Elektron ədəbiyyat və sənət portalı

Velosiped

Bölmə: Ədəbiyyat 25.05.2017

 

…Məsəldə deyilir ki, «Balam əzizdi, ancaq tərbiyəsi ondan da əzizdi». Biz Azərbaycanlılar təlim-tərbiyə barədə, bəlkə də bütün dünya xalqlarının cəmindən də çox da­nı­şı­rıq. Ancaq, insafən, bizdə yalnız danışmaqla kifayət­lənməyən, boş vaxtlarını büsbütün uşaqların tərbiyəsinə həsr eləyən adamlar da az deyil. Başkeçiddə uzun illər məktəb direktoru işləmiş atam da məhz bu qəbildən olan insandı. Doğrudur, atamın siz deyən elə də çox boş vaxtı olmurdu, hətta altıncı-bazar günləri də işində-gücündəydi. Buna görə də biz bütün günü hansı hoqqalardan çıxmışıq, neyləmişik – bu barədə o, heç xəbər tutmaya da bilərdi. Kiçik qardaşım Mehdi olmasaydı, bu elə belə də olardı! Atam Mehdiyə öz atasının adını qoymuşdu, amma o daha çox ana babamıza çəkmişdi – ağzında söz durmurdu. Atam addımını içəri qoyan kimi başlayırdı. Gün ərzində nə olub, nə olmayıb, birinin üstünə də beşini qoyub kişiyə nəql eləyirdi. Xəbərçiliyin üstündə bu balaca boşboğazı neçə dəfə çırpmışdım, ilan dili çıxarıb dilə tutmuşdum, yenə xeyri yox idi. Bilmirəm, rus məktəbində oxuduğundandı, ya nədəndisə Mehdi dildən çox pərgardı. Onda o, ikinci sinfə gedirdi, mən ondan cəmisi üç yaş böyük idim. Atam onu həmişə çox səbrlə dinləyirdi. Onun rus və türk sözlərindən ibarət həftəbecər nitqi kimi desən hövsələdən çıxarardı, ancaq atam hirslənmək əvəzinə adətən onun başını sığallayar, yaxud nəvazişlə saçlarını qarışdırardı. Amma, vay onda ki, atamın kefi olmurdu. Belə halda o, Mehdinin monoloqundan əldə etdiyi məlumatları əsas tutaraq üz-gözünü daha da turşudar, qohum-qonşunun bəzi nümunəvi uşaqlarını misal gətirərək uzun-uzadı öyüd verməyə girişərdi. Sonra isə bir qayda olaraq, söz verərdi ki, indən belə bizim tərbiyəmizlə çox yaxından məşğul olacaq. Çünki görünür anamız bizim başımızı buraxıb və belə getsə bizdən adam olmayacaq.

 

* * *

Doğrudur, atam «sizin başınızı buraxıb» deyə dolayısıyla anama hər dəfə irad tuturdu, ancaq bu dəfəki iradında o qədər də haqsız deyildi. O, sonuncu dəfə (aşağıda sizə nəql edəcəyim hadisədən bir az əvvəl) bizim başımıza ağıl qoyan vaxt anam artıq üçüncü uşağa hamilə idi və daha çox öz canının hayında idi. Son günlər isə anam artıq özünə yer tapa bilmirdi. O, gah çarpayıya uzanır, üstündən az keç­məmiş hıqqına-hıqqına durur, gah da eşiyə çıxıb içəri girir və bütün günü beləcə var-gəl eləyirdi. Hərdən atamla xısın-xısın söhbətləşirdilər. Mən artıq be­şinci sinfə keçmişdim və bəzi şeylər barədə təsəvvürüm vardı. Bilirdim ki, uzağı bir həftə­yə, on günə evdə daha bir insan peyda olacaq.

O axşam atamın kefsizliyi bütün hamımıza sirayət et­miş­di və ən çox da mısmırığını sallayan Mehdi idi. Uşaq olsa da bilirdi ki, bu danlaqdan sonra hələ bir müddət atamdan heç nə xahiş edə bilməyəcək. Xüsusən də velosiped arzusu hələ bir xeyli gözündə qalacaq. O, kirimişcə kitab-dəftərini götü­rüb peçin qırağında əyləşdi, dodaqlarını tərpədə-tərpədə ürə­yin­də oxumağa başladı.

