Elektron ədəbiyyat və sənət portalı

3 oktyabr Azərbaycanın Xalq yazıçısı, görkəmli nasir, dramaturq İlyas Əfəndiyevin vəfat günüdür

Bölmə: Ədəbiyyat 03.10.2017

İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il mayın 28-də Qaryagində (indiki Füzuli şəhərində) anadan olub. Azərbaycan Pedaqoji İnstitutunu (indiki ADPU) bitirib. Müxtəlif illərdə “Yeni yol”, “Kommunist” və “Ədəbiyyat qəzeti” redaksiyalarında çalışıb. “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca!”, “Üçatılan”  romanlarının, “Sən həmişə mənimləsən”, “Mənim günahım”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Mahnı dağlarda qaldı”, “Qəribə oğlan”, “Xurşidbanu Natəvan”, “Büllur sarayda”, “Bizim qəribə taleyimiz”, “Sevgililərin cəhənnəmdə vüsalı” və başqa pyeslərin müəllifidir.

Oktyabr ayının 3-də Bakı şəhərində vəfat edib.

“Aydın Yol” professor Nizami Tağısoyun görkəmli yazıçı barədə yazdığı məqaləni təqdim edir.

 

Azərbaycan oxucuları, ədəbiyyatşünaslığı, ədəbi tənqidi Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığına daim müraciət edəcəklər. Çünki böyük ədibin yaradıcılığı nəinki özünün yaşadığı dövrün ictimai, siyasi, sosial, mədəni, mənəvi problemlərini daim diqqətdə saxlayırdı, həm də xeyli hallarda psixoloji gərilmələr və kataklizmlərlə müşayiət olunan məsələlərə yeni ideya-axtarış istiqamətlərində fərqli rakurslardan münasibət sərgiləyirdi. Məhz bu keyfiyyətinə görə onun yaradıcılığının müasirlik düşüncəsində daim yer alacağı şübhə doğurmur. 

İlyas Əfəndiyevin əbədi dünyaya köçməsindən iyirmi bir il keçir. Az qala, ölümündən əsrin dörddə birinə yaxın müddət keçməsinə baxmayaraq, böyük nasir, orijinal dramaturqun yeri daha çox görünməkdədir.

İlyas Əfəndiyev ədəbiyyata XX əsrin 40-cı illərində hekayə və povestləri ilə gəldi. Lakin o heç də hekayə və povest janrının verdiyi bədii-estetik imkanlar daxilində qalmadı. Tezliklə daha müxtəsər, hədəfə dəyən, konfliktlərlə zəngin olan, bədii gedişlərinin istiqaməti bilinməyən, psixoloji sarsıntılar yaradan dram janrına müraciət etdi. “İşıqlı yollar” (1954), “Bahar suları” (1948), “Atayevlər ailəsi” (1954), “Sən həmişə mənimləsən” (1964), “Mənim günahım” (1967), “Məhv olmuş gündəliklər” (1970), “Mahnı dağlarda qaldı” (1971), “Xurşidbanu Natəvan” (1980), “Şeyx Xiyabani” (1986), “Bizim qəribə taleyimiz”  (1988), “Sevgililərin cəhənnəmdə vüsalı” (1989),  “Hökmdar və qızı” (1994) və s. kimi maraqlı əsərlər qələmə aldı ki, onlar neçə illər Azərbaycan səhnəsinin bəzəyi oldu. Tamaşaçılar İ.Əfəndiyevin əsərlərinin nə zaman səhnəyə çıxacağını səbirsizliklə gözlədilər. 70-80-ci illər Azərbaycan teatrlarının repertuarı məhz İlyas Əfəndiyev yaradıcılığı ilə zənginləşir, özünə çoxsaylı pərəstişkar toplayırdı.

