Elektron ədəbiyyat və sənət portalı

Yüz qırx altı yaşlı Macarıstan Tərcümə və Attestasiya Mərkəzi

Bölmə: Beynəlxalq 24.05.2017

Dünyanın bir çox ölkələrində fəaliyyət göstərərək ictimai-siyasi, elmi-texniki, ədəbi-mədəni mübadilələrin və əlaqələrin dil və tərcümə baxımından tənzimlənməsi, tərcümə prosesinin elmi, texniki, tibb, hüquq və digər sahələrdə təşkili və təkmilləşdirilməsini həyata keçirən qurumlardan biri də Macarıstan Tərcümə və Attestasiya Mərkəzidir. Tarixə nəzər salsaq, görərik ki, Macarıstan Tərcümə və Attestasiya Mərkəzi artıq yüz qırx altı ildir ki, fəaliyyət göstərir.

Mərkəz Avropada tərcümə sahəsində yaranan ilk rəsmi qurumdur. Onun yaranması 1869-cu ilin martında Mərkəzi Tərcümə Departamentinin əsasının qoyulduğu tarixə söykənir. İkinci Dünya Müharibəsindən 1994-cü ilə qədər o qurum dövlət müəssisəsi, sonradan isə tam statuslu dövlət orqanı kimi fəaliyyət göstərməyə başlayıb.

Macarıstan Tərcümə və Attestasiya Mərkəzinin baş qərargahı Budapeştdə yerləşir. Bununla yanaşı Mərkəz ölkənin digər dörd şəhərində də fəaliyyət göstərir. Bu şəhərlərdəki filiallar ölkənin iyirmi yeddi bölgəsindən sifarişlər qəbul edərək, onların tərcümələrini icra edir.

Milli Təhlükəsizlik Vəkalətinə əsaslanmaqla, bütün sənədlərin və dövlət əhəmiyyətli məlumatların dəqiq və təhlükəsiz tərcüməsinə xüsusi əhəmiyyət verilir. Mərkəz, sifarişlərin nüsxəsinin məxfi şəkildə saxlanılması və arxivləşdirilməsi hüququna malikdir.

Yazılı və Şifahi Tərcümə üzrə Nazirlər Şurasının 26 iyun, 24/1986 saylı və Ədliyyə Nazirliyinin 26 iyun, 7/1986 saylı fərmanlarına əsasən Macarıstanın xarici ölkələrlə rəsmi yazışmalarının, ölkədaxili hüquqi sənədlərin tərcümə və başqa dillərdə arxivləşdirilməsi hüququ Macarıstan Tərcümə və Attestasiya Mərkəzinə verilib. Fərmanda həmçinin ölkənin məhkəmə, prokurorluq, istintaq və digər hüquq-mühafizə işlərinin şifahi tərcümələrinin icrası da Mərkəzə tapşırılıb.