– Sənə deməmişəmmi oxuyanda dodaqlarını tər­pət­mə, – atam bu dəqiqə hər şeydən narazı idi, – bu nə vər­diş­di səndə?

 

* * *

Hekayətimizə davam etməzdən qabaq bir qədər də Mehdinin velosipedə olan həvəsindən danışaq. Desəm ki, o yatanda yuxusunda da velosiped görurdü, heç nə deməmiş olaram. Mehdi yeri düşdü-düşmədi, azacıq fürsət eləyən kimi velosipeddən söz açırdı. O, müxtəlif qəzet və jurnal­lardan kəsib götürdüyü, yalnız velosiped fotolarından iba­rət böyük bir kolleksiya toplamışdı və bu sərvətini məktəb çantasının gözündə saxlayırdı.

Orasını da deyim ki, Mehdi danışıb-danışıb kiriyən uşaqlardan deyildi, ana babam kimi hər vəchlə inadını yeritməyə çalışırdı. Baxmayaraq ki, çox gözəl bilirdi – atam özü istəməsə onun üzünü yenmək müşkül məsələdir. Mehdinin ardı-arası kəsilməyən həmləvari tələblərinin qarşı­sın­da duruş gətirməyən anam da sonda onun tərəfinə keçdi:

– Sən Allah, buna bir velosiped al, canımıza doy­dur­du bizi!

Atam hələm-hələm öz mövqelərini əldən verməzdi. Odur ki, ötkəm səslə:

– Hələ vaxtı deyil! – dedi.

– Niyə vaxtı deyil? Yekə uşaqdır, velosiped al, sür­sün. Canımıza doyduq day!

Anamın da bu məsələdə israr etməsi qüvvələr nis­bə­tinin Mehdinin xeyrinə dəyişməsindən xəbər verirdi. Buna görə də atam, «hələ vaxtı deyil» deməklə yaxasını qurtara bil­məyəcəkdi. O, nəhayət, öz arqumentini səsləndir­məliydi:

–Başa düş, bu uşağın tərbiyəsinə pis təsir eləyər. Vaxtı gələndə alarıq, nolub, qaçaqaçdı?

Bəli, tərbiyədən söz düşdüsə atamla söhbəti uzat­ma­ğa dəyməz. O müəllimdir və bu məsələdə nəyin necə elə­mə­li ol­du­ğunu çox yaxşı bilir. Bəlkə də Başkeçiddə ha­mıdan yaxşı bilir. Çünki, həm də o elə-belə müəllim deyil, direktordur. Təlim-tərbiyə işindən başı çıxmayan adamı gətirib bu boyda məktəbə direktor qoyardılarmı? Yox!

Atamın rədd cavabından Mehdidən çox bəlkə də mən məyus oldum. Boynuma alıram ki, Mehdidən zəhləm getsə də ona velosiped alınacağı günü mən də səbirsizliklə gözlə­yirdim…

 

* * *

Bu söhbətin üstündən bir aya yaxın vaxt keçmişdi və bu müddət ərzində Mehdi bir dəfə də olsun ağzını açıb velosiped barədə danışmamışdı. Ancaq mən Mehdini çox yaxşı tanıyır­dım və bilirdim ki o, belə asanlıqla təslim ol­ma­yacaq. Üstəlik, macal eləyən kimi onu sancmaq, lağa qoy­maq fürsətini də əldən vermirdim ki, birdən yarası qaysaqlanar, velosiped sevdasından vaz keçər. Hər səhər yu­xudan ayılan kimi atam eşitməsin deyə oğrun səslə Meh­diyə tərəf səslənirdim:

– Mişel, olar velosipedini götürüm? Çox vacib işim var!

Mehdidən səs çıxmırdı. Mən isə ona yalançı ürək-dirək verməyə başlayırdım:

– Eybi yox, Mişel, böyüyərsən, işləyib pul qaza­nar­san, özünə əntiqə bir velosiped alarsan. Düzdür, yekə ki­şi­nin velosipeddə gəzməsi bir az naqolay işdir. Amma ney­ləməli, velosipedi alıb özünə göz dağı eləməyəcəksən ki…?

O, özünü elə göstərirdi ki, güya bu kinayəli sözlər onun heç vecinə də deyil.