Bədii ədəbiyyatda çox nadir təfəkkür sahibləri olur ki, onlar həm dram, həm də nəsr yaradıcılığında eyni dərəcədə uğur qazana bilir. İlyas Əfəndiyev məhz belə uğur qazanmış qələm sahiblərindəndir. Əgər Azərbaycan tamaşaçısı İ.Əfəndiyevin dramlarına səhnədən, yaxud televizyadan tamaşa edirdisə, oxucular bu istəyi, bu şövqü onun nəsr əsərlərini mütaliə etməklə ödəyirdilər. Buna görə də İlyas Əfəndiyev dramaturgiyası Azərbaycan səhnə sənətinin püxtələşməsində mühüm rol oynayırdı. Yadımdadır ki, 60-cı illərdə İ.Əfəndiyevin “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost” kimi nəsr əsərlərini oxucular əlbəəl oxuyur, yaxud bu əsərləri oxuyanlar biri digərlərinə danışır və əsər ətrafında müzakirələr aparırdılar.

Yəqin, elə yaradıcılığının belə qeyri-adi cəhətləri həm ədəbi cameənin lap zirvəsində qərar tutmuş yazıçı və şairlərimizi (Ə.Vəliyev, İ.Şıxlı, B.Vahabzadə, X.R.Ulutürk və başqaları), həm tənqidçiləri (M.Cəfər, Ə.Sultanlı, Ə.Ağayev, A.Zamanov, Ə.Hüseynov, B.Nəbiyev, Y.Qarayev, G.Əlibəyli və başqaları), həm  teatrşünasları və teatr xadimlərini (İ.Kərimov, İ.Rəhimli, M.Əlizadə və başqaları), həm də son dövrlər ədəbi tənqidinin nümayəndələri V.Quliyev, N.Şəmsizadə, Ş.Alışanlı, V.Yusifli və bir sıra başqalarının nəzəri düşüncəsini yetərincə məşğul etmişdi. Yaxud onun haqqında monoqrafik araşdırmalar aparan Y.Seyidov, Y.İsmayılov, Ə.Əfəndiyev və başqaları öz mülahizələrində İlyas Əfəndiyevin Azərbaycan incəsənətinin, səhnə mədəniyyətinin formalaşmasında və xalqımızın mənəvi məfkurəsinin, estetik baxışlarının cilalanmasında yerini ön plana çəkmişdilər. İlyas Əfəndiyevin əsərləri haqqında nə qədər yazılırsa, yenə də bizim bu sahədəki tələblərimiz ödənilməmiş qalır. Sanki İ.Əfəndiyev yaradıcılığı hər dəfə yeni izah, yeni yanaşma, yeni interpretasiya tələb edir.

İlyas Əfəndiyev yaradıcılığının unikallığı, onun bədii nailiyyətlərinin təkrarsızlığı teatr səhnəsinin yeni zirvəyə çatmasında özünəməxsus  əhəmiyyət kəsb etdi. Buna  görə də onun öz fərdi üslubunu yaratmış sənətkar olduğunu Azərbaycan Prezidenti İlham Əliyev xüsusi vurğulamışdır.

İlyas Əfəndiyevin yaradıcılığının ən mühüm xüsusiyyəti ondan ibarətdir ki, yaşayıb-yaratdığı mühitdə statik müşahidələr aparmaqla məşğul deyildi. Onu ictimai-siyasi mühitin təzadları daha çox maraqlandırırdı. Belə olduğu təqdirdə, müəllif müraciət etdiyi mövzunun elə tərəflərinə nüfuz etməyi bacarırdı ki, ictimaiyyət arasında böyük rezonansa səbəb olmaqla, müəllifin vitruoz dramaturq və nasir olduğu göz önündə dayanırdı. Ədəbi şəxsiyyətinə nəzər saldığımız yazıçı – dramaturqun yaradıcılığının üstünlüyü bir də ondadır ki, o, tarixi-ictimai, sosial-siyasi, ailə-məişət, fəlsəfi-psixoloji və mədəni-mənəvi problemləri diqqət mərkəzinə gətirərkən bu məsələləri ona qədər qabardılmış bədii üsullar, vasitələr və priyomlarla həll etmir, öz fərdi yazıçı idealını və problemə münasibətini sərgiləyirdi.

