Elektron ədəbiyyat və sənət portalı

"Bəzən gördüyün işlər ürəyincə olmur, amma düşünürsən ki, yoldur da gedirik"

Bölmə: Müsahibə 16.06.2017
– Ramiz müəllim, müsahibələrinizdən görünür ki, televiziya və kino işlərinizlə bağlı səslənən istənilən tənqidi fikrə dözümlə yanaşırsınız. Bu qədərmi tolerantsınız?

– Bəlkə də eşitmisiniz, “Hamburq hesabı” deyilən bir anlayış var. XX əsrin əvvəllərində televiziyanın, kinonun olmadığı dövrdə camaat əylənmək üçün sirkə, meydanlarda göstərilən tamaşalara baxmağa gedirdi. Almaniyanın bütün şəhərlərində güləşçilərin yarışı keçirilirdi. Totalizatorlar pulları yığır, öz aralarında danışır, kimin qalib gələcəyini, kimin məğlub olacağını müəyyənləşdirirdilər. Kənarda sinəsinə döyən güləşçilər isə ildə bir dəfə Hamburqda yığışıb öz aralarında, tamaşaçısız güləşərdilər. Onda bilinərdi ki, kim kimdir. İndi gərək “Hamburq hesabı” ilə biləsən ki, sən kimsən, nəyə qadirsən, neyləmisən, bundan sonra nə edə bilərsən.

Əlbəttə, tənqid eşitmək o qədər də xoş deyil. Gərək daxilən özünə o qədər güvənəsən, arxayın olasan ki, biləsən bu tənqiddən nəticə çıxartmalısan ya yox. Geniş götürsək, tənqid təhlildir, orada tərif də var, tənqid də. Elə tərif var ki, adamın başını gicəlləndirə bilər. Elə tənqid də var ki, adamı çiyrəndirə bilər. Mən kim olduğumu, nəyə qadir olduğumu, nəyi bacarıb, nəyi bacarmadığımı yaxşı bilirəm. Bu mənim müsbət cəhətimdir. Dostlarım məni qınayır ki, özünə qarşı çox amansızsan. Bəlkə də belədir, amma istərdim elə işlər görüm ki, mənə bu tərəfə keçməyə, qəddarlaşmağa icazə verməsin. Sadəcə, hansısa səbəblərdən həmişə ürəyin  istədiyin işləri görə bilmirsən, buna görə də, əzab çəkirsən. Bəzən gördüyün işlər ürəyincə olmur, amma düşünürsən ki, yoldur da gedirik.

– “Kamança”, “Topal Teymur”, “Ac həriflər”, “Nigarançılıq”, “Mürafiə vəkilləri” kimi televiziya tamaşalarında, “ Cavid ömrü”, “Sübhün səfiri” filmlərinizdə, elə teatrda da daha çox klassiklərin həyat və yaradıcılığına üstünlük verirsiniz. Bu müəlliflərə müraciət etmək, onları anlamaq daha asandır, yoxsa başqa səbəbləri var?

– Yəqin, bu seçim ailədən və aldığım tərbiyədən irəli gəlir. Mən aktyor ailəsində doğulmuşam. Valideynlərimin ikisi də teatr adamları idi, mən də səhnə arxasında böyümüşəm. Evimizdə olan kitablar, atamın, anamın oxuduqları mənə, qardaşıma, bacıma da keçib. Əslində, sənəti özünə yol seçən adamların hamısı klassikanı oxuyur. Klassika nədir? İllər keçsə də, dəyərini itirməyən əsərlərdir. Mən də həmişə bədii yükü olan ədəbi materiallarla işləyirəm.

Baxmayaraq ki, indi geniş informasiya dövrüdür, ancaq savadsızların sayı ötən dövrlə müqayisədə daha çoxdur. Əsas şərt çox bilmək yox, bilib dərk etmək, ötürə bilməkdir. Bu mənada, klassiklər mənə daha çox şey verir. Yaradıcılıq bioqrafiyamda kənar müəllif demək olar ki, yoxdur. Bu da təsadüfi deyil. Mən Azərbaycan mədəniyyətinin məhsuluyam. Çox az şeyi bu mədəniyyət qədər dərk edə bilmişəm. İçimdən keçirib, dərk edəndən sonra düşünmüşəm ki, bu informasiyanı tamaşalarla qaytara, tamaşaçını düşündürə bilirəm. Milli mədəniyyətə xidmət, maarifçilərin gördüyü işi bu gün də davam etdirmək lazımdır. Anar, Elçin kimi ziyalılar bu işdə fəal iştirak edir. Mən də özümü o sırada görmək istəyirəm. Bəlkə də bu missiyanı yerinə yetirənlər tənqidçiləri qane etmirlər.  Amma unutmaq olmaz ki, heç bir yaradıcı insan uğursuzluqdan sığortalanmayıb. Mən də istisna deyiləm. Buna təəssüflənirəm, amma faciəyə çevirmirəm.

