici tədqiqatçıların daha bir şəksiz xidməti ondan ibarətdir ki, Azərbaycanın əsas xalçaçılıq zonalarını (Təbriz, Ərdəbil, Gəncə, Qazax, Quba, Şirvan, Bakı) birinci olaraq onlar fərqləndirib və bu bölgü Azərbaycan xalçaları növlərinin təsnifatının əsasını təşkil edib. Bir çox Qərbi Avropa xalçaçıları XIII əsrdən indiyədək Azərbaycan xalçaçılıq sənətinin dəyərli nümunələrini şəxsi kolleksiyalarda aşkara çıxarıb geniş ictimaiyyətin diqqətinə çatdırıblar. Xarici alimlərin əsərləri arasında A.Rieqlin, R.Neuqebauer və A.Orendlin R.Neyqebauer və S.Trolun, A.Dileyin, V.Bodenin, A.Poupun, F.Kelli və M.Centlesin, Q.Lyuisin, K.Erdmanın tədqiqatlarını qeyd etmək olar.

XIX əsrin sonları – XX əsrin əvvəllərinə aid Azərbaycan xalçalarının əksəriyyəti, şübhəsiz ki, Azərbaycan (türk) əhalisi tərəfindən toxunulub. Bunu nəinki yalnız həmin dövr Zaqafqaziya xalçalarının əksər tədqiqatçıları açıqca bildirir, bunu həm də Rusiya imperiyası əhalisinin quberniyalar və qəzalar üzrə 1897-ci ildə keçirilmiş siyahıyaalmanın nəticələri də təsdiq edir.

Azərbaycan xalçası uzun illərdən bəridir ki, yerli alimlərin də hərtərəfli tədqiqat obyektidir. Respublikada bu işin pioneri görkəmli xalçaşünas alim Lətif Kərimov olub. Onun “Azərbaycan xalçası” adlı üçcildliyi Azərbaycan xalçasının əsl ensiklopediyasıdır. Lətif Kərimov Azərbaycan xalçaçılığının arealını cənuba və şimala bölmədən bütövlükdə Azərbaycan xalçasının inkişaf genezisini izləyərək, ilk dəfə olaraq, xalça növlərinin dəqiq təsnifatını verib, sırf Azərbaycan xalçalarını İran, Qafqaz və s. xalçalarından fərqləndirib. Çoxlu faktiki materialı öyrənmək əsasında o, belə bir əsaslandırılmış nəticəyə gəlib ki, “...Azərbaycan həmişə Qafqaz xalçaçılığı üçün məktəb olub”.

Xalçaçı-ekspert, tarix üzrə fəlsəfə doktoru, professor, "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradovun sözlərinə görə,
ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycan xalçasının beynəlxalq nüfuzunun bərpa olunması üçün böyük işlər görülüb: “Müstəqillikdən bu günə qədər Azərbaycan xalçasının qazandığı şan-şöhrət heç 70 illik sovet hakimiyyəti dövründə olmayıb. Son 20 ildə çoxlu araşdırmalar aparılıb, Heydər Əliyev Fondunun xətti ilə hörmətli Mehriban Əliyevanın qayğısı nəticəsində İtaliyada, Rusiyada, Böyük Britaniyada, Fransada keçirilən Azərbaycan günlərində xalçalarımızın da nümayiş etdirilməsi bizim xalçalara marağı artırıb. Eyni zamanda, Azərbaycan Prezidenti cənab İlham Əliyevin xalçaçılıq sənətinə olan böyük dəstəyi bu sahədə xeyli irəliləyişə səbəb olub”.

Azərbaycan xalçası da UNESCO-nun mötəbər siyahısına daxil edilmək üçün təqdim olundu. Azərbaycan tərəfi bu yöndə xeyli müddət idi ki, təşkilat çərçivəsində müvafiq iş aparırdı. Nəhayət, 2010-cu ildə bu işlər öz nəticəsini verdi və Nayrobidə keçirilən sessiyada Azərbaycan xalçasının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi barədə qərar qəbul edildi. Xatırladaq ki, bundan öncə Azərbaycan muğamı, Azərbaycan Aşıq sənəti və Novruz bayramı bəşəriyyətin qeyri-maddi mədəni irs nümunələri siyahısına daxil edilib. Bu gün isə biz Azərbaycan xalça sənətini dünyanın qeyri-maddi mədəni irsinin inciləri sırasında görürük. Bu, xalça sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri kimi beynəlxalq səviyyədə təsdiqidir.

Sevinc Fədai