Elektron ədəbiyyat və sənət portalı

Corc Martinin daha bir əsəri ekranlaşdırılacaq

Bölmə: Beynəlxalq 18.05.2017

Dünya şöhrətli yazıçı, kinodramaturq Corc Martinin “Gecə vaxtı uçanlar” adlı daha bir əsəri ekranlaşdırılacaq.

Xatırladaq ki, 2011-ci ildən dünyanın yüzdən çox ölkəsində ekranlaşdırılan və artıq kulta çevrilən “Taxtların oyunu” serialı Corc Martinin “Buz və alovun nəğməsi” adlı silsilə romanları əsasında çəkilib. Pərəstişkarları serialın yeni mövsümünü gözlədiyi müddətdə müəllif yeni layihə üzərində işləməyə başlayıb. “Syfy” telekanalı müəllifə 1980-ci ildə qələmə aldığı “Gecə vaxtı uçanlar” kitabı ilə bağlı müraciət edib. Bundan öncəki, “Taxtların oyunu” layihəsindən fərqli olaraq, bu dəfə Martin ssenarinin yazılmasında iştirak etməyəcək. Buna “Taxtların oyunu” ilə bağlı öncədən müqavilə bağladığı teleşirkətin şərtləri imkan vermir.

Romanda cərəyan edən hadisələr uzaq gələcəkdə baş verir. Yer dağılmaq üzrədir, onu xilas etmək üçün bir qrup alim xəyali sivilizasiyaya ekspedisiyaya yollanır. Alimlər məqsədə yaxınlaşdıqca, təhlükənin də bir o qədər yaxın olduğunu hiss edirlər.

 “Syfy” teleşirkəti bədii əsər üzərində qurulan serialın “Taxtların oyunu” kimi dünyanın yüzdən artıq ölkəsində böyük maraqla qarşılanacağına şübhə etmir.