– Gündəliklərinizdə yazırsınız ki “artıq ən çətin və məsuliyyətli verilişləri etibar göstərib Ətayənin oğluna tapşırırlar”. Maraqlıdır, Ətayə Əliyevanın oğlu olmaq məsuliyyət idi, yoxsa bağlı qapıları açan açar?

– Səmimi desəm, qapıları açan açar idi. O vaxtlar o qədər də böyük məsuliyyət hiss etmirdim. Bir az tanınandan, nə iş gördüyümü anlayandan sonra məsuliyyətimi dərk etdim. Hər görülən işin arxasında yeni bir iş dururdu. Yeni iş də özündən əvvəlki işdən daha yaxşı olmalı idi. Bax, duyduğum bunun məsuliyyəti, həvəsi və eşqi idi.

Atamın, anamın adını doğrultmağı düşünməmişəm. Onların sayəsində dünyaya gəlmişəm, mənə bu düşüncə, həyat tərzini onlar veriblər. Bu sənəti də necə deyərlər, onların məsləhətilə seçmişəm. Heç vaxt bu sənətə gələcəyimi düşünmürdüm. Artıq 16 yaşım olanda istəyirdim ki, cibimdə pul olsun, valideynlərimin də belə bir imkanı yox idi. Səkkizinci sinifdə oxuyanda onlardan xəbərsiz axşam məktəbinə keçdim. AzərEnerji Təmir zavoduna çilingər köməkçisi kimi işə düzəldim. Üç il işlədim, sonra instituta daxil oldum. O da əsgərlik məsələsinə görə oldu. Atamla anam fikirləşdi ki,  o qədər də yaxşı oxumuram, humanitar sahəyə marağım var. Odur ki, sənədlərimi Teatr İnstitutuna verdim. Mədəni-maarif fakültəsinə, axşam bölməsinə qəbul oldum. İnstituta qəbul olandan sonra da çörək zavodunda işləməyə başladım. Anam eşidəndə ki, iri çörək sobalarına girib, təmir edirəm, narazılıq elədi. Onun təkidilə işdən çıxdım və məni Fikrət Qaradağlının yanına gətirdi, iş istədi. Rejissor köməkçisi düzəldim, ilk üç ayı da pulsuz işlədim. Zamanla bu iş mənim seçdiyim yol, alın yazım oldu.

– Sizi demək olar ki, bütün premyeralarda görmək olar. Teatrı, teatrda gedən prosesləri yaxından izləyirsiniz. Teatrda böyüyən Ramiz Həsənoğlu Azərbaycan teatrının bugünkü vəziyyətini, islahatları, tamaşaların səviyyəsini necə qiymətləndirir?

– Mən həmişə Azərbaycan teatrında gedən prosesləri dünya teatrının məcrasında qiymətləndirməyə çalışıram. Mənə elə gəlir ki, teatrlarımızda ümumilikdə irəliləyiş var. Kimisə Akademik Dram teatrındakı situasiya qane etməyə bilər. Amma, gəlin razılaşaq ki, Akademik teatrda heç vaxt eyni dövrdə bu qədər rejissora bərabər imkanlar verilməyib. Uzun illər Dram teatrı hamıya qapalı, bağlı bir məkan olub. İndi isə vəziyyət dəyişib. Ola bilsin ki, tamamilə yeni və başqa bir qurum yaradılmalı idi, orada dövlət vəsaiti hesabına gənclərə dəstək göstərilməli, bərabər imkanlar yardılmalı idi. Amma belə bir qurum olmadığından Azdrama bu missiyanı öz üzərinə götürüb.

YUĞ-da gedən proseslər mənə həmişə maraqlıdır. Rejissor Gümrah Ömərin “Naməlum Axundzadə” və Kamal Abdullanın pyesi əsasında səhnələşdirdiyi “Səsimdən yapış” tamaşalarını çox bəyəndim . Hər halda, Gümrahı orada təsadüfi adam kimi görmürəm. Bir neçə gün əvvəl də Dram teatrının səhnəsində Gümrahın quruluşunda “Nadir şah” tamaşasının premyerası oldu.

