Elektron ədəbiyyat və sənət portalı

Hər suala bir cavab

Bölmə: Elm 24.09.2015

Bu səhifəni uşaqlar, yeniyetmələr üçün hazırlamışıq. Amma bu heç də o anlama gəlməsin ki, səhifəmizi oxuyarkən böyüklər zövq almayacaq. Mütləq alacaqlar, çünki elm öyrənmək, savad almaq insanın əbədi, həmişəcavan arzularındandır. Bəşəriyyət zaman-zaman adamları iki yerə bölüb: savadlılara və bisavadlara. Bütün sivilizasiyalar ona görə sivilizasiya olub ki, içindəki savadlı kəsim, düşünən insanlar artıb, fərqli bir mədəniyyət yarada bilib.

Müasir dövrdə elmə, biliyə can atmaq daha vacibdir, çünki dünənə kimi qarşımızda bir sirr olaraq qalan çox mətləblər artıq çözülə-çözülə gedir, bildiklərimiz artır, bilmədiklərimiz azalır. Amma nə qədər öyrənsək də, bilmədiklərimiz bildiyimizdən qat-qat çox olaraq qalacaq.

Səhifəmizi müntəzəm izləsəniz, minlərlə mürəkkəb sualın sadə cavabını tapacaqsınız. Bu mətləblərin əksəriyyəti ilə orta məktəbdə rastlaşmışıq, amma təəssüf ki, dərsliklərimizin, nədənsə həmişə qəliz olan elmi dili ucbatından çox şey əxz edə bilməmişik.

Biz heç də o iddiada deyilik ki, “Hər suala bir cavab” rubrikamızı izləyə-izləyə savadlanacaq, alim olacaqsınız. Məqsəd uşaqlarımızın dünyagörüşünü genişləndirmək, onları həmişə diqqət mərkəzində olan maraqlı həmsöhbətə çevirməkdir.

İlqar ƏLFİ

 

Təyyarəni kim ixtira edib?

Bəzən ixtira ideyanın yaranmasından əmələ gəlir. Əvvəlcə insanların ağlına hansısa mexanizmin, yaxud əşyanın lazım olduğu barədə fikir gəlir və sonra onu “ixtira” eləməyə başlayırlar.

Lakin təyyarədən, yaxud qabaqlar deyildiyi kimi, aeroplanlardan söz düşəndə, söyləmək lazımdır ki, bu ideya insanın ən qədim istəyindən doğurdu. Uçmaq adamlar üçün həmişə böyük bir arzu olub. Təsadüfi deyil ki, ən qədim əfsanələrdən biri bədəninə mumla qanad yapışdırıb göyə uçan İkar barədədir! Həmin əfsanədə İkar uçmağa müvəffəq olur, amma Günəşə yaxınlaşanda mum əriyir, İkar göydən düşərək həlak olur. İkar özünü qurban versə də, insanın uçmaq arzusu olmur. İkar bəşəriyyətin daha uca zirvələrə qalxmaq istəyinin rəmzidir.

Yalnız dahi rəssam deyil, həm də ixtiraçı olan Leonardo da Vinçi özündən sonra adamın əzələ gücündən istifadə olunan uçan aparatın eskizlərini qoymuşdu. Yüz illərlə qabaq xəyallarında uçan aparatlar düzəltmək arzusunu yaşadan başqa ixtiraçılar da vardı.

Ən erkən uçuş aparatlarının öz mühərriki yox idi. Onlar əslində nəhəng çərpələnglər, yaxud planerlər idi. XIX əsrdə belə aparatlar üzərində saysız-hesabsız təcrübələr aparılmışdı.

Amma heç kim havadan ağır və uçmaq üçün öz mühərrikinə malik olan bir qurğu düzəldə bilməmişdi. Əslində, insanın havaya qalxmaq üçün qarşısında duran vəzifə, həqiqətən, problematik idi – belə bir aparat, ümumiyyətlə, mümkün idimi? Bunun mümkünlüyünü ilk dəfə Vaşinqtonun Smitson İnstitutunun professoru Semüel Lenqli isbat etdi. O, 1,5 at gücündə buxar mühərriki ilə hərəkətə gətirilən, eni 3,5, uzunluğu 4,5 metr olan iki uçuş aparatı düzəltdi. 1896-cı ildə hər iki model uğurla sınaqdan çıxdı. Lakin Lenqlinin sonradan həmin aparatların natural ölçüdə olan nümunələrinin uçuşu uğursuz oldu: 1903-cü il, 7 oktyabrda keçirilən uçuş qəza ilə bitdi.