 

* * *

Bir gün həyətimizdəki armud ağacının altında oturub armud yeyirdim. Mehdi, əlində əzik-üzük bir kağız par­ça­sı, mənə yaxınlaşdı. Kağızı mənə uzadıb:

– Al, bir bunu oxu, – dedi.

Oxudum. Rus dilində yazılmış çox qəliz bir cümlə idi.

– Bu nədi belə?

– Tərcümə eləyə bilərsən? – o, üzümə diqqət kəsil­mişdi. Sifətində güclə seziləcək ironiya vardı. Üzünün ifa­də­­sin­də «sən girən kol deyil, dostum» yazılmışdı.

Höcətə düşüb:

– Bunu tərcümə eləməyə nə var ki? – dedim, – İkicə dəqiqəyə eləyərəm!

– Elə görək. Eləyə bilsən – afərin.

İki dəqiqə iki saat çəkdi. Evdə nə qədər lüğət-filan vardı, hamısını ortalığa çəkdik. Nəhayət ki, cümlənin ba­şını-ayağını yağmaq mümkün oldu. Hərcənd, cümlə Azər­baycan dilində də ruscada olduğundan az qəliz alınmadı. Meh­di cümlənin Azərbaycan variantını ciddi-cəhdlə kö­çürüb kağızı şalvarının cibinə qoydu və stolun arxasından qalxaraq:

– Mənə velosiped alsalar, kefin istəyən qədər sürərsən, – dedi, – sənə kişi kimi söz verirəm!

Yəqin ki, bu sözu o minnətdarlıq əlaməti olaraq dedi. Bu cümlənin velosipedə dəxli olub-olmaması barədə sorğu­ları­ma isə nə illah elədim cavab vermədi.

 

* * *

Axşam tərəfi idi. Mətbəxdə stolun arxasında döv­rə­ləmə oturub çay içirdik. Onda anamın hamiləliyi o qədər də bilin­mirdi. Bizimlə deyib-gülür, zarafatlaşırdı. Atam üzü­nü Mehdiyə tutub dedi:

– Mehdi, qoy dərslər qurtarsın, sənə velosiped alaca­ğam. Mütləq alacağam, danışdıq?

Mehdi dinmədi. Atam bütün müəllimlər kimi sualı­nın cavabsız qalmasını xoşlamırdı.

– Sənə söz deyirəm, danışdıq?

– Yox! Mən indi istəyirəm.

Atam onun ağzını yamsıladı:

– Mən indi istəyirəm. Bəs sənin dərslərini kim oxuya­caq?

Mehdi söz altında qalan oğul deyildi:

– Axı sən mənə velosiped almamısan, hardan bilirsən ki, velosipedim olsa dərslərimi pis oxuyacağam?

– Bir şey bilməsəm demərəm. Bu söhbət qurtardı, yay gəlsin sənə velosiped alarıq.

Mehdi bir qədər yerində qurcuxdu. Sanki qətiyyətini toparlayırdı. Bir-bir hamımızı süzüb baxışlarını atamın üzün­də saxladı:

– Ata, bilirsən sən kimsən?

Atam xeyli təəccüblə onun üzünə baxdı:

– Kim?

– Yalnız öz şüurunu yeganə gərçəklik hesab edən və obyektiv varlığı danan ifrat subyektiv idealist!

Yerimdə quruyub qaldım. Bu bir neçə gün bundan əv­vəl min bir əziyyətlə tərcümə elədiyimiz cümləydi. Bir an mənə elə gəldi ki, hamı mənə baxır, özümü nə qədər cəm­ləməyə çalışsam da yanaqlarım səyriməyə başladı və məni soyuq tər basdı. Amma indi bütün diqqət Mehdinin üstündə cəmləşmişdi. Atam da soyuqqanlı görünməyə ça­lı­şırdı. Bir qədər susduqdan sonra:

– Belə de! Cavan oğlan, siz niyə elə fikirləşirsiniz ki, mən ifrat subyektiv idealistəm? – Dedi. O, Mehdiyə «siz» deyə müraciət edirdi, sanki bununla ona çox ciddi tərəf-müqabil kimi hörmət bəslədiyinin altını çizirdi.