Çox istərdim ki, bizim istər gənc, istər peşəkar rejissorlarımız püxtələşmiş ədəbi materialla işləsinlər. Bu o demək deyil ki, müasir dramaturqları cəlb etmək lazım deyil.  Gəlin, hər şeyi buraxaq zamanın öhdəsinə.

– Kiçik səhnədən böyük səhnəyə keçid nə dərəcədə məhsuldar ola bilər?

– Biz niyə Amerika açmalıyıq ki, XX əsrdə Moskva Akademik Bədaye Teatrının nəznində belə kiçik səhnələr, studiyalar var idi. Vaxtanqov teatrı bu studiyalardan, sadəcə, biri idi.

Rəssamlıqda necədir? Müxtəlif istiqamətlər var. Biri rəngkar, biri qrafikdir, biri heykəltəraşlıqla məşğul olur, digəri miniatürlə. Bunların hamısının kökündə isə sənətə yiyələnmək, sənətin sirlərinə vaqif olmaq dayanır. Rejissor istər kiçik, istər böyük səhnədə işləsin, əgər o, formanı duyursa, onun təzahürünü böyük səhnədə böyük səhnə üçün, kiçikdə kiçik üçün edirsə, deməli, bu normaldır.  Vay o gündən ki, rejissor kiçik səhnədə gördüyü işləri böyük səhnəyə gətirir və özünü itirir. Bundan da qorxmaq lazım deyil. Gərək sənətə rəhbərlik edən adamlar seçimdə diqqətli olsunlar və yanılmasınlar.

Mən müəllim kimi danışmıram, sadəcə, düşüncələrimi deyirəm. Vaxtilə Azərbaycanda heç kimin görmədiyi bir işə imza atmışıq. 1993-cü ildə Azərbaycan televiziyasında “Sabah” Yaradıcılıq Birliyini yaratdıq. Bu studiyada bir çox gənclər sənətə vəsiqə qazandılar. Elxan Cəfərov “Məhbus” əsəri ilə öz debütünə imza atdı. Kamran Şahmərdan cavan oğlan idi, gəldi və təkid etdi ki, Beketin əsərinə quruluş verəcək. Nə dərəcədə alınıb-alınmaması önəmli deyil, əsas odur ki, biz ona inandıq və şans verdik. Arzu edərdim ki, həm teatrda, həm kinoda belə adamların, yəni, yaxşı mənada mesenatlıq edənlərin sayı çox olsun.

– Aktyor sənətinin sonrakı inkişafından narahat idiniz. Deyirdiniz indiyəcən kim olubsa onlar var. Bundan sonra kimlərin olacağı əsasdır. Əvvəl meyar sənət idi, indi isə şou? Gənclərlə kifayət qədər ünsiyyətdə olan rejissorlardan biri kimi, necə düşünürsünüz, indi gənclər bu sahəyə yalnız populyarlıq üçünmü gəlir?

– Mən bu tendensiyanı görürəm və çox kədərlənirəm. Gənclər asanlqıla populyarlaşmaq və kütləviləşmək istəyir. Nə yaxşı ki, ayrı-ayrı hallarda bir çox gənclər bu yola getmir. Məsələn, Milli Dram teatrının aktrisası, “Boy çiçəyi”ndə izlədiyim Məsmə Aslanqızını qeyd etmək istərdim. Düzdür, o da televiziya proqramlarında aparıcılıq edir, amma bunu şouya çevirmir. Əsl sənətlə dolanışıq problemlərini bir-birinə qatmır.

“Qatil”dən izləyib çox bəyəndiyim Hikmət Rəhimov da o gənclər arasındadır. Görünür, burada şəxsi seçim, mənəviyyat, hövsələni basmaq məsələsi var. Mən demirəm ki, şouya qaçan gənclər mənəviyyatsızdır. Sadəcə, özlərini heç nədən məhrum etmək istəmir, hər şeyi birdən qazanmaq istəyirlər.

Dörd ay fasilələrlə Akademik teatrda “Generalın son əmri” tamaşasını məşq etdik. Dediyiniz o tendensiyanı orada daha aydın hiss etdim. Bəla burasındadır ki, bu şou yaşlı aktyorları da sürükləyib öz arxasınca aparır. Bir də görürsən ki, məsul bir məşq zamanı gəlib icazə istəyir ki, toyum var. Bilmirsən nə deyəsən, qınamaq da olmur.

