“Teatra, əsasən, ədəbiyyatı sevənlər gəlir”

Sorğu 22.09.2017

Artıq teatrlarımız yeni mövsümə başlayıb. Yəqin ki, tamaşaçılara ötən mövsümün repertuarındakı tamaşalarla yanaşı, yeni əsərlər də təqdim olunacaq. Maraqlıdır, indiki dövrdə teatrlarımız Azərbaycan tamaşaçısının qarşısına hansı mövzuyla çıxmalı, hansı yeniliklərlə onu cəlb etməlidir? Bu sualla tanınmış teatr nümayəndələrinə müraciət etdik.

Rejissor Ramiz Həsənoğlu: “Janrından asılı olmayaraq, Azərbaycan səhnəsində bütün mövzulara yer ayrılır. Sadəcə, bir var teatra tamaşaçı təşkil olunmuş, dəvətli şəkildə gələ, bir də var öz puluyla bilet alıb, onu maraqlandıran tamaşaya baxa.  Yəni tamaşaçını teatra gətirən əsər olmalıdır. Buna bəzi cəhdləri müşahidə edə bilirik. Bu sıradan Gənc Tamaşaçılar Teatrında Vaqif Əsədovun “Yarımçıq qalmış” tamaşasını misal çəkə bilərəm. Unutmayaq ki, əsas rəqibi olan televiziya tamaşaçını teatrdan uzaqlaşdırır. Cəmiyyətdə müxtəlif təbəqələr var və bəzən teatrda onların heç də hamısının maraq dairələri nəzərə alınmır – bu məqama diqqət yetirmək lazımdır. Əks halda, hazırkı mənzərə üzə çıxır – teatrların əksəriyyəti üstünlüyü əyləncə və şou xarakterli quruluşlara verir”.

Rejissor Mehriban Ələkbərzadə: “Teatr ictimai şüurun bir formasıdır. O, xalqın həyatından, milli tarixindən və mədəniyyətindən ayrılmayan bir sənətdır. Teatr dövrün ali ideyaları ilə dolu olmalıdır, humanist ideallar üçün mübarizə aparmalı, insanın daxili dünyasının mürəkkəbliyini, onun sosial arzularını dərindən duymalı və həqiqəti ortaya qoymalıdır. Yalnız bu zaman bədii inkişafa nail olmaq mümkündür. Teatr bunları müəyyən forma, üslub, müasir ruh, sosium mesajla inikas etdirməlidir. Əlbəttə ki, bunu başa düşən tamaşaçı da olmalıdır.

Tamaşaçı televiziyadakı seriallardan ona “doğma” olan məişət qayğılarına, varlı həyat uğrunda “savaş”lara, kasıbların varlılarla qarşısıalınmaz qovğalarına, mənasız eşq macəralarına, qəlb qırıqlığına daha meyillidir. O, nə coğrafi bütövlük, nə milli kimlik, nə də yüksək əxlaqi (ali) və mənəvi (yüksək) plankalarda təqdim edilən mövzunu bəyənir. Teatrın vəd etdiyi qeyri-adi dünyanı – tam fərqli rakursdan görünən rəngli və mücərrəd təsviri görməyə onun həvəsi yoxdur.

Biz teatral mühit formalaşdıra bilmədik. İnsanlarımız teatra, o çərçivədə görünən dünyaya maraqlı deyil. Əgər biz indi tamaşaçının istədiyi hadisə və oyun formasının dalınca qaçsaq, deməli, ictimai şüur və mənəvi zövq aşılaya biləcək sənətdən tamam uzaqlaşacağıq. Yox, əgər tamaşaçının zövqünü formalaşdırmaq üçün daha yüksək dəyərlər, ali hisslər yetişdirəcək əsl sənət növü yaratmaq niyyətində qalsaq, daha çətin mərhələyə keçməli olacağıq. İndi dilemma qarşısındayıq. Suala birmənalı cavab vermək mümkün deyil”.

Dramaturq Əli Əmirli: “Düzünü desəm, mənim üçün əsas mövzu yox, onu necə işləməkdir. İstənilən mövzu yaxşı işlənirsə, yaxşı dramaturq, yaxşı teatr əlindən çıxırsa, mütləq diqqəti cəlb edəcək. Yalnız bu halda həmin tamaşa, əsər teatr hadisəsinə çevrilə bilər.

Çox yaxşı bir mövzunu çox pis formada təqdim etmək mümkündür. Məsələn, Vətən haqqında pyeslər gərək elə yazılsın ki, teatr onu yüksək səviyyədə təqdim edə bilsin. Yalnız bu halda tamaşa qəlbərə, ürəklərə toxunacaq və öz funksiyasını yerinə yetirmiş olacaq. Yox, əgər onu bərbad formada təqdim edəcəksənsə, insanın daxilinə nüfuz etməyəcək. Ümumiyyətlə, tək teatrda deyil, bədii yaradıcılıqda mövzunun necə işlənməsi çox vacibdir. Yalnız o əsərlər yaşayır ki, onların həm ictimai, həm də bədii aktuallığı həmişə diridi”.

Rejissor Bəhram Osmanov: “Tək Azərbaycan yox, bütün dünya tamaşaçıları üçün o əsər maraqlıdır ki, istər oxunanda, istərsə də səhnədə izlənəndə hisslərinə təsir edə bilsin.

Fikrimcə, insan, cəmiyyət və həyat uğrunda mübarizə mövzusunu səhnələşdirmək maraqlı olar. Ancaq bu gün ən adi məişət məsələsi, hətta insanın özünəməxsus sevgisi də sosiallaşıb. Məhəbbət belə artıq praqmatik mövzuya çevrilib. Bu, heç də yaxşı deyil. Görünür, sürət əsri adlandırdığımız dövr buna gətirib çıxarıb. İnsan səhnədə həmin problemləri görəndə özünü də orada tapır. Onu da deyə bilərəm ki, teatra, əsasən, ədəbiyyatı sevən adamlar gəlir”.

Aktyor Rza Rzayev: “Mövzu məsələsinə gəlincə, teatrda, kinoda artıq məzmun yox, biçim önəmlidir. Yəni rejissor məsələlərə hardan baxır, gerçəkliyin yeri haradır? Biz hələ "gecikmə" sindromundan çıxmamışıq, mövzu seçimi mərhələsindəyik. Yeni dövlət olduğumuz üçün dövlətçilik düşüncəsini gücləndirəcək, xarici təsirlərə qarşı müqavimət yaradacaq istənilən mövzu keçərlidir. Amma teatr müasir dövrün tələblərini ödəyə bilmir. İnsanlar müxtəlif kanallardan o qədər informasiya alır ki, teatr düşüncələrə təsir etməyə gecikir. Bu da teatrı cəlbedici etmir. Sadəcə bir qisim insanın canlı ünsiyyətdən zövq almaq istəyi teatrı canlı saxlayır. Əslində, bu bir qisim tamaşaçı bütün mövzulardan xəbərdardı, ona bildiyini yeni – bilmədiyi kimi çatdıran, dövrün ifadə formalarını bilən rejissor lazımdır. Bu isə dünyanın bütün teatrlarının problemidir”.

Sevinc Fədai