Görəsən, bu barədə bizim söz, sənət adamlarımız nə düşünür? - SORĞU

Sorğu 10.08.2017

Dünya incəsənəti tarixində elə əsərlər var ki, bəzən onların parıltısı məğzindən qat-qat artıq olur. Həmin o “dahiyanə” romanları oxuduqda, filmlərə, rəsmlərə baxdıqda gözləntilərimiz özünü doğrultmur, hardasa, türklər demiş, xəyal qırıqlığına uğrayırıq. Görəsən, bu barədə bizim söz, sənət adamlarımız nə düşünür?

 

Rejissor Ramiz Həsənoğlu: “Mənim üçün bu, Kazimir Maleviçin “Qara kvadrat” əsəridir. Loru dillə desəm, “Tarixi-Nadir”i başdan-ayağa oxumuş adam kimi düşünürəm ki, bu rəssam bizi, sadəcə dolayıb”.

Yazıçı Səfər Alışarlı: “Əsl sənətdə belə təsadüflərin olması faktiki olaraq mümkün deyil. Çünki onun mayasında istedad durur. İstedadsız əsərin o səviyyələrə qalxması isə əsasən konyuktura, siyasi amillərlə bağlı ola bilər. Bunu biz görmüşük. Məsələn, məşhur Baş katib Brejnevin trilogiyası kimi. O əsərlərə 1980-ci illərin əvvəllərində ölkənin ən ali ədəbi ödülünü – “Lenin” mükafatını verəndə Ədəbiyyat İnstitutunda qoca rektorumuz Pimenovdan başqa, hamı gülürdü. Sonra o əsərlər müəllifdən də əvvəl öldü.

Azərbaycanda da məqsədyönlü şəkildə dövr edilən belə nümunələr olub və hələ də var, istər kinoda, istər ədəbiyyatda, istərsə də tətbiqi sənətdə, musiqidə, teatrda... Yəqin ki, onları bir direktivlə ortadan yığışdırmaq hələlik mümkün deyil.

AzTV-də işləyəndə bir bədii filmə prinsipial münasibət bildirmişdim, deyə müəlliflərin qohumları hələ də mənimlə barışmır. Burada, bilirsinizmi, məsələ nə yerdədir? İstedadsız əsəri, müəllifi hamı tanıyır, xalqın gözü, həqiqətən, tərəzidir. Amma bəzi müzakirələrdə görürsən ki, kimlərsə tarixi haqq-ədaləti bir kənara qoyub, sənətə dəxli olmayan prinsiplərin müdafiəsinə qalxır və buna min cür don geydirməyə çalışır. Bunların səsləndirmədiyi, içlərində gizlədiyi əsas arqument bilirsinizmi nədir? “Nə olub, istedadsız elə tək filankəsdir?” və ya “elə tək filan əsər zəifdir, o biriləri niyə demirsiniz?”

Şairə Kəmalə Abıyeva: “Bu məşhurluq parıltısını, hətta Kafkanın əsərlərinə də aid edərdim. Məsələn, “Çevrilmə” povesti çox məşhurdur. Ancaq onu oxuyanda ürəyim sıxıldı. Əsərdə işıq yoxdur, yaşamaq arzusu yoxdur, sırf bədbinlikdir.  Viktor Hüqonun “Səfillər” romanında da çox ağrılar var, amma onu təkrar-təkrar oxumaq istəyirsən. Çünki əsərdə həyatı, insanları görürsən, hiss edirsən, anlayırsan”.

Publisist Elçin Şıxlı: “Məncə, Paulo Koelyo sırf ortabab əsərlərlə dünya şöhrəti qazanıb. Məsələn, o, bu gün ondan daha az tanınan Maks Frişlə müqayisəyə belə gəlməz”.

 

Şairə Elnaz Eyvaz: “Mənim üçün də elə əsərlər var. Oxuyanda düşünmüşəm ki, piarı güclü olub, amma deyildiyi qədər yoxdur. Yaxud da əksinə, baxırsan ki, çox gözəl əsərdir, ancaq məşhur deyil. Hərdən məşhur və ya şedevr əsər kimi təqdim olunan hansısa şeiri oxuyuram və düşünürəm ki, əgər bunu mən yazsaydım, dərc etməzdilər.

Bu yaxınlarda Qurban Səidin “Əli və Nino” əsərini oxudum. Düzünü deyim ki, məni o dərəcədə təsirləndirmədi. Təbii, əsərdə maraqlı tarixi faktlar var – cümhuriyyət dönəmi, Bakı milyonçuları ilə bağlı məqamlar maraqlıdır. Ancaq məncə, bu qədər məşhurluğa müvafiq deyil. Kitab da var ki, oxuduğun müddətdə əlindən yerə qoymaq istəmirsən. Məsələn, “Yüz ilin tənhalığı”, “Patriarxın payızı”, “Çərpələnguçuran”, “Səhra çiçəyi”… Sözsüz ki, bu, həm də zövq, səviyyə məsələsidir. Ola bilər, məni təsirləndirməyən hansısa bir əsər, başqasının çox sevdiyi əsərlər siyahısındadır”.

Filosof Müşfiq Ötgün: “Ümumiyyətlə, insanlar birini necə siyahıdan silib atırlarsa, o birini eyni şövqlə məşhurlaşdırırlar. Yəni, çox vaxt bunu şüursuz edirlər. Ona görə də, hətta hamının sevdiyi, bəyəndiyi kitabları ən axırda oxuyur, bəzən isə heç oxumur, hamının bəyəndiyi filmlərə bir neçə il sonra baxıram. Çoxluğun diqqəti ilə çirkləndirilmiş nəsnələri hamı onları unudanda baxmaq üçün kənara qoyuram. Bu, kontekstual fonun təmizlənməsi baxımından da yaxşıdır. Əsərlər sonra daha yaxşı qavranılır. Çoxluğun diqqətindən kənarda qalan ciddi əsərlər çoxdur. Onlarla ünsiyyətdən daha çox qazanmaq olur”.

Sevinc Fədai