Arzu edirəm elə bir dövr gəlib çıxsın ki, sənətlə məşğul olan adamlar əsl sənətlə məşğul olsunlar, kənara boylanmasınlar. Çalışdığı teatrdan aldığı məvacib də sənətçinin gündəlik ehtiyaclarını ödəsin.

– Gənc aktyorların populyarlaşmasında əsas amil seriallardır. Milli serialları izləyirsinizmi? Bədii dəyəri yüksək bir serial çəkmək istərdinizmi?

– Əlbəttə, istərdim. Biz illər öncə Azərbaycanda ciddi serial çəkmək niyyətilə “Fatehlərin divanı” üzərində işə başladıq. Amma bizdən asılı olmayan müxtəlif səbəblər üzündən yalnız Əmir Teymurla bağlı olan hissəni çəkə bildik. Halbuki, arxasınca çox böyük və maraqlı mövzular gəlirdi. Müəlliflər arasında Anar, Elçin, Əli Əmirli də olmalıydı. Biz bütün tarix boyu Azərbaycana aid hadisələri gətirmək və fatehlərin divanını qurmaq, Rəsulzadə, Bağırov üzərində dayanmaq istəyirdik. Çox az məsrəflə, amma dəqiq seçilmiş priyomla biz bu işi davam etdirmək istəyirdik, amma imkan olmadı.

İndi çox istərdim ki, müasir nəsrdən Anarın “Ağ liman”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Macal” və Günel Anarqızının “Altıncı” romanını da birləşdirib bir serial  hazırlayım. Elçinin “Ölüm hökmü” romanı da serial kimi çox maraqlı olardı.

Yerli kanallara, demək olar ki, baxmıram. Artıq yaşımın elə vaxtındayam ki, saatlarla televizor qarşısında oturub vaxt itirə bilmərəm. Kitablar var, yazı-pozu, görüşlər var. Görmək istədiyim proqramları daha çox Rusiyanın mədəniyyət kanalından izləyirəm. Bizim Mədəniyyət kanalı da ara-sıra maraqlı layihələr hazırlayır.

Efiri mütəmadi izləmirəm və ola bilsin ki, serial mövzusunda obyektiv olmaya bilərəm. Güman ki, dəyərli tamaşalar da, proqramlar da var. Görmədiyim bir şey haqqında danışmaq bir az çətindir.

– Vaqif İbrahimoğlu ilə əməkdaşlığınız hələ Tədris teatrından başlayıb. İndi onun qurucusu və yadigarı olan teatrda - YUĞ-da tamaşa hazırlamaq necə hissdir? Ümumiyyətlə, necə oldu ki, bu ideya yarandı?

– Günlərin bir günü xaricdə yaşayan bir aktyor dostum mənə yazdı ki, Çexovun “Qu nəğməsi” pyesinə bir bax, onu oynamaq istəyirəm. Pyesi oxuyandan sonra gördüm ki, pyes televiziya üçün deyil, sırf teatr əsəridir. Ağlıma yalnız YUĞ teatrı gəldi. Əsəri növbəti dəfə oxuyanda gördüm ki, Çexovun personajı “çox rusdur”. Mən iki mədəniyyətin qovşağında yetişən insan kimi, bunu dərhal hiss edə, fərqi görə bildim. Çox istedadlı aktyor da olsa, rus xarakterini azərbaycanca təqdim edəndə ona inanmırsan. Düşündüm ki, süjet gözəldir, necə etmək olar ki, tamaşaçı bu əhvalata inansın. Fikirləşdim bəlkə əsəri təbdil etmək lazımdır. Anarla məsləhətləşdim, söhbətdə gənc yazar Pərvin də iştirak edirdi. Xanım yazar əsəri tərcümə etməyi təklif etdi. Uzun müddət müzakirə apardıq, əlavələr, dəyişikliklər olundu və yekun variant yarandı. İndi hadisələr müasir dövrdə və Azərbaycan mühitində cərəyan edir, əsərdə Azərbaycanın uğradığı təlatümlərdə insan taleyi də var.

