Dilimiz dil açıb danışa bilsəydi…

Sorğu 25.08.2017

KİV-lərdə Azərbaycan dilinin acı mənzərəsi

Bu gün dilin tətbiqi zamanı qaydaların qorunmasına bilavasitə məsuliyyət daşıyan kütləvi informasiya vasitələrində hökm sürən, sözün əsl mənasında, özbaşınalıq ölkə ictimaiyyətini narahat edən əsas problemlərdən biridir. Dilin qaydalara uyğun işlədilməsiylə bağlı çox vaxt məhz bu mənbələrdən qaynaqlanan qüsurlar yeni yaranan ədəbiyyat nümunələrinə, tərcümə sahəsinə, dərs vəsaitlərinə və s. öz mənfi təsirini göstərir.

Məsələyə aydınlıq gətirmək üçün bu sahəylə məşğul olan mütəxəssislərin fikirlərini öyrəndik.

 

Professor, filologiya elmləri doktoru Fəxrəddin Veysəlli: “Dilimizin radio və televiziyada tətbiqi bərbad vəziyyətdədir. Efirə çıxan aparıcının səs tembri, diapozonu, intonasiyası, ritmikası, onun cümlə seçimi – bunlar nəzərə alınmalı və mütəxəssis rəyindən keçməlidir.

Hazırda Azərbaycan efirində dilimizin fonetikası, zənginliyi, harmoniyası gözlənilmir və qəbul edilmiş qaydalara əməl olunmur. Eynilə dilimizin semantikasına, münasib sözün seçilib işlədilməsinə diqqət edilmir. Nə də dilin morfologiyası gözlənilir. Efirdə aparıcı öz ləhcəsində danışır, dialekt sözlərdən istifadə edir. Hətta teleproqramlara dəvət edilən Azərbaycan rəsmiləri, ziyalılar, müəllimlər də ədəbi dilimizin qaydalarına əməl etmirlər, xarici sözlərdən və intonasiyalardan istifadə edirlər. 

Mən 50 ildir dilçilik sahəsi ilə məşğulam, ancaq dilimizin hazırkı durumu ilə heç vaxt qarşılaşmamışam. Hazırda bu sahədə vəziyyət çox acınacaqlıdır”.

 

Tərcüməçi, dosent Vilayət Hacıyev: “Telekanallarımızın dili məni qane eləmir, çünki onlar üçün heç bir dil norması yoxdur. Kütləvi informasiya vasitələri diqqət çəkmək və şou yaratmaq üçün dili də korlayır. Çox az saytlar istisna olunmaqla, digərlərinin dilində xeyli nöqsanlar var. Onlar bunu, əsasən, vaxt azlığı ilə əlaqələndirirlər. Ancaq dilin bu şəkildə işlənməsi qəbuledilməzdir.

Tərcümə kitablarının yalnız redaktə olunanlarında bir o qədər qüsurla rastlaşmırsan. Orijinalındakı fikrin ifadə tərzindən asılı olaraq qarşılığı tapılır. Ancaq demək olmaz ki, tərcümə zamanı ana dilimizin bütün incəlikləri əks olunur. Əgər tərcümə edilən əsərdə söz poetik şəkildə işlədilibsə, bu zaman o poetikliyi saxlamaq lazımdır, əks halda, bu, orijinalı təhrif etmək deməkdir.

Müasir yazıçılarımızın əllaməçilikləri olmasa, bəzilərinin dili yaxşıdır. Bizdə hesab edirlər ki, dilin alt qatlarını üzə çıxarmaqla obrazlılıq yaratmaq olur. Ancaq obrazın yaranmasında dil sadəcə yardımçı vasitədir. Obraz özü mükəmməl olmalıdır ki, dil onu ifadə edə bilsin”.

