Elektron ədəbiyyat və sənət portalı

Papaq

Bölmə: Ədəbiyyat 24.09.2015

Şəhla ASLAN

İşdən çıxıb evə gedirdim. Hava çox yaxşı idi. Payız olsa da, gündüzün yandırıcı şüaları çəkilmişdi. Axşam qaranlığı ilə birgə gələn sərinlik qəlblərə bir rahatlıq da gətirirdi. Lakin camaatın işdən çıxan vaxtı olduğu üçün, avtobusdakı tünlük havanın gözəlliyindən zövq almağa imkan vermirdi. İşdəki gərginlikdən beynim hələ də uğuldayırdı. Bu dəqiqə evə tez çatmaq, bütün aləmdən təcrid olmaq, tam səssizlikdə dincəlməyi arzulayırdım. Ürəyimdə götür-qoy edirdim ki, Allah insanları yaradıb, sonra da təbiətlə üz-üzə qoyub ki, onunla ünsiyyətdə olsunlar. Yaxşısından istifadə eləsin, lap elə bu payızın gözəl günləri kimi, pisi ilə də mübarizə aparsın, lap elə bu səs-küy kimi. Amma biz başıbəlalı insanlar öz-özümüzü çətinə salmışıq. Hamı yığışıb gəlib bir yerə, şəhər deyilən yerdə elə hoqqalar yaratmışıq ki, hamısı səhhətimizə ziyandır. Bax, elə indi kaş olaydım uşaq ikən gördüyüm, qayalar arasından axan dağ çayının qırağında. Atam, o dağlar yadıma düşdü. Doğma yerləri, doğma adamları, atamın üz cizgiləri ilə bir həmahənglik yaradan sakit təbiət lövhələrini düşündüm. Bu harmoniya məni kövrəltdi, gözlərim yaşardı.

Qarşıda bir neçə yeniyetmə ağızlarını əyə-əyə bərkdən danışırdılar. Ağladığımı görməsinlər deyə, üzümü çevirdim və bir az da onlardan uzaqlaşdım. Zəhləm gedir bu tip insanlardan. Şəhərdə indi dəbdə olan ləhcə ilə danışmağa çalışırlar, lakin ilk cümlədəcə özlərini ifşa edirlər, özü də elə adamların adlarını çəkirlər ki, heç onların mühafizəçilərinə, qulluqçularına salam verməyə belə, cürətləri çatmaz, elə danışırlar ki, guya bunlar axşama qədər onlarla çay içir, domino oynayır, telefonlaşırlar. Amma bir az diqqətsiz olsan, cibinə, çantana girəcəklər, ya da ki... Nə isə. Yaxşı ki, onlar arxada qaldılar və mən tutacaqdan bərk-bərk yapışıb ətrafdakı təzə qonşulara nəzər saldım. Yanımdakı oturacaqda 55-60 yaşlı bir kişi oturmuşdu. Məni görən kimi yerindən qalxdı və oturmağı təklif etdi. Yaşlı kişinin yerini nəvəsi yaşda qıza verməsi ətrafdakılara da, mənə də bir az yersiz göründü, qəti imtina etdim. Kişi yerində rahatlanıb qucağındakı çantanı sinəsinə sıxdı, yenidən gözünü yumub “yatdı”. Ondan öndəki oturacaqda əyləşənlərdən birinin çox hündür, qaragül dərisindən tikilmiş papağı vardı. Yəqin aşıq idi, mollaların papağı belə hündür olmur. Arxadan enli kürəkləri, əzələli boynu görünürdü. Şəhərdəki belə kişilərin çox biədəb şəkildə qabağa çıxmış qarınları olur. Bir az əvvəl atamı yadıma salıb kövrəldiyimdən, bizim tərəflərin kişilərinə bənzətdiyim bu qocanın qarnını təsəvvür etmək istədim. Bu gic maraq, əslində, stressdən qurtarmaq üçün özümü yayındırmaq cəhdi idi. Sezilməz şəkildə ayağımı sürüşdürüb bir az irəlilədim və qocaya nəzər saldım. Həddən artıq enli sifətli, almacıq sümükləri çıxmış, enli çənəli, ağ lopa bığlı, qalın qaşlı 75-80 yaşlı kişi idi. Qarnı yox, sinəsi qabağa çıxmışdı. Yəqin aşıqdır, kənddən bu gün gəlib, əlində də əsası var. Bir əli ilə tutacaqdan yapışmışdı.