Əvvəlcə iki aktyor üçün düşünülürdü, ancaq ola bilsin ki, üç iştirakçı olacaq. Fərhad İsrafilovla tamaşa və obraz barədə fikirlərimi bölüşmüşəm. Gülzar Qurbanova da çıxış edəcək. Gənclərdən Hikmət Rəhimovla işləyəcəyəm. Heç nə mane olmasa, yanvarda məşqlərə başlayacağıq. Ümid edirəm ki, martın ortalarında tamaşanı təhvil verə bilərik.

Təbii ki, burada YUĞ teatrının prinsipləri nəzərə alınacaq. O meditasiyalar, yuğlamalar mənə də çox doğmadır.

– Vaqif İbrahimoğlu sizə Sklifosofski deyirmiş. Maraqlıdır, niyə bu qədər çox ləqəbiniz var?

– O qədər də çox deyil. Ramiz Drazi mənim aktyor ləqəbimdir. Bakuvi İrəvan da bir zarafatıdır.

Bir müddət belə oldu ki, Vaqiflə biz Musiqili Komediya Teatrında “Məzəli əhvalat” tamaşasını hazırlamalı olduq. Ruhəngiz Qasımovanın əsəri idi. Gecəmiz gündüzümüz bir keçirdi, dostluğumuz da ailəvi idi. O vaxt Vaqifin teatr təcrübəsi və istedadı daha qabarıq olduğu üçün dedim ki, tamaşanı sən qur, mən sadəcə kölgədə durub baxacağam. Məşq zamanı aktyorların qarşısında bir oyun oynayırdıq. Birimiz guya Stanislavski, birimiz də Nemiroviç Dançenko idik. Mən Vaqifə “Kotik” deyirdim, yəni Konstantin, o da mənə “Volodya” deyirdi.

Sklifosofski ləqəbi isə bir lətifədən sonra dilimizə düşmüşdü. O söz həm də həddindən artıq uzun demək idi.

Vaqif İbrahimoğlu yaman  basketbol həvəskarı idi. Bir məşhur basketbolçu var idi Ramueldos. Mənim adım Ramizdir, evdə mənə Roma deyirdilər. Vaqif də məni ona oxşadırdı deyə, Ramueldos çağırırdı.

– Sizin təklifinizlə “40-cı qapı” filminə baxdım. Elçin Musaoğlunun yeni filmi “Nabat”ın uğurlarını, yəqin ki, izləyirisiniz. Azərbaycan kinosunda yeni mərhələ başlayıbmı? Əgər başlayıbsa siz bu mərhələni necə dəyərləndirirsiniz?

– Maneələr oldu, olmadı, inkişaf həmişə var. Yaradıcı gəncliyin ortaya çıxması məni, sadəcə, sevindirir.

Elçin Musaoğluna gənc demək olmaz, 50-ə yaxın yaşı var. Onun bütün yaradıcılığı mənim gözümün qabağındadır. Uzun müddət Azərbaycan televiziyasında işləyib, işlərini izləyib bəyənmişəm. Elçin rejissor kimi televiziyada faydalı bir yol keçmiş, böyük təcrübə toplamış və özünü təsdiq etmişdi. Onun kinoda bu uğuru qazanması təəccüblü deyil. “Nabat”ı izləyəndən sonra, deyə bilərəm ki, Elçin Musaoğlu Azərbaycan müəllif kinosunun ən parlaq nümayəndələrindən biridir.

“Nabat”ın elə ilk kadrı rejissorun nə qədər püxtələşdiyini göstərir. Filmboyu obrazlı kadrların təqdimatı çox maraqlıdır. Baxırsan ki, filmdə hadisə yoxdur, amma nüanslarla o dərəcədə incə işlənilib ki, hadisə azlığını hiss etmək çox çətindir. Bəlkə onun gördüyü iş geniş tamaşaçı kütləsi arasında məndə oyatdığı qədər maraq doğurmayacaq, amma sənətin içərisində olan insan kimi, mən bu filmi yüksək qiymətləndirirəm. “Nabat” filmi elitar filmdir.

İstərdim ki, kinoya gələn gənclər arasında da Elçin kimi peşəkarlar olsun, rəqabət olsun. Çünki sənət rəqabətdir. O vaxtlar Cavanşir Quliyevlə mən “Sabah” studiyasını yaradanda uzun müddət təşkilati işlərlə məşğul olduq. Mən təxminən üç il yaradıcılıqdan uzaq düşdüm. Cavanşir buna görə məni çox danlayırdı. Ancaq mən meydan yaradırdım ki, özüm üçün də maraqlı olsun. Gənclərlə işləyə-işləyə mən də yeni nələrsə öyrənirdim. O dövrdə yaranan işlər arasında “Nigarançılıq”, “Ac həriflər”, “Fatehlərin divanı” var idi.

