Bill Klinton romanında Ağ evin sirlərini açacaq

Beynəlxalq 12.05.2017

ABŞ-ın keçmiş prezidenti Bill Klinton amerikalı yazıçı Ceyms Pattersonla müştərək “İtmiş prezident” adlı roman yazır. Kitabın növbəti ilin iyun ayında nəşr olunacağı gözlənilir.

ABŞ-ın keçmiş prezidenti Bill Klinton amerikalı yazıçı Ceyms Pattersonla müştərək “İtmiş prezident” adlı roman yazır. Kitabın növbəti ilin iyun ayında nəşr olunacağı gözlənilir. Müəlliflərin sözlərinə görə kitab intriqa, səhnəarxası qlobal dramlarla zəngindir. Burada oxucular, adətən yalnız Prezidentə məlum olan məsələlərdən xəbərdar ola biləcəklər.
Ceyms Patterson söyləyir ki, bir yazıçı kimi onun üçün Ağ evdə nələrin baş verdiyini təfərrüatlarına qədər bilən insanla birlikdə işləmək inanılmaz hadisədir: “Prezident Klintonla birgə iş mənim yaradıcılığımın ən mühüm hadisəsidir. Bu, məxfi məlumatların dəqiq mənbəyinə açılan birbaşa yol, həmçinin, ədəbiyyata verilən nadir töhfədir!”
Mətbuata bu açıqlama yenicə verilsə də, müəlliflər kitab üzərində işləməyə hələ ötən ildən başlayıblar.
Xatırladaq ki, amerikalı yazıçı Ceyms Patterson müstəntiq Aleks Kross haqqında yazdığı silsilə romanlara görə dünya şöhrəti qazanıb. Ötən il “Forbes” jurnalının araşdırmasında onun adı, kitablarından aldığı gəlirə görə, üç ən uğurlu yazıçının sırasında olub. Nəşriyyatın verdiyi məlumata görə, yazıçı kitablarından ildə təxminən 95 milyon ABŞ dolları həcmində qazanc əldə edir.