Elektron ədəbiyyat və sənət portalı

Orxan Pamuk Dostoyevski haqqında

Bölmə: Ədəbiyyat 12.06.2017

Bu ən böyük roman ustaları arasında mənə ən çox təsir edən isə içlərində daha siyasi olanı Dostoyevskidir. Dostoyevskinin bu təsiri, təbii ki, Qərbə olan sevgiylə nifrətin qovuşmasından irəli gəlir. Keçmişimiz və mədəniyyətimiz həm iç-içədir, həm də oxşar. Bu gün mən Dostoyevskidən danışanda sanki özümdən danışdığımı hiss edirəm. Onun romanlarını təkrar-təkrar oxuyuram. Hər dəfə əsərlərini yenidən vərəqləyəndə özüm haqda, həyat haqda, Türkiyə haqda yeni nələrsə kəşf edirəm.  Bu barədə yazılar da yazmışam.

Məsələn, on səkkiz yaşımda İstanbulda, pəncərəsi Boğaza baxan evdə, təklikdə “Karamazov qardaşları”nı necə oxuduğumu çox yaxşı xatırlayıram. Bu, Dostoyevskidən oxuduğum ilk kitab idi.

“Karamazov qardaşları” mənə, bütün böyük əsərlərin ilk anda hiss etdirdiyi kimi, həm böyük dünyada tək-tənha olmadığımı, eyni zamanda, öz dünyamda çarəsiz, ümidsiz bir insan olduğumu başa saldı. Romanın mənə ağır-ağır dərk etdirdiklərini zövqlə izləyərkən, yalqızlığımı unudurdum – xatırlayıram ki, o vaxt oxuduğum əksər böyük kitablarda məni sarsıdan düşüncələri özüm də düşünmüş, məni ürpərdən bəzi səhnələri, xəyalları sanki özüm yaşamışdım. Kitabı ilk dəfə oxuyanda əsər həyat haqqında heç kimin danışmadığı, heç kimin söyləmədiyi bəzi təməl həqiqətlərini göstərdiyi üçün mənə bir yalqızlıq hissi yaşatdı. Elə bil kitabı ilk oxuyan adam mən idim. Dostoyevski sanki mənə insanlıq və həyat haqqında heç kimin bilmədiyi nələrisə pıçıldayırdı. Bu xüsusi hiss o qədər sarsıdıcı idi ki, valideynlərimlə yemək yeyəndə, memarlıq təhsili aldığım Texniki Universitetin siyasətdən danışılan tünlük dəhlizlərində hər zamankı kimi çənə döyəndə kitabın içimdən boylandığını, artıq həyatın mənim üçün əvvəlki kimi olmayacağını hiss edir, əsərin böyük, geniş dünyasının yanında öz həyatımın və dərdlərimin nə qədər kiçik, əhəmiyyətsiz olduğunu dərk edirdim. “Bütün dünyamı dəyişdirən bir kitab oxuyuram” demək gəlirdi içimdən. Borxes, “Eşqi, dənizi ilk dəfə kəşf etmək kimidir, Dostoyevkisini kəşf etmək” deyir.

Dostoyevskinin “Karamazov qardaşları”nda və digər böyük əsərlərində mənə pıçıldadığı böyük sirr nə idi? Hər zaman Tanrıya, ya da böyük bir inanca ehtiyac duyduğumuzu mənə məntiqi şəkildə izah etməsi və əslində, heç bir şeyə sonunadək inanmadığımızı göstərməsi? Yoxsa, içimizdə ən məhrəm fikirlərimizin əleyhinə hərəkət edən bir şeytanın olduğunu qəbul etmək? O vaxtlar düşündüyüm kimi, bir tərəfdən həyatı həyat edənin, dərin ehtirasların, bağlılıqların və böyük düşüncələrin havasından ibarət olduğunu sezmək, digər tərəfdən bizə xoşbəxtliyi bu təntənəli ifadələrə tamamilə zidd olan təvazökarlığın gətirəcəyini hiss etməkmi? Yaxud, insanın ümid-ümidsizlik, sevgi-nifrət, xəyal-gerçək kimi təməl qütblər arasında o vaxt düşündüyümdən daha sürətli, eyni zamanda qərarsız şəkildə gəlib-gedən bir varlıq olduğunu anlamaqmı? Onun ata Karamazov haqqında yazarkən göstərdiyi kimi, insanın ağlayarkən belə əslində səmimi olmadığını, hətta rola girdiyini qəbul etməkmi?

Sarsıdan və təşvişə salan məqam Dostoyevskinin bütün təməl “həyat bilgiləri”ni bizə də düşüncə olaraq təqdim etməsi deyil, onları oxucuya ətdən və sümükdən yaranmış, yəni real təəssürat yaradan qəhrəmanlar vasitəsilə göstərməsidir. Karamazov qardaşlarını oxuyarkən, bir yandan romandakı “ya hər şey, ya heç nə” ruhunun Dostoyevskinin və ya XIX əsrin üçüncü rübündə dərin ictimai böhran içində çalxalanan Rusiyanın ziyalılarının fərqli ruhi müstəviyə düşdüklərini düşünür, başqa bir tərəfdən, Dostoyevskinin qəhrəmanlarının ruhi vəziyyətini, bu halın necə yarandığını içimizdə hiss edirik.

Dostoyevskinin əsərlərini, xüsusilə gənclik illərində oxumaq oxucuda tez-tez “kəşf” və heyrət hissi yaradır. Bunun bir səbəbi, “Karamazov qardaşları”nda olduğu kimi, yazıçının romanlarının hadisə zəncirinin uğurlu, çox gözəl və incəliklə qurulmasıdırsa, digər səbəb yaşadığımız dünyanın daima inkişafda olmasıdır.

Mənbə: “Tuhaf” dərgisinin 2017-ci il may nömrəsi

Tərcümə etdi: Sevinc Fədai