Elə həmin ilin 17 dekabrında Orvil və Uilburu Rayt qardaşları havadan ağır olan və öz mühərriki ilə hərəkətə gətirilən aparatda ilk uğurlu uçuşlarını keçirdilər. Onlar düzəltdikləri aparatla Şimali Karolina ştatının Kitti Hok şəhərciyində iki uçuş etdilər: birində 30 metri 12 saniyəyə, ikincisində isə 260 metri 59 saniyəyə keçdilər. Aeroplan, yaxud təyyarə belə yarandı!

 

Paraşütü kim fikirləşib?

Beş kilometr yüksəklikdə açıq havaya çıxaraq yerə atılmağı, sonra da cəmi 3 metr hündürlüyü olan hasardan tullanıbmış kimi, sakitcə yerə düşməyinizi təsəvvür edin.

Bunu siz yalnız paraşütün köməyiylə edə bilərsiniz! Paraşüt əslində, çox yekə bir çətirdir ki, yerə ehmal düşmək üçün havanın müqavimətindən istifadə edir. İnsan paraşütlə yerə kifayət qədər yavaş düşərək zədədən can qurtara bilir.

Yəqin, bir ideya kimi, paraşütü öz ekipajı olan ən qədim uçuş aparatları hesab etmək lazımdır. Leonardo da Vinçi onun eskizini dəftərinə 1514-cü ildə çəkmişdi. Başqa bir şəxs – Faisto Veransio isə işləyə bilən ilk paraşütü 1595-ci ildə müfəssəl təsvir etmişdi. Lakin paraşütdən istifadə edən ilk şəxs fransız J.Blanşar hesab olunur. 1785-ci ildə o, hava şarından paraşüt bağlanmış zənbilin içində bir it atmışdı. Həmin itin bir qıçının sınması nəzərə alınmasa, bu təcrübəni uğurlu saymaq olardı.

Başqa bir fransız J.Qarneri isə paraşütdən müntəzəm istifadə edən ilk şəxs kimi şöhrət tapıb. Onun paraşütlə ilk tullanması 22 oktyabr 1797-ci ildə Paris şəhərində baş tutmuşdu. Onda Qarneri 600 metr hündürlükdən atılmışdı. Onun paraşütü ağ brezent parçadan düzəlmişdi, diametri 7 metrə yaxın idi. İxtiraçı paraşütün gümbəzinin düz ortasında disk şəkilli, diametri təxminən 25 santimetr, ortasında havanın keçməsi üçün xüsusi deşiyi olan bir taxta parçası yerləşdirmişdi. Həmin diski paraşütə çoxlu qısa iplərlə bağlayırdılar.

Paraşütlə təyyarədən ilk uğurlu tullanışı 1912-ci ildə Missuri ştatının Sent-Luis şəhərində kapitan Berri sınaqdan çıxardı. 1913-1914-cü illər ərzində təyyarə qəzasından xilas olmaq üçün ekipajın paraşütlərdən istifadə etməsinin məqsədəuyğun olub-olmaması barədə artıq geniş diskussiyalar gedirdi. Bu məsələ heç 1914-cü ildə başlanan Birinci Dünya müharibəsinin əvvəllərində birmənalı həllini tapmamışdı. Əsas problem paraşütün ölçüsü və paraşütlə atılan pilotun öz təyyarəsiylə toqquşması ehtimalı idi. O vaxt çoxları deyirdi ki, bu toqquşmadan qaçmaq mümkün olmayacaq. Amma az sonra bu problem də öz həllini tapdı.

 

Sualtı qayığı kim ixtira edib?

Suyun altında hərəkət etmək istəyi insanda çoxdan olub. Lakin bu ideyanın həyata keçirilməsinin sənədləşdirilmiş sübutu 1578-ci ilə aiddir. Britaniyalı riyaziyyatçı Uilyam Born çap etdirdiyi kitabda hər tərəfdən qapalı olan, suyun altına girərək orada hərəkət edə bilən qayığın çertyojlarını da yerləşdirmişdi. Həmin qayıq ağacdan olmalı idi, üzərinə sukeçirməyən dəri çəkilirdi və suyun altına həcminin azalması üçün istifadə olunan xüsusi qurğu vasitəsiylə getməli idi.

Born öz qayığını inşa edə bilmədi. Buna bənzər başqa bir qayıq 1605-ci ildə düzəldilərək suya buraxıldı. Amma ilk sualtı qayığın inşasında üstünlük Danimarka ixtiraçısı Korneli van Drebbelə məxsusdur. O, 1620-ci ildə öz qayığını Temza çayının 3-4 metr dərinliyində dəfələrlə sınaqdan çıxardı.

