SORĞU

Sorğu 04.08.2017

“Sənət sərhəd tanımır” deyirlər. Amma bununla yanaşı, yaşadığı ölkənin mentalitetindən doğan xüsusiyyətlər hardasa yaradıcı insanın fəaliyyətinə müəyyən məhdudiyyətlər qoya bilər. Bu məhdudiyyətlər müxtəlif mövzularda özünü göstərə bilər – milli-mənəvi, mental dəyərlər, siyasi münasibətlər və sairə. Bəs bizim yaradıcı insanlar necə, belə hallarla rastlaşıblarmı? Hansısa mövzuda işləməyi istəsələr də, ictimai rəydən ehtiyatlanaraq bundan imtina ediblərmi?

Rejissor Mərahim Fərzəlibəyov: “Sovet dövründə, “qara siyahı”ya düşmüş əsərləri səhnələşdirmək çox çətin idi. O vaxt hər şey Moskvadan asılı idi, həmçinin, teatr və kinomuz da. Mən onda gənc rejissor idim, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirmişdim. Bir müddət Qroznı şəhərindəki Mixail Lermontov adına Dövlət Rus Dram Teatrında işlədim. Yaradıcılıq fəaliyyətimi vətəndə, Azərbaycanda davam etdirən zaman Sumqayıt Dövlət Dram Teatrında o vaxt SSRİ məkanında məşhur olan Gennadi Bokarevin “Poladəridənlər” əsərini səhnələşdirdim. Bu əsər sanki SSRİ-nin dağılacağına dair bir ismarıc idi. Mən gənc rejissor kimi bunu anlayır, dərk eləyirdim. Ancaq bilirdim ki, bu əsəri səhnəyə qoymaq çox çətindir. Hər halda yenə çalışdım ki, bu əsər olduğu kimi səhnələşdirilsin. Belə də oldu və uğur qazandıq.

SSRİ dövründə ideologiyaya uyğun gəlməyən əsərlər qadağan idi. O zaman Elçinin “Ölüm hökmü” romanı Sovet İttifaqı üçün arzuolunmaz əsər sayılırdı. “Ölüm hökmü” çox cəsarətli roman idi və bütün maneələrə baxmayaraq, çap olundu.

Həmçinin, İlyas Əfəndiyevin “Xurşudbanu Natəvan” əsərində həssas bir öncəgörənlik vardı. Natəvan deyir ki, bu əzablı yolların axırında bizi azad Azərbaycan gözləyir. O dövrdə bu fikri dilə gətirmək asan iş deyildi.

Mental məsələlərə gəldikdə isə, hər bir teatrın milli ənənələri var. 1984-cü ildə Anarın “Təhminə və Zaur” əsərinə quruluş verəndə Təhminənin konyak içdiyi səhnəni saxlasam da, siqaret çəkdiyi yerləri tamamilə çıxardım.

Bu gün bütün dünyada, o cümlədən MDB ölkələrinin teatrlarında açıq-saçıq səhnələrlə dolu olan tamaşaların nümayişi adi hal alıb. Ancaq mən çılpaq insanları və necə deyərlər, çılpaq sözləri bizim səhnəyə gətirməyi doğru hesab etmirəm. Təbii ki, yazıçı da, rejissor da, aktyor da azaddır, ancaq ənənə, mentalitet bir deyilən məfhum var ki, müqəddəsdir və onu itirmək olmaz. Yenilik nə qədər cəzbedici olsa da, mənəviyyat tapdalanmamalıdır”.

Yazıçı Nəriman Əbdülrəhmanlı: Elə mövzular olub. Amma məni mövzudan çox mətnin ruhu, havası maraqlandırdığından bu cür nüanslara fikir verməmişəm. Hətta düşmən millətlə bağlı əsər yazmağa da çəkinməmişəm, sadəcə bunun siyasi pamflet olacağını düşünüb yazmaq istəməmişəm.

Aktrisa Firəngiz Mütəllibova: “Tələbə vaxtı “Mosfilm”də bir film çəkilirdi. Mövzusunu bilmədən mən də dəvətli kimi sınaq çəkilişlərinə getdim. Orda mənə bildirdilər ki, film bir oğlanla qızın məhəbbətindən bəhs edir və çəkiliş səhrada aparılacaq, baş rolun ifaçıları isə kamera qarşısında açıq-saçıq geyimlərdə olacaqlar. Odur ki, sınaq çəkilişlərində iştirak etmədim. Sonralar da həmişə bu həddi gözlədim. Ümumiyyətlə, mən mental dəyərlərə önəm verən insanam”.

Heykəltəraş-rəssam Məmməd Rəşidov: “Cəmiyyətimiz mental dəyərlərə o qədər həssas yanaşır ki, ona əks mövzularda düşünməyin mümkünlüyü belə ağlımıza gəlmir. Bununla belə, yaradıcılığımda elə bir hal olmayıb ki, hansısa ideya ağlıma gəlsin, amma cəmiyyətdə özümə qarşı mənfi rəy yaradar deyə, ondan imtina edim.

Əslində sənət heç bir qadağa tanımır və tanımamalıdır. Sadəcə, fərd və onun düşüncələri cəmiyyətdə yetişir və burdan qaynaqlanır deyə, müəllifin yaradıcılığı da o xətt üzrə istiqamətlənir. Bu baxımdan arzusunda olduğum, amma müəyyən çərçivələr və maneələr səbəbindən yarada bilmədiyim əsər olmayıb”.

Sevinc Fədai