 

Professor, filologiya elmləri doktoru Qulu Məhərrəmli: “Müstəqillik illərində ən müsbət tendensiya Azərbaycan dilinin tətbiq sahələrinin genişlənməsi, bu dilin işləkliyinin artması oldu. Yazılı mətbuat nümunələrinin və teleradio kanallarının sayca artımı dilin işləkliyi üçün geniş meydan açdı. Bundan başqa, mobil rabitə sisteminin tətbiqi, dünya ədəbiyyatı nümunələrinin dilimizə çevrilməsi, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi yaradılması, bundan əvvəl isə özəl nəşriyyatların fəaliyyətə başlaması və ən müxtəlif mövzularda ədəbiyyatların çapı da həm yazılı, həm də şifahi dilimizin tətbiqi üçün yeni imkanlar açdı.

Amma dilin işlənməsi ilə bağlı, bir tərəfdən, media nümayəndələrinə və teleradio aparıcılarına olan tələblərin yumşaldılması, digər tərəfdən, media sferasına, o cümlədən telekanallara ana dilinin qaydalarına yaxşı bələd olmayan insanların axını çoxlu sayda dil qüsurlarının ortaya çıxmasına yol açmış oldu.

Hazırda mətbuatda (daha çox saytlarda) və teleradio verilişlərində ədəbi dil normalarının pozulması əsasən üç aspektdə özünü göstərir. 

a) leksik nöqsanlar (sözlərin yanlış işlədilməsi, alınma sözlərə meylin artması və s.);

b) qrammatik-üslubi (uzlaşmanın, söz sırasının pozulması, yanlış cümlə quruluşları, məntiqin pozulması və məna səhvlərinin yaradılması, Azərbaycan dilinə xas olmayan sintaktik konstruksiyaların artması və s.);

c) orfoepik nöqsanlar (sözlərin, xüsusən şəxs və yer adlarının yanlış tələffüz edilməsi, məntiqi vurğunun düzgün müəyyən edilməməsi və s.).

 

Yazıçı Əliabbas Bağırov: “Belə düşünürəm ki, bu gün Azərbaycan dilinin istər televiziyada, istər mətbuat və ədəbiyyatda tətbiqi heç də ürəkaçan deyil.

Bu gün yeni nəsil ədəbiyyatını nəzərdən keçirəndə görürük ki, bu əsərlər digər dillərdən götürülən sözlərlə doludur. Dildən kim necə istəyir, elə də istifadə edir. Düşünmürlər ki, etdikləri Azərbaycan dilinin korlanmasına xidmət edir”.

 

Professor, filologiya elmləri doktoru Paşa Əlioğlu: “Dilimizə kənardan gələn söz və ifadələrin normanı aşması narahatedici haldır. Çünki bu sözlər heç bir ehtiyac duyulmadığı halda işlənir. Açıq-aydın hiss olunur ki, əcnəbi sözlərin dilimizə gətirilməsində hədd aşılıb. Mənə elə gəlir, bu, bəzi jurnalistlərin təhsil səviyyəsinin o qədər yüksək olmamasından irəli gəlir. Ana dilimizdə elə söz və ifadələr var ki, onun əcnəbi dildən qarşılığını tapıb işlətməyə ehtiyac yoxdur. Sadəcə, bir qədər düşünüb yazmaq və danışmaq kifayət edər.

Azərbaycanca yazılan bədii əsərlərin qüsuru dilimizin incəliyini bilməməkdən, həmçinin xarici, xüsusilə türk ədəbiyyatında olan deyim və ibarələrdən istifadə etməkdən qaynaqlanır. İnsan öz doğma dilini yaxşı bilsə, yad dildən istifadə etməyə ehtiyac duymaz. Başa düşürəm, dilimizi bütün incəliyinə qədər bilmək bir gənc üçün asan deyil. Ancaq məsələ ondan ibarətdir ki, ələ qələm alan kimi roman yazmaq özü böyük bir yanlışlıqdır”.

 Sevinc Fədai