Van Drebbelin qayığında iki gövdə vardı. Xarici gövdə ağacdan olur, üzərinə piy sürtülmüş dəri çəkilirdi. Qayıq hər iki gövdədən keçib suyun içinə çıxan, hermetik bərkidilmiş avarlar vasitəsiylə hərəkət edirdi.

Sualtı qayıqların düzəldilməsinə maraq o qədər böyük idi ki, 1727-ci il üçün yalnız İngiltərədə bu sahədə 14 müxtəlif layihə patentləşdirilmişdi. Müharibədə döyüş vasitəsi kimi sualtı qayıqdan ilk dəfə Amerika inqilabında istifadə olunub. Devid Buşnell adlı bir nəfər çox kiçik, ekipajı bir nəfərdən ibarət olan sualtı qayıq düzəldib. Onun qayığına “tısbağa” adı qoymuşdular.

“Tısbağa” Nyu-York limanında Britaniya hərbi gəmisinin altına barıt qoyaraq onu partlatmaq istəyirdi. Amma bu cəhd alınmadı: partlayıcı işləmədi. Lakin britaniyalılar risk etməmək üçün limanı tərk edib buradan uzaqlaşdılar.

 

Telefon necə kəşf edilir?

Telefonun yaranma tarixi çox maraqlıdır. Amma əvvəl gəlin görək ki, bu cihazın iş prinsipindən kifayət qədər xəbərimiz varmı.

Biz danışanda hava boğazımızdakı səs tellərini hərəkətə gətirir. Bu titrəyişlər havanın molekullarına ötürülür, yəni ağzımızdan çıxan səs dalğaları havanın vibrasiyasını yaradır. Bu vibrasiya telefonumuzdakı mikrofonun alüminium membranına yetişərək onu da eynən elə havanın molekulları kimi titrədir. Bu titrəyişlər telefon xəttiylə dalğavarı axın əmələ gətirir və bu dalğalar xəttin o biri başındakı telefonun dəstəyində ötürücü telefonun mikrofonundakı titrəyişlərin eynisini yaradır.

Membran da öz növbəsində havada telefona göndərilmiş dalğalarınkı ilə tam eyni olan hərəkət əmələ gətirir. Bu səs dalğaları telefon xəttinin o biri başında durmuş adamın qulağına çatan kimi elə eşidilir, sanki danışan adam bizim lap yanımızdadır!

İndi isə gəlin, Aleksandr Qrehem Bellin telefonu necə ixtira etdiyindən söz açaq. 2 iyun 1875-ci ildə o, Boston şəhərində bir təcrübə aparırdı. Təcrübənin məqsədi eyni xətlə bir neçə teleqraf məlumatı ötürmək idi. Bu zaman alim bir yığın polad çubuqdan istifadə edirdi. Bell qəbuledici qurğu ilə bir otaqda, köməkçisi Tomas Uotson isə ötürücü ilə digərində idi.

Uotson polad çubuğu elə dartırdı ki, vibrasiya yaransın və bu cingiltili bir səsin çıxmasına səbəb olurdu. Qəflətən Bell otağa girib qışqırır: “Heç nəyə toxunma! Bayaq nə etdin? Qoy bir baxım!” Alim baxıb başa düşür ki, maqnitin üzərində vibrasiya edən polad çubuq dəyişkən cərəyan əmələ gətirir ki, o da naqillə ötürülür. Naqildəki elektrik dalğaları Bellin otağında da polad çubuqların titrəyərək eyni cingiltili səsi çıxarmasına səbəb olmuşdu.

Artıq ertəsi gün bəşər tarixinin ilk telefon zəngi baş tutur və səsi ilk telefon xətti ilə ötürmək mümkün olur. Xətt binanın üst qatından iki mərtəbə aşağıya ötürülmüşdü. Növbəti il mart ayının 10-da isə əsl, işləyən telefonla ilk sözlər ötürülür: “Mister Uotson, bura gəlin, siz mənə lazımsınız!”

 

Yazı makinasını kim yaradıb?

Yazı makinaları çox müasir ixtiralardandır və bəzi yerlərdə hələ də istifadə olunur. Bəs siz bilirsiniz ki, bu makinaya ilk patenti ingilis Henri Miller hələ 1714-cü ildə alıb? Patent almağına-alıb, amma makinanın özünü düzəldə bilməyib.

Maraqlı bir məsələ var: ilk dəfə yazı makinaları korlara kömək məqsədiylə düzəldilib. Birləşmiş Ştatlarda ilk yazı makinasının patentini Uilyam Bert 1829-cu ildə alıb. Ona “korlar üçün yazı makinası” deyirdilər və bizim günlərdə bu maşının analoqu yoxdur.