O biri əli ilə əsasını yerə elə dayamışdı ki, avtobusun tutacağına etibar etmədiyi aydın idi. Hündür boyuna, enli kürəklərinə uyğun nəhəng əlləri qartal caynağına bənzəyirdi. Mənə baxıb işarə etdi ki, əlimdəki qovluğu verim saxlasın. Vermədim, hansısa sənədlər idi, biri itsəydi batardım. Kişi eşitmədi, ya nə idisə, uzatdığı əli ilə qovluğu alıb qoydu dizlərinin üstünə. Narahat olsam da, etiraz edə bilmədim, görünür, bu qoca indiyə qədər sözünün çevrildiyinə adət eləməmişdi. Amma, deyəsən, heç şəhərə də adət eləməmişdi, çünki qovluğu saxlayanda dizi üstündəki portfeli sürüşüb yerə düşdü. Portfeli əyilib götürəndə əsası sürüşdü. Nə isə, özünü düzəldib pəncərədən çölə baxmağa başladı. Hündür binaların arasından şütüyüb keçən avtobusdan baxmaqla nə görə biləcəkdi ki? Onun əvəzinə mən darıxmağa başladım. Bu qocaya bir məhrəmlik hiss edirdim. Ürəyimdə dua etdim ki, nə işi varsa, tez qurtarıb qayıtsın evinə, dağlara, çaylara, meşəyə tamaşa etsin. Sonra da öz fikirlərimə özümün gülməyim tutdu. Bu gün, nədənsə, çox darıxıram, qəribə şeylər fikirləşirəm...

 Bayaq yerini mənə vermək istəyən kişi ayağa durdu. Balacaboy, tösbərək kişi idi. Belələrinə nənəm “porsuq” deyirdi. Avtobus dayananda o, “Balaxan” dedi. Kimisə çağırmaq kimi yox, sadəcə, nidasız, vurğusuz söz idi. Güman elədim ki, kişi normal adam deyilmiş, öz-özünə danışır, gəlib yanımızdan ötəndə yenə də “Balaxan” dedi. Əstəğfürullah! Gözlərini də yerə dikmişdi, normal adamlar belə eləyəndə nəsə gizli niyyətləri olur, baxışlarını gizlədirlər. Bu dəfə aşıq sandığım adam da ayağa durdu, orta qapıdan yerə düşdü. Maşallah, kişi qaya parçasına oxşayırdı, hamı dönüb ona baxırdı. Görəsən, hamı mənim kimi doğma yerləri üçün qəribsəmişdi, ya nə idi? Tösbərək kişi sürücünün yanındakı qapıdan düşdü. Sürücü bərkdən qışqırdı:

- Pulunu ver də! Əə, sənnənəm, şişpapaq!

 Ürəyim qırıldı. İnanmaq istəmirdim ki, sürücü aşığı çağırır. Aşıq ləngərli addımlarla gedirdi, az qalırdım qışqıram ki, baba, tez uzaqlaş! Allaha yalvarırdım ki, o eşitməsin, çıxsın getsin. Kök kişi tez-tələsik gəlib onunla qoşalaşdı, nəsə dedi. Bildim ki, bir yerdəymişlər. Sürücü isə əl çəkənə oxşamırdı. Qapıda durub çölə bağırdı:

- Sənnən deyiləm, karsan? Şuppupapaq, gətir də iyirmi qəpiyi!

İlahi, cibimdə nə qədər pul varsa, verməyə hazıram, təki o qocanı sındırmasın bu tamahkar sürücü.