İlyas Əfəndiyevin istər nəsr, istərsə də dram əsərlərində biz çoxsaylı koloritli obrazlar qalereyası ilə tanış oluruq. Ədibin diqqət mərkəzinə qoyduğu problemlərin mahiyyətini dərindən bilmədən bu obrazların həmin əsərlərdə daşıdığı nə bədii-estetik yükü, nə də yönü müəyyənləşdirmək səmərəli olmazdı. Koloritli obrazları, istər müsbət, istərsə də mənfi tiplər olsun, əsla fərq etməzdi, onun üçün başlıcası obrazın bədii dramatik keyfiyyəti idi. Belə yanaşma müəllif üçün istər tarixi mövzularda qələmə alınmış (“Xurşidbanu Natəvan”, “Şeyx Xiyabani”, “Hökmdar və qızı”), istərsə də lirik-psixoloji səpkidə yazılmış (“Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Məhv olmuş gündəliklər”) pyeslərdə yetərincə relyeflidir. Çünki bu əsərlərin hamısında İlyas Əfəndiyev yaddaşlara həkk olunan kolliziyalar yaratma ustası kimi gözəllərimiz önündə canlanmaqdadır.

Yadımdadır ki, İ.Əfəndiyevin dövrün sosial–psixoloji ovqatını yaradan “Atayevlər ailəsi” həmin dövrdə (həm də sonralar) öz aktuallığı, dil-üslub xüsusiyyətləri ilə dramaturgiyamızın inkişafında yeni mərhələnin mənzərəsini yaradırdı. Dramlarında C.Cabbarlı ənənələrindən yararlanma da İlyas müəllimin klassikadan ustalıqla bəhrələnməsinin göstəricisi kimi diqqət çəkir. Dram janrına, onun zəruri elementlərinə məsuliyyət və istedadla yanaşma İ.Əfəndiyevi XX əsrin 60-80-ci illərində dramaturgiyamızın öncüllərinə çevirdi. Və belə öncül mövqedə qərar tutma, səhnə mədəniyyətinə verdiyi xidmətlər ədibin yaradıcılığını daha da populyarlaşdırdı. Məlum olduğu kimi, dünya mədəniyyətində az sənətkarlar var ki, onların soyadı birbaşa “teatr” məfhumu ilə assosiasiya olunur. Məsələn, Brext teatrı, Şekspir teatrı, Kornel teatrı, Molyer teatrı, Ostrovski teatrı, Çexov teatrı, Qorki teatrı və s.

Azərbaycanda M.F.Axundzadə, C.Cabbarlı və təbii ki, bir də İ.Əfəndiyev teatrından söhbət açmaq olar. İ.Əfəndiyevin dram əsərləri uzun illər ərzində Azərbaycan səhnəsində öz çoxsaylı tamaşaçı auditoriyasını toplamışdı. İ.Əfəndiyevin dram əsərləri neçə-neçə teatr rejissorlarının, aktyor və aktrisaların sənətdə püxtələşməsində əvəzsiz rol oynamış, yeni xarakterlərin, obrazların, tiplərin yaradılmasında əhəmiyyətli yer tutmuşdur. Əlbəttə, bu baxımdan “İlyas Əfəndiyev dramaturgiyasının Azərbaycan səhnə mədəniyyətinin inkişafında və formalaşmasında rolu” mövzusunda çoxsaylı tədqiqatların və monoqrafik araşdırmaların aparılmasına ədəbiyyatşünaslığımızda və mədəniyyətşünaslığımızda ciddi ehtiyac duyulmaqdadır.

