Elektron ədəbiyyat və sənət portalı

Seyid Rza Əlizadənin 130 illiyi ilə əlaqədar elmi konfrans keçirilib

Bölmə: Beynəlxalq 08.05.2017

Daşkənddəki Cahan Dilləri Universitetində Səmərqənddə yaşayan azərbaycanlı alim, görkəmli pedaqoq və tərcüməçi Seyid Rza Əlizadənin 130 illiyi ilə əlaqədar elmi konfrans keçirilib.

Tədbirdə Özbəkistanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, Azərbaycan diasporunun üzvləri, bu ali məktəblin professor-müəllim heyəti, tələbələr, jurnalistlər iştirak ediblər.

Akademik Bəxtiyar Nazarov və professor Saydi Umirov Seyid Rza Əlizadənin Türküstanda xalq maarifinin və mədəniyyətin inkişafındakı müstəsna xidmətlərindən danışıb.

Deyilib ki, S.R.Əlizadə Türküstanda yeni tipli məktəb açan ilk maarifçilərdən olub, 1918-1920-ci illərdə özbək, tacik və Orta Asiyada yaşayan farsların əlifba kitabını, tacik dilinin qrammatikasını yazıb.

Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Seyid Rza Əlizadəni maarifçi, jurnalist və tərcüməçi kimi zəngin fəaliyyətindən söz açıb. S.R.Əlizadənin 1918-1922-ci illərdə Səmərqənddə Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarını, “Arşın mal alan”, “O olmasın, bu olsun” musiqili komediyalarını, Hüseyn Cavidin “Şeyx Sənan” və “Şeyda” əsərlərini tamaşaya hazırladığını, bu əsərlərə quruluş verdiyini və baş rollardan birini ifa etdiyini diqqətə çatdırıb.

Vurğulanıb ki, o, İbn Sina, Nizami Gəncəvi, Füzuli və digər mütəfəkkirlərin əsərlərini  tərcümə edib. “Türküstanın tarixi”, “İslam tarixi”, Din qanunu” adlı kitablar yazıb.

Professor Naim Kərimov S.R.Əlizadənin ikicildlik rusca-tacikcə lüğətin tərtibatçısı olduğunu, ibtidai sinif şagirdləri üçün coğrafiya, tarix, riyaziyyat, həndəsə, astronomiya və ərəb dilinin qrammatikası dərsliklərini hazırladığını xüsusi qeyd edib. Bildirilib ki, görkəmli pedaqoq alimin bilavasitə təşkilatçılığı ilə 1907-ci ildə Səmərqənddə “Həyat”, bir il sonra isə “Yeni həyat” adlı məktəblər fəaliyyətə başlayıb.

Sonra “XIX əsrin sonu, XX əsrin əvvəllərində Səmərqənddəki mədəni mühit və Seyid Rza Əlizadənin maarifçilik fəaliyyəti”, “Seyid Rza Əlizadə alim, ədib və tərcüməçi kimi”, “Seyid Rza Əlizadə – Şərq mütəfəkkiri”, “Seyid Rza Əlizadənin jurnalistlik fəaliyyəti”, “Seyid Rza Əlizadə XX əsrin başlanğıcında Özbəkistan və Azərbaycanda mədəni inqilabın əsasını qoyanlardan biri kimi”, “Seyid Rza Əlizadənin əsərlərinin toplanması tarixindən” və digər mövzularda məruzələr dinlənilib.

Məruzələrdə bildirilib ki, Seyid Rza Əlizadə 1937-ci ildə repressiyaya məruz qalıb, 1945-ci ildə həbsxanada vəfat edib. 1986-cı ildə Fərhad Əlizadə babasının nəşini çox çətinliklə Səmərqəndə gətirərək bu qədim şəhərdəki Pəncab qəbiristanlığında dəfn etdirib.

Böyük maarifçinin nəvəsi Fərhad Əlizadə babasının xatirəsinə göstərilən ehtirama görə təşkilatçılara və iştirakçılara minnətdarlıq edib.

Sonda Nəsibə Abdullayeva Azərbaycan və özbək dillərində mahnılar ifa edib.