– Ona görə ki, dünyanın gedişatı sənin üçün heç nə­dir, bu gedişat haqqında sənin öz təssəvvürlərin isə hər şey… Yəni, səninçün! ...

Anam da mənim kimi matdım-matdım gah atamın, gah da Mehdinin üzünə baxırdı. Aşkar görünürdü ki, bu mükali­mədən qətiyyən bir şey anlamır.

– Belə de! Yaxşı «obyektiv varlıq» deyəndə siz nəyi nəzərdə tutursunuz? – Atam siqaretindən bir qullab vurub Mehdinin başının üstündən havaya püflədi.

Bu yerdə Mehdi dərsini pis hazırlamış uşaqlar kimi suçuxdu və devikməyə başladı.

– Obyektiv… varlıq… – O, indi birdən-birə çox yük­sək not götürmüş müğənniyə bənzəyirdi. Mahnının arxa­sını gətirə bilmirdi.

– Siz Allah, siz nədən danışırsınız? – Anamın səsi Mehdinin qanının arasına girdi, – müsəlman dilində niyə danışmırsınız?

Atam özünü o yerə qoymadı:

– Heç, – dedi, – oğlun demək istəyir ki, velosiped alma­maq­da mən düzgün iş tutmuram…

Nə isə… Çay dəstgahı qurtardı. Atam mətbəxdən çıxha­çıxda çevrilib Mehdiyə doğru səsləndi:

– Mehdi, Məmiş əminə deyərsən ki, ifrat subyektiv idealist onun özüdür.

Bu sözləri deyərkən onun üzündən məmnunluq hissi du­yulurdu. Sanki kiməsə özünü aldatmağa imkan ver­məyib.

 

* * *

Əziz oxucum, bu yerdə mən Məmiş əmimdən söz açmasam heç şübhəsiz hekayətimiz yarımçıq alına bilər.

Məmiş əmi atamın kiçik qardaşıydı, adı Məhəmməd idi, ancaq bütün kənd onu «Məmiş» deyə çağırırdı. Atam­dan fərqli olaraq Məmiş əmi bolluca yeyib-içən və yeri düşəndə dava salmağı xoşlayan bir adamdı. Məmiş əminin kənddə çəkinəcəyi bir adam vardısa, o da atamdı. Kənd adamları vaxtaşırı Məmiş əminin əlindən atama şikayətə gəlirdilər, atam da öz növbəsində onları əmin etməyə çalışırdı ki, bir işdi olub, innən belə olmaz. Adamlar əkilib gedəndən sonra isə ya məni, ya da Mehdini göndərib Mə­miş əmini bizə çağırtdırırdı. Məmiş əmi handan-hana aya­ğını sürüyə-sürüyə gəlirdi və atam arxa otağa salıb onunla uzun-uzun söhbətlər aparırdı. Amma, Məmiş əmi də Mə­miş əmiydi, bildiyini babasına verən adam deyildi. Bu söh­bətlərin sonunda heç nə olmamış kimi hamılıqla oturub çay içərkən o, atamın gözündən yayınaraq bizə bic-bic göz vu­rur, başıyla yüngülcə atam tərəfə işarə edərək altdan-altdan gülümsünürdü. Bu zaman mənim Məmiş əmiyə olan rəğbətim birə-on artırdı, mənə elə gəlirdi ki, biz gizlin orden yaratmışıq və bu ordenin fəaliyyətindən bizim üçü­müzdən başqa heç kəsin xəbəri yoxdur.

Məmiş əmini kənd camaatından fərqləndirən bir şey də vardı – bu onun «Villis» markalı maşınının olması idi. Baş­keçid kimi bir yerdə adamın «Villis»i olması nə de­məkdir, bunu siz heç təsəvvürünüzə də gətirə bilmərsiniz. Xüsusən də qış aylarında, yolu-rizi qar basan vaxtlarda Baş­keçid dünyadan tamam təcrid olunmuş vəziyyətə dü­şür­dü, gündə bir dəfə kəndə gələn «Paz» da haralardasa ili­şib qalırdı və bu zaman adamların hayına gələ biləcək ye­ga­nə nəqliyyyat vasitəsi Məmiş əminin «Villis»i olurdu. Qış gələndə Məmiş əminin çiçəyi çırtlayırdı. Kəndin üstünə quşbaşı qar ələyəndə isə onun kefinə kef çatdırmaq ol­maz­dı. Belə vaxtların birində Məmiş əmi demişdi:

– Göydən qar yox, manat yağır, manat!