Məgər görmür, kordur, ya gicdir, bilmir iş nə yerdədir? Mən uşaqlığımla dərk etdim ki, o porsuğabənzər kişi qıymayıb, təkcə öz pulunu verib, qoca isə aldadıldığını bilsə də, indi bilmir neyləsin. Qayıdıb təzədən pul versə, gərək o porsuğun başını əzsin, yox, əgər verməsə də,-- sürücünü sürüyüb təpiyi altına salsın! Elə istərdim ki, o, bunların ikisini də eləsin! Necə qıyırlar bu alçaqlar, o cür təmiz adamı incidirlər?

- Ədə, hara gedirsən? Qayıt pulunu ver də!

Sürücü puldan ümidini kəsdiyi üçün pis-pis söyüşlər söydü. Bütün sərnişinlər donub qalmışdılar, məndən başqa, yəqin ki, heç kəs işin əslini bilmir, bir-birindən nə baş verdiyini soruşurdu. Ürəyim ağzıma gəlirdi, ağlamaqdan özümü güclə saxlamışdım, nə edəcəyimi bilmirdim. Ürəyimdə Allaha yalvarırdım ki, nəsə olsun, elə olsun ki, məsələn, ayılım görüm bunlar yuxu imiş. Təki, o qocanı söyməsinlər, aldatmasınlar, avtobusu sürsün bu qanmaz, uzaqlaşaq, o porsuğun əl-qol ataraq nəyisə bərkdən qocaya danışmasını da görməyim. Halım pis idi, çox pis idi! Gözlərimi bərk-bərk sıxdım ki, belə alçaq səhnəni görməyim. Qəfil, ildırım gurultusuna oxşar səsdən diksindim. Gözümü açanda gördüm ki, qoca o porsuğun pencəyinin boynundan tutub sürüyür avtobusa sarı. Əlindəki çəliyi qapıya elə çırpdı ki, hamı diksindi. Sürücü sarısını udmuşdu. Qoca qan çanağına dönmüş gözünü ona zillədi:

- De görüm, küçük, bu sənə nə qədər pul verdi?

- İyirmi qəpik verdi, bir nəfər üçün, mən nə bilim siz iki nəfərsiniz?

- Ədə, sən belə dəqiq pulyığan qoduqsan? Onu düşəndə beşi pul vermir, görürəm. Bəlkə heç birinin yoxudur? Bu heç, bunun indi cəzasını verəcəyəm, bəs sən niyə söyürsən?

- Əmi, bağışla, sən Allah, hamı düşür gedir, mən də plan verməliyəm axı! Ağlım da dolaşıb day. Yoxundursa, gedərsən, neynək!

- Ədə, mən kasıbam?

Kişi bunu deyib qolaylandı. Ağacı sürücünü tutmasa da, sükana çırpıldı. Xırda pullar ətrafa, küçəyə səpələndi. İkinci zərbədə şüşələr qırıq-qırıq olub, töküldü. Özümdən asılı olmadan, sevincimdən titrəyirdim. Hamı qışqırır, mənə isə ləzzət verirdi bu səhnə! “Qəhrəman”ım şirə dönmüşdü, “qılınc”ını çalır, düşməni ot kimi biçir, dəli nərəsi meydanı bürüyür. Uraaa! Bir də, bir də vur, qurbanın olum, qır bunları, sonra o biri pis adamların cəzasını ver! Sonra çıx get burdan, o dağ çayının üstündəki qayada sazını dilləndir: “Hoydu, dəlilərim, hoydu!”

 Amma, yox! Qoca əl saxladı. Bir əlini döş cibinə atıb bir çəngə kağız pul çıxarıb sürücünün qabağına səpələdi. Bir də, bir də! Bir dəfə də əlini döşünə apardı, əlini çəkmədi. Ayaq üstə tərpənməz qalmış, rəngi ağappaq olmuşdu. Birdən tappıltı ilə yerə yıxıldı. “Porsuq” sürücüyə qoşulub qaçdı. İlahi, hamı elə bilirdi ki, onlar qocanı xilas etmək üçün həkim dalınca qaçırlar. Amma mən bilirdim ki, onun əlindən salamat qurtardıqları üçün aradan çıxırlar.

