Elektron ədəbiyyat və sənət portalı

"Dilindən asılı olmayaraq, məşhur əsərlərin tərcümə edilməsi çox vacibdir"

Bölmə: Sorğu 04.10.2017

Bəzən çox yayğın olmayan hansısa bir dilin birbaşa orijinalından bədii tərcümə zamanı mütəxəssis çatışmazlığı problemi yaranır. Odur ki, zəngin ədəbiyyatı olan həmin ölkənin yazarının əsərini ikinci – əsasən də rus, yaxud türk dilindən tərcümə etmək məcburiyyətində qalırıq. Bu, nə dərəcədə keçərlidir? Bu haqda bu sahəylə məşğul olan mütəxəssislərin fikirlərini öyrəndik.

Saday Budaqlı: “Dilindən asılı olmayaraq, məşhur əsərlərin tərcümə edilməsi çox vacibdir. Yəni dayanıb gözləmək olmaz ki, kimsə yapon, ya çin dilini, yaxud hansısa Skandinaviya ölkəsinin dilini öyrənsin. İndinin özündə hətta çox yayğın ingilis, alman dilindən belə tək-tük peşəkar tərcüməçilərimiz var. Problem odur ki, ingilis dilini bilən Azərbaycan dilini, Azərbaycan dilini bilən ingilis dilini yaxşı duymur. İkinci dildən tərcümədə əsərin mahiyyəti itir, ancaq nə edə bilərik? Düzdür, əsərlər var ki, onun tərcüməsində itki az olur. Ancaq sırf dil üzərində qurulan əsərləri ikinci dildən tərcümə edəndə mahiyyət təhrif olunur. Yəni bütün hallarda orijinaldan tərcümə daha məqsədəuyğundur”.

Zahid Sarıtorpaq: “Təbii ki, ikinci dildən tərcümədə əsər müəyyən itkiyə məruz qalır. Ancaq bir məsələ var: bu gün həmin dillərdən birbaşa tərcümə edə bilən mütəxəssis yoxdursa, təbii ki, həmin əsərlər ikinci dildən tərcümə olmalıdır. Bu, dünyanın hər yerində belədir”.

Kifayət Haqverdiyeva: “Bunu normal sayıram. Mən ikinci dildən onlarla əsər tərcümə etmişəm və həmin tərcümələr kifayət qədər oxunub və müsbət qarşılanıb. Yəni məncə, tərcümə prosesində əsas olan yazıçının ruhunu hiss etmək və Azərbaycan dilini yaxşı duymaqdır. Əlbəttə ki, əsərlərin orijinaldan tərcüməsi daha yaxşı olardı, amma hər dil bilən də bədii əsər tərcümə edə bilməz”.

Kazım Səlimov: “Fikrimcə, hər hansı bədii əsər sırf orijinaldan tərcümə edilməlidir. İkinci dildən tərcümə yalnız istisna hallarda ola bilər, məsələn, – az yayılmış dillərdən edilən dünyaca məşhur əsərlərin tərcüməsi. Azərbaycanda zəngin ədəbiyyatı olan dillər üzrə bədii tərcüməçinin azlığı, yaxud olmamağı mənfi haldır. Bu sahədə təsirli tədbirlər görülməlidir.

Məsələn, 2007-2015-ci illərdə bir neçə min tələbə dövlət vəsaiti ilə xarici ölkələrə oxumağa göndərildi və onlardan neçəsi peşəkar tərcüməçi kimi yetişə bildi? Bu suala müsbət cavab vernək çətindi”.

Svetlana Turan: “Azərbaycanda ingilis dilindən peşəkar bədii tərcüməçilər olduğu halda, iş ucuz başa gəlsin deyə nəşriyyatlar hələ də ikinci – rus və türk dillərindən tərcümə edən mütəxəssislərə müraciət edirlər.

Nəşriyyatlar öz oxucusunu mütəmadi surətdə orijinaldan tərcümə olunan yeni əsərlərlə təmin etməlidir”.

Sevinc Fədai