Elektron ədəbiyyat və sənət portalı

Ədəbiyyatımızda və incəsənətimizdə Qarabağ mövzusu – SORĞU

Bölmə: Sorğu 17.08.2017

Hər bir azərbaycanlının ən ağrılı yeri olan Qarabağ mövzusu ədəbiyyatımızda, incəsənətimizdə lazımı qədər işlənibmi? Bəziləri bu mövzunun yalnız müharibə qurtarandan, torpaqlarımız işğaldan azad olunandan sonra öz həllini daha dolğun və əhatəli şəkildə tapacağı qənaətindədir. Amma əks fikirdə olanlar – bu mövzunun hələ yaralar qaysaq bağlamamış işlənməsinin tərəfdarları da az deyil. Azərbaycanın tanınmış söz, sənət adamlarının bu mövzuyla bağlı fikirlərini öyrəndik. 

Yazıçı Aqil Abbas: Təbii ki, Qarabağ mövzusuna müraciət qənaətbəxş deyil. Düzdü, bu mövzu, demək olar, bütün sahələrdə – ədəbiyyatda, kinoda, rəssamlıqda, musiqidə işlənilib, bu barədə elmi yazılar yazılıb, ancaq tam deyil. Düşünürəm ki, Qarabağa həsr edilən materiallar Azərbaycandan kənara daha çox çıxarılmalıdır.  Doğrudur, Heydər Əliyev Fondu bu sahədə çox böyük işlər görür.

Qarabağ probleminin dünyaya çatdırılmasında ən güclü vasitələrdən biri filmdir – həm bədii, həm də sənədli. Bu mövzuda bir çox film çəkilib, ancaq hələ də dünyada yayılmayıb.  Qarabağ mövzusunda sənədli filmlərin çəkilişinə xüsusi yer vermək lazımdır. Müəyyən qədər sənədli film çəkilib, təbliğatı isə arzuolunan səviyyədə deyil.

Məni narahat edən odur ki, Qarabağ müharibəsini görən də, görməyən də, Şuşanın, Laçının harada olduğunu bilən də, bilməyən də bu barədə yazır və mövzunu ucuzlaşdırır. Bir dəfə 22 yaşlı ağdamlı bir qız Qarabağ müharibəsi haqqında roman yazdığını dedi. Dedim, axı sən heç müharibənin nə olduğunu bilmirsən, yaşın buna imkan vermir. Hətta özün Ağdam alınandan sonra doğulmusan. Düşünürəm, bu kimi faktlar görülən müəyyən müsbət işlərə də kölgə salır.

Bir məqamı da qeyd edim. Azərbaycan telekanallarında hər gün türk filmləri nümayiş etdirilir. Bəs Türkiyə televiziyasında niyə bizim bircə filmimiz belə yayımlanmır? Hətta Rusiyanın mərkəzi telekanalları da bizim filmləri nümayiş etdirir. Məncə, bu məsələyə də diqqət ayrılmalıdır. Türkiyə qardaş ölkədir və Qarabağ problemimizi dünayaya çatdırmağımızda ən böyük dəstəyi də ondan gözləyirik”.

Yazıçı Kamran Nəzirli:  “Məncə, Qarabağ mövzusu müharibə başlanandan ədəbiyyat və incəsənət xadimlərimizin yaradıcılığında kifayət qədər əksini tapıb. Ancaq hələ ki, Qarabağ müharibəsi, onun səbəbləri, törətdiyi fəsadlar, sonrakı hadisə və proseslər yetərincə işıqlandırılmayıb. Obrazlı ifadə eləsək, Qarabağ müharibəsinin ədəbiyyatımızda iki ölçüsü var: eni və uzunu, üçüncüsü, yəni, dərinliyi yoxdur. Görünür, bu, zamanla həllini tapacaq.

Xüsusi qeyd edim ki, yaşıdlarım Qarabağ müharibəsini görüblər, yaşayıblar, qan töküblər, qanları tökülüb. Torpaqlarımızın iyirmi faizini mənfur qonşunun ayaqları altında qoyub gəlmişik. Artıq iki onillikdən çoxdur ki, bu acını içimizdə, çölümüzdə, düşüncə və hisslərimizdə daşıyırıq. Bütün bunlar da bizim bu mövzuda yaza biləcəyimiz fundamental əsərlərin qarşısına hələ ki, müəyyən mənada çəpər çəkib.