Bu sözləri Məmiş əmi elə-belə demirdi. Qarlı qış gün­lə­rində o öz «Villis» ini səhər tezdən sürüb düz kəndin or­ta­sında saxlayırdı və suya qarmaq atmış təcrübəli balıqçı kimi səbr və təmkinlə gözləyirdi. Rayon mərkəzində iş da­lınca getməli olan adamların bir qismi avtobus şoferinin və hökumətin adresinə söyüş-qarğış fırlada-fırlada dağılışırdı.

Yerdə qalanlar isə yenə Məmiş əminin ayağına gəlməli olurdular. Onun isə «taksa»sı hər kəsə bəlli idi – ra­yon mərkəzinə qədər olan otuz qəpiklik yola o, nə az nə çox hərədən düz bir manat alırdı. Bir manat deyəndə çaş­ma, əziz oxucum, o vaxtın bir manatı bizim «şirvana» bəra­bər bir şey idi, bəlkə ondan da çoxdu.

«Göydən qar yox, manat yağır» ifadəsi qanadlı fra­zaya çevrilmişdi, kənddə qar yağmağa başlayan kimi hamı bir-birinə «yenə möhkəm manat yağacaq deyəsən» deyirdi. Yadımdadır, atam ilk dəfə bu deyimin kimə məxsus oldu­ğunu biləndə necə bərk əsəbiləşmişdi. «Bu nə tərbiyəsiz adamdı, a kişi, bu kimə oxşadı belə» deyə onun qarasında nə ki var deyinmişdi.

Məmiş əminin dostluğu ən çox Mehdiylə tuturdu. Ata­mın narazılıqlarına baxmayaraq tez-tez onu özüylə götürürdü, hətta ona «Villis»in rolunu tutmağı da öyrət­mişdi. O, Mehdinin ona oxşadığını deyirdi, hərçənd mən nə qədər fəhm eləmişdimsə də onların sifətində elə bir oxşarlıq görə bilmə­mişdim…

Mehdiylə əmimin bu cür sıcaq münasibətlərini nəzərə alsaq, sözsüz ki, atam öz zənnində yanılmamışdı – Mehdini məhz o təlimatlandırmışdı. Yoxsa Mehdi hara, «obyektiv gerçəklik», nə bilim «ifrat subyektiv idealizm» filan kimi qaragüllər hara?

 

* * *

Artıq hekayətimizə qaldığımız yerdən davam edə bilərik. Dediyim kimi, o axşam atamın heç kefi yoxuydu, bir qədər dalğın, hətta pərişan görkəmi vardı. O, tez-tez ar­xa otağa, anamın yanına keçir, oradan çıxdığında isə bir az da həyəcanlı görünürdü. Anamın yatdığı otağın yarımaçıq qapısından, onu dövrələmiş qonşu arvadlarını görürdüm. O an bu harda aş, orda baş arvadlardan çox zəhləm getdiyi ikinci bir məxluqat yoxdu yer üzündə. Mənə elə gəlirdi ki, evimizdəki bu təşvişin və vurhavurun təqsirkarları yalançı canıyananlıqla ora-bura tüyüyən arvadlardır ki var. Axşam saat beş-altı radələriydi. Atam sırıqlı gödəkçəsini əyninə keçirdib tələsik evdən çıxdı. Mehdiylə mən də sözləşibmiş kimi paltolarımızı götürüb onun dalınca qaçdıq. Eşikdə hər tərəf qarın altınday­dı, bəmbəyaz, aydınlıq bir gecəydi. Biz atamın açdığı izlə ard-arda düzülüb Məmiş əmigilə doğru irəliləyirdik. Buna mənim şübəhəm yox idi, bütün gedişat onu göstərirdi ki, artıq anamı xəstəxanaya götürməyin zamanıdır. Başqa vaxt olsaydı atam Məmiş əminin dalınca bizdən birimizi göndərər­di. Ancaq bu dəfə onun özü hərəkətə keçmişdi və belə görü­nü­rdü ki, işlər çox ciddidir.