Səhnə, teatr üçün yazdığı əsərlərində olduğu kimi, İlyas Əfəndiyevin nəsr əsərlərindən də el-oba qoxusu, milli heysiyyat, etnik təfəkkür və təəssübkeşlik təravəti hiss olunmaqdadır. Əsərlərinin milliliyi, ilk növbədə, yazıçının “mən”lik şüurunun göstəricisidir. O, bütün yazdıqlarında məhz bu danılmaz hislərin daşıyıcısı kimi çıxış edir. Bəzi nəsr əsərlərinin janr diferensiasiyası indiyə qədər dürüst müəyyənləşdirilməsə də (“Geriyə baxma, qoca”, “Üçatılan” – onlar bəzən povest kimi də nəzərdən keçirilir), hamısı bütün hallarda kamil sənət nümunələri kimi təqdim olunmaqdadır. 50 ildən artıq bədii-dramaturji yaradıcılıqla məşğul olmuş İ.Əfəndiyevin hekayələri, xatirələri, povestləri, romanları, “Kənddən məktublar”, “Aydınlıq gecələr”, “Torpağın sahibi”, “Qaçaq Süleymanın ölümü”, “Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı”, “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan” və s. öz orijinal və mühüm keyfiyyətləri ilə nəsrimizin məzmun, mövzu, ideya, problematika, xarakter, tip və obrazlar baxımından zənginləşməsində əvəzsiz xidmət göstərmişdir. Bununla belə, bütün hallarda İlyas Əfəndiyev nəsri İlyas Əfəndiyev dramaturgiyası ilə qarşılıqlı və ayrılmaz vəhdətdədir. Ədibin nəsr və dram yaradıcılığında yer almış əsərlərinin adına nəzər salmaq kifayət edər ki, bu nümunələrdə nəyin dominant olacağı barədə düşünəsən, onların məzmunu ilə bağlı özünəməxsus fikirlər yürüdəsən. Məsələn, “Sarıköynəklə Valehin nağılı” milli zəmindən o qədər qidalanmış və su içmişdi ki (yeri gəlmişkən, bu cəhət İ.Əfəndiyevin digər əsərlərində də nəzərə çarpır), roman oxucular, ədəbi tənqid tərəfindən hərarətlə qarşılansa da, sovet ideologiyasının başlıca ünsürlərini özündə əks etdirmədiyindən partiya funksionerlərinin rəğbətini qazanmamışdı. Lakin o vaxtkı Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev məsələyə müdaxilə etdikdən sonra əsərlə bağlı mənfi emosiyalara və söz-söhbətlərə son qoyulmuşdu. Yada salaq ki, belə kuryoz  heç də yalnız “Sarıköynəklə Valehin nağılı”nın başına gəlməmişdi. Məsələn, onun “Unuda bilmirəm” əsərində də millətçilik damğası görürdülər. Bütün bunlara baxmayaraq, zaman ictimai-siyasi, mədəni-mənəvi proseslər yeni məcraya yönəldikcə İlyas Əfəndiyevin xalq təəssübkeşliyi platformasında dayandığını sübut etdi. Çünki İ.Əfəndiyev yaradıcılığı bütün hallarda konyukturadan uzaq olub, dövrün həqiqətlərini (əyintilərini) əks etdirən bədii nümunələr kimi dəyərli idi. İlyas Əfəndiyev təkcə yaşadığı dövrlə nəfəs almır, onu dəyərləndirmirdi. O, müasirliyi həssas yazıçılıq intuisiyası ilə duyub, gələcəyi düşüncəsində qurmağı bacaran, romantik münasibətlə realist həyat gerçəkliklərinin simbiozunu uğurla yarada bilən sənətkarlardan idi. İlyas Əfəndiyev yaşadığı  dövrlə gələcəyi vahid  kontekstdə görüb, onları fəhmi ilə  duyan yazıçılardandı. Qeyd etdiklərimiz bir daha təsdiqləyir ki, İlyas Əfəndiyev yaradıcılığı çağdaş dövrümüzdə də öz aktuallığını qoruyub saxlamaqdadır.