1833-cü ildə fransız Ksavye Progenin düzəltdiyi makinada üzərində simvollar olan düymələr və hər simvol üçün ayrıca dəstək vardı. Beləliklə, müasir çap makinasının yaranmasında çox ixtiraçının əməyi olub.

1843-cü ildə amerikalı ixtiraçı Çarlz Terber elə bir makinaya patent aldı ki, onun simvol düymələri ox üzərinə yerləşdirilmiş mis təkərdə idi. Təkər əllə lazım olan hərfədək çevrilir və rəngə batırılmış “liter” adlanan tökmə hərf kağıza çırpılırdı. Lakin bu əməliyyat həddindən ziyadə vaxt aparırdı deyə, Terberin makinaları kütləviləşmədi.

İrəliyə doğru növbəti addım 1856-cı ildə, düymələri bütün səthdə yerləşən, amma çapı tən ortada edən makina oldu. Bu prinsip sonrakı bütün makinalarda istifadə olundu.

İstifadə üçün yararlı və külli miqdarda istehsal edilməsi mümkün olan ilk yazı makinasını üç amerikalı ixtiraçı yaradıb: Kristofer Şoulz, Semüel Soul və Karlos Glidden. 1873-cü ildə onlar makinalarını o qədər təkmilləşdirdilər ki, onu artıq satmaq da mümkün idi. Bu yazı makinasının ən müasir nümunələrdə belə istifadə olunan fərqli cəhətləri çox idi: rezin val ətrafına yerləşdirilən kağız, rəngli lent, reversiv, yəni irəli-geri hərəkət edən lent makaraları, hərəkət edən karet.

Zaman keçdikcə, həmin makina başqa təkmilləşdirmələrə də məruz qaldı və bu gün artıq yığcam, səssiz, elektriklə çalışan, ayrıca yaddaşı olan yazı makinaları da var. Amma bir məsələni də xatırlatmalıyıq: kompüterlərin yaranmasıyla yazı makinaları artıq çox yerdə arxa plana keçib.

 

İlk tikiş maşınını kim düzəldib?

Deyirlər ki, taleyin qismətindən bir səyyah sivilizasiyadan çox uzaq, ucqar bir yerə gəlib və yerli qəbilə başçısının evində tikiş maşını görəndə, çox heyrətlənib! Başçı bu makinanı nə vaxtsa ağ adamlardan alıbmış...

Tikiş insanın həyatında o qədər böyük yer tutur ki, tikiş maşını mütləq kəşf olunmalıydı. Söhbət bircə onda idi ki, bunu birinci kim edəcək. Bu maşının tarixi çox dramatik, hətta bəzən faciəvi hadisələrlə doludur. İlk tikiş maşını ingilis Tomas Seyntin kəşfidir. 1790-cı ildə o, müasir maşınlara çox bənzəyən bir tikiş maşınının patentini almışdı. Qurğu əsasən, dəri üzərində işləmək üçün nəzərdə tutulurdu, amma sonradan istifadə olunmadı və ixtiraçı ondan heç bir xeyir götürə bilmədi.

1830-cu ildə kasıb bir fransız dərzisi – Bartelemi Timonye indiki maşınlara daha çox oxşayan tikiş maşını düzəltdi. Bu maşından artıq praktiki olaraq istifadə edilirdi. Həmin maşınların neçəsini bir tikiş fabrikində quraşdırdılar və həmin fabrikin, işlərini itirəcəklərindən qorxan qəzəblənmiş fəhlələri fabriki tar-mar edərək maşınları qırdılar. Timonye yoxsulluq içində öldü.

Təxminən elə həmin vaxt Nyu-Yorkda Valter Hant adlı birisi tikiş maşını ixtira etdi ki, onun ucunda sap keçirmək üçün əyri iynəsi də vardı. Bu iynə ucunda ilgəyi olan sapı parçanın o üzünə keçirir və həmin ilgəyin içindən ikinci sapı ötürürdü və bununla da “məkikli tikiş” deyilən bir tikiş əmələ gəlirdi. Lakin Hant bu maşınına patent ala bilmədi!

İstehsala gedən və istifadə üçün tam yararlı olan ilk tikiş maşınının patenti Elias Houya məxsusdur. 1851-ci ildə İsaak Zinger adlı bir nəfər də öz maşınını Birləşmiş Ştatlarda patentləşdirir. Zingerlə Hou arasında birincilik uğrunda çəkişmə qızışır və Hou udur. Sonralar Hou  özü maşın istehsalı ilə məşğul olmasa da, həmin dövrdə buraxılan hər növ tikiş maşınından faizini almağa başlayır.

Bu gün təbii ki, bu maşının minlərlə, o cümlədən dəri, gön, mahud şlyapa, düymə tikmək, yorğan sırımaq üçün olan növləri də var.