Elektron ədəbiyyat və sənət portalı

Ziyarətgaha çevrilən türbə

Bölmə: Tarix 06.09.2017

İranlılara görə, bu dörd kitab mütləq hər evdə olmalıdır: Quran, Hafiz Şirazinin “Divan”ı, Sədi Şirazinin “Büstan” və “Gülüstan”ı, Əbülqasim Firdovsinin “Şahnamə”si. Bunların sırasında fars dili və ədəbiyyatının ustadı kimi qəbul edilən Hafiz İranda və ölkənin hüdudlarından kənarda çox məşhurdur.

İranlılar görüşlərdə, dost məclislərində və s. yığıncaqlarda Hafizin qəzəllərini deməyi sevirlər.

Əsl adı Şəmsəddin Məhəmməd olan Hafiz Şirazi 1324–1391-ci illərdə İranın Şiraz şəhərində yaşayıb. O, ağır şəraitdə təhsil alaraq şəriət, təsəvvüf və ədəbiyyat sahəsində mükəmməl biliklərə malik alim idi. Dərin zəkası, oxuduğu qəzəllər, heyrətamiz şəxsiyyəti ilə cəmiyyətə təsir etməyi bacaran Hafizin şöhrəti hələ sağlığında İranın sərhədlərini aşmışdı.

Dahi alman şairi Höte “Şərq-Qərb” divanını Hafizdən təsirlənərək yazıb, böyük türk şairi Yəhya Kamal Bayatlı isə “Rindlerin ölümü” adlı şeirində Hafizdən bəhs edib. Dostu Seyid Qasım Ənvər tərəfindən kitab halına salınan “Ahuyi-vəhşi” adlı məsnəvisi və “Divan”ı Hafizin ən böyük əsərlərindən sayılır.

Əksər İran şairləri kimi Hafiz də ömrü boyu yaşadığı şəhərdən – Şirazdan kənara çıxmayıb. Yalnız bir dəfə, o da qısa müddətə səyahət edib. Öləndə də Şirazda dəfn olunmasını vəsiyyət edib.

Şair xalq arasında “Hafiziyə” adı ilə tanınan və hazırda türbəyə çevrilmiş məzarda  dəfn edilib.

Türbə Kərim xan tərəfindən 1773-cü ildə şairin məzarı üzərində salınıb. Türbəni örtən çini işləməli 8 sütunlu qübbə isə bura 1935-ci ildə əlavə edilib. Hafizin şeirləri həkk olunmuş mərmər məzarının ətrafı həmişə bura ziyarətə gələnlərlə dolu olur. Şəkil çəkdirmək üçün növbəyə düzülənlər, əlini mərmərə toxundurmaq istəyənlər, məzarı öpüb ürəklərində niyyət tutanlar, məzar başında Hafizin beytlərini söyləyənlərin ardı-arası kəsilmir.

Türbənin bağçasında çay evi və əl işlərindən ibarət əsərlərin hazırlandığı emalatxana var. Gələnlərin üzünə həmişə açıq olan emalatxanada əl işlərinin necə ərsəyə gəldiyini canlı izləmək mümkündür və onların satışı da təşkil olunur.

Emalatxanada Həzrət Əlinin Nəcəfdəki türbəsi üçün hazırlanmış qapı da sərgilənir.

21 dekabr – ilin ən uzun gecəsi Hafizin “Divan”ı başlayır və qarşıya çıxan ilk beyt növbəti ilin necə keçəcəyi barədə öncəgörənlik kimi qəbul edilir.

Sevinc Fədai