– “Evləri köndələn yar”, “Ordan-burdan”, “Yaşıl eynəkli adam”, “Qonşu qonşu olsa”... Azərbaycan televiziyasında komediyanın ən gözəl nümunələrini yaratmışınız. Bu gün komediyanın, akademik gülüşün səviyyəsi sizi qane edirmi?

–  Qətiyyən qane etmir. Bilirsiniz, yenə də hər şey gəlib çıxır dolanışıq məsələsinə. Məsələn, Rafael və Coşqun çox istedadlı aktyorlardır. Mən onların teatrda olmamasına görə çox təəssüflənirəm.

Hər iki aktyorun Hüseynağa Atakişiyevin teatrındakı rollarını görmüşəm. Rafael İsgəndərovun televiziya debütü AZTV-də, məhz “Sabah”da olub. “Bala başa bəla”da Cəmilin balaca qardaşını oynayıb. O tamaşadan sonra tanınıb, “Nekroloq”da, “Yaşıl eynəkli adam”ın ikinci hissəsində də çəkilib.

Mənim onların şousuna heç bir etirazım yoxdur. Sadəcə, şou onların istedadını, bacarığını qamarlayıb. Halbuki, Coşqun və Rafaelin potensialı imkan verir ki, istənilən teatrın repertuarını bəzəsinlər.

Müqayisə üçün onu deyim ki, istənilən Avropa ölkəsində bu məsələdə aydın bir xətt var. Şou ilə məşğul olan aktyor ancaq ordadır, kinoya, teatra gələ bilməz. Kino və teatr aktyoru da şouya gedə bilməz. Bizdə isə, necə deyərlər ara qarışıb, məzhəb itib. Şou aparıcısı ciddi bir dram əsərində səhnəyə çıxır və tamaşaçı da bilmir hansına inansın.

– Teletamaşalarınız daha çox bayramlarda nümayiş olunur. Bəlkə də bu tamaşalardakı xoş və yüngül energetika ilə bağlıdır. Bu mənada Aydın Talıbzadə sizi Eldar Ryazanova bənzədir.

– Enerji məsələsidir və əlbəttə ki, bunu əvvəlcədən hesablamaq olmur. Mənim bəxtim gətirib ki, o əsərlərə rast gəlmişəm, o əsərlərin də bəxti gətirib ki, mənə rast gəliblər. Biz bir-birimizi tapmışıq və tamamlamışıq. Hər bir millətin, toplumun içərisində kimsə-kiməsə bənzəyir, bu normaldır. İstəməzdim ki, mənə Eldar Ryazanova bənzədiyimi desinlər. O, çox istedadlı, böyük rejissordur. Filmlərini sevə-sevə izləyirəm. Ancaq Ryazanovun rus mədəniyyəti üçün etdiklərini mənim Azərbaycan mədəniyyəti üçün etdiklərimlə müqayisə edəndə, o hardadır, mən harda. Amma bənzədirlərsə, etiraz edə bilmərəm.

– Ramiz müəllim, həyatı yenidən başlamaq istəyirsiniz? Yarımçıq qalan nəsə, nələrsə varmı?

– Mən hər gün həyatı yenidən başlamaq istəyirəm. Hər səhər yuxudan dururam və fikirləşirəm ki, “bu gün başqa cür ola bilərdi”. Düşünürəm ki, bu günün başqa cür olması üçün nə edə bilərəm. Hər gün olmasa da, vaxtaşırı görə biləcəyim və görüləcək işlərin siyahısını tuturam, gündəliklərdə qeyd edirəm. Onların 99 faizi həyata keçmir. Çünki zaman hər dəfə bizim xeyrimizə işləmir. Bunu yaşa dolduqca anlayırsan. Təxminən 50 yaşıma qədər mən zaman anlayışını qəbul etmirdim. Yaşa dolduqca, həyat və sənət təcrübəsi topladıqca, ətraf dəyişdikcə, mühit başqalaşdıqca fikirlər də dəyişir. Bircə onu deyə bilərəm ki, mən optimistəm. Amma mənim optimizmimin də hüdudları var. Necə deyərlər, mən realist optimistəm. 

Leyla ƏLİYEVA