Qərəz, Məmiş əmigilə yetişdik. Həyətdə qarqaraya bağ­lan­mış heyvərə boz it boğuq səslə hürüb gəlişimizi xəbərlədi. Az keçmiş Məmiş əmi başını qapıdan çıxarıb:

– Keçin də, orada niyə durmusunuz? – deyə səsləndi.

Atam səbirsizliklə:

– Vaxt yoxdur, tez ol maşinı çıxart, gedirik! – dedi.

– Hara? – Məmiş əmi eyvana çıxıb qapını arxasınca örtdü.

– Yengəni doğum evinə çatdırmaq lazımdır, sənə tə­ləs deyirəm!

Mən gözləyirdim ki, bu xəbəri eşidən kimi Məmiş əmi atamdan da betər həyəcanlanacaq, pilləkənləri qaça-qa­ça dü­şüb qaraja doğru yüyürəcək. Amma sən saydığını say! O, san­ki durduğu yerə mıxlanmışdı, üzündə isə bir budda rahatlığı ifadəsi vardı. Atam bir-iki addım irəli yeridi:

– Məmiş! Niyə gözünü döyürsən?

– Iı… Mm… Mən bu saat… Gedəmmərəm.

– Nə?

– Gedəmmərəm deyəndə ki… Özün bilirsən… Zəma­nə… Benzinin litri əlli qəpiyə qalxıb, təkərlər tamam əldən çıxıblar.

Qulaqlarıma inanmaq istəmirdim, bu dəqiqə yer ay­rıl­saydı məmnuniyyətlə yerə girərdim. Evdə qalma­dı­ğı­ma görə bərk təəssüf hissi keçirirdim. Mehdi atamın köl­gə­sinə çəkildi, sanki kölgədə əriyib yox olmaq istəyirdi. «Ona haqq olur» – deyə fikirləşdim. – «Məmiş əmiyə oxşayan da, onunla dostluq işlədən də odur».

– Belə de! – Atam çoxmənalı bir tərzdə dilləndi. Mənə elə gəlirdi ki, Məmiş əmiyə deyib kənara sıçrayan sözlərin vıyıltısı eşidirəm. – Keflisən?

– Bir qram da içməmişəm!

Elə bildim ki, atam bu dəqiqə üzünü çevirib gedəcək. Amma o, gözlədiyimin əksinə, sövdələşməyə başladı:

– Neçə manat istəyirsən?

– İyirmi beş manat yetər…

– İyirmi beş manat? Sən ağlını uçurmusan, nədir?

– Bu elə işdir ki… Kənar adam olsa çox istərdim…

– Əlbəttə, əlbəttə! Çox sağ ol, hörmətinə görə…

Tərəflər nəhayət razılığa gəldilər. Məmiş əmi qıvraq hərəkətlə maşını qarajdan çıxardı və biz «Villis»ə əyləşər-əyləşməz sürət götürdü. Bundan əvvəl mən Məmiş əminin bu cür sürətlə maşın sürdüyünü görməmişdim, bundan sonra da görmədim.

Anamı «Villis» ə mindirəndə ağlayıb-sıtqayıb Mehdi də özünü maşına təpdi. Zatən o, maşınla bu cür səfər elə­mək imkanını əldən verməzdi. Mən də dinməzcə çıxıb onun yanında qərarlaşdım, evdə tək qalası deyildim ki!

Yolboyu nə atam, nə Məmiş əmi bir kəlmə belə kəs­mə­dilər. Sürətlə işləyən motorun uğultusu, anamın zarıl­tıları, anamı müşayət edən qonşu arvadın yersiz replikaları da aradakı naqolaylığı arxa plana keçirə bilmədi.

 

* * *

Doğum evinə çatanda artıq şər qarışmaq üzrə idi. Anamı təkərcikli xərəyə uzadıb içəriyə götürdülər.

Atam «Villis» in yanında dayanıb siqaret sümürən Mə­miş əmiyə yaxınlaşdı və əlində hazır tutduğu iyirmi beşliyi ona uzatdı. Məmiş əmi heç tövrünü pozmadan pulu alıb pencəyinin döş cibinə qoydu və maşına əyləşib sürüb get­di. Atam bir müddət maşının arxasınca baxdıqdan sonra bizim yanı­mıza qayıtdı. Biz doğum evinin həyətində var-gəl eləmə­yə başladıq. Arada kürəklə həyətin qarını təmiz­lə­yən qoca kişi atama irad tutdu:

– Bu uşaqları soyuqdan niyə qırırsan? Çıxın gedin evinizə-eşiyinizə.