Yüyürüb qocanın əlini döşündən çəkdim. Nəbzini tutdum. Kişi canını tapşırmışdı. Papağı bir kənara düşüb qalmışdı. Ağ saçları qansız sifəti ilə bir olmuşdu. Qışqırmaq istəyirdim, səsim çıxmırdı. Qaçanlar da qayıtdılar. Onun öldüyünü görən kimi, sürücü porsuğabənzər kişiyə qışqırdı ki: - “Ürəyi xəstə adamı hara aparırsan? İndi kim ödəyəcək bu ziyanı?”. Amma ikisi də qocanın pullarını yığışdırıb ciblərinə təpirdi. “Porsuq” dedi ki, gorbagora nə qədər dedim, getmə festivala, qoca kişisən, baxmadı mənə, dedi, nə qədər xərcləsən pulu məndən, amma məni apar ora!

Camaat donquldanır, maşından düşüb dağılışırdı. Ətraf polislərlə dolmuşdu. Gözüm ayaqlar altında qalan papağa sataşdı. Birdən dilim açıldı:

- Ayaqlamayın aşığın papağını! Gəlin, qibləyə çevirək kişini! Müsəlman deyilsiniz?

“Papaq” sözünü eşidən sürücü o tərəfə baxdı, cumub çox pis bir söyüş söyərək onu təpiklə vurdu. Aşığın papağı göylə gedib yerə düşəndə gözlərim qaraldı...

Gözlərimi açanda başım üstündə çoxlu adam gördüm. Üzümə su vurur, məni ayıltmağa çalışırdılar. Qalxıb telefonumu axtardım. Kimsə onu yerdən tapıb mənə uzatdı. “Qızım, qorxmusan, yəqin, meyitdən, keçib gedər!” - dedi. İndi yadıma düşdü başıma gələnlər.

- Aşıq necə oldu, ay camaat? Meyiti deyirəm, kim apardı onu?

- Necə olacaq, apardılar ölüxanaya, yarıb ölümün səbəbini müəyyən edəcəklər! Sən onu yaddan çıxart! Zəng elə, adamların gəlsin, aparsınlar səni evə!

- Onu siz öldürdünüz, qatillər! O ürəklə o, öz yerində hələ neçə il də yaşayardı! Həkimlər yazacaq infarktdan öldü, bu “porsuq” da şahid duracaq! Bəs Allaha nə cavab verəcəksiniz?

Hamı başını bulayıb uzaqlaşırdı. Mən gedib aşığın papağının yanında oturdum. Kişi nəvə-nəticəsini başına yığacaqdı. Vəsiyyətini edəcəkdi. Sonra da ayaqlarını uzadıb ata-babası kimi öləcəkdi! Burada isə, iki dənə dılğır onun ürəyini partlatdı! İndi xəstəxanada onun pəhləvan cüssəsini yarırlar!

Əlacsız halda hönkürürdüm. Bütün aləmi ürəyimdə lənətləyirdim. Halım pis idi! Çox pis idi! Kuperin “Sonuncu mogikan” əsərindəki gəncin ölümünü xatırlayırdım. Beynimdə gah o gənci xəncərlə vuran qatil, gah da aşığın ürəyini partladan “porsuq” canlanırdı. Əsərdəki Bic Tülkünü öldürdülər, bəs bu Porsuğun cəzasını kim verəcək? Kim bilir, bəlkə hələ bir gedib kənddə onun dalınca lağla deyəcək də ki, iyirmi qəpiyinə qıymadı, onun badına getdi... İlahi! Özün belələrinin cəzasını ver! İlahi, sənin Qiyamətin olmasaydı, Ədalət nə vaxt bərqərar olacaqdı? İndi isə halım çox pisdir! İlahi, mənə səbir ver! Hər şeyi sənin ədalət məhkəmənin hökmünə tapşırıram!

Artıq çox gec idi. Yavaş-yavaş qətl yerindən uzaqlaşdım...