Elektron ədəbiyyat və sənət portalı

“İlham pərisini gözləməmişəm, iki daşın arasında yazmışam” – SORĞU

Bölmə: Sorğu 07.06.2017

Oxuduğumuz, dinlədiyimiz, baxdığımız əsərlərin hər birinin özünəməxsus yazılma, bəstələnmə, çəkilmə tarixçəsi var. Hansısa əsər on dəqiqəyə, yaxud bir saata yaranırsa, bir başqası yuxusuz gecələr hesabına ərsəyə gəlir. Oxucu, dinləyici, seyrçi bunu duymaya bilər, ancaq yaradıcı insanlar üçün bu prosesin fərdi, maraqlı və qəribə önəmləri var. Bu dəfə yaradıcı insanlardan bunu soruşduq: “Nə vaxt, necə və hansı şəraitdə işləyirsiniz? Sizin üçün yazmaq, rəsmləşdirmək, bəstələmək üçün zamanın və yerin fərqi varmı?”

Yazıçı Mövlud Süleymanlı: “Yazmaq mənim üçün yaşamaq deməkdir. Bu mənada necə yaşamağımdan danışa bilərəm. Çünki yazmaqla, bəlkə də, yaradanın işinə qarışıram. O qədər ürəklə yazıram, o qədər içimdən gəlir ki, o sözlər...

Mən gəncliyimdə adam içində yazırdım. Oturub ilham pərisini gözləməmişəm, əsərlərimi, necə deyərlər, iki daşın arasında yazmışam. “Köç” romanım bax belə yazılıb. 300 səhifəlik roman 20 vərəqdən çıxıb. O qədər xırda hərflərlə yazırdım ki…

Mən əlyazmalarımı saxlayıram. Böyük yazılarımın yazı manerasının, aurasının çox qəribə tarixçələri var. Elə günüm və ya elə ayım olmayıb ki, yazıçı məhsuldarlığı baxımından digərlərindən fərqlənsin. Daim yazıram. Qış, yaz, yay, payız – hamısı mənim üçün gözəldir. Amma kənddə, yaylaqda yaza bilmirəm. Çünki bu zaman təbiət məndən güclü olur.

Əvvəllər yazdıqlarımı çox vaxt yuxuda görürdüm. İndi yaşlaşmışam, həcm baxımından da yaş artıq öz sözünü deyir. İndi ancaq hekayələr yazıram. Mən, ümumiyyətlə, özümü yazmaq barəsində heç vaxt çətinə salmamışam. Ayaq üstə, yol gedə-gedə şeirlər yazmışam. Mənim üçün yerin bir elə fərqi yoxdur.

Şair Rüstəm Behrudi: “Yazmağım üçün vaxtın mənim üçün bir elə əhəmiyyəti yoxdur. Doğrudur, gecələr mənə yazmaq daha asandır. Yerin də elə bir fərqi yoxdur, sakit, səssiz istənilən bir yerin olması yetərlidir”.

Xalq rəssamı Arif Hüseynov: “Çox vaxt iş otağımda tək oluram. Evdəkilərə də deyirəm, məni narahat etməsinlər. Ola bilsin, həmin vaxt bu otaqda rəsm çəkmirəm, sadəcə, köhnə işlərə baxıram, onların haqqında yazılanları oxuyuram, düşünürəm, müqayisələr aparıram, uyğunlaşmağa çalışıram. Bu yanaşmalar müxtəlifdir. Elə rəssam var ki, əsərini bir cür çəkməyə başlayıb, tamam başqa cür bitirir. Bu, normaldır. Mən isə hər şeyi beynimdə fikirləşib qururam, rənglər necə olacaq, hansı detal harada olacaq. Sonra kağıza keçirəm. Kağızda da əlavələr, yeniliklər olur. Baxıram, sonda ortaya çıxan əsər fikrimdəki ilə tam üst-üstə düşməsə də, müsbətə doğru dəyişmiş olur. Bu, rəssamların fərdi xüsusiyyətidir. Mən iyirmi dörd saat fikirləşirəm. 

Mənim iki yerim var – yayda bağda işləyirəm, qışda da evdə. Mənim üçün əsas olan fikrim və əlimdə olan kağız və rənglərdir. Bunlar harada olsa, orada işləyə bilərəm. Ancaq bir məqam var ki, həmişə işlədiyim otağın aurası mənə kömək olur. Çünki bu otağa girən kimi səs-küy, yorğunluq, hamısı unudulur, artıq bu otağın aurasında olursan. Mən bura özümlə artıq şeylər, artıq fikirlər gətirmirəm, təmiz beyinlə gəlirəm. Yəni, məkan prosesi tezləşdirir. Mən hər gün işləyirəm, amma bu, heç də o demək deyil ki, hər gün yeni rəsm çəkirəm”.

Xalq artisti, bəstəkar Eldar Mansurov: “Bəstə heç vaxt soruşmur ki, nə vaxt gəlim?.. Nə vaxt gəlsə, harda gəlsə, onda da yazıram. Bu, yaradıcılıq işidir, yaratmaqdır, vaxtı-vədəsi yoxdur”.

Hazırladı: Sevinc Fədai