Atam matdım-matdım qocanın üzünə baxdı. Sanki onu eşitmirdi, ya da nə dediyini anlamırdı.

Üstündən heç yarım saat keçməmiş uzaqdan «Villis»­in tanış uğultusu eşidildi. Maşın yavaş-yavaş gəib düz bi­zim yanımızda dayandı. Əmim başını şüşədən çıxarıb ha­mımıza birdən müraciət etdi:

– Yaxşı, gəlin oturun gedək, daha burda bizlik bir iş yox­du,- onun səsində indiki vəziyyətə uyuşmayan şən not­lar vardı.

Atam bir az tərəddüddən sonra yüngülcə arxa­mız­dan maşına doğru itələdi:

– Siz gedin, uşaqlar, mən sabah gələrəm.

Mehdi, arxasınca da mən çıxıb maşına oturduq. «Vil­lis» yerindən tərpənərkən əmim dodağının altında atamın qarasınca mızıldandı:

– Zalım oğlu, elə bil doğan bunun özüdü.

 

* * *

«Villis» rayon mərkəzini tərk edib Başkeçidə doğru yol aldı. Əmim bir-iki dəfə bizimlə zarafatlaşmaq istəsə də bundan bir şey çıxmadı. O, maşının radiosunu işə salıb çox sevdiyi türk mahnıları aramağa başladı və orada dinləməli bir şey tapmadığından radionu söndürüb zümzümə elə­məyə girişdi.

Bir xeyli irəliləmişdik ki, o başını çevirib soruşdu:

– Çölə çıxmaq istəyən var? Bax, maşını bir də yalnız kənd­də saxlayacam ha!

Bizdən səs çıxmadı. Onda o, maşını saxladı və təkidlə:

– Haydı, çıxın özünüzü boşaldın, – dedi, – kəndə çatana­can maşın saxlamaq yoxdu!

Maşından düşdük. Yolun sağ tərəfi başdan-başa kol­luq idi. Bir yerdə kolluğa doğru cığır tapdanmışdı. O cığırla kol­lu­ğa doğru bir az getmişidk ki, Mehdinin ayağı nəyəsə ilişdi. Bir an sonra isə onun sevinc dolu çığırtısı eşidildi!

– Velosiped! Məmiş əmi, burda velosiped var!

Məmiş əmi inamsız səslə dilləndi:

– Nə danışırsan, çölün düzündə velosiped nə gəzir?

– Vallah, doğru deyirəm, bir gəlin baxın!

Mehdinin durduğu yerə yaxınlaşdıq. O, velosipedi tə­kərləri üstə qaldırdı:

– Görürsünüz?

– İşə bax! – Məmiş əmi təəccüblə içini çəkdi. – Özü də qət-təzədir. Bəxtin gətirdi, dostum. Di, götürün velosipedi də, getdik! İşə bax…!

– Bəs sahibi çıxsa necə? – Mehdi özünü elə göstərdi ki, güya tərəddüd eləyir.

Məmiş əmini hirs götürdü:

– Nə sahib, adə, nəyin sahibi? Sən də lap atan kimi danışırsan, – sonra nə fikirləşdisə sakit səslə əlavə elədi, – sahibi çıxar qaytarıb verərsən, dəmiri yeməyəcəksən ki!

Velosipedi maşına qoyduq. Yol uzunu Mehdi dil boğaza qoymur, öz möcüzəvi tapıntısı barədə danışırdı. Onun gözlə­rinin parıltısını maşının salonunun zəif işığında da aşkar görmək olurdu. Sevinməyə dəyərdi, bu əsl «Ukrayna» velosi­pediydi, özü də yağın içində. Əmim də Mehdiylə səs-səsə ver­mişdi…

O vaxtlar mağazada velosipedin üzərinə indiki kimi qiymət kağızı vurmurdular. Onun qiymətini zavoddaca bir­başa «rama» nın üstünə həkk edirdilər. Əyilib diqqətlə tapdığımız velosipedin qiymətinə baxdım:

«Цена – 25 руб.» yazılmışdı…