Elektron ədəbiyyat və sənət portalı

Stalin Dostoyevskinin əsərlərinin üzərindən qadağanı niyə götürdü?

Bölmə: Müsahibə 01.11.2017

Dmitri Dostoyevski dahi yazıçı Fyodor Mixayloviç Dostoyevskinin kötücəsidir. Hal-hazırda təqaüddədir. Ailəsinin dediyinə görə, xasiyyətcə ulu babasına çox oxşayır – tez özündən çıxır, tez də sakitləşir.

Poçtalyonluqdan tramvay sürücülüyünə qədər 21 müxtəlif işdə çalışıb. Dostoyevskinin qohumu kimi, ölkələri gəzməkdən başqa qazancı olmayıb. Hətta Dostoyevskinin ev muzeyinin məsləhətçisi olanda belə bu işə görə pul almaq ona qəribə gəlib.

– Əvvəlcə sizi tanımaq istərdik. Nə işlə məşğulsunuz?

– On beş ildir təqaüddəyəm. Uşaqlıqdan poçtalyon kimi başladığım əmək fəaliyyətimdə 21 müxtəlif işdə çalışmışam.

– Dostoyevskinin nəvəsinin nəvəsisiniz. Soykökünüz haqqında məlumat verə bilərsinizmi?

– Dostoyevski soyu ilə bağlı Belarusdakı Dostoevo kəndinə istinad etməli oluruq. Bizim soyadımız buradan gəlir. Fyodorun atası Mixail həkim idi, dörd oğlu və dörd qızı vardı. Fyodor evin ikinci oğlu olsa da, böyük qardaşı erkən vəfat edib.

– Dahi yazıçıyla qohumluğunuzu necə qəbul edirdiniz?

– Vaxtı yadımda deyil, amma atamın mənə onun nəvəsi olduğumu dediyini yaxşı xatırlayıram. Həyatım, demək olar, iki yerə bölünmüşdü. Bir hissəsi babama, digəri özümə aid idi.

Dahinin qohumu olmaq asan deyil, digər tərəfdən, bunu qabartmaq məcburiyyətində də deyilsən. Məsələn, işlədiyim yerlərdə bu barədə danışmırdım, çünki bilsəydilər, mənə münasibətləri dəyişərdi. Amma yenə də Dostoyevski ilə bağlı konfranslarda iştirak edərək onun sayəsində 24 Avropa ölkəsini gəzdim. Bunun xaricində, nə mən, nə də atam Dostoyevskinin kitablarından hansısa bir qazanc əldə etmişik. Sovet dövründə uzun müddət kitabları da satılmadı.

– Sovetlər rejimində Dostoyevski təhlükəli görünürdü?..

– Bəli. O dövrdə Dostoyevskiyə ehtiyac yox idi, onlar yeni sistemə uyğun yazarlar axtarırdılar. Ancaq Dostoyevski insanda inam və inamsızlığın, aydınlıq və qaranlığın hər birinin ola biləcəyini deyirdi. Mənəviyyatı üstün tutanlar bunu Dostoyevskinin cümlələrində tapırdılar. Ancaq müharibədən sonra Stalin kilsələri açdı və kitabların nəşrinə icazə verdi. Mən ibtidai sinifdə oxuyanda babamın adı dərs proqramımızda yox idi.

– Stalin SSRİ-nin ən qəddar rəhbəri kimi tanınır. Onun vaxtında Dostoyevskinin kitablarının nəşri qəribə deyilmi?

– Stalin ağıllı şəkildə müharibənin gətirdiyi sarsıntıları Dostoyevskinin kitablarıyla yox edəcəyini düşünürdü. Məncə, elə buna görə də kitabların nəşrinə icazə vermişdi.

– Dostoyevskinin ən çox hansı əsərini sevirsiniz?

– Təbii ki, “Karamazov qardaşları”nı.

– Ölkənizdə, həmişə olduğu kimi yenə də Dostoyevski və Tolstoy rəqabəti var. Bu barədə nə düşünürsünüz?

– Dostoyevski Sibirdə sürgündə olanda Tolstoyu qardaşının ona göndərdiyi jurnallar sayəsində tanımışdı. Jurnalda o qədər yazıçı arasında ancaq Tolstoyun adını işarələyib, “o daha da irəli gedəcək” yazmışdı. Sonralar bir-birlərinə qarşı aralarında bir qədər qısqanclıq olub, amma eyni vaxtda yaşasalar da, üz-üzə görüşməyiblər. Dostoyevski deyirdi ki, Tolstoy ağılla yazır, mən ürəklə.

– “Cinayət və cəza”dakı Sankt-Peterburq təsvirləri məşhurdur. Haqqında danışılan yerlər hələ də durur? Heç oralara gedib yaşamaq fikriniz var?

– Bir dəfə bu sualı mənə bir rejissor da vermişdi. Ona o yerlərə gedib, hər şeyi öz gözləriylə görməli olduğunu dedim. Gələndə mənə: “Hara baxdımsa Raskolnikovu gördüm”, – dedi.

– Dostoyevski ölüm cəzasına məhkum olunmuşdu. Bu hökm sonra sürgünlə əvəz edildi. Xəbəri gətirən şəxs bir az geciksəydi, biz neçə-neçə dahiyanə əsərdən məhrum olacaqdıq, siz isə ümumiyyətlə, dünyaya gəlməyəcəkdiniz. Bu, necə hisdir?

– Tanrı belə yazıbmış. Və məhz bu ilahi xilasla soykökümüz bilavasitə onun adı ilə bağlandı.

Sevinc Fədai