Bunlar üzdə olan səbəblərdir və bilmədiyimiz amillər də çoxdur. Bizim istedadlı qələm sahiblərimiz yetərincədir. Onlar bu mövzunun öhdəsindən layiqincə gələ bilərlər. Dünyaya çıxmaq üçün əsər yazmaq, özü də yaxşı əsər yazmaq azdır. Dünyaya çıxmaq üçün gərək maddi dayaqlar olsun. Misal üçün, elə Qarabağ mövzusunda son dövrlər yazılmış ən yaxşı əsərlərdən biri, hesab edirəm, Aqil Abbasın "Dolu" romanıdır. Əlbəttə, bu romana istedadlı rejissorumuz Elxan Cəfərov film də çəkdi. Cüzi pulla da olsa, fədakarlıq elədi, çəkdi.

Mənim "Dördüncü möhür" romanım da bu mövzudadır. Roman bütöv bir dövrün ictimai-siyasi-mənəvi xarakteristikasını açır. 1987-ci ildən ta 2000-ci ilədək ölkədə baş verən proseslərin fonunda bir azərbaycanlı ailəsinin taleyindən bəhs olunur. Hazırda roman iki dilə tərcümə olunur”.

Rejissor Gümrah Ömər: “Qarabağ mövzusu həm də bir dərd kimi artıq yaşam tərzimizə çevrilib. Bu problemi cəmiyyət, vətəndaş, mədəni bir xalq olaraq həll etməliyik. İncəsənət və ədəbiyyat bu problemləri həll etmir. Belə olub, belə də olacaq. İncəsənət və ədəbiyyatın missiyası mənəvi, əxlaqi və sakral dəyərlərin təbliğinə yönəlib. Fikrimcə, ədəbiyyyat və incəsənət yalnız bəşəri dəyərlər sərgiləməlidir.

Yazıçı Şərif Ağayar: “Qarabağ mövzusu zamanla ciddi ədəbiyyata gəlir. Bu, çoxunun düşündüyü qədər asan deyil. Ümumiyyətlə, mövzu ədəbiyyat üçün əsas amil deyil. Əsas olan yazılanın, nəql olunanın sənət əsərinə çevrilməsi, həm də hansı səviyyədə çevrilməsidir. İstənilən mövzuda yazmaq olar. Sadəcə sənətkar bilməlidir ki, hansı mövzuda yaza bilər və bu mövzu zamanla nə qədər səsləşir. Bu mənada, Qarabağ cəlbedici, ancaq çətin mövzudur. Çünki bu barədə xeyli şeir, nəsr yazılıb, onların içindən seçilmək, görünmək ciddi istedad tələb edir.

Sovet dövründə “mövzunu içdən keçirmək” kimi bir anlayış vardı. Dəqiq ifadədir. Qarabağı ədəbiyyat mövzusu kimi içdən keçirmək, həzm etmək çətindir. Buna zaman, istedad, enerji və fiziki sağlamlıq lazımdır. Bu mövzu zamanla daha yüksək səviyyədə bədii həllini tapacaq”.

Rəssam Əmrulla İsrafilov: “Qarabağ mövzusu Azərbaycan rəssamlığında, demək olar, işlənməyib. Yəni ideyanı, mahiyyəti açan olmayıb. Musiqi və ədəbiyyat sahəsində müəyyən qədər işlər var, əsərlər ortaya qoyulub. Ancaq təəssüf ki, onlar arasında dünyaya çıxarılacaq nümunələr, demək olar, yoxdur. Bu da səbəbsiz deyil. Mən bu günə qədər istər Qarabağ, istərsə də ümumilikdə müharibə mövzusunda bir əsər də çəkə bilməmişəm. Çünki onu yaşaya bilmirəm, qan, ölüm, müharibə mənə yaddır. Belə bir mövzunu yalançı pafosla necə işləyə bilərəm?

Məsələn, indiyə qədər Qarabağ mövzusunda ən azı Azərbaycanın özündə himnə çevrilə biləcək səviyyədə bəstə yaranmalıydı. Belə əsərlər sifarişlə yazılmamalı, yanğı içdən gəlməlidir”.

 

Sevinc Fədai